Məhkəmə qərarları › İş №2(103)-6688/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6688/2022

22.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6688/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «aliment tələbi»nə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «alimentin yarısının bank hesabına köçürülməsi tələbi»nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3111/2022 saylı, 29 iyul 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Tərəflər İddiaçı və Cavabdeh faktiki nikahda olmuş, bu faktiki nikahdan bir övladları anadan olmuş, hazırda tərəflərin münasibətləri pozulmuş, onlar birgə yaşamırlar, hazırda ilkin iddia üzrə iddiaçı aliment tələb edir, ilkin iddia üzrə cavabdeh isə ödənilən alimentin yarısının bank hesabına köçürülməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı «aliment tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər rəsmi nikah qeydiyyatı aparılmadan ailə münasibətlərində olmuşlar. Tərəflərin xx.xx.2019-cu il təvəllüdlü X10 adlı bir övladları dünyaya gəlmişdir. Hal-hazırda tərəflər faktiki ayrı yaşayırlar. xx.xx.2019-cu il təvəllüdlü X10 anası, yəni İddiaçı himayəsində yaşayır. Tərəflər xx.xx.2021-ci il tarixdə Mediasiya mərhələsində “Barışıq sazişi” bağlamışdılar. Həmin sazişə əsasən Cavabdeh 05 dekabr 2021-ci il tarixdən başlayaraq övladı X1 üçün 500 manat ödəyir. Mediasiya prosesi aparılarkən cavabdeh işsiz olduğunu qeyd etmişdir. Məhz bu səbəbdən də, tərəflər ümumi razılığa gəlmişdirlər. Bir müddət sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh ona işləməməsi barədə yalnış məlumat vermişdir. Bu məlumatın doğruluğunu dəqiqləşdirmək üçün, xx.xx.2022-ci il tarixdə “MediClub M.M.M” şirkətinə tərəflərindən rəsmi sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə “MediClub M.M.M” tərəfindən bildirilmişdir ki, Cavabdeh həqiqətən də “MediClub M.M.M” tibbi servis şirkətində xx.xx.2020-ci il tarixdən “Off shore” tibbi xidmətlər üzrə menecer vəzifəsində çalışır və orta əmək haqqı Ştat cədvəlinə uyğun olaraq 6.134 manat təşkil edir. Göstərilənlərə əsasən tərəflərin xx.xx.2019-cu il tarixdə anadan olmuş X17 adlı oğlunun saxlanılması üçün Cavabdeh 1 uşağa görə qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, X1 üçün müəyyən edilən alimentin tutulma vaxtının 2021-ci ilin noyabr ayından başlayaraq hesablanmasına dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «alimentin yarısının bank hesabına köçürülməsi tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış və mediator X8 tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən, cavabdeh hər ay xx.xx.2019-cu il təvəllüdlü övladı X2 üçün iddiaçıya 500 manat məbləğində aliment ödəyir. Hazırda iddiaçı tərəfindən alimentin məbləğinin artırılmasına dair iddia qaldırılıb və iş məhkəmənin icraatındadır. Uşağa görə ödənilən alimentin yarısı onun adına müvafiq bank hesabı açılaraq, həmin hesaba köçürülməsi daha uyğundur. Əgər gələcəkdə alimentin miqdarı artırılmasa belə, hazırda ödənilən 500 manat bir uşağın ehtiyaclarının ödənilməsi üçün hazırda uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən olunduğunu nəzərə alınsa, bu, yüksək məbləğ hesab olunmalıdır. Hətta 500 manatın yarısı 250 manat da yaşayış minimumundan 57 manat çoxdur. Həmçinin cavabdehdən əlavə, iddiaçının da bir valideyn kimi övladını saxlamaq vəzifəsi var. Göstərilənlərə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1 üçün cavabdeh tərəfindən ödənilən aliment məbləğinin yarısının onun adına açılacaq bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3111/2022 saylı, 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin faktiki nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda alimentin tutularaq İddiaçı verilməsi, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra olunması, dövlət rüsumu olaraq 100 manat məbləğində pulun ilkin iddia üzrə Cavabdeh tutularaq dövlət gəlirlərinə alınması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Ailə Məcəlləsinin 55.2, 55.3, 75.1, 75.4, 76.1.1, 78.1, 78.2, 100-cü maddələri və “Uşaq hüquqları haqqında” Qanunla əsaslandıraraq göstərmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə alimentin hər ay 500 manat məbləğində olmaqla ödənilməsi barədə razılıq əldə edilməsi ilə bağlı barışıq sazişi bağlanılsa da, sonradan məlum olmuşdur ki, ilkin iddia üzrə iddiaçı S.R.Rəsulzadəyə ilkin iddia üzrə Cavabdeh işləməməsi barədə yanlış məlumat verilmişdir. Belə ki, ilkin iddia üzrə cavabdehin rəsmi iş yeri olmaqla, əmək haqqı məbləği 6134 manat təşkil edir. Belə olan halda, ilkin iddia üzrə iddiaçı hazırki iddia tələbini qaldırmaqda haqlı olmuşdur. Qarşılıqlı iddia üzrə isə cavabdehin aldığı aliment məbləğinin uşağın xərclərindən kənara xərcləməsini sübut edəcək heç bir hal göstərilməmişdir. Əksinə, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə alimentin tutulmasına əsas olan amilləri, alimentin uşağın saxlanmasına, təhsil və tərbiyəsinə xərclənən vəsait olmasını və ən əsası alimentin miqdarının uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməli olmasını nəzərə almamışdır. Qətnamədən ilkin iddia üzrə cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin baxılmamış saxlanılması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayəti qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Belə ki, Cavabdeh və İddiaçı uşaqları Əlinin saxlanılmasının formasını müstəqil müəyyən edərək, bu barədə xx.xx.2021-ci il tarixli saziş bağlamışlar. Saziş, aliment ödəməli olan şəxslə - Cavabdehlə aliment alan fəaliyət qabiliyyəti olmayan Əlinin qanuni nümayəndəsi İddiaçı arasında bağlanmışdır. Ailə qanunvericiliyi alimentin valideynin qazancının müəyyən hissəsi kimi tutulmasını, aliment ödənilməsi barədə razılığı olmadığı halda müəyyən edir. Hazırki işdə isə tərəflər arasında belə bir razılığı təsdiq edən xx.xx.2021-ci il tarixli saziş mövcuddur. Belə olan halda, hazırda da qüvvədə olan və Cavabdeh tərəfindən icra olunan həmin sazişin mövcudluğu, Cavabdeh onun qazancının bir hissəsi miqdarında aliment tutulmasını istisna edir, çünki, bu tutulma tərəflərin şərtlərini müstəqil və azad şəkildə müəyyən edərək bağladığı aliment ödənilməsinə dair olan xx.xx.2021-ci il tarixli sazişin şərtlərinə zidd olmaqla, onu pozur. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli saziş mahiyyətcə mülki-hüquqi müqavilənin bir növüdür. Buna görə də, onun bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi mülki qanunvericilikdə müəyyən olumuş qaydalarda həyata keçirilir. Alimentin ödənilməsi barədə sazişə münasibətdə demək olar ki, həmin sazişin mühüm şərtlərini alimentin miqdarı və ödənilmə qaydası təşkil edir. Bu şərtlər yazılı formada tərtib edilmiş müqavilədə təsbit edildikdə və tərəflərin imzaları ilə təsdiq edildikdə həmin müqavilə bağlanmış sayılır. Necə ki, hazırki işdə olan xx.xx.2021-ci il tarixli sazişdə olduğu kimi tərəflər mühüm şərtləri müəyyən edərək, müqavilə bağlamışlar. Bu sazişin dəyişdirilməsinin və pozulmasının (ləğv edilməsinin) əsası Ailə Məcəlləsinin 95.4-cü maddəsi ilə müəyyən edilmişdir: tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda. Bu zaman, tərəflər sazişin dəyişdirilməsi, yaxud pozulması (ləğv edilməsi) barədə razılıq əldə edə bilməzlərsə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Lakin, sözügedən sazişin şərtlərinin uşağın mənafeyinə uyğun olmadığını və aldadıldığını iddia edən İddiaçı hazırda xx.xx.2021-ci il tarixli sazişin şərtlərinin dəyişdirilməsi, yaxud ləğv edilməsi barədə iddia qaldırmalı olduğu halda, bunu etməmişdir. Özü də, Səbinə Rəsulzadə həmin iddianı Mülki Məcəllənin 423-cü maddəsi ilə müəyyən edilmiş mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət etməklə qaldırmalı idi. Bu qaydaya əməl edilməməsi məhkəməyə əsas verir ki, həmin ərizəni baxılmamış saxlasın (MPM, maddə 259.0.1). Beləliklə, azyaşlı Əlinin saxlanılması üçün alimentin miqdarını və ödənilməsi qaydasına dair tərəflərin qarşılıqlı razılıqla bağladıqları xx.xx.2021-ci il tarixli sazişin qüvvədə olduğu və şərtlərinin aliment ödəməli olan Cavabdeh tərəfindən tam icra olunduğu halda, bu saziş ləğv edilmədən, yaxud etibarsız hesab olunmadan, Cavabdeh alimentin Ailə Məcəlləsinin 76.1- ci maddəsi ilə müəyyən edilmiş, qaydada qazancının bir hissəsi miqdarında tutulmasını tələb etməkdə İddiaçı haqll olmamışdır (hüquqa malik olmamışdır), məhkəmə isə bu qanunsuz iddianı təmin etməkdə haqlı olmamışdır. Göründüyü kimi hesab edir ki, İddiaçı azyaşlı Əliyə görə Cavabdeh ona ödədiyi alimenti tam olaraq təyinatı üzrə, yəni uşağın saxlanılması üçün xərcləmir. Ödənilən (o cümlədən, tələb olunan) aliment məbləği yüksək olduğundan İddiaçı vəziyyətdən sui-istifadə edərək, aliment məbləğindən təyinatına uyğun olmayan digər xərclərə də istifadə edir. Cavabdehə məktubla müraciət edərək, uşağın saxlanılması üçün ödədiyi alimentin nə zaman və nəyə xərclənməsi, hazırda həmin məbləğdən nə qədər pulun qalması barədə yalnış məlumatın verilməsini və xərclənməni təsdiq edən sübutların təqdim olunmasını xahiş etmişdi. X18zadə həmin məlumatları, sübutları bu günədək təqdim etməmişdir və məhkəmədə də, bu məlumatları, sənədləri təqdim etməyəcəyini dedi. İddiaçı bu məlumatları (sənədləri) təqdim etməməsi, alimentin təyinatı üzrə xərcləmədiyinin sübutu kimi qəbul olunmalıdır. Əks halda, Cavabdeh bunun başqa hansı formada sübutu tələb oluna bilər?! İş materiallarından məlum olduğu kimi, tərəflər arasında hazırda da qüvvədə olan alimentin alınmasına dair mediator X8 tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli barışıq sazişi mövcuddur. İlk iddia ərizəsindən aydın olur ki, ilk iddia artıq müəyyən olunmuş alimentin məbləğinin artırılması haqqındadır. Vəkil Nümayəndə hazırki iş üzrə ilk iddiaçının adına yazılmış olan xx.xx.2022-ci il tarixli, ******* saylı vəkil orderində də tapşırığın məzmunu kimi məhz “alimentin artırılması” yazılmışdır. Belə olan halda, həmin iddia üzrə MPM-in 36.3-cü maddəsinin “alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər” tələbi keçərli deyildir. İlk iddia MPM-in 35.1-ci maddəsinin “iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir” tələbinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilməli idi. Artıq alınan alimentin artırılmasına dair olan hazırki iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad deyildir. Çünki “Dövlət rüsumu” haqqında Qanunun 9.1.2-ci maddəsi ancaq aliment alınması barədə iddialar üzrə iddiaçıların rüsumdan azad etmişdir. Buna görə də ilk iddia üzrə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməli idi. Məhkəməyə müraciət etməzdən əvvəl məcburi olan tərəflərin mediasiya prosesində iştirak qaydası pozulub. İlk iddia ərizəsinə əlavə edilmiş 4 saylı Mediasiya Təşkilatının mediatoru Sevinc Rzayevanın xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışında yazılmışdır ki, “Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 3 gün əvvəlcədən rəsmi olaraq məlumatlandırılmışdır, lakin o, 18 may 2022-ci il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir”. Amma, Cavabdeh hazırki tələb üzrə mediasiya ilə bağlı hər hansı təklif, bildiriş daxil olmamışdır. 2 saylı Poçt Filialının xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, mediator X6 Əliyevə göndərdiyi SS778266925AZ saylı sifarişli məktub ona verilməmiş, lakin səhvən çatdırılmış kimi sistemə işlənilmişdir. Bununla belə, Cavabdeh iddia ərizəsində yazılmış mobil nömrəsi iddiaçıda olsa da, o, bu nömrəni mediatora təqdim etməmişdir. Beləliklə, Cavabdeh mediasiya prosesində iştirakı onun məlumatı olmadığından baş tutmamışdır. Belə olan halda, mediasiyanın məqsədinin təmin olunması üçün həmin prosesin yenidən keçirilməsi zəruridir. Nəzərə almaq lazımdır ki, alimentin alınması barədə məsələ məhz mediasiya prosesində razılaşdırılmışdır və hazırda məhkəməyə verilmiş alimentin artırılması məsələsinin də həmin qaydada həll oluna biləcəyi istisna olunmamalıdır. İlk iddia ərizəsi xx.xx.2022-ci il tarixdə iddiaçının özü tərəfindən deyil, Nümayəndə tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinə ancaq onun adına verilmiş etibarnamə əlavə edilmiş, vəkil orderi əlavə olunmamışdır. Sonradan elektron sistemdə yerləşdirilmiş vəkil orderindən görünür ki, hazırki iş üzrə iddiaçı X5 ilə vəkil Nümayəndə arasında hüquqi yardıma dair müqavilə iddia ərizəsi məhkəməyə verildikdən təxminən 1 ay sonra - xx.xx.2022- ci il tarixdə bağlanmış, ******* saylı vəkil orderi də məhz xx.xx.2022-ci il tarixdə verilmişdir. Başqa sözlə, iddia ərizəsinin imzalandırı 27 may 2022-ci il tarixdə Nümayəndə İddiaçı vəkili olmadığından, onun nümayəndəsi kimi çıxış edərək, iddia ərizəsini imzalamağa səlahiyyətli olmamışdır. Cavabdeh Mediclub tibb müəssisəsində hələ İddiaçı ilə birlikdə ailə kimi yaşadıqları vaxtdan işləyir. İddiaçı faktiki əri olan şəxsin iş yerini və qazancını bilməməsini iddia etməsi qətiyyən inandırıcı deyildir. Bundan başqa, tərəflər arasında bundan əvvəl uşaqla ünsiyyətə dair mülki işə baxılması zamanı, Cavabdeh MediClub tibb müəssisəsində işlədiyini anket məlumatı olaraq məhkəmədə bildirmişdir. Hətta, həmin işdə alınmış xx.xx.2022-ci il tarixli müayinə aktında da Cavabdeh MediClub tibb müəssisəsində işlədiyi yazılmışdır. Bu, X3 Əliyevin iş yerini guya "xxxx" MMM-nin xx.xx.2022-ci il tarixli məktubundan sonra bilməsindən də əvvəldir. Ona görə də, Cavabdeh işləməməsi barədə İddiaçı yanlış məlumat verməsi barədə arqumenti tamamilə əsassızdır. Beləliklə, hakim sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər və izahatlarına əlavə olaraq bildirdilər ki, birinci instansiya məhkəməsinin qətnamədə ilk iddianı qismən təmin edərkən aliment tələbi kimi qiymətləndirsə də, faktiki olaraq tələb alimentin artırılması tələbi olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdə Mediasiya mərhələsində bağladıqları “Barışıq Sazişi”nə əsasən Cavabdeh 05 dekabr 2021-ci i tarixdən başlayaraq övladı X1 üçün 500 manat ödəsə də bu cavabdehin işləməməsi ilə bağlı olmuşdur. Cavabdeh həqiqətən də “MediClub M.M.M” tibbi servis şirkətində xx.xx.2020-ci il tarixdən “Off shore” tibbi xidmətlər üzrə menecer vəzifəsində çalışır və orta əmək haqqı ştat cədvəlinə uyğun olaraq 6.134 manat təşkil etməsi məlum olandan sonra məhkəmədə qaldırılan tələb alimentin tələbi olsa da məzmunundan da görünür ki, dəyişdirilmə tələbidir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda aliment tutularaq İddiaçı verilməsini qət etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən ilkin iddia üzrə cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin baxılmamış saxlanılması, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1. valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

Azərbaycan Respublikası Konstitusiyası:

17. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

171. Hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə düzgün nəticəyə gəlsə də, həm ilk iddianın, həm də qarşılıqlı iddianın rədd edilməli olması ilə bağlı əsaslandırılması zamanı maddi və prosessual pozuntulara yol verdiyi və hər iki iddianın qarşılıqlı əlaqəsi olduğu üçün iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilk iddianın qismən təmin, qarşılıqlı iddia tələbinin də qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin materiallarından görünür ki, tərəflərin faktiki nikahlarından bir övladları anadan olmuş, hazırda tərəflərin münasibətləri pozulmuş, onlar birgə yaşamırlar, xx.xx.2019-cu il təvəllüdlü X10 anası, yəni İddiaçı himayəsində yaşayır. Tərəflər xx.xx.2021-ci il tarixdə Mediasiya mərhələsində “Barışıq sazişi” bağlamışlar. Həmin sazişə əsasən Cavabdeh 05 dekabr 2021-ci i tarixdən başlayaraq övladı X1 üçün 500 manat ödəyir. Göstərilənlər işin mübahisəsiz hallarıdır Lakin ilk iddiaçı mediasiya prosesi aparılarkən cavabdehin işsiz olduğu üçün məhz bu səbəbdən də, tərəflər ümumi razılığa gəlmələrini, bir müddət sonra iddiaçıya cavabdehin ona işləməməsi barədə yalnış məlumat verməsinin məlum olduğu üçün, yəni, rəsmi iş yeri və gəliri olması müəyyən olunduğuna görə hazırki iddianı qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin alitment tələbi olmasına baxmayaraq tərəflər arasında xx.xx.2021-ci il tarixdə alimentin hər ay sabit pul məbləğində, yəni, 500 manat məbləğində olmaqla ödənilməsi barədə razılıq əldə edilməsi ilə bağlı artıq hüquqi qüvvəyə malik olan barışıq sazişi bağlanmasını və cavabdeh tərəfindən də bu sazişin icra edilməsinə, eləcə də, cavabdehin "xxxx" MMM tibbi servis şirkətində xx.xx.2020-ci il tarixindən “Off shore” tibbi xidmətlər üzrə menecer vəzifəsində çalışmaqla orta əmək haqqı ştat cədvəlinə uyğun olaraq 6134 manat məbləğində təşkil etməsi barədə sözügedən MMM-in xx.xx.2022-ci il tarixli məktubundan sonra hazırki iddianın qaldırılmasında əsl məqsədin alimentin tələbi deyil, artıq ödənilən alimentin ödənilməsi üsulunun dəyişdirilməsi barədə olmasına diqqət yetirməmişdir. Belə ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Həmçinin də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli saziş mahiyyətcə mülki-hüquqi müqavilənin bir növü olmaqla onun bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi mülki qanunvericilikdə müəyyən olumuş qaydalarda həyata keçirilməsi nəzərdə tutulmasına baxmayaraq tərəflər mühüm şərtləri müəyyən edərək, saziş bağlamaları, bu sazişlə alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişikliyin olması barədə iddiaçı tərəfindən yuxarıda qeyd edilən mötəbər sübut əldə edildikdən sonra onun tərəfindən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə uyğun iddia qaldırmasına mane olmur. İstinad olunan normanın əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, azyaşlı Əlinin saxlanılması üçün alimentin miqdarı və ödənilməsi qaydasına dair tərəflərin qarşılıqlı razılıqıa bağladıqları xx.xx.2021ci il tarixli sazişin qüvvədə olduğu və şərtlərinin aliment ödəməli olan Cavabdeh tərəfindən tam icra olunmasına və bu sazişin ləğv edilməməsinə, yaxud etibarsız hesab olunmamasına baxmayaraq iddiaçı Ailə Məcəlləsinin 95.4-cü maddəsinə uyğun olaraq sazişin dəyişdirilməsi, yaxud pozulması iddiasını deyil, hazırki iddia ilə məhkəməyə müraciət edərək alimentin sabit formada deyil, cavabdeh işlədiyi üçün Ailə Məcəlləsinin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada qazancının bir hissəsi miqdarında tutulmasını tələb etməkdə İddiaçı haqlı olmuşdur. Məhkəmə kollegiyası göstərilən nəticələrə gələrkən qeyd etməyi də zəruri sayır ki, ilk iddia üzrə cavabdeh tərəf də iddianın aliment tələbi kimi deyil, artıq müəyyən olunmuş alimentin məbləğinin artırılması haqqında olmasını apellyasiya şikayətində qəbul etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianın qismən təmin edilməsi, yəni, tərəflərin faktiki nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda 2021-ci ilin noyabr ayından deyil, xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh aliment tutulması nəticəsinə gələrkən gəldiyi əsaslandırılma zamanı maddi və prosesual pozuntulara yol vermiş, nəticəsi düzgün olsa da əsaslandırmanı Azərbaycan Respublikasının 112.1-ci maddəsinin tələbləri baxımından düzgün olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı hesab edir ki, apellyatorun iddianın aliment tələbi kimi deyil, artıq müəyyən olunmuş alimentin məbləğinin artırılması haqqında olmasına baxmayaraq həmin iddia MPM-in 36.3-cü maddəsinin (“alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər”) tələbinə uyğun aidiyyatı üzrə düzgün olaraq iddiaçının yaşıyış yeri üzrə məhkəməyə verilmişdir və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçılar aliment alınması barədə iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməyə davam edərək həmçinin hesab edir ki, apellyatorun “tərəflərin mediasiya prosesində iştirak qaydasının pozulması» kimi dəlili də əsassızdır. Belə ki, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki “Cavabdeh nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir” Apellyatorun Cavabdeh hazırkı tələb üzrə mediasiya ilə bağlı hər hansı təklif, bildiriş daxil olmamasına dair təqdim etdiyi 2 saylı Poçt Filialının xx.xx.2022-ci il tarixli məktubunda göstərilənlər mediasiya prosesinin qanuna uyğun keçirilməməsini təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası bu dəlillə bağlı həmçinin qeyd etməyi zəruri sayır ki, Cavabdeh mediasiya prosesində iştirakı onun məlumatı olmadığından baş tutmaması halı mövcud olsa idi belə mediasiyanın məqsədinin təmin olunması üçün həmin prosesin yenidən keçirilməsi artıq öz əhəmiyyətini itirmişdir. Belə ki, alimentin alınması barədə məsələ məhz mediasiya prosesində razılaşdırılsa da, hazırda məhkəməyə verilmiş alimentin artırılması məsələsi artıq həmin qaydada həll oluna biləcəyi istisnadır. Çünki, yenidən mediasiya prosesi keçirilsə idi belə, artıq iddiaçıya cavabdehin aylıq gəliri məlumdur və o alimenti sabit pul formasında deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada aylıq gəlirin 1/4 hissədə tutulmasını tələb edəcəkdir ki, hazırki işdən də görünür ki, cavabdeh bu tələblə onsuz da razı deyil və bu ona dəlalət edir ki, cavabdeh əvvəlki sazişin ləğv edilmədiyi halda hazırki tələblə də aliment ödəməsi barədə yeni razılaşmaya gəlməyəcəkdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməyə davam edərək daha sonra hesab edir ki, ilk İddiaçı Cavabdeh iş yerini və qazancını bildiyi halda onun aylıq sabit pul formasında hər ay 500 manat məbləğində alimentə razılaşması da qətiyyən inandırıcı deyildir. Kollegiya bu qənaətə gələrkən ilk iddiaçının barışıq sazişindən sonra cavabdehin iş yerinə sorğu verilməsini və məhz sorğu nəticəsində onun gəliri üzrə tutula biləcək hissənin (1/4 hissə) sazişdə müəyyən olunan məbləğdən 2-3 dəfə az olması müəyyən edilməsini də nəzərə alır. Kollegiya hesab edir ki, ilk iddiaçının cavabdehin işləməsi barədə məlumatı olması halında belə, bununla yanaşı həm də onun aylıq gəliri barədə rəsmi məlumatı olsa idi azyaşlı uşağının mənafeyi baxımından sazişdə sabit pul formasında hər ay 500 manat məbləğində alimentə razılaşmaya imza etməməsinə dair ilk iddiaçı tərəfin verdiyi izahatları cavabdehin apellyasiya şikayətinin buna dair dəlillərindən daha inandırıcı görünür. Belə ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin 27 may 2022-ci il tarixdə Nümayəndə İddiaçı vəkili olmadığından, onun nümayəndəsi kimi çıxış edərək iddia ərizəsini imzalamağa səlahiyyətli olmamasına dair dəlilinə qiymət verərək bu dəlili ilk iddanın baxılmamış saxlanılması üçün yetərli əsas saymır. Belə ki, işin materiallarından görünür ki, ilk iddia ərizəsi xx.xx.2022-ci il tarixdə iddiaşının özü tərəfindən deyil, Nümayəndə tərəfindən imzalanması və iddia ərizəsinə ancaq onun adına verilmiş etibarnamə əlavə edilməsi faktı mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, vəkil orderi iddia ərizəsinə əlavə olunmasa da, hər bir halda iddia ərizəsi imzalanmasına əsas verən etibarnamədə onu imzalayan şəxsə belə bir səlahiyyət verilmiş və iddiaçı özü apellyasiya instansiyası məhkəməsinin iclasında etibarnamə ilə bu səlahiyyətin verməsini bir daha izahatında təsdiq etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda göstərilən dəlillərinə göstərilən huquqi qiyməti verərkən onu da xüsusilə vurğulmağı zəruri sayır ki, bu dəlillər həm də ona görə əsassız və əhəmiyyətsizdır ki, apellyator hazırki şikayətində qarşılıqlı iddia üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin nöqsanlarını sadalayarkən ödənilən (o cümlədən, tələb olunan) aliment məbləğinin yüksək olduğundan İddiaçı vəziyyətdən sui-istifadə edərək, aliment məbləğindən təyinatına uyğun olmayan digər xərclərə də istifadə etməsini ehtimal etməklə qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı tələb isə «alimentin yarısının, yəni 500 manatın bank hesabına köçürülməsi barədə olmuşdur. Başqa sözlə, kollegiyanın qənaətinə görə apellyator yüksək məbləğ dedikdə 500 manatı deyil, ondan artıq olaq 6134 manatın 1/4 hissəsini nəzərdə tutur. Məhkəmə kollegiyası alimentin məbləğinin artıq 500 manat həddində deyil, cavabdehin gəlirinə (6.134 manat) uyğun olaraq 1/4 hissədə tutulacağı nəzərə alınaraq apellyasiya şikayətinin qarşılıqlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi üzrə dəlillərini qismən əsaslı sayır və qeyd edir ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Alimentin tutulmasına əsas olan amillər, aliment uşağın saxlanmasına, təhsil və tərbiyəsinə xərclənən vəsait olması və ən əsası alimentin miqdarının uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, tutulan alimentlə bağlı ümumi olaraq 2 qayda müəyyən olunub: 1) aliment valdeynin sərəncamına daxil olur; 2) aliment həmin valideyn tərəfindən uşağın saxlanmasına, maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir tərbiyəsinə və təhsilinə xərclənməlidir. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.

1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.

2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya xüsusi ilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Kollegiya daha sonra qeyd edir ki, aliment almaq uşağa məxsus olan huquqdur, buna müvafiq olaraq aliment uşağa məxsus olan vəsait sayılır. Sərəncamına aliment daxil olan valideyn – Səbinə Rəsulzadə bu vəsaiti təyinatı üzrə xərcləmək vəzifəsi daşıyır. Lakin məhkəmə kollegiyası apelyatorun şikayətində ödənilən (o cümlədən, tələb olunan) aliment məbləri yüksək olduğundan İddiaçı vəziyyətdən sui-istifadə edərək, aliment məbləğindən təyinatına uyğun olmayan digər xərclərə də istifadə etməsini göstərməsinə və buna dair sübutlar təqdim etməməsinə baxmayaraq hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.2 və 55.3-cü maddələrinin tələbləri baxımından aliment ödəyən şəxsin alimentin təyinatı üzrə xərclənməməsinə dair şübhələrinin qarşısının alınması məqsədi ilə alimentin 50 faizdən çox olmayan məbləğini, yəni tutulacaq alimentin 1/3 hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi məqsədə uyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Plenum Qərarının 8.9-cu bəndinə əsasən Alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən hesab edir ki, tutulacaq alimentin 1/2 hissəsinin bank hesabına köçürülməsi ona görə məqbul sayılmır ki, iddiaçıya veriləcək alimentin 2/3 hissəsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına kifayət edəcək və bank hesabına daxil olan vəsait azyaşlı uşağa məxsus olmaqla uşaq yetkinlik yaşına çatdıqda həmin vəsait üzərində sərəncam vermək hüququ əldə edəcəkdir ki, bu da uşağın mənafeyi baxımından əlverişlidir. Həmin dövrə qədər isə uşağın bank hesabında yığılan vəsait üzərində tərəflər sərəncam vermək hüququndan istifadə etmələri yalnız azyaşlı uşağın diqqətəlayiq mənafeyi baxmından valideynlərin qarşılıqlı razılığı əsasında baş verə bilər. Kollegiya həmçinin qətnaməni maneəsiz icrasının təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda alimentin 1/3 hissəsinin yetkinlik yaşına çatmayan uşağının adına açacağı bank hesabına köçürülməsi üçün bu hesab Cavabdeh tərəfindən açılması daha məqsədə müvafiqdir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydışlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda alimentin tutularaq İddiaçı verilməsi artıq icra olunmağa başlandığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə baxmayaraq azyaşlının mənafeyi baxımından həmin məbləğin tutulma tarixinin xx.xx.2022-ci il tarixdən hesablanması məqsədə müvafiqdir. Həmçinin kollegiya hesab edir ki, qeyd edilən icra hərəkətlərinin davam etməsini də nəzərə alınmaqla tutulan 1/4 hissədə alimentin 1/3 hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılacaq bank hesabına köçürülməsi hazırki qətnamənin qanuni qüvvəsini aldıqdan sonra icra edilməlidir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Həmin normaya əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan üş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna, mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmaqla ilkin iddia tələbinin qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin faktiki nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda alimentin tutularaq İddiaçı verilməli, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra olunması, dövlət rüsumu olaraq 100 manat məbləğində pulun ilkin iddia üzrə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməklə xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda alimentin 1/3 hissəsinin Cavabdeh tərəfindən yetkinlik yaşına çatmayan uşağının adına açacağı bank hesabına köçürməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3111/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin faktiki nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda aliment tutularaq İddiaçı verilsin. Dövlət rüsumu olaraq 100 (yüz) manat məbləğində pulun ilkin iddia üzrə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda alimentin 1/3 hissəsi yetkinlik yaşına çatmayan uşağının adına açılacaq bank hesabına köçürülsün. Tutulan 1/4 hissə alimentin 1/3 hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılacaq bank hesabına köçürülməsi hazırki qətnamənin qanuni qüvvəsini aldıqdan sonra icra edilsin. X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda alimentin 1/3 hissəsinin yetkinlik yaşına çatmayan uşagının adına bank hesabına köçürməsi üçün bu hesabın Cavabdeh tərəfindən açılması ona həvalə edilsin. Qarşılıqlı iddia digər hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar