Məhkəmə qərarları › İş №2(103)-6687/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6687/2025

11.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6687/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tutulması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-2068/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı Cavabdeh qarşı “aliment tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının İstanbul Baş Konsulluğunda nikaha daxil olmuş, onlar arasında olan nikah Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(009)-2258/2024 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Onların bu nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 adlı övladı var və uşaq onun himayəsindədir. Cavabdeh nikaha xitam verildikdən və tərəflər ayrı yaşadığı gündən iyul ayınadək onunla şifahi razılaşmaya əsasən uşağın saxlanılması üçün 1000 manat məbləğində ödəniş etmişdir. Bu dövr ərzində cavabdehin rəsmi gəlirlərinin ¼ hissəsi 2000 manat və daha artıq olmuşdur, buna baxmayaraq o, humanist davranmış, cavabdehin digər xərclərinin də olduğunu nəzərə alaraq ona etibar etmiş və rəsmi aliment kəsilmədən, uşağın saxlanılması üçün hər ay 1000 manat ödənilməsinə razılıq vermişdir. Cavabdeh İT sahəsində İOS mobil proqramçısı olaraq çalışmaqdadır, bu günədək ölkənin müxtəlif iri banklarının Rəqəmsal Departamentlərdə rəhbər pozisiyalarda çalışmış və kifayət qədər yüksək əmək haqqı almışdır. Paralel olaraq cavabdeh ATL Academy-də İOS Mobil Proqramlaşdırma üzrə təlimçidir, bu kursu həftəlik tədris edir və qarşılığında xidmət haqqı alır. Həmçinin, onlar nikahda olduqları 7 il ərzində cavabdeh mütəmadi olaraq öz sahəsi üzrə xarici şirkətlərlə uzaqdan (outsource) işləyərək xarici valyuta ilə ödəniş almış, bu gün də eyni qaydada çalışmaqdadır. Hazırda cavabdeh qərəzli yanaşaraq rəsmi əmək haqqından alimentin tutulmasından yayınmaq məqsədilə çalışdığı bankdan işdən çıxmış, fəaliyyətini rəsmi olaraq ATL Academy-də həftəlik kurs tədrisi və xaricdə nüfuzlu şirkətlərlə uzaqdan işləməklə davam etdirir. Onların övladı X1 xərcləri və maddi ehtiyacları cavabdehə məlum olsa da, uşağın bütün zəruri xərcləri cari ilin iyul və avqust ayları tamamilə onun hesabına qarşılanmışdır. Nikaha xitam verilərkən uşağın saxlanılması üçün hər ay 1000 manat ödənilməsi üzrə razılaşdıqları üçün hazırda da eyni məbləğin ödənilməsini tələb edir. Bununla əlaqədar olaraq o, aliment tələbinə dair iddia qaldırmaq qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 1000 manat sabit pul məbləğində aliment və ödənilmiş 61 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)- 2068/2025 nömrəli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,25 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 80 (səksən) manat məbləğində pulun tutulması, Cavabdeh İddiaçı xeyrinə mediasiya xərcləri kimi ödənilən 50 (əlli) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşağının iddiaçının yanında qalmasını, 2025-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 246 manat olması müəyyən edilsə də, cavabdehin hazırda işləyib müntəzəm əmək haqqı alması barədə məlumatın mövcud olmamasını, cavabdehin 300-400 manat aliment ödəmək imkanının olması ilə bağlı mövqeyini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında göstərilənləri və 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən tutulacaq sabit aliment məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,25 misli həddində, yəni 500 manat həddində müəyyən edilməlidir. Həmçinin, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 6000 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 80 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Həmçinin, iddiaçı qaldırılan tələblə bağlı mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən, mediasiya xərcləri kimi 50 manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onda olan məlumata əsasən, cavabdeh aylıq ortalama 10 000 (on min) manat gəlir əldə edir, lakin, bu gəliri Azərbaycan Respublikasında vergi orqanlarına bəyan etmir və xarici elektron cüzdanlarda saxlayaraq hissə-hissə yerli bank hesablarına köçürür və ya nağdlaşdırır. Bu məlumat ona gec, yəni, məhkəmə baxış iclasında gəldiyindən baxış iclası zamanı sübutların təmin edilməsinə dair əsaslandırılmış vəsatət vermiş və cavabdehin real gəlirlərini müəyyən etmək məqsədilə bank hesabları üzrə məlumatın sorğulanmasını xahiş etmiş, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Məsələnin araşdırılması ilə bağlı xx.xx.2025-ci il tarixində Dövlət Vergi Xidmətinə, Maliyyə Monitorinqi Xidmətinə və DİN yanında Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2068/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə 500 manat məbləğində müəyyən olunmuş aliment X1 mənafeyinə uyğun deyildir, buna görə də apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia tələbinin təmin olunduğu yeni qətnamə qəbul edilməlidir.

7. İddiaçı məhkəmə kollegiyasının iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, onun icraata qəbul edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən cavabdehin həmin müddətdə rəsmi əmək haqqının olmamasını, onun yalnız xidmət müqaviləsi əsasında – kurs müəllimi kimi işləməsini və gəlirlərinin qeyri-müntəzəm xarakter daşımasını əsas götürmüşdür. Məhz bu səbəbdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq aliment sabit pul məbləğində müəyyən edilmişdir. Apellyasiya şikayəti verildikdən sonra vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2025-ci il tarixli rəsmi cavab məktubundan məlum olmuşdur ki, cavabdeh xx.xx.2025-ci il tarixindən rəsmi əmək müqaviləsi əsasında işə qəbul olunmuşdur; onun əmək müqaviləsi “Əmək və məşğulluq” altsistemində aktivdir; cavabdeh hazırda həm xidmət müqaviləsi əsasında kurs müəllimi kimi, həm də əmək müqaviləsi əsasında işləyib müntəzəm rəsmi əmək haqqı alır. Bu hal birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən və apellyasiya şikayəti verildikdən sonra yarandığından, iş üzrə yeni hüquqi əsası təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən iddiaçı apellyasiya instansiyasında iddianın əsasını dəyişdirə bilər. Həmin Məcəllənin 372.3-cü maddəsinə əsasən isə bu dəyişiklik işin düzgün, hərtərəfli və vaxtında həllinə xidmət etdikdə yol veriləndir. Hazırkı halda sabit pul məbləğində alimentin tutulma əsası aradan qalxmır, çünki cavabdeh eyni zamanda xidmət müqaviləsi əsasında kurs müəllimi kimi fəaliyyətini davam etdirir və onun bu gəlirləri qeyri-müntəzəmdir. Paralel olaraq cavabdehin rəsmi əmək haqqısı da formalaşmışdır, bu isə alimentin qazancın müəyyən hissəsi kimi tutulmasına hüquqi əsas yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsi alimentin eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın müəyyən hissəsi kimi müəyyən edilməsinə imkan verir. Yuxarıda qeyd olunanları, uşağın üstün mənafeyi, əvvəlki həyat təminatının mümkün qədər saxlanılması, eyni zamanda prosessual qənaət prinsipini nəzərə alaraq məhkəmədən xahiş edir: 1. Cavabdeh “Əmək və məşğulluq” altsistemi (e-gov) üzrə rəsmi əmək haqqı məlumatlarının məhkəmə tərəfindən sorğulansın; 2. Azərbaycan Respublikası MPM-nin 372.2 və 372.3cü maddələrinə əsasən iddia tələbinin hüquqi əsasının dəyişdirilməsinə icazə verilsin; 3. Cavabdehdən rəsmi əmək haqqının ¼ (dörddə bir) hissəsi miqdarında, əlavə olaraq, xidmət müqaviləsi əsasında əldə etdiyi qeyri-müntəzəm gəlirləri nəzərə alınmaqla 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulması hüquqi cəhətdən mümkün hesab edilsin.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

9. Cavabdeh iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsinə qarşı etiraz verərək, iş üzrə faktiki halları, uşağın üstün mənafeyini, eləcə də cavabdehin real maliyyə imkanlarını nəzərə alaraq, iddiaçının iddianın hüquqi əsasının dəyişdirilməsi barədə vəsatətinin təmin edilməməsini, alimentin eyni zamanda həm sabit məbləğdə, həm də qazancın hissəsi kimi tutulmasının hüquqi cəhətdən mümkün hesab edilməməsini, cavabdehin artıq uşağın təhsil xərclərini aylıq 1000 (min) manat məbləğində ödəməsinin aliment məsələsində nəzərə alınmasını, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 500 (beş yüz) manat sabit aliment məbləğinin qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda onun yeganə və daimi gəlir mənbəyi rəsmi əmək müqaviləsi üzrə aldığı əmək haqqıdır. Bu hal iddiaçının iddiasında göstərildiyi kimi ikiqat gəlirin mövcudluğu barədə arqumenti tamamilə əsassız edir. Alimentin həm sabit məbləğdə, həm də qazancın hissəsi kimi tutulması bu iş üzrə hüquqi əsaslara uyğun deyil. İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə istinad edərək alimentin eyni vaxtda, qazancın ¼ hissəsi, əlavə olaraq 500 manat sabit pul məbləği şəklində tutulmasını xahiş edir. Lakin Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tətbiqi üçün əsas şərt cavabdehin gəlirlərinin qeyri-müntəzəm və ya gizli olmasıdır. Hazırkı vəziyyətdə isə cavabdehin rəsmi, şəffaf və sabit əmək haqqısı mövcuddur, əlavə gəlirlər mövcud deyil, bu səbəbdən alimentin eyni vaxtda iki fərqli mexanizmlə tutulması ailə hüququnun balans və ədalət prinsipinə ziddir. Məhkəmənin diqqətinə xüsusilə çatdırır ki, iddiaçı ilə aralarında mediasiya qaydasında bağlanmış razılaşmaya əsasən övladları X1 təhsil (məktəb) xərclərinin cavabdeh tərəfindən ödənilməsi öhdəliyi mövcuddur. Bu məbləğ aylıq orta hesabla 1000 (min) manat təşkil edir. Həmin razılaşma Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən e-2(009)-1998/2025 nömrəli məhkəmə işi üzrə təsdiq edilmişdir. Bu fakt onu göstərir ki, cavabdeh artıq uşağın saxlanılmasında əhəmiyyətli və real maliyyə yükü daşıyır, alimentin əlavə şəkildə artırılması və ya ikiqat mexanizmlə tutulması mütənasiblik prinsipini pozur. İddiaçının təklif etdiyi sxem qəbul edilərsə, 500 manat sabit aliment, əmək haqqının ¼ hissəsi, əlavə olaraq 1.000 manat məktəb xərci ilə birlikdə ümumi aylıq maliyyə yükü təqribən 3000 manata yaxın bir rəqəm təşkil edəcəkdir. Bu isə 7 yaşlı bir uşaq üçün obyektiv ehtiyacları aşan məbləğdir, cavabdehin öz yaşayış minimumunu və əmək qabiliyyətini təhlükə altına salır və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış mövqeyinə əsasən alimentin valideyni həddindən artıq ağır maliyyə vəziyyətinə salmaması prinsipinə ziddir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

11. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək, apellyasiya şikayətinin (iddia tələbinin həcminin artırılması barədə ərizə nəzərə alınaraq) təmin olunmasını xahiş etmişdir.

12. Cavabdeh öz izahatında apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

- 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; - 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; - 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; - 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; - 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur; - 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; - 372.3-cü maddəsinə əsasən tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. - 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

- 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi qədər dövlət rüsumu ödənilməlidir; - 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi qədər dövlət rüsumu ödənilməlidir; - 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; - 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

16. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia qismən təmin edildiyindən, lakin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iddia ərizəsinin, apellyasiya şikayətinin, cavabdehin etirazının dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbi və apellyasiya şikayəti qismən təmin edilməlidir.

20. İş materillarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşağı var.

21. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2258/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Azərbaycan Respublikasının Baş Konsulluğu (İstanbul) tərəfindən qeydə alınmış xx.xx.2017-ci il tarixli, 03 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X1 anası – İddiaçı yanında qalmasının müəyyən edilməsi qət edilmişdir.

22. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət etmiş və ərizədə: 1. Cavabdeh “Əmək və məşğulluq” altsistemi (egov) üzrə rəsmi əmək haqqısı məlumatlarının məhkəmə tərəfindən sorğulanmasını; 2. Azərbaycan Respublikası MPM-nin 372.2 və 372.3-cü maddələrinə əsasən iddia tələbinin hüquqi əsasının dəyişdirilməsinə icazə verilməsini; 3. Cavabdehdən: rəsmi əmək haqqının ¼ (dörddə bir) hissəsi miqdarında, əlavə olaraq, xidmət müqaviləsi əsasında əldə etdiyi qeyri-müntəzəm gəlirləri nəzərə alınmaqla 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulması hüquqi cəhətdən mümkün hesab edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 372.2, 372.3-cü maddələrinə əsasən iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsi mülki iş üzrə icraata qəbul etmişdir.

24. Məhkəmə kollegiyası tərəfindən “Azemis” Elektron Məhkəmə Sistemi vasitəsilə sorğulanmış arayışdan görünür ki, Cavabdeh “X5” ASC-də xx.xx.2025-ci il tarixindən şöbə müdiri vəzifəsində işləyir və onun aylıq əmək haqqı 6845 manat təşkil edir.

25. İş materillarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin rəsmi iş yeri olmadığından, ondan sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır.

26. Hazırda məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh rəsmi iş yeri var (xx.xx.2025-ci il tarixdən etibarən) və o, stabil aylıq əmək haqqı alır.

27. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın dörddə bir hissəsi miqdarında aliment tutulur.

28. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, sabit pul məbləğində aliment tutulması üçün zərurət aradan qalxdığından, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh əmək haqqının ¼ hissəsi miqdarında pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.

29. İddiaçının iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi – cavabdehdən əlavə olaraq 500 manat sabit pul məbləği şəklində alimentin tutulması barədə tələbinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, hazırda cavabdehin rəsmi iş yeri olduğundan, kifayət qədər yüksək məbləğdə əmək haqqı aldığından, onun gəlirinin ¼ bir hissəsi uşağa aliment kimi verildikdə, bu məbləğ uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayət edəcəkdir. Belə ki, təyin olunacaq alimentin aylıq miqdarı (6845/4=1711.25 manat) “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün təyin olunmuş 260 manat məbləğində yaşayış minimumundan kifayət qədər artıq məbləğdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən əlavə olaraq 500 manat miqdarında sabit pul məbləğinin tutulması, cavabdeh üçün əlavə maliyyə yükünün artırılmasına gətirib çıxaracaq. Buna görə məhkəmə kollegiyası iddiaçının tələbinin bu hissəsini əsassız hesab edir.

30. Həmçinin, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi - cavabdehin aylıq ortalama 10 000 (on min) manat gəlir əldə etməsi dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil iş materialları ilə öz təsdiqini tapmamışdır.

31. Bundan əlavə, iş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan – xx.xx.2025-ci il tarixdən başlanılmalıdır.

32. Məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, həmçinin iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusunun 20535 manat olduğunu nəzərə alınaraq, iddia ərizəsinin verilməsinə görə 151,61 manat və apellyasiya şikayəti verilməsinə görə isə 75,81 manat, cəmi hesablanmış 227,42 manat dövlət rüsumu məbləğinin 50 % miqdarı, yəni 113,71 manat pul cavabdehdən dövlət nəfinə pul tutulmalıdır.

33. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 50 manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-2068/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh əmək haqqının ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 113,71 (bir yüz on üç manat, yetmiş bir qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh İddiaçı xeyrinə mediasiya xərcləri kimi ödənilən 50 (əlli) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar