Məhkəmə qərarları › İş №2(103)-6729/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6729/2021

09.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6729/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyinin 8 nömrəli Bakı Peşə Liseyinə qarşı “məktubun ləğv edilməsi, əmək haqqının artırılması və ödənilməmiş hissəsinin hesablanaraq ona ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(002)-682/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyinin 8 nömrəli Bakı Peşə Liseyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 05 noyabr 2020-ci il tarixli məktubunun ləğv edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 nömrəli Qərarına əsasən aylıq əmək haqqının 20-25 % artırılması, habelə aylıq əmək haqqının 12 sentyabr 2019-cu il tarixindən hal-hazırkı vaxtadək ödənilməmiş hissəsinin hesablanaraq, birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 29 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyinin 8 nömrəli Bakı Peşə Liseyinə ərizə ilə müraciət edərək, ikinci qrup əlil olduğu üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 nömrəli qərarına əsasən əmək haqqının 20-25 faiz artırılmasını və bu artımın 2020-ci ilin əvvəlindən hesablanaraq ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Bundan əlavə, o, 29 oktyabr 2020-ci il tarixdə Liseyə növbəti ərizə ilə müraciət edərək, əmək haqqının 07 yanvar 2020ci ildən ödənilməmiş hissəsinin hesablanaraq, birdəfəlik ödənilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, bu günə qədər direktor tərəfindən əmək haqqına uyğun işlə təmin olunmamış, habelə əmək haqqının artırılması təmin edilməmişdir. Pandemiya dövründə Liseyin fəaliyyət göstərmədiyi vaxtlarda yeni işçilər işə götürülmüş, onlara əmək haqqı ödənilmiş, lakin uzun illər 8 nömrəli BPL-də işləyən işçilər ixtisar edilərək əmək haqqı məbləği az olan işlərə keçirilmişdir. Həmçinin qeyd etmişdir ki, o, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllim vəzifəsində işləməsinə heç bir razılıq verməmiş, həmin əmək müqaviləsində dəyişiklik edilməsində iştirak etməmiş və əmək müqaviləsi onun tərəfindən imzalanmamışdır. 29 oktyabr 2020-ci il tarixli yazılı ərizəsinə cavab məktubunda nəzərinə çatdırılmışdır ki, 07 yanvar 2020-ci il tarixinədək dərs hissə müdiri üzrə vəzifə maaşı tam olaraq ona ödənilmişdir. Lakin 8 nömrəli BPL-nin direktorunun 05 noyabr 2020-ci il tarixli cavab məktubu onu qane etmədiyindən, təkrarən 25 noyabr 2020-ci il tarixdə əmək haqqının hesablanmasına dair ərizə ilə müraciət edərək, əmək haqqının 07 yanvar 2020-ci ildən ödənilməmiş hissəsini hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Təəssüflər olsun ki, 25 noyabr 2020-ci il tarixdən 2 ay vaxt keçməsinə baxmayaraq ərizə üzrə rəhbər tərəfindən heç bir tədbir görülməmişdir. Bundan əlavə, 29 oktyabr 2020-ci il tarixli ikinci ərizədə göstərilmişdir ki, 2019-cu ilin sentyabr ayının 12-dən 2020-ci ilin yanvar ayının 7-nə qədər o, dərs hissə müdiri kimi işləsə də, ona son haqq-hesab ödənilməmişdir. Lakin 8 saylı BPL-nin direktoru 05 noyabr 2020-ci il tarixli rəsmi cavabında 07 yanvar 2020-ci il tarixədək hissə müdiri üzrə vəzifə maaşının tam ödənildiyinə istinad edilsə də, dərs hissə müdiri kimi son haqq-hesabın aparılması cavab məktubunda qeyd edilmir. Belə ki, hal-hazırda iddia ərizəsinə əlavə edilmiş sənədlərdən məlum olur ki, 8 nömrəli BPL-nin direktoru Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 nömrəli qərarının tələblərini pozmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 aprel 2021 il tarixli 2(002)-682/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində işin halları sadalanmaqla göstərilmişdir ki, məhkəmənin əsaslandırması ilə razı deyil, o, məhkəməyə kifayət qədər sübutlar təqdim etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ona ödənilməli olan əmək haqqı hesablanmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişlər. Odur ki, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Litseyinə əmək haqqının hesablanmasına dair ərizə ilə müraciət etmiş, 05 noyabr 2020-ci il tarixdə Litseyin direktoru tərəfindən ona cavab məktubu göndərilmişdir. Məktubda göstərilmişdir ki, “Nəzərinizə çatdırıram ki, 14 yanvar 2020-ci il tarixdən etibarən işlədiyiniz 8 saylı Bakı Peşə Liseyi ilə əlaqəni tam kəsmisiniz. 14 yanvar 2020-ci il tarixdən 07 fevral 2020-ci il tarixinədək xəstəlik vərəqəsi vermisiniz, poçt vasitəsi ilə göndərdiyiniz ərizəyə baxılaraq 10 fevral 2020-ci il tarixindən 10 mart 2020-ci il tarixinədək 1 (bir) təqvim ayı müddətinə sizə ödənişsiz məzuniyyət verilmişdir. 03 mart 2020-ci il tarixdən mövcüd pandemiya ilə əlaqədar tədris dayandırılmışdır. Təhsil Nazirliyinin “Evdə qal, dərsdən qalma” tövsiyəsinə bizim lisey də qoşuldu. “8 saylı BPL qrupunu yaratdıq və sizi də bu qrupa daxil etdik. Müəllimlərimiz və istehsalat təlimi ustaları dərslərini onlayn şəkildə tədris etdilər. Lakin siz bir dəfə də olsun bu tədbirə qoşulmadınız. 09 sentyabr 2020-ci il tarixdə 8 saylı BPL-nın whatsapp qrupunda 14 sentyabr 2020-ci il tarixində saat 10:00-da pedaqoji şuranın 2020/2021-ci tədris ili üçün ilk iclasının keçirilməsi barədə elanımızı verdik və müzakirə olunacaq məsələləri elanda yerləşdirdik. 14 sentyabr 2020-cı il tarixində saat 10:00-da qeyd etdiyimiz kimi Zoom proqramı ilə iclasımızı keçirmişik. Məlumatları da siz qrupda görmüsünüz. Təəssüflər olsun ki, məsuliyyətsizlik edərək pedaqoji şuranın iclasına qatılmadınız. Həmin iclasda bütün məsələlər müzakirə olundu. Digər şəxslər kimi sizin də illik dərs yükünüz və hansı qruplarda dərsləriniz olacağı barədə məlumat verilib. Sadaladığımız faktlar 16 sentyabr 2020-ci il tarixli məktubunuza cavab olaraq 22 sentyabr 2020-cı il tarixli məktubumuzda vurğulanmışdır. 18 dekabr 2019-cu il tarixində Həmkarlar təşkilatının üzvləri ilə birgə iclas keçirib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-ci il tarixli 64 nömrəli qərarına müvafiq olaraq ixtisar olunacaq ştatlar haqqında məlumat vermişəm. 19 dekabr 2019-cu iidə ştat cədvəlində ixtisar barədə liseyin elanlar lövhəsində əmrin surətini yerləşdirmişdik. 07 yanvar 2020-ci il tarixli 03 nömrəli əmrə əsasən dərs hissə müdiri vəzifəsi ixtisara düşdüyü üçün əmək müqaviləsində müvafiq dəyişikliklər edilərək müəllim vəzifəsinə Keçirilmisıniz. 07 yanvar 2020-ci il tarixli 04 nömrəli əmrə əsasən səlahiyyətinizdə olan bütün tədris-plan proqramları, tədrisə aid olan sənədləri tədris-istehsalat işləri üzrə direktor müavini X1 təhvil verməyiniz tələb olunub. Çox təəssüf ki, siz təhvil təslim prosesini icra etmədiniz. Liseyin bütün sənədlərini müsadirə etdiniz və o dövrdə tədris etdiyiniz fənlərin də proqramlarını götürüb, 14 yanvar 2020-ci il tarixdən etibarən liseylə əlaqəni tam kəsmisiniz. 2019/2020-ci tədris ilinin dərs cədvəlini 07 yanvar 2020-ci il tarixinədək tərtib edib təsdiq etdirmədiniz və tədrisi o dövr üçün iflic vəziyyətə gətirdiniz. Siz dərs hissə müdiri vəzifəsində işlədiyiniz müddətdə həm də Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq ixtisasınıza uyğun dərsləri tədris etmisiniz. Dərs hissə müdiri vəzifəsində işlədiyiniz vaxtlarda çoxlu nöqsanlarınız olub. 16 sentyabr 2019-cu il tarixdən 27 dekabr 2019-cu il tarixinədək o zamanda laborant vəzifəsində çalışan Rzazadə Baharı dərslərinizi tədris etməyə göndərmisiniz və onun müqabilində Rzazadə Bahara telefon zəngi etmiş, lakin siz onun telefon zənginə cavab verməmisiniz. Həmçinin V.Əhədov 15 oktyabr 2020-ci il tarixində bu barədə “8 saylı BPL whatsapp qrupu”nda paylaşım edib, o cümlədən sizin şəxsi whatsappınıza məlumat göndərib. Təəssüflə bildirirəm ki, siz məsuliyyətsizlik edərək heç bir səbəb göstərmədən 16 oktyabr 2020-ci il tarixdə liseyə gəlib dərsinizi 235 nömrəli qrupda keçməmisiniz. Bu barədə Vidadi müəllim mənə yazılı olaraq məlumat vermişdir və müvafiq akt tərtib olunmuşdur. Nəzərinizə çatdırıram ki, 07 yanvar 2020-ci il tarixinədək dərs hissə müdiri üzrə vəzifə maaşı tam ödənilmiş, dərs hissə müdiri vəzifə maaşınız 56 günlük məzuniyyətiniz dövründə sizə ödənilmişdir. Ərizənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 nömrəli qərarına əsasən, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların gəlirləri müntəzəm olaraq artırılmalıdır. 2-ci qrup əlil olduğum üçün mənim əmək haqqım 20-25% artırılmalıdır qeyd edirsiniz. Lakin biz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 nömrəli qərarında sizin söylədiyiniz maddəyə rast gəlmədik. Əmək haqqı kartının vaxtı bitdiyindən liseyə gəlib yeni əmək haqqı kartını götürün. Tahir müəllim, bir daha tələb edirik: liseylə əlaqənizi yalnız rəsmi poçtla göndərdiyiniz məktublarla qurmayın. 8 saylı BPL-ı sizin rəsmi iş yerinizdir, tezliklə proqramlarınızı təsdiqə gətirin, dərs cədvəli əsasında dərslərinizi mövcud pandemiya qaydalarına müvafiq Peşə Təhsili üzrə Dövlət Agentliyinin təlimatlarına uyğun tədris edin və keçdiyiniz dərsləri qruplar üzrə jurnallara yazın. Kollektivin bütün üzvləri kimi “8 saylı BPL qrupunda” paylaşımlara əməl edin, əks təqdirdə sizin üçün qanun çərçivəsində tədbir görüləcəkdir.” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 nömrəli arayışdan görünür ki, İddiaçı əmək qabiliyyətsizdir, xüsusi yaradılmış şəraitdə işləyə bilən müddətsiz ikinci qrup əlildir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Litseyi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, onun müraciətinə həmkarlar ittifaqı komitəsi tərəfindən baxılacaqdir. Litsey tərəfindən 15.02.2021-ci il tarixdə ümumi iclas keçirilmiş və bununla bağlı protokol tərtib edilmişdir. Protokoldan görünür ki, kollektiv olaraq İddiaçı əmək haqqına 20-25 % əlavənin verilməsinə etiraz edilmişdir. İddiaçı hazırda cavabdehin 05 noyabr 2020-ci il tarixli məktubunun ləğv edilməsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 nömrəli Qərarına əsasən aylıq əmək haqqının 20-25 % artırılması, habelə aylıq əmək haqqının 12 sentyabr 2019-cu il tarixindən hal-hazırkı vaxtadək ödənilməmiş hissəsinin hesablanaraq, birdəfəlik ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Əvvəla iddia tələbinin 05 noyabr 2020-ci il tarixli məktubun ləğv edilməsinə aid hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı ərizə ilə müraciət etmiş, mübahisələndirilən məktubda isə həmin müraciətə cavab verilmişdir və məktubun məzmunundan görünür ki, iddiaçının icra etmədiyi öhdəlikləri barədə məlumat verilmiş, yerinə yetirməli olduğu öhdəliklər nəzərinə çatdırılmış və bununla bağlı xəbərdarlıq edilmişdir, hansı ki, həmin məsələr iddiaçı tərəfindən müstəqil şəkildə mübahisələndirilməmişdir. İddiaçının ərizəsinə münasibət bildirilmiş cavab məktubu hüquqi sənəd deyildir və həmin məktubun ləğv edilməsi barədə iddia tələbinin təmin edilməsi də mümkün deyildir. Digər tərəfdən, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994cü il tarixli, 185 nömrəli Qərarına əsasən aylıq əmək haqqının 20-25 % artırılması, habelə aylıq əmək haqqının 12 sentyabr 2019-cu il tarixindən hal-hazırkı vaxtadək ödənilməmiş hissəsinin hesablanaraq, birdəfəlik ödənilməsini tələb edir ki, Kollegiya hesab edir ki, bu hissədə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 nömrəli Qərarında əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, iddiaçı 29.10.2020-ci il tarixdə ərizə ilə müraciət etdikdə əlillik barədə arayışı cavabdehə təqdim etmişdir, bundan əvvəl isə bu barədə cavabdehə məlumat verib-verməməsi müəyyən edilmir. Digər tərəfdən, əmək haqqının qeyd olunan şəkildə artırılması əmək kollektivlərinin razılığı ilə həyata keçirilir, iddiaçının daha əvvəl bu məsələ ilə bağlı müraciət etməsi, əmək kollektivinin razılığının olubolmaması iş materiallarından müəyyən edilmir, sonradan müraciət etmiş və Litsey tərəfindən 15.02.2021-ci il tarixdə ümumi iclas keçirilmiş və bununla bağlı protokol tərtib edilmişdir. Protokoldan görünür ki, kollektiv olaraq İddiaçı əmək haqqına 20-25 % əlavənin verilməsinə etiraz edilmişdir. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-682/2021 saylı iş üzrə 26 aprel 2021 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar