Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6706/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Firuz Bayramov adına 22 saylı tam orta məktəbə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(008)-3690/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənəvi ziyanın əvəzi olaraq Bakı şəhəri Sabunçu rayonu Firuz Bayramov adına 22 saylı tam orta məktəbdən 100000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ildən fiziki tərbiyə müəllimi işlədiyi Bakı şəhəri Sabunçu rayonu Firuz Bayramov adına 22 saylı tam orta məktəbin keçmiş direktor əvəzi Cavad Səfərovun qərəzli mövqeyi nəticəsində 07.09.2015-ci il tarixli əmrlə işdən azad olunaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli 2(008)-193/16 saylı qətnaməsi ilə işdən çıxarılması barədə əmr ləğv edilərək tutduğu vəzifəyə bərpa olunmuş, həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində 3 il məhkəmələrdə əzab çəkmiş, mənəvi iztirablar və sarsıntılar keçirmiş, bunun nəticəsində 2017-ci ildə şəkərli diabet xəstəliyində ağırlaşmalar və ciddi fəsadlar nəticəsində sağlamlığını itirmiş, ona 2-ci qrup əlillik təyin olunmuşdur. Bununla yanaşı, bu müddət ərzində əmək haqqı almamağı səbəbindən aliment borcları və müxtəlif banklara kredit borcları yaranmışdır. Kredit borclarını vaxtında ödəyə bilmədiyindən külli miqdarda faiz borcları yaranmışdır ki, bunun da nəticəsində banklarda borcunu ödəyə bilməyən müştərilərin qara siyahısına daxil edilmişdir. Hətta aliment borcunu ödəyə bilmədiyi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 5 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan əlavə, o, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından çıxarılmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun qohumlar və işlədiyi kollektiv qarşısındakı nüfuzuna xələl gəlmiş, sosial, maddi və ictimai rifahı ləkələnmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Firuz Bayramov adına 22 saylı tam orta məktəbin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz vermiş və etirazını belə əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlər onun mənəvi əzab çəkməsini sübut etmir. İddiaçının şəkər xəstəliyinin kəskinləşməsi cavabdehin təqsiri üzündən baş verməmişdir. Bundan əlavə, iddiaçı işsiz qaldığına görə cavabdeh təşkilatın təqsiri üzündən banka olan borclarını və aliment borclarını ödəyə bilməməsi barədə dəlilləri əsassızdır. Belə ki, iddiaçının bank qarşısında kredit öhdəliklərinin cavabdeh məktəbə heç bir aidiyyatı yoxdur. Aliment borclarının yaranmasına gəldikdə isə, iddiaçı işsiz olsa belə, aliment ödəmək onun borcudur. Ən nəhayət, iddiaçı məhkəmə yolu ilə işə bərpa olunduqdan sonra ona işburaxmaya görə pul ödənilmişdir. Yəni iddiaçı öz öhdəliklərini həmin vəsait hesabına icra edə bilərdi. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 oktyabr 2020-cu il tarixli 2(008)- 3690/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə müəyyən edilmiş bütün faktiki halların aydınlaşdırılmaması ilə əsaslandırılmışdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını və iddia tələbinin ağlabatan məbləğdə təmin olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri Sabunçu rayonu Firuz Bayramov adına 22 saylı tam orta məktəb və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi öz nümayəndəsini məhkəmə iclasına göndərmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(008)-3690/2020 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrini nəzərdə tutan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin qeyd hissəsində “dəymiş zərərin məbləği” dedikdə mənəvi ziyanın əvəzinin ödənilməsi də nəzərdə tutulur. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Firuz Bayramov adına 22 saylı tam orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işdən azad edilməsi barədə həmin məktəbin direktoru tərəfindən verilmiş 7 sentyabr 2015-ci il tarixli 111 saylı əmrin ləğv edilməsini və işə bərpa olunmasını xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli 2(008)- 193/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək həmin əmrin ləğv edilib İddiaçı işə bərpa olunması və ona 28 avqust 2015-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı verilməsi qət olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 6 iyul 2018-ci il tarixli 2(102)-5089/18 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. (i.v.8-27) İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 17 dekabr 2015-ci il tarixli 3(011)-1157/2015 saylı qərarından görünür ki, İddiaçı 3708 manat məbləğində aliment borcunu ödəmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinib 5 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. (i.v.50) İş materiallarında olan Azərbaycan Respublikası X3nin İddiaçı ünvanlanmış 28.02.2018-ci il tarixli məktubundan görünür ki, nəzarətçi kimi fəaliyyət göstərmək istəyən müəllimlərin “Nəzarətçilərin elektron qeydiyyat sistemi”ndə qeydiyyatı müəssisə rəhbərinin zəmanəti əsasında işlədikləri təhsil müəssisəsi tərəfindən aparılır. (i.v.51) İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, 27.01.2017-ci il tarixdə İddiaçı “şəkərli diabet İİ tip. İnsulin tələbli. Ağır forma. Diabetik polineyropatiya. Periferik angiopatiya. Hipertoniya xəstəliyi İİ mərhələ” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. (i.v.49) Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Sabunçu rayonu Firuz Bayramov adına 22 saylı tam orta məktəbin direktoru tərəfindən verilmiş qanunsuz əmr nəticəsində İddiaçı üç ilə yaxın müddət ərzində işsiz qalması, 2008-ci ildən bəri işlədiyi iş yerindən və kollektivdən uzaqlaşması onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmaqla onun mənəvi sarsıntı keçirməsinin normal insan psixologiyası baxımından sübuta ehtiyacı yoxdur. İddiaçı təqdim etdiyi digər sübutlar, yəni şəkərli diabet xəstəliyinə görə 2-ci dərəcəli əlillik qazanması, kredit borcunu və aliment borcunu ödəyə bilməməsi və X3 tərəfindən təşkil olunan imtahanlara nəzarətçi kimi cəlb olunmaması barədə sənədlər cavabdehin təqsiri üzündən iddiaçının mənəvi zərərə məruz qalmasını təsdiq edən sübut kimi qəbul oluna bilməz. Belə ki, iddiaçının şəkərli diabet xəstəliyinə görə ikinci dərəcəli əlillik qazanmasının cavabdeh təşkilatın təqsirli hərəkətləri nəticəsində baş verməsini iddiaçı sübut edə bilməmişdir. Bank qarşısında kredit borcunun yaranmasının cavabdehin təqsirli hərəkətləri ilə səbəbli əlaqəsi də iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Aliment borcuna görə iddiaçının məhkəmə tərəfindən 5 gün müddətinə inzibati qaydada həbs olunması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı işləyib-işləməyindən asılı olmayaraq azyaşlı uşaqlarına məhkəmə tərəfindən təyin olunmuş alimenti ödəmək vəzifəsi daşıyır. Bundan əlavə, inzibati xəta haqqında iş üzrə 17 dekabr 2015-ci il tarixli qərardan görünür ki, İddiaçı 3708 manat məbləğində aliment borcu yaranmışdır ki, həmin borcların da əksəriyyəti İddiaçı işdən azad olunduğu 28 avqust 2015-ci il tarixdən əvvəlki dövrə aiddir. M.X2 Mərkəzi tərəfindən təşkil olunan imtahanlara nəzarətçi kimi cəlb olunmaması ilə bağlı kollegiya qeyd edir ki, bu məsələ müəssisə rəhbərinin zəmanəti əsasında həyata keçirilməklə iddiaçıya mənəvi zərər vurulmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı cavabdeh 22 saylı orta məktəbin direktorunun qanunsuz əmri nəticəsində 3 il müddətində işdən uzaqlaşdırılması onun mənəvi zərərə məruz qalması barədə nəticəyə gəlməyə əsas verir. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini, habelə məhkəmə tərəfindən onun işə bərpa olunmasının özü-özlüyündə iddiaçıya dəymiş mənəvi zərərin bir hissəsinin kompensasiyası kimi hesab oluna biləcəyini nəzərə alaraq, ona mənəvi zərərin pul şəklində kompensasiyası kimi 500 manat məbləğində pul ödənilməsi ədalətli və ağlabatandır. İddiaçı tərəfindən tələb olunan 100000 manat məbləğində kompensasiya ilə bağlı kollegiya hesab edir ki, hazırkı iş üzrə həmin məbləğdə kompensasiya ağlabatan hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə qətnamənin Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri Sabunçu rayonu Firuz Bayramov adına 22 saylı tam orta məktəb tərəfindən mübahisələndirilə bilən hissəsi 500 manat olmaqla 2000 manatdan az olduğundan, cavabdeh və üçüncü şəxs tərəfindən qətnamədən kassasiya şikayəti verə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(008)- 3690/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Mənəvi zərərin əvəzi kimi Bakı şəhəri Sabunçu rayonu Firuz Bayramov adına 22 saylı tam orta məktəbdən 500 manat pul tutularaq Azərbaycan Respublikası Təhsil Nazirliyi vasitəsilə İddiaçı ödənilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun 15 manat hissəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun 7 manat 50 qəpik hissəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi vasitəsilə cavabdehdən tutulub iddiaçıya ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri Sabunçu rayonu Firuz Bayramov adına 22 saylı tam orta məktəb tərəfindən kassasiya şikayəti verə bilməz. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6706/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6706/2021
27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver