Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-670/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-670/2024 (Açar sözlər: “boşdayanma vaxtı üçün əməyin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “boşdayanma vaxtı üçün əməyin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-3493/2023 saylı qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə 31 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 və İddiaçı2 "xxxx" ASC ilə əmək müqavilələri bağlayaraq əmək münasibətlərinə daxil olmuşlar. 2022-ci il tarixdə onların əmək müqavilələrinə xitam verilmişdir. Hazırda iddiaçılar 2019-cu ildə onlardan asılı olmayan səbəblərdən boşdayanma halları olduğunu, lakin bu dövr üçün əmək haqqı hesablanaraq verilmədiyini bildirirlər. "xxxx" ASC-nin nümayəndəsi isə iddiaçıların hazırki tələblə məhkəməyə müraciət etmələri üçün iddia müddətini ötürdüklərini bildirir və iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasını xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “boşdayanma vaxtı üçün əməyin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin günahı üzündən müəssisədə boşdayanmalar olmasını nəzərə alaraq iddiaçıların hər birinin 2019-cu ildən 2022-ci ilin may ayına kimi əmək müqaviləsi ilə müəyyən edilmiş 310 manat əmək haqqının 2/3 hissəsi həddi olmaqla 7440 manat yəni, İddiaçı1 Allahverdi qızı - 310 manat x 36 ay = 11160 manat: 3 = 3720 manat x 2 = 7440 manat, İddiaçı2- 310 manat x 36 ay = 11160 manat : 3 = 3720 manat x 2 = 7440 manat olmaqla hesablanaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq iddiaçılara ödənilməsi və Mediasiya Şurasına iddiaçıların hər birinin ödədiyi 50 manat pulun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
3. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, onlar 1988-1992-ci ildən "xxxx" zavoduna (hazırda Açıq Səhmdar Cəmiyyəti) işə daxil olmuşlar və hər biri ilə aylıq əmək haqqı 310 manat olmaqla Əmək Müqaviləsi bağlanmışdır. Lakin cavabdeh bağlanmış əmək müqaviləsinin surətini onlara heç vaxt təqdim etməmişdir. Əmək müqaviləsi üzrə mühasibatlığın verdiyi məlumata əsasən iddiaçıların hər birinin əməkhaqqı 310 manat müəyyən edilmişdir. 2019-cu ilə kimi heç bir nöqsan və töhmətləri olmamışdır. Lakin 2019cu ilin may ayında müəssisənin rəhbərliyi “guya müəssisədə istehsalat azaldığından“ işə gəlməmələrini bildirmişdir. Bununla əlaqədar iddiaçılar ailələrində yeganə işləyən şəxs olduqlarını və onlar işləməyəcəyi təqdirdə ailələrinin maddi vəziyətinin çox pis vəziyyətə düşəcəyini bildirmişlər. Lakin buna baxmayaraq müəssisənin rəhbərliyi bildirmişdir ki, müəssisə qısa müddətdə işə düşən kim onları işə çağıracaqlar. İddiaçılar müəssisə rəhbərliyinə qarşı mübahisə yaratmamaq üçün gözləmişlər. O zamana qədər cavabdeh tərəfindən iddiaçıların işə gəlməmələri barədə heç bir sənədləşdirmə aparılmamışdır və bununla əlaqədar ərizə alınmamışdır. Çünki rəhbərlik bildirmişdir ki, tezliklə onları işə çağırtdıracaqdır. Lakin müəssisənin rəhbərliyi iddiaçıları işə çağırmadığı üçün onlar dəfələrlə müəssisədə olmuşlar və işləmək istədiklərini bildirsələr də, cavabdeh “hər dəfə iş yoxdur gedin sonra çağıracağıq” deyərək onları sakitləşdirmiş və vaxt uzatmışlar. O zaman iddiaçılar digər işçilər kimi cəmiyyətin rəhbərliyinin sözünə inanmış və gözləmişlər. Bir neçə müddətdən sonra iddiaçılar cəmiyyətin sədrinə müraciət edərək ailələrini qismən də olsa saxlamaq və qanunla nəzərdə tutulan qaydada müəssisənin günahı üzündən dayanmalar olduğu üçün əmək haqqının 2/3 hissəsinin ödənilməsini xahiş etmişlər. Lakin cəmiyyətin sədri onların şikayət və tələblərinə əhəmiyyət verməmişdir. 2019-cu ildə müəssisədə istehsalatın dayandırıması barədə hər hansı bir əmr olmamış və işçilərin kütləvi sürətdə işə buraxılmamaları barədə AR Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna məlumat verilməmişdir. Hazırda müəssisənin ərazisindəki sex və anbarlar yüksək məbləğə icarəyə verilərək böyük məbləğdə pul vəsaiti əldə olunmasına baxmayaraq, iddiaçılara və müəssisnin digər işçilərinə boşdayanmalarına görə heç bir vəsait ödənilmir. Müəssisənin sexlərini icarəyə götürən şəxs tərəfindən başqa işçilər götürülərək işlədilir və onlara əmək haqqı verilir. Müəssisənin icarəyə verilmiş sahələrində çalışan işçiləri ilə söhbətləri zamanı onlar bildirmişlər ki, icarə müqaviləri rəsmi və qeyri-rəsmi bağlanmış və rəsmi müqavilələrlə ilə ödənilən məbləğlər müəssiənin hesabına köçürülsə də, müqavilədən kənar əldə edilən məbləğlər müəssisə rəhbərliyi tərəfindən mənimsənilir. Bunu vergi idarələri yoxlayıb aydınlaşdıra bilərlər. Müəssisədə istehsalatın dayandırılmasına heç bir zərurət olmamışdır. Çünki müəsisədə iş başqa formada davam etdirilir. İddiaçılar heç bir yerdə işləmir və ailələrini dolandırmaq üçün heç bir başqa təminatları yoxdur. Pensiya almırlar. Qeyd edilənlərə əsasən iddia tələblərinin təmin olunmasını xahiş etmişlər.
4. Cavabdeh tərəf iddiaya etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, müəssisədə mövcud olan kollektiv müqavilənin 4.10-cu bəndinə əsasən, istehsal və satışın olmaması yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışa tələbatın olmamasından işin dayandırılması, eləcə də müəssəsisənin normal fəaliyyət göstərməsinə mane olan, o cümlədən dövlət orqanlarının qəbul etdikləri qərarlar və ya onların nümayəndələrinin hərəkətləri məhkəmə qarşısında mübahisələndirilərkən müəssisənin fəaliyyət göstərməməsi zamanı işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilər. İşçilərin ödənişsiz məzuniyyətə buraxılması qanunvericiliklə müəyyən olunan müddətdən çox olmamaqla bir təqvim ilində bir neçə dəfə ola bilər. Müəssisənin 09 saylı, xx.xx.2019-cu il tarixli əmri ilə işçilər 1 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, 10 saylı, xx.xx.2019-cu il tarixli əmrlə bu müddət daha 3 ay uzadılmış, 11 saylı, xx.xx.2019-cu il tarixli əmrlə bu müddət xx.xx.2019-cu il tarixinə qədər uzadılmış, 13 saylı, xx.xx.2019-cu il tarixli əmrlə ödənişsiz məzuniyyətə buraxılmış işçilər xx.xx.2019-cu il tarixindən geri çağrılmışlar. 01 saylı, xx.xx.2020-ci il tarixli əmrlə işçilər 1 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, 03 saylı, xx.xx.2020-ci il tarixli əmrlə bu müddət xx.xx.2020-ci il tarixinə qədər uzadılmış, 04 saylı, xx.xx.2020-ci il tarixli əmrə ödənişsiz məzuniyyətə buraxılmış işçilər xx.xx.2020-ci il tarixindən geri çağrılmış, 05 saylı, xx.xx.2020-ci il tarixli əmrlə işçilər xx.xx.2020-ci il tarixinə qədər ödənişsiz məzuniyyətə buraxılmışdır. 01 saylı, xx.xx.2021-ci i tarixli əmr ilə məzuniyyətə buraxılmış işçilər xx.xx.2021-ci il tarixindən geri çağrılmış, 02 saylı, xx.xx.2021-ci il tarixli əmrlə işçi heyəti xx.xx.2021-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. 03 saylı, xx.xx.2021-ci il tarixli əmrlə məzuniyyətə buraxılmış işçilər xx.xx.2021-ci il tarixindən geri çağrılmış, 04 saylı, xx.xx.2021-ci il tarixli əmrlə işçi heyəti xx.xx.2021-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, 05 saylı, xx.xx.2021-ci il tarixli əmrlə ödənişsiz məzuniyyətə buraxılmış işçilər xx.xx.2021-ci il tarixindən geri çağrılmış, 07 saylı, xx.xx.2021-ci il tarixli əmrlə işçilər xx.xx.2022-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. İddia tələbi 2019-2022-ci illər üzrə olduğu üçün göründüyü kimi bu aylarda işçilər, o cümlədən iddiaçılar ödənişsiz məzuniyyətdə olduğu üçün həmin müddətə əmək haqqının verilməsi mümkün deyildir. Bundan əlavə, iddia tələbi qanunla məhkəməyə müraciət üçün müəyyən edilmiş 1 illik müddətdən çox olduğu üçün iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Bununla əlaqədar ərizə məhkəməyə təqdim edilmişdir. Bunlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3493/2023 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilməmişdir
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42.1, 45.4, 56.2, 287, 288, 292, 296.1 və 296.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 377.1 və 381.1, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı, həmçinin, onunla əsaslandırılmışdır ki, iddiaçılar uzun müddət həmin müəssisədə işlədikləri üçün həmin müəssisənin özəlləşdirilməsində iştirak etmişlər və özəlləşdirmə çekləri müəssisənin səhmlərinin alınmasına ödənmişdir, müəssisənin səhmdarlarıdırlar. Lakin nədənsə müəssisənin bir səhmdarı böyük məbləğdə gəlir götürür, digər səhmdarı isə öz ailəsini saxlamaq üçün maddi təlabatını ödəyə bilmir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) iddiaçıların nümayəndəsi və vəkili verilmiş apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçılar tərəfindən sözügedən pozuntu ilə bağlı X5 də şikayət olunmuşdur. Sonuncu tərəfindən müvafiq araşdırmalar aparılmış və nəticədə Əmək Məcəlləsinin 125-ci maddəsinin tələblərinin pozulduğu aşkar edilmiş, müəssisə İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən cərimə olunmuşdur. İddia müddətinin ötməsinə münasibətdə isə qeyd etmişdir ki, yaranmış mübahisə ilə əlaqədar işçilər dəfələrlə müəssisəyə müraciət etmişlər. İşçilərin heç birinin əmək haqqı kartı olmamışdır. Onların hər biri cədvələ imza atmaqla əmək haqqlarını almışlar. Əslində, birinci mediasiya təklifi pretenziya ilə birlikdə 2023-cü ilin may ayından da əvvəl göndərilmiş, lakin müəssisə tərəfindən təklifə cavab verilməmişdir.
11. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinə də ödəniş tapşırığını təqdim etmişlər. Həmin ödəniş tapşırığında ixtisarla əlaqədar olaraq son haqq-hesabın müəyyənləşdirildiyi qeyd edilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə əsasən pulla əlaqədar iddia tələblərində işçi hüquqlarının pozulduğunu bildiyi gündən 1 il ərzində məhkəməyə müraciət etməlidir. Hesab edirlər ki, əməkhaqqı ilə əlaqədar mübahisələr olduğu təqdirdə, məsələn, işçi ona əmək haqqı ödənilmədiyi halda artıq hüququnun pozulduğunu bilir. Yəni əmək müqavilələrində əməkhaqqının ödənilməli olduğu vaxt müəyyənləşdirilmişdir. Əgər əmək müqaviləsində nəzərdə tutulan müddətdə əmək haqqı ödənilmirsə, artıq işçi hüququnun pozulduğunu bilir və ya bilməlidir. İddiaçıların əmək müqavilələrində əmək haqqının hər ayın 1-dən 10-a qədər ödənilməsi nəzərdə tutulmuşdur. Bu da o deməkdir ki, 1 illik iddia müddəti ötürülmüşdür. İşçilərin xx.xx.2022-ci il tarixində əmək müqavilələrinə xitam verilmişdir. Hazırki iş üzrə iddia tələbi işdən çıxarılma barədə əmrin ləğvi, əmək kitabçasıın təqdim edilməsi və s. kimi tələblər olsa idi, o halda artıq əmrin tərəflərə təqdim edilib-edilməməsi və ya hansı müddət ərzində təqdim edilməsi kimi məsələlərin aydınlaşdırılmasına ehtiyac olardı. Hazırda isə iddianın əsasını pul tələbi təşkil edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanununda göstərilmişdir ki, əgər mediasiya təklifi göndərildiyi vaxtdan sonra 10 gün ərzində cavab gəlmirsə, bu zaman müvafiq mediasiya təşkilatına müraciət edilməlidir Mediasiyanın nəticələrinə dair arayışın alınması ilə mediasiya prosesi başa çatır. Həmin vaxtdan etibarən də iddia müddətinin axımı davam edir. Qarşı tərəf 2023-cü ilin may ayında mediasiyaya müraciət etmiş, bu zaman iddia müddətinin axımı dayanmışdır. 02 iyun tarixində nəzərdə tutulmuş 10 günlük müddət başa çatmışdır. İlkin mediasiya sessiyası üçün ərizə mediasiya təşkilatına 01 avqust tarixində, yəni 2 aydan sonra verilmişdir. Hesab edir ki, bu müddət iddia müddətinə aid edilməlidir. 11 avqust tarixində müvafiq arayış verilmişdir və bu müddət iddia müddətinə daxil deyildir, lakin tərəf 18 avqust tarixində məhkəməyə müraciət etmişdir. Arada olan 7 günlük müddət də iddia müddətinə aid edilməlidir. N. Hümbətova isə 21 iyul tarixində mediasiya təşkilatına təklif göndərmiş və iddia müddətini ötürmüşdür. Bununla da hər iki iddiaçı iddia müddətini ötürərək məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
12. Maddə 31.3. Kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər, o cümlədən bu Məcəllədə nəzərdə tutulduğundan daha güzəştli əmək və sosial-iqtisadi şərtlər də (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyə xərclərinin ödənilməsi, pulsuz və ya güzəştli qiymətlərlə yemək verilməsi və digər güzəşt və əvəzlər) nəzərdə tutula bilər. 13 Maddə 138.1. Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.
14. Maddə 138.2. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.
15. Maddə 146.1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
16. Maddə 146.2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.
17. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
18. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan redaksiyası)
19. Maddə 3.2. Kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
20. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
21. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
22. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
23. Maddə 21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir.
24. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
25. Maddə 32.1 və 32.4.2. Mediasiya prosesinə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış tərəflərə təqdim edildiyi gündən xitam verilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
30. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
33. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
35. Birinci instansiya məhkəməsi iddiaçının məhkəməyə müraciət etməsi ilə bağlı iddia müddətini ötürdüyünü qeyd etsə də, qanunvericiliyə əsasən məhz hansı növ iddia müddətinin ötürüldüyü ilə bağlı düzgün qənaətə gəlməmiş və mübahisəyə tətbiq edilməli olan maddi hüququ normasını düzgün seçməmişdir.
36. Buna görə də ilk növbədə məhkəmə tərəfindən işə hansı maddi hüquq normasının tətbiq edilməli olması müəyyənləşdirilməli, daha sonra isə həmin normanın tələblərinə görə iddianın əsaslı olub-olmaması məsələsi yoxlanılmalıdır.
37. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən Əmək Məcəlləsinin 296.2-ci maddəsini əsas götürərək qeyd etmişdir ki, boşdayanma hallarına görə əmək haqqının hesablanıb ödənilməsi barədə hüquqlarının pozulduğunu bilən iddiaçılar bu pozuntunu bildikləri və ya bilməli olduqları vaxtdan 1 ay müddətində məhkəməyə müraciət etməli idilər. İş materiallarındakı sənədlərdən isə görünür ki, iddiaçılar qeyd edilən 1 aylıq iddia müddətini ötürmüşlər və iddia tələbi də məhz bu əsasla rədd edilməlidir.
38. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçıların hazırki iddia tələbləri hansısa ümumi ünsürlü fərdi əmək mübahisəsindən deyil, boşdayanmaya görə cavabdehin ödəməli olduğunu iddia etdikləri pul tələbindən irəli gəlir. Əmək Məcəlləsində də pul və digər əmlak tələbləri ilə bağlı iddia müddətlərinə dair ayrıca xüsusi norma öz əksini tapmışdır ki, bu da həmin məcəllənin 296.4-cü maddəsi ilə ehtiva olunmuşdur. Həmin maddəyə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
39. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərkən hazırki mübahisənin xarakteri və təbiətini nəzərə almamış, pulun ödənilməsi ilə əlaqədar olan iddia tələbini bütün digər fərdi əmək mübahisələrindən fərqləndirməyərək 1 aylıq iddia müddətinin tətbiq edilməli olduğunu bildirmiş və bununla da yanlış qənaətə gəlmişdir.
40. Mübahisəyə tətbiq olunmalı maddi hüquq normasının müəyyənləşdirildikdən sonra kollegiya hazırda iddianın həmin normaya münasibətdə əsaslı olub-olmaması barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
41. Qeyd olunduğu kimi Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisəsinin həlli üçün işçi öz hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu zaman məhkəmə tərəfindən göstərilən məqamlar aydınlaşdırılmalıdır: 1) Hazırki iş üzrə iddiaçılar ayrı-ayrılıqda hüquqların pozulduğunu nə zaman aşkar etmişlər? 2) Həmin andan etibarən 1 ildən az müddət ərzində məhkəməyə müraciət etmişlərmi? 3) Həmin müddətin axımını dayandıran hallar mövcud olmuşdurmu?
42. Hazırki iş üzrə məhkəmə qətnaməsi iddiaçıların hər ikisi tərəfindən mübahisələndirildiyindən kollegiya qeyd edilən məsələlərlə bağlı hər iddiaçıya münasibətdə ayrı-ayrı araşdırılma aparılmasını zəruri hesab edir.
43. İş materiallarına əsasən İddiaçı1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 72 nömrəli əmək müqaviləsinin surətindən və məzmunundan görünür ki, işçi əsas spirt istehsalı və şərab emalı, operator vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, cavabdehin günahı üzündən 2019-cu ilin may ayında 2022-ci ilin may ayınadək müəssisədə boşdayanmalar olmuş, dəfələrlə işəgötürənə boşdayanmanın müqabilində ödəniş edilməsi ilə bağlı müraciət etsə də, nəticə ala bilməmişdir.
44. İş materiallarına əsasən İddiaçı2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 99 nömrəli əmək müqaviləsinin surətindən və məzmunundan görünür ki, işçi şuşə qablar və karton qutuları sexində boş şüşə qabların yuyucusu vəzifəsinə işə qəbul edilmişdir. O da öz iddia ərizəsində bildirmişdir ki, cavabdehin günahı üzündən 2019-cu ilin may ayında 2022-ci ilin may ayınadək müəssisədə boşdayanmalar olmuş, dəfələrlə işəgötürənə boşdayanmanın müqabilində ödəniş edilməsi ilə bağlı müraciət etsə də, nəticə ala bilməmişdir.
44. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə ilk növbədə iddiaçıların hüquqlarının pozulduğunu nə zaman aşkar etmələrini müəyyənləşdirməlidir. Belə ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçıların tələbi işəgötürənin təqsiri ucbatından boşdayanmaya buraxılmaları səbəbindən onlara ödənilməli olan pulla bağlı olduğuna görə hüquqlarının pozulduğunu aşkar etdikləri gün kimi ilk növbədə yuxarıda qeyd olunan normanın sonuncu cümləsinə əsasən işəgötürən tərəfindən boşdayanmaya buraxılma və ödənişsiz məzuniyyətlərin verilməsinə dair əmrlərin rəsmiləşdirilməsi ilə bağlı normaların pozulduğu gündən hesablanmalıdır.
45. Belə ki, Əmək Məcəlləsinin 138.1-ci maddəsinə əsasən bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Hazırki iş üzrə cavabdeh tərəfindən işçilərin, o cümlədən iddiaçıların boşdayanmaya görə ödənişsiz məzuniyyətə buraxılmaları barədə əmrlərin rəsmiləşdirildiyi bildirilsə də, bu barədə, o cümlədən iddiaçıların həmin əmrlərlə tanışlığını göstərən hansısa sübut məhkəməyə təqdim olunmamışdır. Bu halda məhkəmə işəgötürən tərəfindən qanunla müəyyən olunan sənədləşdirilmə tələblərini pozduğu qənaətinə gəlir və dolayısı ilə iddiaçıların hüquqlarının pozulduğunu aşkar etdikləri günü məhz işəgötürən tərəfindən işçiləri boşdayanmaya buraxdığı və bunu rəsmiləşdirmədiyi andan, yəni işin hallarına əsasən 2019-cu ilin may ayından hesablanmalı olduğu qənaətinə gəlir. İddiaçılar da öz iddia ərizələrində bu pozuntudan qeyd edilən tarixdən xəbər tutduqlarını qeyd etmişlər.
46. Bu halda məhkəmə tərəfindən müəyyən olunur ki, 2019-cu ilin may ayından iddiaçıların öz pozulmuş hüquqlarının müdafiəsi üçün qanunla müəyyən olunan 1 illik iddia müddətlərinin axımı başlamışdır. Lakin iddiaçılar məhkəməyə iddia ərizəsi ilə yalnız 2023-cü ilin avqust ayında, yəni həmin tarixdən 4 ildən də çox müddət keçdikdən sonra müraciət etmişlər və bununla da 1 illik iddia müddətlərini ötürmüşlər.
47. Kollegiya işin bütün hallarına aydınlıq gətirmək məqsədilə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsə də, həqiqətən, işçilərin ödənişsiz məzuniyyətə buraxılmaları ilə bağlı əmrlərin rəsmiləşdirilməsi ehtimalını da göz önündə saxlayaraq Əmək Məcəlləsinin qeyd olunan 296.3-cü maddəsində pozuntunun aşkar edilməsi anı ilə bağlı digər bir müddəanın – haqq hesab sənədlərinin tərtib olunma tarixinin işin hallarına münasibətdə təhlil olunmasını məqbul hesab edir.
48. Belə ki, iş materiallarındakı xx.xx.2022-ci il tarixli, 31 nömrəli əmrin surətindən aydın olur ki, “sex” bölməsində “maya hazırlayan operator” vəzifəsində işləyən İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə, AR ƏM-nin 70-ci maddəsinin “b” – işçilərin sayı və ştatları ixtisar edildikdə, bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi, işçinin xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək istifadə edilməmiş 16 məzuniyyət gününün son haqqı-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi barədə göstəriş verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, "xxxx" ASC-işəgötürən və İddiaçı1 arasında bağlanmış əmək müqaviləsinə, AR ƏM-nin 70-ci maddəsinin “b” – işçilərin sayı və ştatları ixtisar edildikdə, bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, “İxtisarla əlaqədar son haqq hesab” təyinatı ilə 742,60 manat pul İddiaçı1 bank hesabına köçürülmüşdür.
49. İş materiallarındakı xx.xx.2022-ci il tarixli 25 nömrəli əmrin surətindən aydın olur ki, “süşə qablar və material anbarı” bölməsində “boş şüşə qabların yuyucusu” vəzifəsində işləyən İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə, AR ƏM-nin 70-ci maddəsinin “b” – işçilərin sayı və ştatları ixtisar edildikdə, bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi, işçinin xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək istifadə edilməmiş 4 məzuniyyət gününün son haqqı hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi barədə göstəriş verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, "xxxx" ASC-işəgötürən və İddiaçı2 arasında bağlanmış əmək müqaviləsinə, AR ƏM-nin 70-ci maddəsinin “b” – işçilərin sayı və ştatları ixtisar edildikdə, bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, “İxtisarla əlaqədar son haqq hesab” təyinatı ilə 651,45 manat pul İddiaçı2 bank hesabına köçürülmüşdür.
50. Göründüyü kimi iddiaçılardan İddiaçı1 xx.xx.2022-ci il tarixdən, İddiaçı2 isə xx.xx.2022-ci il tarixdən onlara son haqq-hesab kimi hesablanmış pulun məbləğindən xəbərdar olmuşlar. Bu da o deməkdir ki, iddiaçılar onlara boşdayanmaya görə kompensasiyaların ödənilməməsi barədə (bu cür iddia edirlər) artıq müvafiq olaraq həmin tarixlərdən etibarən məlumatlı olmuşlar və hüquqlarının pozulduğunu aşkar etdikləri gün müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixinə təsadüf edir.
51. Bu halda iddiaçıların məhkəməyə müraciət etməklə bağlı qeyd olunan tarixlərdən etibarən qanunla 1 il müddətində zamanları olmuşdur.
52. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan redaksiyası) 3.2-ci maddəsinə əsasən kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
53. Həmin qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
54. Həmin qanunun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
55. Qanunvericiliyin tələblərindən də göründüyü kimi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin mediasiya sessiyasında iştirakları şərtdir. Buna görə də hazırki iş üzrə iddiaçılar ilk öncə mediasiyaya müraciət etməli olmuşlar.
56. İş materiallarındakı Mediasiya prosesinin tətbiqi barədə təklifdən və həmin təklifin göndərilməsinə dair poçt qəbzindən görünür ki, İddiaçı1 tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilməsi üçün xx.xx.2023-cü il tarixində rabitə orqanına təqdim edilmişdir və cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qəbzə imza çəkilməklə qəbul edilmişdir.
57. Göründüyü kimi İddiaçı1 hüququnun pozulduğunu xx.xx.2022-ci il tarixdə bilməsinə və bunun müdafiəsi ilə bağlı 1 illik iddia müddətinin olmasına baxmayaraq mediasiya təklifini yalnız xx.xx.2023-cü il tarixdə göndərmiş, artıq iddia müddətini hələ mediasiya prosesinin ilk mərhələsindəcə ötürmüşdür. Artıq bundan sonra mediasiya prosesinin başladılması üçün mediatora nə zaman müraciət etməsinin, mediasiya sessiyasının nəticələri barədə arayışı nə zaman almasının və məhkəməyə nə zaman müraciət edilməsinin müəyyənləşdirilməsinin iddianın həllinin ona münasibətdə nəticəsinə hər hansı dəyişikliyi olmayacaqdır və elə bu qeyd edilənlər onun iddiasının müddətin ötürülməsi və eyni zamanda cavabdeh tərəfindən də bu barədə ərizənin məhkəməyə təqdim edilməsi səbəbindən rədd olunmasına əsas verir.
58. Digər iddiaçı X2 münasibətdə isə iş materiallarından görünür ki, sonuncu tərəfinfən Mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə tərtib olunsa da, cavabdehə göndərilməsi üçün rabitə orqanına xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, cavabdeh tərəfindən isə sözügedən təklif xx.xx.2023-cü il tarixdə qəbzə imza çəkilməklə qəbul edilmişdir. Bu halda iddiaçı hətta hüququnun pozulduğunu xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə aşkar etdiyindən və iddia müddətinin axımı başlandığından, o cümlədən təklifin göndərilməsi ilə axım dayandığından hələ onun tərəfindən iddia müddəti ötürülməmişdir. Buna görə də məhkəmə işin digər hallarının aydınlaşdırılmasını zəruri hesab edir.
59. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan redaksiyası) 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir.
60. İş materiallarından görünür ki, X4 öz mediasiya təklifində prosesin 4 saylı Mediasiya Təşkilatında keçirilməsini təklif etdiyini qeyd etmişdir. Lakin qanunvericiliyin tələblərinə əsasən təklifin cavabdeh tərəfindən alınmasından (xx.xx.2023-cü il) etibarən 10 gün ərzində hər hansı cavab verilməsinə baxmayaraq qeyd edilən mediasiya təşkilatına müraciət etməmiş, prosedurların davam etdirilməsi ilə bağlı hər hansı addım atmamışdır. Yalnız 2 aydan da çox müddətdən sonra, daha dəqiq desək, xx.xx.2023-cü il tarixdə bu dəfə 8 saylı Mediasiya təşkilatına ərizə ilə müraciət etmiş və sonuncu ilə mediasiyanın keçirilməsi məqsədilə müqavilə bağlamışdır. Bu da o deməkdir ki, iddiaçının iddia müddətinin axımı xx.xx.2023-cü il tarixdə yenidən başlanmış və yalnız xx.xx.2023-cü il tarixdə “Mediasiya haqqında” Qanunun 21.5-ci maddəsinə əsasən bu dəfə “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı anda dayanmışdır. Halbuki iddiaçı öz hüququnun pozulduğunu xx.xx.2022-ci il tarixdən bilmişdir və göndərilən təklifə cavab verilməsi ilə əlaqədar gözlədiyi 10 günlük müddətin axıma aid olmamasını da nəzərə alaraq ən geci xx.xx.2023-cü il tarixinədək artıq mediasiyanın keçirilməsi ilə bağlı mediasiya təşkilatına və ya mediatora müraciət etməli idi. İddiaçı isə yalnız xx.xx.2023-cü il tarixdə qeyd edilən müraciəti etmiş, xx.xx.2023cü il tarixdə mediasiya prosesinin nəticəsinə dair arayış almış və hələ bundan sonra da 7 gün keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
61. İşin qeyd olunan halları onu deməyə əsas verir ki, digər İddiaçı2 da məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür və eyni zamanda cavabdeh tərəfindən də bu barədə ərizənin məhkəməyə təqdim edilməsi iddianın rədd olunması üçün əsas təşkil edir.
62. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəyə tətbiq olunmalı maddi hüquq normasını düzgün seçməyərək yuxarıda qeyd olunan məsələlərin heç birini araşdırmamış, işin bütün hallarına aydınlıq gətirməmiş və hərtərəfli baxışını təmin etməmişdir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
64. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
65. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
66. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
67. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3493/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova