Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6711/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayıl qızının katibliyi ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs 43 saylı Notariat Kontorunun xüsusi notariusu X3 cəlb edilməklə Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)-2088/2020 saylı qətnaməsi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs 43 saylı Notariat Kontorunun xüsusi notariusu X3 cəlb edilməklə Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində 43 saylı Notariat Kontorunun xüsusi notariusu X3 cəlb edilməklə Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında xx xxxx 2017-ci il tarixdə Nəsimi rayon 43 saylı Notariat Kontorunda bağlanılmış reyestrə 3M-257 nömrə ilə qeyd olunmuş «borcun etirafı» müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə iddiaçı arasında xx xxxx 2017- ci il tarixdə Nəsimi rayon 43 saylı Notariat Kontorunda reyestrdə 3M-257 nömrə ilə qeyd olunmuş «borcun etirafı» müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin rəsmiləşdirilməsində əsas cavabdehin həyat yoldaşı Ədalət adlı şəxsin özünə məxsus 90- KK-857 dövlət nömrə nişanlı, 07 markalı minik avtomobilini iddiaçının həyat yoldaşı Fizuliyə satarkən bankda avtomaşına aid olan qalıq borc 7700 manat pulun ödənilməməsindən ehtiyat etməsi olub. İddiaçı cavabdehi bircə dəfə notariat kontorunda görmüşdür, əvvəllər də münasibəti olmamışdır. Maşınla bağlı etibarnamə eyni vaxtda eyni notariat kontorunda verilmişdir. Müqavilənin iddiaçının adına rəsmiləşdirilməsində məqsəd isə iddiaçının beynəlxalq bankın əməkdaşı olmağı olub. Az bir müddətdən sonra iddiaçıya verilən avtomaşın onun yoldaşının dostu Teymur adlı şəxsə satarkən onlar eyni məzmunda müqaviləni həmin şəxslə bağladılar. Ha- hazırda avtomaşın başqa bir şəxsdədir, iddiaçıya məlum olanlara görə maşının kreditinin ödənilməsində heç bir problem yaratmır. İddiaçı ilə müqaviləni bağlayarkən cavabdeh məhz vicdansızlıq nümunəsi göstərərək iddiaçının etimadından sui-istifadə etmişdir. Buna görə də bu əsasla da müqavilə etibarsız hesab olunmalıdır. Həmçinin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Aldatma yolu ilə bağlanmış əqd etibarsızdır. Qeyd olunanları nəzərə alıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs 43 saylı Notariat Kontorunun xüsusi notariusu X3 və Cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “Borcun etirafı” müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2016-cı il tarixdə 7700 (yeddi min yeddi yüz) manat borc pul aldığını eiraf edir. O, həmin pulları xx.xx.2018ci il tarixədək Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(104)- 2834/2019 saylı qərardadından görünür ki, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı və 43 saylı Notariat Kontoruna qarşı müqavilənin ləğv edilməsi və borcun qaytarılması tələbinə dair iş üzrə mülki işin icraatı Nəsimi Rayon Məkhəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair işə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında xx xxxx 2017-ci il tarixdə “Borcun etirafı” müqaviləsi bağlanmışdır. İddiaçı iddia edir ki, o, həmin müqaviləni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlamışdır, cavabdeh isə müqavilə bağlanarkən vicdanlı davranmamış, iddiaçının etimadından sui-istifadə etmişdir, odur ki, bu müqavilə etibarsız sayılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X6 ifadə verərək göstərdi ki, iddiaçını yaxından tanımır. X4 almışdır. Hazırda maşın ondadır. Ödənişləri davam etdirir. Lakin hazırki iş üzrə cavabdeh etibarnamənin müddətini uzatmayacağını bildirir. Digər tərəfdən isə X2 Mənsurəyə qarşı pul tələbinə dair iddia qaldırmışdır. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi iddiaçı tərəfindən xx xxxx 2017-ci il tarixli əqdi mübahisələndirmək üçün müddət ötürüldüyündən iddianı təmin etməmişdir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər İşin hallarından görünür ki, iddiaçı müqavilənin həm öz etimadından sui-istifadə edilməklə, həm də vacib əhəmiyyətli yanılmanın təsiri altında əqd bağladığını bildirir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2020-ci il tarixli Plenum Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən,həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göründüyü kimi, İddiaçı xx xxxx 2017-ci il tarixdə müqavilə bağlamasına baxmayaraq, həmin müqaviləni xx xxx 2019-cu il tarixdə mübahisələndirmişdir. Əgər iddiaçının dediyi kimi müqavilə onun etibarından sui-istifadə edilməklə bağlanmışdısa, işin hallarına əsasən iddiaçı bunu müqavilə bağlandığı anda bilməli idi. Bu baxımdan o, müqaviləni Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bir il ərzində əqdi mübahisiləndirə bilərdi. Əgər müqavilə iddiaçının qeyd etdiyi digər əsasla, yəni vacib əhəmiyyəli yanılmanın təsiri altında bağlanmışdısa, iddiaçı bu müqaviləni 1 ay ərzində mübahisələndirə bilərdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, , iddiaçı hər iki halda əqdi mübahisələndirmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddəti ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6711/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6711/2020
08.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver