Məhkəmə qərarları › İş №2(103)-6665/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6665/2022

28.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6665/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “payın alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2(007)-2055/2021 saylı qərardadından cavabdehin şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ““Xəzər-M” firmasında payın alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddiası təmin olunmamışdır. Qətnamənin surəti xx.xx.2021-ci il tarixli reyestrlə tərəflərin ünvanı üzrə göndərilmiş, iddiaçı tərəfindən isə xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti verilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə üçüncü şəxs tərəfindən də apelyasiya şikayəti verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hər iki apelyasiya şikayəti vaxtında verilməməsi əsası ilə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda şikayət verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə üçüncü şəxsin şikayəti təmin olunmuş, xx.xx.2022-ci il tarixli qərardad ləğv olunmuş və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan cavabdeh şikayət vermiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya baxışı zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə münasibət bildirilmədiyi müəyyən edildiyindən, mülki iş apelyasiya baxışından çıxarılaraq, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli qərardaddan verilmiş şikayətə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilmişdir. Cavabdeh tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassızdır. Göründüyü kimi iddiaçı tərəfindən qətnamə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qəbul edilmiş, apelyasiya şikayəti də prosessual müddət daxilində xx.xx.2022-ci il tarixdə verilmişdir. Odur ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti prosessual müddət ərzində verilmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli 2(007)-2055/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar