Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6713/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti və Cavabdeh2 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin və mənəvi zərərin ödənilməsi tələbinə dair 2(003)-152/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli qətnaməsindən cavabdeh "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 mülkiyyətində olan “Lexus RX 200T” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh2 təqsirli hərəkəti nəticəsində dəymiş zərərin aradan qaldırılması məqsədilə tələb olunan 62.418 manat, İddiaçı2 mənəvi zərərə görə 50.000 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 110 manat və dövlət rüsumu olaraq hər bir iddiaçı tərəfindən ödənilmiş 30 manat, ümumilikdə isə toplam olaraq 62.558 manat pul vəsaitinin cavabdehlər "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti və Cavabdeh2 İddiaçı1 xeyrinə, 50.030 manat pul vəsaitinin cavabdehlər "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti və Cavabdeh2 İddiaçı2 xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkətindən İddiaçı1 xeyrinə, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 57418 (əlli yeddi min dörd yüz on səkkiz) manat, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat, vəkil xidmətinə görə 55 (əlli beş) manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə görə hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar. Həmin Məcəllənin 361.2-ci maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-152/2020 saylı 02.09.2020-ci il tarixli qətnaməsindən cavabdeh "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti tərəfdən verilmiş apellyasiya şikayəti faksmille imza ilə təsdiqlənmişdir. Lakin bu hala əsasən şikayətin məhz həmin cavabdeh tərəfindən verilib-verilmədiyini, habelə imzanın kim tərəfindən icra edildiyini müəyyən etmək mümkün deyil. Bundan başqa, hazırkı iş üzrə mümkünlüyü araşdırılan apellyasiya şikayəti prosessual müddət ötürülməklə cavabdeh "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti tərəfdən verilmişdir. Belə ki, həmin cavabdehin yekun məhkəmə aktından verdiyi apellyasiya şikayəti geri qaytarılmış və bu barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni qüvvəyə minmişdir. Hazırkı iş üzrə apellyasiya şikayəti prosessual müddət ötürülərək verilməklə yanaşı, müddətin üzrlü səbəbdən ötürülməsi və (ya) bu halın üzrlü hesab edilməsi üçün müraciət, sübut təqdim edilməmişdir. Yaranmış vəziyyət işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli, 2(003)-152/2020 saylı qətnaməsindən cavabdeh "Cavabdeh1" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti tərəfindən tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6713/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6713/2021
23.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver