Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6656/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayıl qızının katibliyi, Cavabdeh iştirakı ilə, “xxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında mülki işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-518/9 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 2702 (iki min yeddi yüz iki) manat məbləğində verilmiş sığorta ödənişinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumun iddiaçı “xxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması,qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilmə İş materiallarından görünür ki, “xxxxxxxxxxx” ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək 2 902.00 (iki mm doqquz yuz iki) manat sigorta ödənisi məbləğinin cavabdehdən tutulub iddiaci "xxxxxxxxxx" ASC-nin xeyi ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxx” ASC ilə X3 və X2 Birliyi arasında xx.xx.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Ford Transit 330 S” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2017-ci il tarixdə “Ford Transit 330 S” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, H.Cavid prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz E240” markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxxxxxxxx” ASC 2902 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yasamal RPİ DYPŞ-nin “xxxxxxxxxx” ASC-yə təqdim etdiyi xx.xx.2017-ci il tarixli, 091 - 21705-1217 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Cavabdeh məxsus sürücülük vəsiqəsinin surətindən göründüyü kimi, Cavabdeh “B”, “C” və "E” kateqoriyalarına aid edilən avtomobilləri idarə etmək hüququ olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, hadisə zamanı Cavabdeh idarə etdiyi “Ford Transit 330 S” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı, 12+1 yerli avtomobil isə “D” kateqoriyasına malik olan şəxslər tərəfindən idarə oluna bilər. Odur ki, yol-nəliyyat hadisəsinin baş verdiyi vaxt Cavabdeh idarə etdiyi “Ford Transit 330 S” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmamışdır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunması xahiş edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki birinci instansiya məhkəməsi hazırkı mülki işə baxarkən yol verdiyi prosessual pozuntuların və maddi normaları düzgün təfsir edə bilməməsinin məntiqi nəticəsi olaraq məhkəməyə təqdim edilmiş mühüm əhəmiyyəti olan faktiki halları araşdırmamış, sübutlara düzgün qiymət verməyərək əsassız qətnamə çıxarmışdır. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı “xxxxxxxxxxx” ASC-nin səlahiyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-518/9 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Yasamal RPİ DYPŞ tərəfindən verilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisə hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli hesablamadan görünür ki, X1 məxsus “Mercedes Benz E240” markalı, 90LD381 dövlət qeydiyyat nişanlı avtomobilin təmirinin yekun qiymət 2902 manat təşkil edir. xx xxxxxx 2017-ci il tarixli, 1410/17/AA-943/17 nömrəli sığorta aktından görünür ki, X1 2902 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 10JN168 qeydiyyat nömrəli Ford Transit 330S 12+1 yerli mikroavtobusdur. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 12+1 yerli mikroavtobusu sürmək üçün müvafiq (D) dərəcəsi yoxdur. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 32312 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilən “xxxxxxxxxxx” ASC-nin tərəfindən tərtib edilmiş xx.xx.2018-cı il tarixli məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 1999-cu il buraxılışlı “Mercedes Benz E240” minik markalı 90LD381 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2702 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) bir başa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalınınmüvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. "İcbari sigortalar haqqinda" Azarbaycan Respublikasi Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sigorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etmdyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən stismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcələsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəyə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmişşəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1115-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulmasıüçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-518/9 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6656/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6656/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver