Məhkəmə qərarları › İş №2(103)-6653/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6653/2021

16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6653/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəşir qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəşir qızına qarşı “qızıl-zinət və digər əşyalar tələbinə dair” ilkin, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “qızıl-zinət və digər əmlak tələbinə dair” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(001)-393/2021 saylı qətnaməsindən cavabdehlərin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəşir qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən dəyəri 600 manat olan 1 ədəd brilliant qaşlı ağ qızıl üzük (nişan üzüyü) - 9 qr, 750 əyar; dəyəri 3500 manat olan qızıl dəsti (dəstə daxildir: qızıl üzük - 1 ədəd 9 qr, 750 əyar, 1 ədəd bilərzik - 10 qr, 750 əyar, 1 ədəd boyunbağı və 1 ədəd klon - 22 qr, 750 əyar, 1 cüt sırğa - 14 qr, 750 əyar), dəyəri 350 manat olan tozsoran, 100 manat dəyərində qab-qacaq və digər mətbəx əşyaları, dəyəri 150-200 manat olan və qohumlar tərəfindən hədiyyə edilmiş 2 ədəd suviner qabın və ya sadalananların ümumi dəyəri olan 4750 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsi, İddiaçı Cavabdeh1 və Cavabdeh2 məxsus dəyəri 600 manat olan 1 ədəd nişan üzüyünün, dəyəri 860 manat olan bir ədəd iran xalçasının, dəyəri 740 manat olan 1 ədəd belçika xalçasının, evin kreditinə görə aparılan 1150 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər 28.08.2019-cu ildə rəsmi nikah bağlamışlar. Həmin dövrdə ona bir çox qızıl-zinıt əşyaları hədiyyə olunmuşdur. Lakin tərəflər arasında olan nikah münasibətləri korlanmış və nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmişdir. Lakin cavabdeh ona hədiyyə olunmuş və mülkiyyətində olan qızıl-zinət və digər əşyaları qaytarmaq niyyətində deyil. O, özünə məxsus əşyaları götürərkən qızıl-zinət əşyalaraını və digər əşyalarını tələb etmiş, lakin cavabdeh və onun valideynləri həmin əşyaları qaytarmaqdan imtina etmişlər. Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddianı onunla əsaslandırmışlar ki, tərəflər 28 avqust 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Yaşadıqları qısa müddət ərzində İddiaçı təxminən 25 gün birgə yaşadıqdan sonra hər dəfə bir bəhanə ilə öz valideyinlərinin yaşadıqları evlərinə gedib orada qalırdı. Növbəti dəfə, yəni 09 dekabr 2019-cu il tarixdə həmişəki kimi ona valideyinlərinin yanına getmək istədiyini bildirmiş, həmin tarixdə İddiaçı evlərinə aparanda özü ilə iki çanta geyim əşyaları və bir ədəd xrustal meyvə qabı aparmışdır. Bundan başqa İddiaçı evə gəlin köçdüyü gündən həmişə öz əşyalarını özü ilə hissə-hissə aparırdı. Bu hal isə bir daha onu sübut edir ki, İddiaçı məqsədli olaraq özünə məxsus əşyalarını valideyinlərinin yaşadığı evə aparırdı. Həmin tarixdən sonra ümumiyyətlə gəlin köçdüyü evə qayıtmamışdır. Təxminən 17-18 yanvar 2020-ci il tarixdə anası, xalaları və yeznələri S.Qəfərov onun evinə gələrək İddiaçı bəzi geyim əşyalarını aparmışlar. 27 yanvar 2020-ci il tarixdə yenidən qohumları dəstə şəklində gələrək onun evinə daxil olmuşlar və qızın çehiz əşyalarını, onun valideyinlərinə məxsus iki ədəd 3x2 metr olan xalçaları və ona məxsus 1150 manatı götürüb özləri ilə aparmışlar. İddia ərizəsində qeyd olunan tozsoranı aparan zaman əllərindən düşdüyündən sınmış, buna baxmayaraq elə sınıq vəziyyətdə tozsoranı aparmışlar. İddiaçı qızıl-zinət əşyalarının nikahın pozulması zamanı məhkəmə iclasında anasıgilə aparıb qoyduğunu etiraf etmiş, lakin dayısı tərəfindən Cavabdeh1 anasına verilməsi hissəsində möhtəbər sübut və dəlil təqdim etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(001)- 393/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəşir qızından çəkisi 55 qram olan 750 əyarlı brilliant qaşlı ağ qızıl komplekt (1 ədəd üzük 9 qram, 1 ədəd cüt sırğa 14 qram, 1 ədəd boyunbağı və klon 22 qram, 1 ədəd bilərzik 10 qram) və çəkisi 9 qram olan 750 əyarlı brilliant qaşlı ağ qızıldan ibarət nişan üzüyünün alınaraq İddiaçı verilməsi, qətnamə icra olunan vaxt həmin əşyalar mövcud olmadığı halda qızıl-zinət əşyalarının çəkisi 55 qram olan 750 əyarlı brilliant qaşlı ağ qızıl komplekt (üzük, sırğa, boyunbağı və klon, bilərzik) ümumi qiymətli 3500 manat, çəkisi 9 qram olan 750 əyarlı brilliant qaşlı ağ qızıldan ibarət nişan üzüyünun ümumi qiyməti 600 manat bazar dəyəri – pul ekvivalenti 4100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəşir qızından tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı dəyəri 600 manat olan 1 ədəd nişan üzüyünün alınaraq Cavabdeh1 verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyərini təşkil 100 manat ekspertiza xərcinin müştərək qaydada İddiaçı 50 manat, Cavabdeh1 50 manat tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdehlər apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı qızıl-zinət əşyalarının onda olmasını özü məhkəmədə etiraf etmiş, ancaq digər yaxın qohumlarının dediyi kimi digər əşyalarını götürməyə gəldikdə guya onun evində qoyub getmiş, lakin bunu təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Məhkəmə prosesinə ifadə verən şahidlər iddiaçının yaxın qohumlarıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər. Cavabdeh1 bildirdi ki, iddiaçının qohumları evlərinə basqın edərək, cehiz əşyalarını aparmışlar. Çox vaxt evdə olmadıqları üçün qızılzinət əşyalarını iddiaçı anasının evində saxlayırdı, çünki özü də əksər vaxtlarda anasıgildə qalırdı. Məhkəmədə özü də etiraf etmişdir ki, qızıl-zinət əşyaları, hətta ona məxsus olan nişan üzüyü də özündədir. Cehizləri 27 yanvar tarixində aparıblar, qonşular da buna şahiddir. Cavabdeh Nuriyyə Ağayevə qeyd etdi ki, 27 yanvarda iddiaçının xalaları, yeznəsi, dayısı evlərinə hücum edib, cehizləri aparmışlar. İddiaçının anası onun əmisi qızıdır. İddiaçını evdən qovmayıblar, sonuncu özü öz istəyi ilə çıxıb getmiş, özü boşanmışdır. Qızıl-zinət əşyaları iddiaçının özündə olmuşdur. Onların xalçalarını da aparıblar, xəbərləri olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, dayısı və digər qohumları 27 yanvar 2020-ci il tarixdə cehizləri götürməyə getmişlər, cavabdehlər qızılı verməmiş cehizləri götürməyə imkan vermədiklərindən, o, hazırda xatırlamadığı bir taksi xidməti göstərən şirkətə zəng vurub taksi çağırmış və tanımadığı bir taksi sürücüsü ilə 15 manat ödəniş etməklə qızıl-zinət əşyalarını yaşadığı Bakı şəhərinin Əhmədli qəsəbəsindən cavabdehlərin yaşadığı Sumqayıt şəhərinə göndərmişdir. Dayısı qızılları taksi sürücüsündən götürüb cavabdehlərə verdikdən sonra cehizlərini götürməyə icazə vermişlər. Həmçinin dayısı qızılları təhvil verməmişdən əvvəl öz telefonu ilə şəklini çəkmişdir, fotoşəkildəki telefondan da görünür ki, şəkil məhz Sumqayıt şərəində çəkilmişdir. Əvvəllər cavabdehlər özləri demişlər ki, qızıl-zinət əşyalarını anasıgildə saxlasın, çünki ev təhlükəlidir, ona görə də qızılları anasıgildə saxlamışdır. Hazırda qətnamə ilkin iddianın təmin edilmiş, qarşılıqlı iddianın təmin edilməyən hissəsində yoxlanılır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsində şahid qismində iştirak edən və dindirilən X4 ifadə verərək bildirmişdir ki, iddiaçı onun bacısı qızıdır. O, 21.01.2020-ci il tarixdə bacısı ilə (iddiaçının anası) cehizləri götürməyə getmişlər, mebelləri sökmək üçün özləri ilə usta da aparmışlar. Cavabdehin evinin 2-ci mərtəbəsində yataq otağındakı mebellər sökülən zaman qızılları verməyəcəkləri təqdirdə cehiz əşyalarını götürməyə icazə verməyəcəklərini bildirmişlər. Bundan sonra o, Səbunə ilə zəngləşərək qızılları cavabdehin evinə, Sumqayıta yollamasını istəmiş, Səbinə də taksi ilə qızılları göndərmişdir. Qızıllar: sep, klon, sırğa, 2 üzük və qolbağdan (braslet) ibarət olmaqla paketə qoyulmuşdu. Onlar qızılları cavabdehlərə verdikdən sonra cehiz əşyallarını çıxarmağa icazə vermişlər. Şahid qismində iştirak edən və dindirilən X5 ifadə verərək bildirmişdir ki, o, Cavabdeh1 atasıdır. 27.01.2020-ci il tarixdə gəlinləri İddiaçı ata-anası Səbunə ilə Samiri barışdırmaq üçün gəlməli idilər, lakin cehizləri çıxarmaq üçün gəlmişdilər. Onlar gəldikləri zaman cavabdehlər sakit halda bir tərəfdə durmuşlar. Tozsoran qırılan zaman o, yoldaşı ilə mətbəxdə olub, özlərinin əlindən düşüb sınıb. Onlar cehizin aparılmasına etiraz etməmişlər. İddiaçı tərəf onlara heç bir qızıl əşyası verməmiş, əksinə cehizləri apararkən onlara məxsus 2 xalça və 1500 manat məbləğində pullarını da aparmışlar. Şahid qismində iştirak edən və dindirilən X1 ifadə verərək bildirmişdir ki, 21.01.2020-ci il tarixdə iddiaçının cehiz əşyalarını götürməyə getmişlər. O, Cavabdeh2 fikrindən daşınmağını təklif etmiş, lakin sonuncu imtina etmişdir. Daha sonra onlar Səbunənin əşyalarını toplamağa başlamışlar. Yataq otağındakı əşyaları yığarkən Cavabdeh2 onlardan iddiaçıya hədiyyə olunan qızılları tələb etmiş və qızılları vermədikləri təqdirdə cehiz əşyalarının otaqdan çıxardılmasına imkan verməyəcəyini bildirmişdir. Qızılları iddiaçı taksi ilə göndərmiş və iddiaçının dayısı (şahidin qardaşı) taksidən götürüb Cavabdeh2 vermiş, daha sonra onlar cehiz əşyalarını yığıb getmişlər. Şahid qismində iştirak edən və dindirilən X2 ifadə verərək bildirmişdir ki, o, da 21.01.2020-ci il tarixdə cavabdhein evinə iddiaçının cehiz əşyalarını götürməyə getmiş, cavabdeh tərəf əşyaların götürülüməsinə etiraz etməmişdir. Həmin vaxt qızılları qardaşı Faiq Qafarov onların yanında paketdən çıxararaq Cavabdeh2 vermişdir. Məhkəmə qızıl-zinət əşyaları iddiaçıya gəlin köçərkən hədiyyə şəklində verildiyindən, mübahisə predmeti olan əşyalar yalnız iddiaçının əmlakı olduğuna görə iddiaçının göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olduğundan həmin hissədə iddianı təmin etmişdir. Kollegiya hesab edir ki, məhkəmə bu hissədə düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçı birinci instansiya məhkəməsində izahatında bildirmişdir ki, qızılları anasıgilə qış vaxtı yeni ildən əvvəl aparmış və uzun müddət orda saxlamışdır. Cehiz əşyalarını götürməyə qayınanasıgilə anası, dayısı və digər qohumları getmişlər. O, qızılları taksi ilə dayısına göndərmişdir. Buna səbəb isə qayınanasının qızılların ona verilməyəcəyi təqdirdə cehiz əşyalarını sındırmaqla hədələməsi olmuşdur. Sadəcə ona hədiyyə edilən qızıllar qayınanasına verilmişdir, cavabdehin nişan üzüyünü isə özündə saxlamışdır. Apelyasiya baxışı zamanı da bildirmişdir ki, tanımadığı taksi ilə qızılları göndərmiş, dayısı götürərək, qayınanasına vermişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kollegiya işin müəyyən edilmiş hallarına, tərəflərin gətirdikləri arqumentlərə qiymət verərək hesab edir ki, qızıl-zinət əşyalarına dair hissədə iddia kifayət qədər əsaslandırılmamış, sübuta yetirilməmiş, məhkəmə də həmin hissədə iddianı təmin edərkən qətnaməni əsaslandırmamışdır. Qanunun mənasına görə əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi barədə iddianı təmin etmək üçün aşağıdakı şərtlər tələb olunur: iddiaçının mülkiyyət hüququnun olması, əşya üzərindən faktiki sahibliyinin itirilməsi, tələb edilən əşyanın digər eyni cinsli əşyalardan fərdi-müəyyən əlamətlərlə konkretləşdirilməsi və əşyanın faktiki olaraq cavabdehin qanunsuz sahibliyində olması. Qızıl-zinət əşyaları ilə bağlı tərəflər arasındakı mübahisənin predmetini, əsasən həmin qiymətli əşyaların kimdə olması təşkil edir. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya iddiaçının qızıl-zinət əşyalarını qeyd etdiyi kimi taksi ilə göndərməsi, dayısı tərəfindən qayınanasına verilməsi barədə qeyd etdiklərini inandırıcı və ağlabatan hesab etmir, iddiaçı bu halı və hazırda qızıl-zinət əşyalarının cavabdehlərdə olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə iddianı qismən təmin edərkən bu hissədə qətnaməni əsaslandırmamışdır. Kollegiya hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus cehiz əşyalarının qaytarılmasını qızıl-zinət əşyalarının qaytarılması ilə şərtləndirilməsi, iddiaçının da bu şərti qəbul etməsi barədə sonuncunun dəlilləri inandırıcı görünmür, belə ki, cehiz əşyalarının iddiaçıya məxsus olması və onun qohumları tərəfindən götürülməsi tam qanunu addım olduğundan, cavabdehlərin bunun qarşısını qanunsuz şərtlə alması iddiaçını həmin cehiz əşyalarının tələb edilməsi barədə məhkəmədə haqlı iddia qaldırmaq imkanından məhrum etmirdi. Ona görə də iddiaçının özünə məxsus bir əmlakını (qızıl-zinət əşyalarını) başqa əmlakını (cehiz əşyalarını) əldə əldə etmək üçün «qurban» verməyə razılaşması ağlabatan görünmür. İddiaçının qızıl-zinət əşyalarını tanımadığı taksi sürücüsü ilə uzaq məsafəyə göndərməsi də inandırıcı olmamaqla, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. İddiaçı iş materiallarında olan (i.v.50) fotoşəkilə sübut kimi istinad edərək qeyd edir ki, həmin şəkildəki telefon dayısına məxsus olmuş və sonuncu da qızıl-zinət əşyalarını taksidən götürdükdən sonra şəklini çəkərək cavabdehlərə vermişdir, fotoşəkildəki telefondan da görünür ki, şəkil məhz Sumqayıt şəhərində çəkilmişdir. Kollegiya həmin fotoşəkili sübut kimi qiymətləndirmək üçün kifayət qədər əsaslar müəyyən etmir, çünki göstərilən hal işin digər müəyyən edillən halları ilə uyğunluq təşkil etmir. İddiaçı nə taksi sürücüsünün şəxsiyyəti və idarə etdiyi avtomobil barədə məlumat verə bilmir, nə də qızılların cavabdehlərə təhvil verilməsini təsdiq edən başqa mötəbər sübut (akt) təqdim etmir. Qızıl-zinət əşyalarının Sumqayıt şəhərində telefona çəkilməsi iddiaçının dəlillərinin inandırıcı olması üçün nəticəyə gəlməyə əsas vermir, çünki şəklin həmin əşyaların təhvil verilməsini sübut etmək məqsədilə çəkildiyi halda, yəni iddiaçı tərəf cavabdehlərin gələcəkdə qızılları təhvil almalarını inkar etmələri halında bu şəkli sübut kimi təqdim etmək niyyətində olduqları halda, bundan daha mötəbər və sadə sübut olan təhvil-təslim aktı tərtib etməməsi ciddi şübhə doğurur. Beləliklə, işin müəyyən edilmiş halları, iddiaçının özünün də məhkəmədə verdiyi izahatlar bu nəticəyə gəlməyə əsas verir ki, qızıl-zinət əşyaları iddiaçının daim özündə olmuşdur. Qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Cavabdehlər onlara məxsus xalçaların və 1150 manat pulun götürüldüyünü iddia etsələr də, iş materiallarından belə bir hal müəyyən edilmir, nə birinci instansiya məhkəməsində, nə də apelyasiya baxışı zamanı bu halı təsdiq edən sübutlat təqdim edilməmişdir. Kollegiya hesab edir ki, qarşılıqlı iddia bu hissədə sübuta yetirilə bilmədiyindən təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-393/2021 saylı iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi qismən - ilkin iddianın təmin edilmiş (cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəşir qızından çəkisi 55 qram olan 750 əyarlı brilliant qaşlı ağ qızıl komplekt (1 ədəd üzük 9 qram, 1 ədəd cüt sırğa 14 qram, 1 ədəd boyunbağı və klon 22 qram, 1 ədəd bilərzik 10 qram) və çəkisi 9 qram olan 750 əyarlı brilliant qaşlı ağ qızıldan ibarət nişan üzüyü alınaraq İddiaçı verilsin. Qətnamə icra olunan vaxt həmin əşyalar mövcud olmadığı halda qızıl-zinət əşyalarının çəkisi 55 qram olan 750 əyarlı brilliant qaşlı ağ qızıl komplekt (üzük, sırğa, boyunbağı və klon, bilərzik) ümumi qiymətli 3500 manat, çəkisi 9 qram olan 750 əyarlı brilliant qaşlı ağ qızıldan ibarət nişan üzüyünun ümumi qiyməti 600 manat bazar dəyəri – pul ekvivalenti 4100 (dörd min yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəşir qızından tutularaq İddiaçı ödənilsin) hissəsində ləğv edilsin və həmin hissədə ilkin iddia tələbi rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xüsusi hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar