Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6649/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "oğlu X9 oğlunun saxlanılması üçün cavabdehlərdən aylıq pensiyalarının 50 faizi miqdarında, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununda azyaşlılar üçün müəyyən edilmiş 246 manat məbləğindən az olmamaqla alimentin tutulması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e- 2(008)-5764/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: X4 və Əsədov Elnur Fərhad oğlu xx.xx.2011-ci ildə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X9 oğlu doğulmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-297/2017 nömrəli qətnaməsi ilə X4 və Əsədov Elnur Fərhad oğlu arasında olan nikahın pozulması, boşanmadan sonra xx.xx.2012-ci il təvəllüdlü X9 oğlunun anası X2 yanında saxlanması, həmin uşağın saxlanılması üçün Əsədov Elnur Fərhad oğlundan hər ay 136,6 manat məbləğində alimentin tutulması qərara alınmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-3621/2018 nömrəli qətnaməsi ilə alimentin məbləği 154,8 manata artırılmışdır. Əsədov Elnur Fərhad oğlu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(124)-323/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Onun 9769,2 manat ödənilməmiş aliment borcu mövcuddur. Hazırda iddiaçı xx.xx.2012-ci il təvəllüdlü X9 oğlunun saxlanması üçün baba və nənədən aylıq pensiyalarının 50 faizi miqdarında alimentin tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "oğlu X9 oğlunun saxlanması üçün cavabdehlərdən aylıq pensiyalarının 50 faizi miqdarında, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununda azyaşlılar üçün müəyyən edilmiş 246 manat məbləğindən az olmamaqla alimentin tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlərin oğlu Əsədov Elnur Fərhad oğlu arasında bağlanmış nikah Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-297/2017 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X9 oğlu doğulmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-3621/2018 nömrəli qətnaməsinə əsasən, xx.xx.2012-ci il təvəllüdlü X9 oğlunun saxlanması üçün Əsədov Elnur Fərhad oğlundan hər ay 154,8 manat məbləğində alimentin tutulması qərara alınmışdır. Lakin aliment ödənilməmiş, nəticədə Əsədov Elnur Fərhad oğlunun 12229,2 manat borcu yaranmışdır. İddiaçının şikayətindən sonra ata aliment borcundan 2550 manat ödəmiş, 9769,2 manat isə ödənilmədən qalmışdır. Əsədov Elnur Fərhad oğlu 2024-cü ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Beləliklə, iddiaçı xx.xx.2019-cu ildən aliment almır, uşağı valideyinləri və yaxın qohumlarının maddi dəstəyi ilə böyüdür. Cavabdehlər də uşağın maddi problemləri ilə maraqlanmır və heç bir dəstək göstərmirlər. O, babanın və nənənin aylıq pensiyaları barədə arayış almaq üçün aidiyyəti üzrə DSMF-yə rəsmi sorğu təqdim etsə də, oradan tələb olunan məlumatin verilməsindən imtina olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2(008)- 5764/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-3621/2018 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X9 oğlunun saxlanması üçün atasından hər ay 154,8 manat məbləğində alimentin tutulması qət edilsə də, atanın aliment ödəməməsi, nəticədə 9769,2 manat borcun yaranması işin mübahisəsiz halıdır. Bundan başqa müəyyən edilir ki, X5 hazırda cəzaçəkmə müəssisəsindədir. Belə olan halda məhkəmə hesab etmişdir ki, azadlıqdan məhrum etmə yerində cəza çəkdiyi üçün atadan alimentin tutulması real deyil və icrası mümkün olmayacaq. Beləliklə, nəvənin öz valideynlərindən maddi yardım ala bilməməsi işin halları ilə öz təsdiqini tapsa da, baba və nənədən aliment almaq hüququnun yaranması üçün onların zəruri vəsaitə malik olması tələb olunur. Elektron məhkəmə informasiya sistemində əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh1 460,61 manat məbləğində pensiya, Cavabdeh2 isə 220 manat məbləğində müavinət alır. Məhkəmə hesab etmişdir ki, göstərilən məbləğlər yalnız iki şəxsin aylıq əsas ehtiyaclarının ödənilməsi üçün kifayət edə bilər. Cavabdehlərin nəvənin saxlanması üçün əlavə zəruri vəsaitlərə malik olması işin halları ilə öz təsdiqini tapmamış, iddiaçı tərəfindən məhkəməyə belə bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, hazıkı iddia rədd edilməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni qəbul edərkən ancaq cavabdeh nənə və babanın mənafeylərini üstün tutmuş, lakin azyaşlı uşağın mənafeyini nəzərə almamışdır. Göründüyü kimi cavabdeh nənə və baba ümumilkdə hər ay 680,61 manat pensiya alırlar. Onlar nəvələrinin gündəlik saxlanma, yəni aliment xərclərini öz istəkləri ilə saxlamağa maraqlı deyillər. Əgər onların zəruri vəsaiti deyərkən məhkəmə ancaq onların mənafelərini üstün tutursa, onda nəyə görə iddiaçının himayəsində olan aliment almaq hüquqlarından məhrum faktiki olan, yetkinlik yaşına çatmayan Əsədov Hikmətin manafeyini nəzərə almamışdır. Cavabdehlərin zəruri vəsaiti onların aylıq pensiyasının məbləğinə dair vəkilin vəsatəti əsasında alınmış rəsmi məlumat sübut deyilmi. Əgər məhkəmə bunu sübut hesab etmirsə, onda iddiaçı hansı sübutu təqdim etməlidir. Qanuna görə, himayəsində azyaşlı uşaq olan valideyn (və ya valideyinlər) uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır. Göründüyü kimi, məhkəmə iddia tələbini formal əsasla rədd etməklə himayədə uşaq olan valideyini, gündəlik maddi xərclər hesabına maddi təminatı ödənilməli olan uşağın sağlamlığına, onun psixi, fiziki, mənəvi inkişafını təmin etməkdən məhrum etmişdir. Sual olunur, yetkinlik yaşına çatmayan uşağın maddi təminatı hansı vəsait hesabına təmin olunmalıdır. Məgər maddi imkanı olmayan, aylıq maaşı və ya pensiyası olmayan atadan aliment barədə iddialar onun vəsaitlərinin olmaması əsası ilə rədd edilə bilərmi. Qətnaməni qəbul etmiş məhkəmə uşağın mənafeyinin üstün tutulması ilə bağlı “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini nəzərə almamışdır və onu pozmuşdur. Bundan əlavə, məhkəmə həmin qanunsuz qətnamə ilə iddia tələbini təmin etməməklə uşaq hüquqları ilə bağlı aşağıda qeyd edilmiş Azərbaycan Respublikasının Konstitusiyasını və bütün qanunların tələblərini kobud surətdə pozulmuşdur. Göründüyü kimi qəbul edilmiş qətnamə ilə məhkəmə belə nəticəyə gəlmişdir ki, guya iddiaçı aliment tələb etdiyi şəxslərin zəruri vəsaitə malik olmasına dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı qeyd edir ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 79-cu maddəsini qeyd etməklə həmin qanundan daha üstün hüquqi qüvvəyə malik Konstitusiyanın 17-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.2-ci, 17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci, Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinin və ən nahayət MPM-nin 217.3-cü maddsəində qeyd edilmiş 217.3-cü maddəsində qeyd edilmiş “Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.” Qətnaməni qəbul etmiş məhkəmənin (hakimin) məntiqi ilə götürülsə belə nəticəyə gəlmək olar ki, əgər zəruri vəsaitə malik olan nənə, baba və ya əgər aliment uşağın atasından tələb edilərsə, aliment tutulması barədə tələb rədd edilməlidir?. Göründüyü kimi, məhkəmə işin bütün faktiki hallarını aydınlaşdırmış, lakin nəticədə mühüm əhəmiyyət daşıyan halın, yəni yetkinlik yaşına çatmayan - iş üçün mühüm əhəmiyyət daşıyan azyaşlının üstün hüququnu tənzimləyən normalara uyğun əsaslandırılmamışdır. Həmçinin qeyd edilməlidir ki, qəbul edilmiş qətnamədə iddiaçının cavabdehlərə məxsus zəruri vəsaitə məlik olmalarına dair sübutu məhkəməyə təqdim edə bilməməsi qeyd edilsə də, işin faktiki halları bunun əksini deyir. Yəni iş materillarından göründüyü kimi iddiaçı cavabdehlərin aylıq pensiya məbləğləri barədə müvafiq təkşilatdan verilmiş imtinaya görə məhkəməyə verilmiş vəsatət əsasında cavabdehlərin aldıqları pensiya məbləğlərinə dair arayış əlavə edilmişdir. Həmin arayışın məzmunundan göründüyü kimi, cavabdehlərin hər ay aldıqları pensiyanın aylıq məbləği ümumilkdə 600 manatdan çoxdur. Qətnamənin məzmunundan məlum olur ki, məhkəmə həmin nəticəyə gələrkən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Həmin səhv nəticə ondan ibarətdir ki, məhkəmə iddiaçının himayəsində olan azyaşlının mənafeyini qəti nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdehlər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Ailə Məcəlləsi:
89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçının nikahı pozulmuş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-3621/2018 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X9 oğlunun saxlanması üçün atasından hər ay 154,8 manat məbləğində alimentin tutulması qət edilsə də, ata tərəfindən aliment ödənilməmiş, nəticədə 9769,2 manat borc yaranmışdır. İş materiallarından həmçinin görünür ki, X5 hazırda cəzaçəkmə müəssisəsindədir. Göründüyü kimi azadlıqdan məhrum etmə yerində cəza çəkdiyi üçün atadan alimentin tutulması real deyil və icrası mümkün olmayacaq. Beləliklə, nəvənin öz valideynindən maddi yardım ala bilməməsi işin halları ilə öz təsdiqini tapmışdır. Hazırda iddiaçı bildirir ki, cavabdeh nənə və baba ümumilikdə hər ay 680,61 manat pensiya alırlar. Onlar nəvələrinin gündəlik saxlanma, yəni aliment xərclərini öz istəkləri ilə saxlamağa maraqlı deyillər. Əgər onların zəruri vəsaiti deyərkən məhkəmə ancaq onların mənafelərini üstün tutursa, onda nəyə görə iddiaçının himayəsində olan aliment almaq hüquqlarından faktiki məhrum olan, yetkinlik yaşına çatmayan Əsədov Hikmətin manafeyini nəzərə almamışdır. Məhkəmə Kollegiyası iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, hazırda baba və nənədən aliment almaq hüququnun yaranması üçün onların zəruri vəsaitə malik olması tələb olunur. Elektron məhkəmə informasiya sistemində əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh1 460,61 manat məbləğində pensiya, Cavabdeh2 isə 220 manat məbləğində müavinət alır. Göründüyü kimi cavabdehlərin birlikdə 680,61 manat pensiya almaları onların aliment ödəmək üçün zəruri vəsaitə malik olmaları anlamına gəlmir. Çünki 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə pensiyaçılar üçün 232 manat məbləğində müəyyən edilmişdir və qeyd edilən məbləğdə pensiya almaları və həmin pensiyadan əlavə gəlirləri barədə sübutun olmadığı halda cavabdehlərin istinad edilən maddəyə əsasən zəruri vəsaitə malik olmalarını təsdiq edilməmişdir. Məhkəmə Kollegiyası iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə münasibətdə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin hazırki vəziyyətdə cavabdehlərdən Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən aliment tutulması üçün həmin maddədə qeyd edilən – zəruri vəsaitə malik olmaları sübut edilməlidir ki, bu hal da iş materialları ilə müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2(008)- 5764/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.