Məhkəmə qərarları › İş №2(103)-6691/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6691/2021

17.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6691/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-916/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 23 sentyabr 2020-ci il tarixli, 228.2 K saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 20 avqust 2019-cu il tarixdə əmək müqaviləsi əsasında "xxxx" MMC-nin satış və ticari marketinq departamentinin daxili satış şöbəsinə promomerçendayzer vəzifəsinə işə qəbul edilmiş və "xxxx" MMC-nin 20.07.2020-ci il tarixli 129 K nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin illərdə "xxxx" MMC CavabdehMMC ilə birlikdə fəaliyyət göstərmiş, sonradan həmin şirkətlər ayrılıqda fəaliyyət göstərdikləri üçün "xxxx" MMC-də fəaliyyət göstərən işçilərin bir hissəsi Cavabdeh MMC-yə keçmişdir. Buna görə də Cavabdeh MMCnin 20.07.2020-ci il tarixli 147.3K nömrəli əmrinə əsasən satış departamentinin ticari marketinq şöbəsinin Mingəçevir 1 pərakəndə merçendayzer bölməsinə “merçanda” vəzifəsinə işə qəbul edilmişdir. Lakin, bir müddətdən sonra Cavabdeh MMC tərəfindən ona məlum olmayan səbəblərdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, həmçinin 72-ci maddəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Aşağıdakı əsaslara görə 23.09.2020-ci il tarixli, 228.2 K nömrəli əmri əsaslı və qanuni hesab etmir: Belə ki, işə qəbul olunduğu gündən işdən azad olunan günə qədər vaxtlı-vaxtında işə gəlmiş, şirkət tərəfindən ona qarşı hər hansı bir irad tutulmamış, əmək kollektivi ilə yaxşı əlaqələr qurmağa nail olaraq, işçi heyəti arasında hörmət qazanmış, iş gedişatında öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirmişdir. Hər iş gününün başlanğıcında müdiriyyətə yer barədə verdiyi məlumat (konum) buna sübut kimi qəbul oluna bilər. İşlədiyi müddətdə şirkət tərəfindən verilən tapşırıqları heç bir nöqsan olmadan icra etmişdir. Hətta verilən tapşırıqları vaxtlı-vaxtında yetirdiyi üçün şirkət tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Sonradan buna baxmayaraq, sözügedən şirkət tərəfindən ona bildirilmişdir ki, şirkətdə iş azaldığından müvəqqəti olaraq işə çıxma. Bundan sonra Mingəçevir filialının merçendayzerlər üzrə rəhbəri ona məlum olmayan səbəblərdən onunla əlaqə saxlayaraq işdən çıxma barədə ərizə yazmalı olduğunu bildirsə də, o, işdən azad olunmağı üçün heç bir əsas göstərilmədiyindən sonuncunun tələbinə etiraz etmişdir. Bir-neçə gündən sonra təsadüfü olaraq Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Nazirliyinin Məşğulluq alt sistemi ilə portala daxil olduqda görmüşdür ki, əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı dərhal Cavabdeh MMC-nin Mingəçevir filialının merçendayzerlər üzrə rəhbəri Zamin Talıbovla əlaqə saxlamış, işdən çıxarılmasının səbəbini soruşmuşdur. O, heç bir üzürlü səbəb olmadan işə gəlmədiyi üçün işdən azad olunduğunu bildirmişdi. Lakin, nə işəgötürənin mübahisələndirilən əmri, nə də əmək kitabçası ona rəsmi qaydada təqdim olunmamışdır. Buna görə də işdən azad olunmağı barədə əmrin və əmək kitabçasının əslinin ona təqdim olunması üçün şirkətə müraciət etmiş və onları yalnız bu yolla rəsmi şəkildə əldə etmişdir. Hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi tam qanunsuz olmuşdur. Əgər işlədiyi müddətdə həqiqətən də davamiyyəti əmrdə göstərillən kimi olsaydı, qanuna müvafiq olaraq əvvəlcədən şirkət tərəfindən çağırılıb izahatı alınardı və ya ona yazılı şəkildə xəbərdarlıq olunardı. Göründüyü kimi işdən azad olunmağı təsadüfü deyil, onun işdən azad olunmağı qərəzi şəkildə olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-916/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-nə qarşı əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə işə bərpa tələbinə iddiasının təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə sübut kimi təqdim edilmiş Cavabdeh MMC-nin ona ünvanladığı 24 avqust 2020-ci il tarixli xəbərdarlıq məktubunu çatdırılma barədə EKSPRESS poçt daşıma xidmətinin 490331 nömrəli 28.08 -? (qeyd görünmür) tarixli qaimənin surətindən görünür ki, qaimədə məktubu çatdırılma barədə qrafalarda, məktubu çatdıran kuryerin və məktubu alanın imzaları və adları və poçtun möhürü yoxdur. Bununla yanaşı, bu sübuta qiymət verərkən hakim diqqət yetirməmişdir ki, məktubu göndərənə (cavabdehə) poçt məktubu qəbul etmə barədə qəbz və ştrix-kod verilməlidir ki, həmin məktubun poçt üzrə hərəkəti izlənilə bilinsin. Bu sübut məhkəməyə təqdim edilməyib. Odur ki, məktubun ona çatdırılmasi sübut olunmur. Bildirir ki, həqiqətən belə bir məktub ona çatdırılmayıb. 23.08.2020-ci il tarixdə iş buraxmaya görə tərtib edilmiş akt bazar gününə təsadüf edir. Buradan da görünür ki, cavabdeh tərəf sənədləşməni qərəzli şəkildə saxtalaşdırmaqla aparmışdır. Beləliklə, iddianın rədd edilməsi üçün hakim 3 əsas sübutdan istifadə etmişdir ki, bu sübutlar ziddiyyətli olmaqla biri digərini istisna edir, işin hallarına uygun gəlmir. Ona görə də yalnız bu sübutların əsasında mübahisənin həll edilməsi düzgün, ədalətli və qanuni hesab edilə bilməz. Məhkəmə tərəflərin mübahisə barədə münasibətlərinə müəyyənlik gətirməmiş, işin düzgün həlli üçün vacib olan halların hamısını ədalətli və hərtərəfli araşdırmamışdır. Məhkəmə, cavabdeh tərəfin təqdim etdiyi sübutların doğru, düzgün olmasını təhlil etməli və onlara hüquqi qiymət verməli olduğu halda, bunu etməmiş və yalnız, sadəcə olaraq, cavabdehin təqdim etdiyi sübutları sadalamaqla kifayətlənmişdir. Həmçinin onun şifahi izahatları da sübut növü kimi qəbul edilib müvafiq hüqui qiymət verilməli olduğu halda, onlara heçbir əhəmiyyət verməmişdir. İşin hallarından açıq aydın görünür ki, işlədiyi şirkətin rəhbərliyi qarşısında, həmin rəhbərliklə müqayisədə daha zəif tərəf ilduğu üçün, rəhbərliklə ehtiyatlı davranaraq ona verilmiş şifahi tapşırığı yerinə yetirməyə məcbur olmuş və 21 avqust 2020-ci il tarixdən yeni işlə təmin olunması üçün gözləməyə başlamışdır. Ona söz verib yeni iş üçün gözləmə vəziyyətində saxlayan rəhbərlik, sözünə əməl etməyərək, onun izahatını almadan, təşkilatın həmkarlar ittifaqının rəyini almadan əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Məhz həmin vaxt o, şirkətin rəhbərliyi tərəfindən aldadıldığını başa düşmüşdür. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-916/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı və onun vəkili X2 apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikyətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-916/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı işdən çıxarılmasına əsas onunla bağlanmış əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq heç bir üzürlü səbəb olmadan bir-neçə gün ərzində işə gəlməməsi olmuş və gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 və 72-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı izahatını və onun vəkili Vaqif Şərifovun çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, İddiaçı məxsus ******* saylı, 11.12.2015-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, "xxxx" MMC-nin 121K saylı, 20 avqust 2019-cu il əmri ilə "xxxx" MMC-nin satış və ticari marketinq departamentinin daxili satış şöbəsinə promo-merçendayzer vəzifəsinə işə qəbul edilmiş, "xxxx" MMC-nin 129K saylı, 20.07.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh MMC-nin 147.3/K saylı, 20.07.2020-ci il tarixli əmrinə əsasən satış departamentinin ticari marketinq şöbəsinin Mingəçevir 1 pərakəndə merçendayzer bölməsinə “merçanda”vəzifəsinə işə qəbul edilmiş, Cavabdeh MMC-nin 228.2/K saylı, 23.09.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, həmçinin 72-ci maddəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.(İ.v.7 - 8) İş materiallarında olan, Cavabdeh MMC-nin İddiaçı ünvanlandığı 055 saylı, 24 avqust 2020-ci il tarixli məktubunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı üzürlü səbəb olmadan işə gəlməməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə müdiriyyətin təşəbbüsü ilə xitam verilə biləciyi barədə xəbərdarlıq olunmuşdur.(İ.v.35) İş materiallarında olan, 01-TH saylı, 21.08.2020-ci il tarixli aktının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 21 avqust 2020-ci il tarixdə bütün iş günü işdə olmamışdır.(İ.v.47) İş materiallarında olan, 02-TH saylı, 24.08.2020-ci il tarixli aktının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 24 avqust 2020-ci il tarixdə bütün iş günü işdə olmamışdır.(İ.v.48) İş materiallarında olan, Cavabdeh MMC-nin İddiaçı ünvanlandığı İR-333705 saylı, 03.11.2020-ci il tarixli məktubunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı şirkətə gəlib əmək kitabçasını rəsmən qəbul edilməsi xahiş olunmuşdur.(İ.v.11) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində işdən çıxarılmasının qanunsuz olduğunu bildirsə də, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla xitam verilmiş, əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı işdə tərəf olan Cavabdeh MMCnin İddiaçı ilə arasında olan əmək və hüquq münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənmiş, onlar arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı müqavilədə öz əksini tapmışdır. Göründüyü kimi, İddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq heç bir üzürlü səbəb olmadan bir-neçə gün ərzində işə gəlməmişdir. Bu isə işəgötürən tərəfindən əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi üçün əsaslardan biridir. Bundan başqa, İddiaçı apelyasiya şikayətində məhkəmə cavabdeh tərəfin təqdim etdiyi sübutların doğru, düzgün olmasını təhlil etməli və onlara hüquqi qiymət verməli olduğu halda, bunu etmədiyini və yalnız, cavabdehin təqdim etdiyi sübutları sadalamaqla kifayətləndiyini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-916/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-916/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar