Məhkəmə qərarları › İş №2(103)-6695/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6695/2025

12.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6695/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X14 ibarət tərkibdə, Məhkəmə iclas katibi X19, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4341/2025 saylı, 15 avqust 2025ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları xx.xx.2025-ci il tarixli, 513 saylı arayışın surətindən görünür ki, X16 13 dekabr 2017-ci ildə Bakı şəhərində ölmüşdür. Ölüm haqqında 23.12.207-ci il tarixli, 25 nömrəli akt qeydi tərtib olunmuşdur. Ölüm səbəbi olaraq orqanizmin ümumi intoksikasiyası qeyd edilmişdir. Vəfat etmiş şəxs iddiaçının anasıdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(046)-56/2048 saylı hökmünün surətindən görünür ki, X26 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1(bir) il müddətində dövlət və yerli özünüidarə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X20 təyin olunan əsas cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02(iki) il sınaq müddəti müəyyən olunaraq şərti hesab olunması, davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək təqsirləndirilən şəxs X17 üzərinə vəzifə kimi qoyulması, sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarətin həyata keçirilməsi Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə 483 (dörd yüz səksən üç) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iş üzrə maddi sübut kimi Göyçay rayon prokurorluğunda saxlanılan hadisə yerindən aşkar edilərək götürülmüş bir ədəd 63 mmlik polietilen borunun məhv edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2014/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 Cavabdehnə qarşı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023 cü il tarixli, e-2(011)-5863/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdehndən 10.000 manat məbləğində vəsait tutularaq iddiaçı X10 ödənilməsi, iddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 52,5 manatı tutularaq iddiaçı X10 ödənilməsi, apellyasiya şikayətinin veriləsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin cavabdehin özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)- 2595/2024 saylı qərarının surətindən görünür ki, iddiaçı X7 Cavabdehnə qarşı iddiası ilə bağlı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2014/2024 nömrəli, 15 aprel 2024cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən vurulmuş mənəvi zərərin ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən onun xeyrinə 99.000 (doxsan doqquz min) manat mənəvi ziyanın, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat xərcin, ümumilikdə 99.125 (doxsan doqquz min yüz iyirmi beş) manat pul məbləğinin və 388 (üç yüz səksən səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X26 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Ağsu X35 İdarəsinin Göyçay Xidmət Sahəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində işləyərək, yerinə yetirdiyi inzibati təsərrüfat funksiyalarına əsasən vəzifəli şəxs olmaqla, Ağsu X35 İdarəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş 03 aprel 2015-ci il tarixli “Ağsu X35 İdarəsinin Təmir bərpa xidmətinin rəisinin vəzifə Təlimatı”nın 1.1-ci bəndinə uyğun olaraq qaz təsərrüfatında texniki-təhlükəsizlik qaydaları, istehsalatın sanitariyası, elektrik təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsinə nəzarət etməli, inzibati rayon ərazisində təbii qaz istehlakçılarına təhlükəsiz və fasiləsiz xidmət göstərməli, təbii qazın istifadəsi zamanı təhlükə yaranacağını aşkar edərsə, bu təhlükənin aradan qaldırılması üçün təcili tədbirlər həyata keçirməli (qaz təchizatının dayandırılması da daxil olmaqla), təbii qazla əlaqədar baş verə biləcək qəzaların, bədbəxt hadisələrin, yanğınların, partlayışların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməli, istismarda olan qaz kəmərlərinin, qaz təchizatı sisteminin, cihazların, bağlayıcı və qaz tənzimləyici qurğuların yerləşməsini, miqdarını, texniki vəziyyətini və təhlükəsiz istismarını təmin etməli, qüvvədə olan “Qaz təsərrufatında təhlükəsizlik qaydaları”nın 1.19-cu bəndinə əsasən qaz təsərrüfatının müəssisə və təşkilatların vəzifəli şəxsi kimi qaydaların pozulması nəticəsində qəza və ya bədbəxt hadisə baş verib-verməməsindən asılı olmayaraq şəxsi məsuliyyət daşıdığı, eyni zamanda özünün tabeliyində olan şəxslərin buraxdıqları səhvlərə görə də məsuliyyət daşıdığı, 12 may 2011-ci tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın 3.1.3, 3.1.6, bəndlərinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı olduğu halda, bunlara əməl etməyərək Göyçay rayonu, Kürd kəndində partlayış baş vermiş fərdi yaşayış evindən 19-20 metr məsafədə təqribən 1 metr dərinlikdən keçən 63 mm-lik polietilen qaz xəttində "xxxx" MMC tərəfindən 14 noyabr 2017-ci il tarixdə aşkar edilmiş 100 VOL səviyyəli qaz sızmasını aradan qaldırmadan işinə vicdansız və laqeyd münasibət göstərməklə həmin yeraltı qaz xəttindəki qaz sızmasını aradan qaldırmayaraq təmir bərpa xidmətinin rəisinin vəzifə Təlimatı”nın 1.1-ci bəndinin, “Qaz təsərrufatında təhlükəsizlik qaydaları”nın 1.19-cu bəndinin və “Qazdan istifadə qaydaları”nın 3.1.3, 3.1.6, bəndlərinin tələblərini pozmuş, göstərilən hərəkətlərinin həmin ünvanda yaşayan şəxslərin ölümünə və ya digər ağır nəticələrə səbəb olacağı ehtimalını görməli olduğu halda, üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyərək onları görməmiş, nəticədə 06 dekabr 2017-ci il tarixdə həmin qaz xəttindən sızan qaz Göyçay rayonunun Kürd kəndində yerləşən X10 məxsus fərdi yaşayış evinin darvazasının önündəki mərkəzləşdirilmiş germetik kanalizasiya quyusuna, oradan da Məhəmməd Zərbaliyevin yaşadığı evin mətbəxinin kanalizasiya borusu vasitəsi ilə evin mətbəxinə yığılmış, partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının alışdırıcı mənbənin təsirindən yanması nəticəsində ehtiyatsızlıqdan X11 almış olduğu yanıq yaraları nəticəsində baş vermiş orqanizmin ümumi yanıq intoksikasiyasından 13 dekabr 2017-ci il tarixdə saat 23:45-də Bakı şəhərində yerləşən Ə.Əliyev adına Az.DHTİ-nin plastik və rekonsturuktiv cərrahiyə klinikasında ölməsinə səbəb olan səhlənkarlıq etmişdir. Hadisə nəticəsində həyatını itirmiş X21 İddiaçı valideyni-anası olmuşdur. Mərhum X4 rayonunun Kürd kəndində fərdi tikili evdə ailəsi- əri X15 və oğlu İddiaçıa ilə birlikdə yaşayırdı. Yeganə Zərbaliyeva 13 dekabr 2017-ci il tarixdə müalicə olunduğu xəstəxanada ölmüşdür. İddiaçı hesab edir ki, hadisə nəticəsində ona 99.000 (doxsan doqquz min) manat mənəvi ziyan dəymişdir. X1 itkisi ailəsi üçün dərin və ağır bir kədər buraxmışdır. X25 İddiaçı anası idi. Yeganə Zərbaliyeva nəinki ailəsinin qayğıkeşi, evinin işığı idi. Zərbaliyeva Yeganə ailənin əsas dayağı olmuş, həm həyat yoldaşı, həm də oğlu üçün əvəzsiz bir insan olmuşdur. Oğlu İddiaçı 1995-ci il təvəllüdlüdür. Gənc yaşda anasını bu cür faciəli şəkildə itirməsi onun psixoloji durumuna, emosional vəziyyətinə dərin təsir göstərmişdir. Bu itki gənc bir insan üçün olduqca ağır olmuş, həyatında dərin iz buraxmışdır. Bu acını sözlə ifadə etmək mümkün deyil. Gənc yaşında o, həyatın ən çətin sınağını yaşadı. Bu faciə bir ailənin taleyini dəyişdi. Yeganə Zərbaliyevanın oğlu anasız qalmaqla bərabər, həm də həyatın ən sərt üzünü gördü. O, yaşının az olmasına baxmayaraq bir günün içərisində ruhən qocaldı. Anasını itirən bir övlad üçün dünya artıq eyni deyil. Hazırda iddiaçı yalnız fiziki deyil, mənəvi baxımdan da ciddi zərər görmüşdür. Bu hadisənin onun həyatında yaratdığı izlər və yaşatdığı iztirabların təsvir olunması belə çətindir. Bu hadisədən sonra iddiaçının gündəlik həyatı kökündən dəyişmişdir. Sadə, sakit bir ailə həyatı yaşayan insanlar bir anda böyük bir faciənin mərkəzinə düşmüşlər. Həyat bir anda yarımçıq qalmış, yaşadıqları ev artıq onun üçün bir isti ocaq deyil, faciəni xatırladan bir yerə çevrilmişdir. Hər gün onun adını çəkmədən keçmir, hər xatirə bir daha bu ağrını xatırladır. Bu faciə təkcə bir can itkisi deyil, eyni zamanda ailənin daxili dincliyinin, təhlükəsizlik hissinin, həyatla bağlı plan və ümidlərinin də bir anda parçalanması olmuşdur. Bu qədər dərin və təsirli bir ziyanın qarşılıqsız qalması, heç bir şəkildə tanınmaması iddiaçı üçün ikinci bir zərbə olardı. İddiaçı iddianın verilməsi üçün vəkilin göstərdiyi hüquqi yardıma görə müqavilə bağlanması üçün 125 (yüz iyirmi beş) manat pul ödəmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4341/2025 saylı, 15 avqust 2025-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilməsi, anası X12 vəfatı ilə əlaqədar İddiaçı dəymiş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat pul məbləği, hüquqi yardıma görə çəkilmiş 125 (yüz iyirmi beş) manat xərc məbləği və iddiaçı tərəfindən ödənilmiş 388 (üç yüz səksən səkkiz) manat dövlət rüsumunun 150 (yüz əlli) manat məbləğinə bərabər hissəsi Cavabdehndən tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə cavabdehin işçisinin iddiaçının ailə üzvünün ölümündə təqsirli olub-olmaması, habelə cavabdehin öz işçisinin hərəkətinə görə məsuliyyət daşıyıb-daşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir. İddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdeh təşkilatın Ağsu X35 İdarəsinin Göyçay Xidmət Sahəsinin Təmir-bərpa xidmətinin rəisi X17 əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onların təqsirli olması, habelə onların əməlləri nəticəsində iddiaçının anasının ölməsi iş materialları ilə öz təsdiqini tapır. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının anasının ölməsində cavabdeh təşkilatın işçilərinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilir. Cinayət qanunu ilə qadağan edilmiş əməllərlə yanaşı mülki hüquq pozuntusu törətmiş X17 hərəkətlərinə görə cavabdeh təşkilatın məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar isə Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. X17 cavabdeh təşkilatın işçisi olması işin mübahisəsiz halıdır. X2 əmək vəzifələrinin icrası zamanı törətməsi qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının ailə üzvü ölmüşdür. Şübhəsiz ki, ailə üzvünün itirilməsi iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin işçisinin təqsirli hərəkətləri ilə iddiaçının ailə üzvünün ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının anasının ölməsini, bu hadisə ilə bağlı mənəvi zərər tələbinə dair iddiaçının atası M.Zərbaliyevin iddiası əsasında sonuncunun xeyrinə 10.000 manat məbləğində pul vəsaitinin tutulmasını da nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 20.000 manat pulun tutulması ağlabatandır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin qətnamə ləğv edilməsi, iddiaçı X5 iddia tələbinin təmin edilməməsinə və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun X3 tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə çıxararılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mərhum X11 faciəvi və qəfil itkisinin itkisi övladı üçün dərin və ağır bir kədər buraxmışdır. X25 İddiaçı anası idi. Bu faciə təkcə bir can itkisi deyil, eyni zamanda ailənin daxili dincliyinin, təhlükəsizlik hissinin, həyatla bağlı plan və ümidlərinin də bir anda parçalanmasını nəzərə almamışdır. Hadisənin, yəni X11 Cavabdeh işçisinin öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi və işinə laqeyd münasibəti səbəbindən həyatını itirməsi iddiaçıda dərin mənəvi sarsıntı və iztirablara səbəb olmuşdur. İddiaçı psixoloji baxımdan ciddi travmaya məruz qalmış, bu hadisə onun gündəlik həyatına və sağlamlıq vəziyyətinə də mənfi təsir göstərmişdir. İddiaçı öz ifadəsində qeyd etdiyi kimi, valideyninin anasının itkisi nəticəsində yaşadığı acı, ruhən onu sarsıtmış, ailədə mənəvi sabitliyi pozmuş və bu faciə hələ də sağalmamış bir yara olaraq qalmaqdadır. Belə ağır və qeyri-adi mənəvi sarsıntıların qiymətləndirilməsində ədalətli yanaşma tələb edir ki, kompensasiya yalnız formal deyil, həm də gerçək hüquqi və mənəvi bərpa xarakteri daşısın. Qeyd edilməlidir ki, Yeganə Zərbalıyevanın itkisi sıradan bir qəza ilə deyil, məhz peşəkar məsuliyyətsizlik, ehtiyatsızlıq və səhlənkarlıq nəticəsində baş vermişdir. Bu baxımdan, iddiaçı tərəfindən tələb edilən 99.000 manat məbləğində mənəvi ziyanın tam şəkildə təmin olunması zəruridir və hüquqi cəhətdən qanuna, ədalətə və mütənasibliyə tam uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin ədalətli kompensasiya ilə bağlı mövcud təcrübəsinə uyğun olaraq, mənəvi ziyanın məbləği hadisənin xarakteri, nəticələrinin ağırlığı və ailə üzvlərinə göstərdiyi təsir nəzərə alınmaqla müəyyən edilir. İddiaçının təqdim etdiyi əsaslandırmalar bu məbləğin şişirdilməmiş, real və ağlabatan olduğunu sübut edir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərər nəticəsində ona dəymiş mənəvi ziyanın məbləği düzgün müəyyən edilməmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən Zərbaliyeva Yeganənin vəfatının iddiaçıda yaratdığı mənəvi sarsıntını düzgün hesablamamışdır. Məhkəmə iş materiallarında açıq görünən səbəbləri Cavabdeh əməkdaşlarının normativ qaydaları pozaraq qaz sızmasını vaxtında aradan qaldırmaması yetərincə nəzərə almayıb. Halbuki məhz bu hərəkətsizlik nəticəsində partlayış baş vermiş və X25 həyatını itirmişdir. Cinayət məhkəməsinin hökmü ilə də təsdiq olunub ki, cavabdehin əməkdaşları səhlənkarlığa görə təqsirli biliniblər. Bu hal birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilməyib. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyətli olan hallar düzgün qiymətləndirilməmiş, hərtərəfli və tam araşdırma aparılmamışdır. Belə ki, məhkəmə iddiaçının şəxsi vəziyyətini və mənəvi iztirablarını araşdırmadan, psixoloji zərərin ölçülməsi və kompensasiya dəyəri barədə faktiki sübutlar toplanmadan qərar çıxarmışdır. Məhkəmə qətnaməsində iddiaçıya dəymiş mənəvi zərərin miqdarı 20.000 (iyirmi min) manat kimi müəyyən edilmişdir. Halbuki iş materialları, cinayət işi üzrə hökm, həmçinin hadisənin faciəvi nəticələri (anadan övladın məhrum olması, ailə həyatının dağılması, mənəvi sarsıntıların dərinliyi) göstərir ki, müəyyən edilən məbləğ həqiqi zərərin xarakterini və miqyasını əks etdirmir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 06 dekabr 2017-ci il tarixində, saat 08:00 radələrində Göyçay rayonunun Kürd kəndində baş vermiş partlayış hadisəsi Cavabdeh İB əməkdaşı tərəfindən qəsdən törədilməmişdir, hadisə ehtiyyatsızlıqdan baş vermişdir. Eyni hal üzrə indiki iş üzrə iddiaçı X5 atası X13 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2014/2024 saylı qətnaməsinə əsasən mənəvi zərərin əvəzi olaraq 10.000 (on min manat) məbləğində vəsaitin cavabdeh “Azəiriqaz” İstehsalat Birliyindən tutularaq verilməsi qət edilmiş və həmən məbləğ iddiaçıya ödənilmişdir. Bu səbəbdən də eyni iş üzrə yeni iddia tələbinin qaldırılması və məbləğin 20.000 manat məbləğində təmin edilməsi ağlabatan deyildir. Belə ki, ehtiyyatsızlıqdan baş vermiş cinayət hadisəsi zamanı vurulan zərər məbləği, qəsdən törədilmiş cinayət hadisələri zamanı vurulan zərər məbləğindən düzgün fərqləndirilməlidir. Cavabdeh İB-nın işçisi X17 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi zamanı, Göyçay Rayon Məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varis kimi tanınmış X15 təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi X15 tərəfindən Göyçay Rayon Məhkəməsinə verilmiş yazılı ərizədən də müəyyən olunmuşdur ki, o, X26 ilə barışmış, onun təqsirləndirilən şəxs X20 qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Hadisə 2017-ci ildə baş vermiş, mənəvi zərərlə bağlı tələb isə 8 il sonra irəli sürülmüşdür. İddia tələbinin hadisədən sonrakı yaxın illərdə deyil, daha sonradan, aradan uzun müddət keçdikdən sonra qaldırılması mənəvi zərərin əvvəlki illərə nisbətdə təsir gücünü zəiflədir. Belə ki, İddiaçı hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırki vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Cavabdeh İB-nın işçisi X17 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi zamanı, Göyçay Rayon Məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varis kimi X15 tanınmış, o da öz növbəsində maddi və mənəvi ziyan tələbinə dair iddia qaldırmış, təmin edilmiş məbləği də artıq almışdır. xx.xx.2017-ci il tarixində saat 08:00 radələrində Göyçay rayonunun Kürd kəndində, iddiaçıya məxsus fərdi yaşayış evində təbii qazdan sızma nəticəsində baş vermiş partlayış hadisəsi Cavabdeh İB-nin işçisi tərəfindən qəsdən törədilməmiş, həmin arzuolunmaz bədbəxt hadisə ehtiyyatsızlıqdan baş vermişdir. Bu səbəbdən, iş üzrə iddia tələbinin 99.000 manat məbləğində qiymətləndirilməsi, məhkəmə tərəfindən isə iddia tələbinin 20.000 manat məbləğində təmin edilməsi ağlabatan deyildir. Məhkəmə, yekun məhkəmə aktı qəbul edərkən öz mövqeyində iddiaçıya məxsus evdə təbii qazdan sızma nəticəsində baş vermiş partlayış hadisəsinin ehtiyyatsızlıqdan törədildiyini nəzərə almamışdır. Belə ki, ehtiyyatsızlıqdan baş vermiş cinayət hadisəsi zamanı vurulan zərərin məbləği, qəsdən törədilmiş cinayət hadisələri zamanı vurulan zərər məbləğindən düzgün fərqləndirilməlidir. Məhkəmə bu halı nəzərə almadan əsaslandırılmamış yekun məhkəmə aktı qəbul etmişdir. xx.xx.2017-ci il tarixində saat 08:00 radələrində Göyçay rayonunun Kürd kəndində iddiaçıya məxsus fərdi yaşayış evində təbii qazdan sızma nəticəsində baş vermiş partlayış hadisəsinin üzərindən 8 il zaman ötüb keçmişdir. Mənəvi zərərlə bağlı iddia tələbi iddiaçı tərəfindən 8 il sonra irəli sürülmüşdür. İddia tələbinin hadisədən sonrakı yaxın illərdə deyil, daha sonradan, yəni ki aradan uzun müddət keçdikdən sonra qaldırılması mənəvi zərərin əvvəlki illərə nisbətdə təsir gücünü zəiflətmişdir. Baş vermiş partlayış hadisəsinin üzərindən 8 il müddətin keçməsi və ötüb keçmiş 8 il zaman ərzində iddiaçı tərəfindən məhkəməyə müraciət edilməməsi, qəti surətdə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırki vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Göyçay Rayon Məhkəməsində baxılmış və mülki iş materiallarına əlavə edilmiş, Cavabdeh İB işçisi X17 Azərbaycan Respublikası CM-nin 314.2- ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qəbul edilmişxx.xx.2018-ci il tarixli 1(046)- 56/2018 nömrəli hökmün 5-ci vərəqəsinin 1-ci abzasının son cümləsindən müəyyən olunur ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X15 təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və maddi tələbi olmamışdır. X7 Göyçay Rayon Məhkəməsinə təqdim etdiyi yazılı ərizəsi, onun X26 ilə barışmış olması, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və maddi tələbinin olmamış olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı iddia ərizəsində anası rəhmətə getdikdən sonra onun yoxluğunu hər gün dərindən hiss etdiyini göstərmişdir. Mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntı və əzabların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyasıdır. Bu kimi hal, heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. İddiaçı tərəf hazırki iş üzrə vəfat etmiş anasının üzərindən pul qazanmağa, həmin pulu da yeni evləndiyi qadına və onunla birgə yaşayacağı həyata xərcləməyi nəzərdə tutmuşdur. Kənardan bu açıq-aşkar hiss olunur. Məhkəmə, iddiaçı tərəfin Cavabdeh İB işçisi ilə barışdıqdan 8 il sonra sırf maddi qazanc əldə etmək məqsədi üçün bu iddia tələbi ilə məhkəməyə müraciət etməsini nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı: Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur... Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Qətnamə qəbul edilərkən qüvvədə olmuş “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41 ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. (Şəxsiyyət hüquqlarinin müdafiəsi haqqinda (Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərarı ilə qüvvədən düşmüşdür) Şəxsiyyət hüquqlarının müdafiəsi haqqinda Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərarının: 7.5. Mənəvi zərərə görə təzminatın həcmi maddi zərər və sair əmlak xarakterli tələblər ilə bağlı təmin edilmiş iddianın miqdarından asılı olmamalıdır. Təzminatın həcmi məhsulun (işin, xidmətin) dəyərinə və ya cərimə cəzasının məbləğinə əsasən müəyyən edilə bilməz, təzminat hər bir konkret hala münasibətdə zərərçəkmişə vurulmuş mənəvi sarsıntı və (və ya) iztirabların xarakterinə və həcminə əsaslanmalıdır. Mənəvi zərərə görə təzminatın ödənilməsi istehlakçıya dəymiş itkilərin və əmlaka dəymiş zərərin ödənilməsindən asılı olmayaraq həyata keçirilir. 7.6. Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək qətnamə Cavabdehndən mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməklə, Cavabdehndən mənəvi zərərə görə tutulmalı olan vəsait 8.000 manat müəyyən edilməlidir. Məhkəmə Kollegiyası ilk olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdeh təşkilatın Ağsu X35 İdarəsinin Göyçay Xidmət Sahəsinin Təmir-bərpa xidmətinin rəisi X17 əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onların təqsirli olması, habelə onların əməlləri nəticəsində iddiaçının anasının ölməsi iş materialları ilə öz təsdiqini tapır. Göründüyü kimi işin halları iddiaçının ən yaxın ailə üzvlərindən biri hesab edilən anasının ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Bu baxımdan Məhkəmə Kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir və qeyd edir ki, baş vermiş hadisədən xeyli müddət ötmüş olsa belə, ən yaxın ailə üzvlərindən biri hesab edilən anasının ölümü ilə bağlı olan ağır ruhi əzabı davam edən xarakter daşımışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi mahiyyəti üzrə əsaslıdır. Cavabdehin müzakirə edilən dəlilləri isə əsassız olmuşdur. Bununla yanaşı Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin məbləğini müəyyən edərkən işin faktiki hallarını nəzərə almamışdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5863/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X8 Cavabdeh İB-nə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiası qismən təmin edilmiş, mənəvi zərərə görə 25.000 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 162 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2014/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmiş, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10.000 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 52,5 manatı tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2595/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2014/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi X18 ölümü ilə bağlı olaraq onun həyat yoldaşı X8 xeyrinə 10.000 manat məbləğində vəsait tutulmuşdur. Bu baxımdan hazırki iş üzrə X18 oğlu hazırki iş üzrə iddiaçının xeyrinə 20.000 öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması nəticə etibarı ilə ağlabatan və ədalətli deyildir. Kollegiya bu qənaətə gələrkən cavabdeh tərəfindən birinci instansiya məhkəməsindəki mövqeyindən fərqli olaraq apellyasiya instansiyası məhkəməsinin iclasında iddianı qismən qəbul edərək tələb olunan məbləğin 5.000 manat həddində təmin edilməsinə etiraz etmədiklərini nəzərə almışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Çünki, təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğu kifayət qədər əsaslandırılmamışdır. Ona görə də qeyd olunan məbləğ azaldılmalıdır. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə, eləcə də hazırkı işin spesifik halları baxımından, bütün diqqətəlayiq məqamları, xüsusən cavabdeh tərəfin kollegiyanın iclasında iddianı qismən, yəni, 5000 manat həddində etiraf etməsini nəzərə alaraq mənəvi zərərin məbləği 8.000 manat məbləğdə müəyyənləşdirilməli olmasını qanuni ağlabatan və ədalətli hesab edir. Kollegiya bu nəticəsini yuxarıda istinad edilən Konstitusiya Məhkəməsinin qərarı ilə formalaşmış məhkəmə təcrübəsi əsasında müəyyən edilmiş hallarla, yəni, kompensasiya təyin edilərkən onun mütənasibliyi, ağlabatan və ədalətli olması ilə əsaslandırır. Bundan başqa hazırkı işdən müəyyən olunur ki, baş vermiş hadisədən artıq 8 ilə yaxın keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Ona görə də iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunması əsasları hazırda mövcud deyildir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mənəvi zərərin məbləği hissəsində dəyişdirilməli və zərərin miqdarı azaldılaraq 8.000 manat müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, Qət etdi

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4341/2025 saylı, 15 avqust 2025-ci il tarixli qətnaməsi qismən, yəni mənəvi zərərin məbləği hissəsində dəyişdirilsin və zərərin miqdarı azaldılaraq 8.000 (səkkiz min) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar