Məhkəmə qərarları › İş №2(103)-6717/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6717/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6717/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli e-2(006)-801/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC-nin Şəmkir filialı ilə arasında bağlanmış 16 aprel 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab olunması, ünvan 1-lə bağlı yüklülüyün, Cavabdeh ASC-nin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 18.04.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın ləğv olunması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Şəmkir filialı ilə aralarında 16 aprel 2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Müqavilə bağlanmamışdan öncə onlara kreditin manatla veriləcəyi bildirilmişdi, daha sonra isə müqavilədə ABŞ dolları olduğunu bildikdə o, ipoteka müqaviləsini imzalamaqdan imtina etmiş, lakin həmin filialın əməkdaşları onu aldadaraq bildirmişlər ki, krediti manata dəyişəcəklər. Bundan bir müddət keçdikdən sonra kreditin manatla dəyişilməsini Bankdan tələb etsə də, onu təkrar olaraq aldatmışlar və kreditini manata dəyişməmişlər. Faktiki olaraq onu aldatmaqla ipoteka müqaviləsi bağlamışlar və o bunun nəticəsində ziyana düşmüş, öz əmlakını itirmək təhlükəsi yaranmışdır. Buna görə də hazırkı iddianı qaldırmağa məcbur olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli e-2(006)- 801/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları araşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu və məhkəmə qətnaməsinin icrasına mane olmaq məqsədilə verildiyini bildirərək təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli e-2(006)-801/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, ipoteka saxlayan Cavabdeh ASC ilə ipoteka qoyan İddiaçı və borcalan X2 arasında bağlanmış 16.04.2015-ci il tarixli, SHNİP- 0203 saylı saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh ASC ilə X2 arasında bağlanmış 16.04.2015-ci il tarixli, SHNİP-0203-119 saylı baş kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı məxsus Gəncə şəhəri Nizami rayonu Atatürk prospekti, 257 bina 1, 15 saylı mənzil ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06.02.2017-ci il tarixli, 2(008)-449/2017 nömrəli qətnaməsi ilə cavabdehlər X1 və İddiaçı müştərək qaydada cəmi 30830,05 ABŞ dolları borc pulun tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, 59,6 kv.m. ümumi sahəsi olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin yaşayış evinin açıq hərrac vasitəsilə satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 63000 manat qiymətləndirilməsi, satışdan əldə olunmuş vəsait hesabına 30830,05 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(005)-4678/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın yekunları haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Hazırda ipoteka predmeti "Rabitəbank” ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuş, bu səbəbdən, ipoteka müqavilənin etibarsız hesab edilməsinə əsas yoxdur. İddiaçı aldatma nəticəsində ipoteka müqaviləsinə razılıq verdiyini bildirsə də, buna dair heç bir sübut təqdim etməmişdir. Apellyatorun dəlilləri yalnız formal mülahizələrə əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə kifayət qədər tam, hərtərəfli və obyektiv araşdırma aparılmış və iddianın rədd olunması barədə düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və mahiyyəti üzrə düzgün olduğundan, apellyasiya şikayətində göstərilənlər isə formal mülahizələrdən ibarət olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli e-2(006)- 801/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar