Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6647/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(005)-3949/2023 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2023-cü il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin” ləğv edilməsi, müqavilə predmeti olan mənzilin bugünki dəyəri olan 236.700 manat pulun, son 1 il üçün gecikdirilmiş hər gün üçün dəyərinin 1% olmaqla 390.550 manat pulun, mənəvi zərər olaraq 50.000 manat pulun, cəmi isə 677.250 manat məbləğində pulun cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə iddia ərizənin və ərizəyə əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh MMC-nin hüquqi ünvanı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X1, ev 11B, mənzil 93-dür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 35-ci maddəsinin tələblərinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Belə olan halda müəyyən edilir ki, hazırki iddiaya Nərimanov Rayon Məhkəməsi tərəfindən baxıla bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. MPM-in 152.1.5-ci maddəsinə görə, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdirsə, iddia ərizəsi qaytarılır. Göstərilənlərə əsasən iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. İddiaçının həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli "xxxx" üzrə onun istehlakçı hüququnun MMC tərəfindən pozulmasını nəzərə alaraq MMC-yə qarşı bu iddia ərizəsini özünün yaşadığı ünvan üzrə Nərimanov Rayon Məhkəməsinə vermişdir. Çünki MPM-in 36.9-cu maddəsinə görə, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Bundan başqa qeyd edilməlidir ki, iddia tələbi iddiaçının istehlakçı hüququnun müdafiəsi haqqında iddialara aid olduğundan iddiaçı bu kimi iddianı verərkən dövlət rüsumunu ödəməkdən azaddır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş xx.xx.2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli "xxxx" görünür ki, MMC, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən tikilməkdə olan binadan 74 nömrəli mənzili iddiaçıya verməyi, iddiaçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin şərtlərini nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış müqavilə podrat müqaviləsi olmaqla, müqavilə üzrə iddiaçı sifarişçi, cavabdeh isə icraçı hesab edilir. İddiaçının iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən cavabdeh MMC-yə qarşı irəli sürülmüş tələb də, podrat münasibətlərindən irəli gələn tələbdir. Başqa sözlə, iddiaçının iddia tələbi istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı deyildir. MPM-in tələblərinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1.). Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir (maddə 35.2.). Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (maddə 152.1.3.). Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən cavabdeh MMC-yə qarşı irəli sürdüyü tələb istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələb olmadığından, podrat münasibətlərindən irəli gələn tələb olduğundan iddiaçı dövlət rüsumunu ödəməlidir. Lakin artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçı dövlət rüsumunu ödəməmişdir. MPM-in 152.1.5-ci maddəsinə görə, isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə də, qeyd edilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi göstərilən hər iki əsasla iddia ərizəsini qaytarmaqda haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-in 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-6647/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6647/2023
24.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver