Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-675/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, əmək funksiyasının yerinə yetirilməsinə yaradılan maneələrin aradan qaldırılması, əmək haqqının ödənilməsi və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, əmək funksiyalarının yerinə yetirilməsinə yaradılan maneələrin aradan qaldırılması, əmək haqqının ödənilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3261/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus əmək kitabçasından müəyyən edilir ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-yə “geodeziya mühəndisi” vəzifəsinə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin Heydər Əliyev adına Neft Emalı zavodu Modernizasiya və yenidənqurma layihəsində “geodeziya meneceri” vəzifəsinə keçirilmişdir.
2. Əmək qabiliyyətinin olmaması vərəqəsinə görə iddiaçı xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021-ci il, ümumilikdə xx.xx.2021xx.xx.2021-ci il tarixlərində xəstəliyi ilə əlaqədar işdən azad olunmuşdur.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə müraciətə baxılmış və aparılmış araşdırma zamanı Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək əmək məzuniyyətində olduğu, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən üzrlü səbəbdən işə gəlmədiyi, xx.xx.2021-ci il tarixdən üzrsüz səbəbdən işə gəlmədiyi və bu barədə heç bir məlumat vermədiyi və bununla bağlı müvafiq aktların tərtib olunduğu bildirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” elektron sisteminə tərəflərindən baxış keçirilərkən əmək müqaviləsinə xitam verildiyi barədə əmək müqaviləsi bildirişinin mövcud olmadığı məlum olmuşdur. Əmək mübahisəsi yarandığından məhkəməyə müraciət edilməsi tövsiyə olunur.
4. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda xx.xx.2021ci il tarixdən heç bir üzrlü səbəb bildirmədən işə gəlməmisi və cəmiyyətə məxsus malları təhvil-təslim etməməsi qeyd edilmişdir. İşə gəlməmə səbəbi barədə rəsmi məlumat bildirilməsi xahiş edilmiş, əks təqdirdə işdən azad edilməsi barədə xəbərdar edilmişdir.
5. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı Cəmiyyət tərəfindən ayrılan malları və noutbuku təhvil verməmişdir. Ayrılan malların təhvil verilməsi xahiş edilmiş, əks halda xx.xx.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
6. Cavabdeh MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 23 gün məzuniyyətə çıxmış və yenidən ərizə yazaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 34 gün məzuniyyətə çıxmışdır. Daha sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik vərəqəsini mühasibatlıq şöbəsinə təqdim etmişdir. Cəmiyyət tərəfindən xəstəlik vərəqəsinə görə İddiaçı 1707,57 manat, DSMF tərəfindən isə 5923,47 manat dəyərində əlavə məbləğ ödənilmişdir. xx.xx.2021-ci il tarixdən isə sözügedən şəxs işə gəlməmiş və bununla bağlı heç bir xəbərdarlıq və ya məlumat verməmişdir.
7. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixindən etibarən heç bir üzrlü səbəb bildirmədən işə gəlmədiyi üçün Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə istinadən 70-ci maddənin “ç” bəndinə əsasən bir həftə ərzində əmək müqaviləsinə xitam veriləcək. Həmçinin tərəfindən Cəmiyyətə məxsus “Acer” markalı noutbuk və 2TB-lıq Hard Disk təhvil verilməmişdir.
8. 01.11.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı aktlara əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdən cəmiyyətdə Geodeziya meneceri vəzifəsində çalışan İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən işə gəlməmişdir.
9. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, xxxxxxx0003X0 nömrəli əmrə əsasən Baş ofis bölməsində Geodeziya meneceri vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, xxxxxxx0003XO nömrəli əmrinin ləğv olunaraq işə bərpa olunması, məcburi buraxdığı (işləmədiyi) dövr üçün əmək haqqının (əlavələr daxil) hesablanmaqla cavabdehdən tutularaq ona verilməsi, cavabdeh tərəfindən əmək funksiyalarını yerinə yetirməsinə törədilən maneələrin, qanunsuzluqların ona qadağan edilməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması, 2021-ci ilin sentyabr ayından etibarən ödənilməmiş əmək haqqı (bütün əlavələr daxil), eləcə də məcburi buraxdığı iş günlərinə görə verilməli olan (bütün əlavələr daxil) əmək haqqının hesablanaraq ona ödənilməsi, eləcə də cavabdehin qərəzli, qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə isə 4000 manat, həmçinin mediasiya xərci qismində ödədiyi 55 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2016-cı il tarixindən etibarən Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq geodeziya mühəndisi, sonra isə 2019-cu ildən geodeziya meneceri vəzifəsində çalışmışdır. Bu illər ərzində üzərinə düşən əmək funksiyalarını layiqincə tam həcmdə yerinə yetirmişdir. Lakin bir neçə ay bundan öncə səbəbsiz əmək haqqı verilməmiş və bir neçə vaxt keçdikdən sonra isə əmək funksiyalarının yerinə yetirilməsi cavabdeh tərəfindən qanunsuz qadağan olunaraq onun əmək hüquqları kobud surətdə pozulmuşdur. Bu illər ərzində üzərinə düşən əmək funksiyalarını vicdanla, məsuliyyətlə və tam həcmdə yerinə yetirmişdir. Barəsində heç bir zaman intizam tənbehi və ya xəbərdarlıq belə tətbiq olunmamışdır. Amma ötən sentyabr ayından etibarən bu günə qədər Cavabdeh MMC-nin direktoru Elmar Əhmədov tərəfindən törədilən qanunsuzluqlar nəticəsində əmək haqqı ödənilməmişdir. Lakin bununla ona qarşı törədilən qanunsuzluqlar və özbaşınalıqlar bitməmişdir. Daha sonra qanuni əsas olmadan cavabdeh tərəfindən ümumiyyətlə işə belə buraxılmamışdır.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 sentyabr 2022-ci il tarixli 2(005)-3261/2022 saylı qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia rədd edilmişdir.
13. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı bir ilə yaxın müddət ərzində işə çıxmamışdır. İddiaçı bunu cavabdeh tərəfindən iş yerinə buraxılmasına törədilən maneələrlə əlaqələndirmişdir. Cavabdeh isə müvafiq iş yerinin ofisdən kənarda, neft şirkətinin nəzdində fəaliyyət göstərən idarədə olması, həmin idarəyə giriş-çıxışın kartlarla həyata keçirilməsini, bu müəssisəyə müvafiq əmr olmadan giriş-çıxışın qadağan edilməsinin onların səlahiyyəti xaricində olmasını bildirmişdir. Bu baxımdan iddiaçı qeyd edilən müddət ərzində işdə olmamasını işə buraxılmaması ilə əlaqələndirdiyindən iddia üzrə istinad etdikləri halları sübut etmək yükü də onun üzərinə düşür. Lakin iddiaçı cavabdeh tərəfindən işə buraxılmamasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmiş və istinad etdikləri halları sübut edə bilməmişdir. Həmin halları yalnız izahatlarında bildirməklə kifayətlənmişdir. Hətta iddiaçının işəgötürən tərəfindən müəyyən müddət ərzində işə buraxılmaması qəbul edilmiş olsa belə, işçinin 2021-ci ilin oktyabr ayından iddia ərizəsi verilən vaxtadək, yəni 2022-ci ilin iyun ayınadək hərəkətsizlik göstərməsi özlüyündə əmək müqaviləsinin işçinin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi səbəbindən ləğv edilməsi üçün şərait yaratmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdeh təşkilatda uzun müddət işləməsi, bildirdiyinə görə həmin müddət ərzində heç bir ciddi nöqsana yol verməməsi, cəza almaması kimi onu səciyyələndirən halların mövcudluğuna baxmayaraq, iş yeri üzrə əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, uzun müddət ərzində işə çıxmaması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilməklə işəgötürənin onun barəsində Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinə əsasən “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbeh növünü seçməsinə kifayət qədər hüquqi əsas vermişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, 71-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5, 10, 76.2, 70, 71.2, 72, 186, 187, 83, 74, 154, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə yalnız cavabdehin təqdim etdiyi sənədləri araşdırmış və onlara hüquqi qiymət vermişdir. Qeyd edilən məktublar onun adına yazılsa da və guya ünvanına kuryerlə gösdərilsə də, qəbzlərdə alan şəxs hissəsində göstərilən soyad başqadır, nə ona, nə də onunla birgə yaşayan ailə üzvlərinə aidiyyəti yoxdur. Əmək müqaviləsinə əsasən iş yeri ofis daxili qeyd olunmuşdur, kənarda işləməyi müqavilədə qeyd olunmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
20. Cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
22. Maddə 10. İşçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir.
23. Maddə 70. “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
24. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
25. Maddə 71.3. İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
26. Maddə 72. “a” bəndinə görə işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan biri özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsidir..
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
35. Müəyyən edilmişdir ki, iddiaçı bir ilə yaxın müddət ərzində işə çıxmamışdır. İddiaçı bunu cavabdeh tərəfindən iş yerinə buraxılmasına törədilən maneələrlə əlaqələndirmişdir. Cavabdeh isə müvafiq iş yerinin ofisdən kənarda, neft şirkətinin nəzdində fəaliyyət göstərən idarədə olması, həmin idarəyə giriş-çıxışın kartlarla həyata keçirilməsini, bu müəssisəyə müvafiq əmr olmadan giriş-çıxışın qadağan edilməsinin onların səlahiyyəti xaricində olmasını bildirmişdir.
36. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı qeyd edilən müddət ərzində işdə olmamasını işə buraxılmaması ilə əlaqələndirdiyindən iddia üzrə istinad etdikləri halları sübut etmək yükü də onun üzərinə düşür. Lakin iddiaçı cavabdeh tərəfindən işə buraxılmamasına dair hər hansı bir mötəbər sübut təqdim etməmiş və istinad etdikləri halları sübut edə bilməmişdir.
37. İddiaçı tərəf əmək müqaviləsində əsas iş yerinin ofis olduğunu göstərsə də, apelyasiya baxışı zamanı xx.xx.2016-cı il tarixli əmək müqaviləsi təqdim edilmiş və əmək müqaviləsində də işçinin iş yeri - ərazi qeyd edilmişdir.
38. Cavabdeh tərəfindən iş yerinə buraxılmasına maneə yaradıldığı göstərilsə də, maneənin nədə ifadə olunduğu, hansı maneələrin yaradıldığını göstərən hər hansı sübut təqdim edilməmişdir.
39. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən xəbərdarlığın göndərilməsinə dair poçt qəbzlərindən görünür ki, xəbərdarlıq iddiaçının ünvanına göndərilmişdir.
40. Apelyasiya baxışı zamanı təqdim edilmiş qaimələrə əsasən xx.xx.2022-ci il tarixli bildiriş xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli bildiriş isə xx.xx.2022-ci il tarixdə “İsmayılov” soyadı qeyd edilməklə imzalanmış və qəbul edilmişdir.
41. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.
42. Göründüyü kimi iddiaçı işə gəlməmiş və işdə olmamasının üzürlü səbəbləri barədə heç bir sənəd təqdim etməmiş, beləliklə də əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Hazırda iddiaçının irəli sürdüyü formal əsaslarla qanuni və əsaslı əmrin ləğv edilməsi yolverilməzdir.
43. Əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir.
44. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
45. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3261/2022 saylı iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.