Məhkəmə qərarları › İş №2(103)-6695/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6695/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6695/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-1380/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə, X4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 və Cavabdeh3 ilə “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair xx xxx 2015-ci il tarixli, 07/5470/İBK nömrəli ipoteka müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-1380/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması bardə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi., 73-cü məhəllə 72B nömrəli evi birgə nikah dövründə özü almış və həyat yoldaşının adına rəsmiləşdirmişdir. Qardaşı «xxx»ASC-dən kredit almışdır. Bununla əlaqədar xx.xx.2015-ci il tarixdə «xxxxxxxx» ASC ilə həyat yoldaşı Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmışdır. Onun evin banka ipoteka edilməsindən xəbəri olmamışdır. Ev birgə nikah dövründə alındığından, onun həmin evdə payı olduğundan həm onun, həm də evdə qeydiyyatda olan və orada yaşayan yetkinlik yaşında olan 3 oğlu ev yüklü edilərkən razılıqları alınmalı idi. Qətnamədə qeyd edilir ki, ipoteka müqaviləsi bağlanarkən o, notariat qaydada etirazı olmaması barədə ərizə vermişdir. Halbuki, onun həmin ərizədən xəbəri olmamış və nəyə imza etməyi ona izah edilməmişdir. O, bu günə kimi notariat orqanına yalnız etibarnamə vermək və almaq üçün getmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında digər proses iştirakçıları lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə İddiaçı arasında bağlanmış xx xxx 2015-ci il tarixli 07/5470/İBK nömrəli kredit (kredit xəttinin açılması barədə müqavilə) müqaviləsi və xx xxx 2015-ci il tarixli 07/5470/İBK nömrəli kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 01 nömrəli kredit sazişi əsasında verilmiş kredit məbləğinin hesablanmış faizlərlə qaytarılmasının təminatı kimi çıxış etmiş, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllədə olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 70,84 kv.metr yaşayış, 24,2 kv.metr köməkçi sahədən ibarət 72B nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin bazar dəyəri 90.000 (doxsan min) manat, likvid dəyəri isə 76.500 (yetmiş altı min beş yüz) manat müəyyən edilmişdir. İddiaçı tərəfindən iddia tələblərində göstərilən halların məhkəmə araşdırmasında heç bir sübutla öz həqiqi təsdiqini tapmamışdır. Həmin əqdin bağlandığı tarix (xx xxx 2015-ci il) iddiaçıya bəlli olmuşdur. Lakin buna baxmayaraq hazırki iddia tələbi ilə həmin tarixdən 05 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələbləri baxımından hüquqi nəticə etibarı ilə ipoteka müqaviləsinin etibarsızlığını mübahiləndirilməsi üçün nəzərdə tutulmuş 1 (bir) illik müddəti ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Əvvəla, şikayətin məzmunundan da görünür ki, iddiaçı mübahisə predmeti olan evin ipotekayə qoyulmasına notarial qaydada təsdiq olunmuş yazılı razılığını vermiş, lakin nəyə imza etdiyinin ona izah edilmədiyini bildirir. İddiaçının bu dəlili inandırıcı və ağlabatan hesab edilə bilməz. Çünki, özü şikayətində qeyd edir ki, cavabdeh olan qardaşının aldığı kreditə görə həmin ev ipotekaya qoyulmuşdur. Bu cür vəziyyətdə isə razılığın nəyə görə verildiyini bilməmək mümkünsüzdür. İkincisi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşdən görünür ki, mübahisələndirilən “ipoteka müqaviləsi” xx xxx 2015-ci il tarixdə bağlanmış, həmin müqavilənin etibarsız hesab edilməsinə dair iddia isə xx xxxxxx 2020-ci il tarixdə verilmiş, yəni müqavilə bağlandığı vaxtdan 4 il, 9 ay sonra qaldırılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisələndirmə (kəsici) müddəti Mülki Məcəllənin 354.2-ci maddəsində bir il nəzərdə tutulduğundan, qarşılıqlı iddiaçı isə “ipoteka müqaviləsi” bağlandığı vaxtdan 4 il, 9 ay sonra məhkəməyə müraciət etdiyindən qeyd olunan müddəti ötürmüşdür. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddət kəsici müddət olduğundan həmin müddətin tətbiq edilməsi üçün ərizə verilməsinə zərurət yoxdur. Çünki, bu müddət kəsici müddət olduğundan onun keçməsi avtomatik olaraq iddianın təmin edilməməsi üçün müstəqil əsasdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)- 1380/2020 nömrəli nömrəliqətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar