Məhkəmə qərarları › İş №2(103)-6737/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6737/2021

07.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6737/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, cavabdeh "X7" MMC-nin nümayəndəsi X2, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "X7" MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək haqqına əlavənin ödənilməsi və gecikməyə görə kompensasiya tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2952/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "X7" MMC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı "əmək haqqına əlavənin ödənilməsi və gecikməyə görə kompensasiya tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aylıq əmək haqqına əlavə 25% artım ödənişin əlavə edilməsi, əmək müqaviləsi ilə işlədiyi 24.04.2019-cu il tarixdən bugünə qədər ödənilməli olan əlavə 25% artım ödənişlərin və ödənişlərin gecikdirilməsinə görə, 2000 manat kompensasiyanın cavbdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 24.04.2019-cu il tarixdən X7 ilə bağlanmış müddətli əmək müqaviləsinə əsasən təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində (peşəsində) işləyir. 24.04.2019-cu il tarixdən hazıra kimi aylıq 250 manat əmək haqqı ödənilməmişdir.“Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.1994-cü il tarixli, 185 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”-da qeyd olunmuş “Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə yönəldilmiş tədbirlər” əsasən 1994-cü ildən başlayaraq, müəssisə və təşkilarlarda “Əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi” nəzərdə tutulmuşdur. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona ünvanlanan 28.01.2021-ci il tarixli **********1 saylı cavab məktubunda qeyd olunmuşdur ki, işlədiyi iş yerində onun 2-ci qrup əlil olduğu halda əmək haqqına ödənilə bilər. Eyni zamanda AR Maliyyə Nazirliyi tərəfindən ona ünvanlanan 26.01.2021-ci il tarixli 08/05-14-644 saylı cavab məktubunda qeyd olunmuşdur ki, işlədiyi iş yerində 2-ci qrup əlil olduğu halda əmək haqqına “İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz” əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsi əsasında işlədiyi cavabdeh X6 müraciət etdikdə isə ona əsassız olaraq X5 “ictimai işlərin təşkili ilə bağlı sosial layihə olduğunu” əsas gətirərək imtina etmişlər. Müvafiq qanunvericilik aktında hər bir müəssisənin fəaliyyət sahəsi qeyd edilməmişdir. Müvafiq qərarda sadəcə qısa konkret şəkildə əsasən 1994-cu ildən başlayaraq, müəssisə və təşkilarlarda “Əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi göstərilmişdir. O isə bu müəssisədə tamhüquqlu işçi kimi əmək müqaviləsi əsasında işləyir. Hesab edir ki, özəl və ya dövlət müəssisəsi olan işəgötürən fəaliyyət sahəsindən asılı olmayaraq öz fəaliyyətində yalnız Azərbaycan Respublikasının qanunlarına əsaslanmalıdır. Müvafiq qanunvericilik aktlarında isə bu məsələ birmənalı şəkildə onun tələbinə uyğundur. Eyni zamanda qeyd edir ki, X7 özlərinin də qeyd etdiyi kimi sosial layihə olduqlarını nəzərə alaraq öz əlil əməkdaşlarının əmək haqqına olan hüquqlarını təmin etməlidir. Çünki Mərkəz tərəfindən ona ünvanlanan 04.03.2021-ci il tarixli **********7 saylı imtina məktubunda imtinanın əsaslandığı müvafiq qanunvericilik aktının dispozisiyası qeyd olunmamış və həmçinin şərh edilməmişdir. Sadəcə fiksiya formasında qanuna əsaslanmayan öz mövqeləri qeyd olunmuşdur. Əksinə məktubda qeyd olunan yeganə norma onun hüquqlarının bərpasını nəzərdə tutan AR NK-nin 10.05.1994cü il tarixli 185 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”-dır. Yəni dolayısı ilə X7 öz cavab məktubu ilə onun iddia tələbini qəbul etmişdir. Belə ki, işəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini yerinə yetirmədiyi, iddia tələbinin əsaslılığı təsdiq olunur. Əsas və digər ödənişlərinin ödənilməsi üçün cavabdehə məktub göndərilmiş, həmin məktub bugünki günə qədər müsbət cavabsız qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2952/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi və prosessual normaları pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən apellyator apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin üçüncü şəxs qismində cəlb edilməsinin əsassız olduğunu göstərərək, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 24.04.2019-cu il tarix müddətli əmək müqaviləsinə əsasən iddiaçı aylıq əmək haqqı 166 manat olmaqla, 30.12.2019-cu il tarixədək təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işə qəbul olunmuşdur. X5 əməkdaşları tərəfindən 02.03.2021-ci il və 20.04.2021-ci il tarixlərində Nəsimi rayonu üzrə keçirilmiş monitorinqin nəticələrinə dair aktlardan görünür ki, İddiaçı iş saatlarında iş yerində olmamışdır. Mart 2021-ci il tarixli, 4/814 saylı ödəniş tapşırığından görünür ki, X7 tərəfindən İddiaçı hesabına 236,25 manat əmək haqqı ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş 086332 nömrəli vəsiqəyə əsasən İddiaçı 2-ci qrup əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 28.01.2021-ci il tarixli **********1 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş və hal-hazırda qüvvədə olan “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram”ın “Əlillərin sosial müdafiəsinə yönəldilmiş tədbirlər” bölməsinin 5.4 bəndində müəssisə və təşkilatlarda əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin əmək haqqının isə 20- 25 faiz artırılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. İş yerində (əgər hazırda işləyirsə) 2-ci dərəcə əlilliyi olan şəxs olduğu halda əmək haqqına əmək koİlektivinin razılığı əsasında 20-25 faiz əlavə ödənilə bilər. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanan 26.01.2021-ci il tarixli 08/05-14-644 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq, “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”a əsasən əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİ qrup əlillərin əmək haqlarının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 20-25 faiz artırılaraq ödənilməsi nəzərdə tutulmuşdur. Bu tədbirin həyata keçirilməsi məsələsinə müəssisə və təşkilatların kollektivlərinin müəyyən olunmuş qaydada razılığından asılı olaraq mövcud büdcə vəsaitləri dairəsində baxıla silər. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan "xxxx" proqramına başlanılmışdır və həmin proqram X7 MMC tərəfindən icra olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.05.1994-cü il tarixli, 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks” proqramın 5.4-cü (Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların gəlirlərinin müntəzəm artmasının təmin edilməsi) bəndinə əsasən əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi imperativ (məcburi) hərəkət olaraq nəzərdə tutulmamışdır. X7 əhalinin məşğulluq imkanlarının artırılması məqsədi ilə haqqı ödənilən ictimai işlərin təşkili üçün yaradılmışdır və ictimai işlərin təşkili ilə bağlı sosial layihə olduğu üçün işə qəbul edilən işçilərin digər sosial vəziyyətinə dair (əlavə yardım və s.) məsələlərinin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.1994-cü il tarixli, 185 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanlarıməhdud uşaqların problemləri üzrə kompleks Proqram”-da qeyd olunmuş “Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə yönəldilmiş tədbirlər” əsasən 1994-cü ildən başlayaraq, müəssisə və təşkilarlarda “Əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi” nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.05.1994-cü il tarixli, 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks” proqramın 5.4-cü (Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların gəlirlərinin müntəzəm artmasının təmin edilməsi) bəndinə əsasən əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi imperativ (məcburi) hərəkət olaraq nəzərdə tutulmamışdır. Kollegiya qeyd edir ki, hazırda iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına istinad edib ona cavabdeh tərəfindən əlilliyinə görə əmək haqqına artım olunmasını iddia etsə də, iddiaçı X7 MMC-də işləyən İİ qrup əlillərin əmək haqlarının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 20-25 faiz artırılaraq ödənilməsi barədə əmək kollektivinin razılığının olması, bununla da, cavabdeh tərəfindən hüquqlarının pozulduğunu sübut edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, X7 əhalinin məşğulluq imkanlarının artırılması məqsədi ilə haqqı ödənilən ictimai işlərin təşkili üçün yaradılmışdır və ictimai işlərin təşkili ilə bağlı sosial layihə olduğu üçün işə qəbul edilən işçilərin digər sosial vəziyyətinə dair (əlavə yardım və s.) məsələlərinin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2952/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar