Məhkəmə qərarları › İş №2(103)-6757/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6757/2025

19.03.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6757/2025 19.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: əlavə iş saatlarına görə əmək haqqının, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın və gecikdirilmiş müddət üçün ödəncin verilməsi Hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əlavə iş saatlarına görə əmək haqqının, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın və gecikdirilmiş müddət üçün ödəncin verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ##.##.2020-ci il tarixdə 3 həftə sınaq müddəti ilə Cavabdeh MMC-də (bundan sonra “cavabdeh”) “Belaruski” TŞ-nin Anbar bölməsinə 4-cü dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilmiş, işçinin aylıq əmək haqqı 450 manat, iş vaxtı gündəlik 8 saatdan, həftəlik isə 40 saatdan artıq olmamaqla müəyyən edilmişdir. Sonradan, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 5 dəfə dəyişiklik edilmiş, birinci dəyişikliklə bağlı iddiaçının əmək haqqı 565 manat müəyyən edilmiş, ikinci dəyişikliklə 6 ay müddətinə bağlanılmış əmək müqaviləsinin müddəti 1 il müddətinə uzadılmış, sonrakı dəyişikliklərlə iddiaçının əmək haqqı müvafiq olaraq 690 manat, 790 manat və 850 manat olmuşdur. Cavabdehin ##.##.2025-ci il tarixli əmri ilə iddiaçı həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, eyni zamanda, ##.##.2024-##.##.2025-ci iş dövrü üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə 19 gün pul əvəzinin ödənilməsi və son haqq-hesabın təmin edilməsi mühasibatlığa tapşırılmışdır. Bundan sonra iddiaçı əmək haqqının, məzuniyyət pulunun ödənilməsi və sair tələblərlə bağlı mediasiya prosesinin tətbiqi barədə cavabdehə ##.##.2025-ci il tarixdə təklif göndərmiş, ##.##.2025-ci il tarixdə ona mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş və iddiaçı ##.##.2025-ci il tarixdə hazırki tələblərlə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60.000 manat ödənilməmiş əmək haqqının və 3.052 manat ödənilməmiş məzuniyyət pulunun, əmək haqqının gecikdiyi hər gün üçün 1 faiz cərimənin, 500 manat vəkilə ödənilmiş pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2020-ci il tarixdə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əmək müqaviləsi imzalayaraq “Belarus” Ticarət Şəbəkəsinin Anbar bölməsində 4-cü dərəcəli fəhlə vəzifəsində işə qəbul edilmişdir. Tərəflər arasında imzalanmış əmək müqaviləsində 5 günlük iş həftəsi və gündəlik 8 saatlıq iş saatı müəyyən olunsa da o, cavabdehin əməkdaşlarının tələbi ilə daha çox iş vaxtında və həmçinin başqa işlərdə də işləmişdir. Belə ki, “Belarus” Ticarət Şəbəkəsinin Anbar bölməsi Bakı şəhəri Salyan Şossesi 2 ünvanında yerləşir. Həmin məhsuların satışının həyata keçirildiyi cəmi 6 satış nöqtələri var: N.Nərimanov 205 (Statistika), Nizami 131A, Qara Qaraev 61 С (Neftçilər), А.Ildrım 30 (Şüvəlan), Salyan şossesi 17B, X1 101C (Nərimanov). Cavabdehin məhsullarının anbardan yuxarıda qeyd edilən satış nöqtələrinə çatdırılması üçün **-JT-***, **-JR-***, 77-JN410, **-JK-***, **-JN-*** və **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobillər mövcuddur. Həmin avtomobillərə yanacaq doldurulması üçün “xxxx” MMC-dən ona 957 ****** nömrəli kart sifariş verilmiş və həmin avtomobillərə qeyd olunan kartlarda istifadə olunmaqla yanacaq doldurulmuşdur. Onun iş vaxtı saat 09:00-dan 18:00-dək olduğu göstərilsə də, bu, faktiki iş rejimini əks etdirmir. Belə ki, o, işinə Bazar ertəsi günü saat 09:00-da başlamış və həmin gün fasiləsiz olaraq saat 18:00dək çalışmışdır. Axşam saatlarında məhsulları gətirən tırlar boşaldılmış, bu proses ertəsi gün, çərşənbə axşamı səhər saat 08:00-a qədər davam etmişdir. Daha sonra məhsullar satış nöqtələrinə çatdırılmaq üçün avtomobillərə yüklənmiş, sürücülər bu məhsulları təhvil vermək üçün avtomobillərlə getmiş, anbarda işləyən fəhlələr isə saat 10:00-da evə getdikdən sonra sonra yenidən saat 18:00-da işə qayıtmışlar. Bu intensiv iş rejimi çərşənbə axşamı da eyni qaydada təkrarlanmış və tırların boşaldılması növbəti gün, çərşənbə günü səhər saat 08:00-a qədər davam etmişdir. Növbəti mərhələdə məhsullar bir daha satış nöqtələrinə göndərilmiş, anbarda işləyən fəhlələr isə saat 10:00-da evə getdikdən sonra sonra yenidən saat 18:00-da işə qayıtmışlar. Çərşənbə günü saat 18:00-da yenidən iş başında olmuşlar. Proses bir daha təkrarlanaraq cümə axşamı səhər saat 10:00-a qədər davam etmişdir. Nəhayət, cümə günü səhər saat 07:00-da işçilər yenidən iş başında olmuş, məhsullar yığılmış, satış nöqtələrinə göndərilmiş və təxminən saat 19:00-da evə qayıtmışlar. Onu iş vaxtından artıq işləməsi ***-***-**-** saylı mobil nömrənin anten məlumatları, şahid ifadələri, whatsapp yazışmaları və eyni zamanda avtomobillərin hərəkət trayektoriyaları, qəza hadisəsi ilə də sübut edilə bilər. Bu faktlar onu göstərir ki, işçilər normativ iş vaxtından xeyli artıq və fasiləsiz çalışmış, lakin bu əlavə iş saatları nə rəsmiləşdirilmiş, nə də əmək haqqı ilə əhatə olunmuşdur. Bu isə əmək qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Belə ki, o, həftəlik 40 saat işləməli olsa da, faktiki olaraq həftədə 65 saat işləmiş, eyni zamanda o il ərzində olan bayram günlərinin də yarısını işdə olmuşdur, həmçinin ona bu müddət ərzində yalnız 1 dəfə əmək məzunuyyəti verilmişdir. Belə olan halda, ümumi olaraq o, həftədə 70 saat işləyib. Bu isə onun faktiki işlədiyi vaxtdan 1,75 dəfə çoxdur. Ümumi olaraq onun həftəlik normadan 0,75 dəfə daha çox əlavə iş gördüyünü deyilə bilər. İddia ərizəsinə əlavə etdiyi çıxarışdan görünür ki, işlədiyi dövrdə ona cəmi 33.052 manat əmək haqqı ödənilib. Onun 0.75 milsi qanunvericiliyin tələblərinə görə iki qat hesablansa, həmin məbləğin 1.5 misli ona ödənilməlidir. Bu isə cəmi 49.578 manat təkil edir. Həmin işlərin bir hissəsinin gecə vaxtı görüldüyü və buna görə daha yüskək əmək haqqının ödənilməli olduğu da nəzərə alınsa, bu məbləğin ən az 60.000 manat olduğu deyilə bilər. Həmçinin, ona işlədiyi 5 ilin 4 ili üçün əmək məzuniyyəti verilməmiş, bunun əvəzi də ödənilməmişdir. 4 ilə görə 84 gün üçün verilməli olan məzuniyyət pulu son haqq hesabda verilməmiş və bu məbləğ 3.052,22 manat təşkil edir.

4. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının iddiası əsassızdır və o təmin edilə bilməz. Iddiaçı iddia ərizəsində qeyd edib ki, guya o iş saatından əlavə və ya gecə vaxtı işləmişdir. Lakin bunu isbat edəcək heç bir mötəbər sübut və ya dəlil məhkəməyə təqdim etməmişdir. Iddiaçı İddiaçı məhkəməyə təqdim etdiyi yazışmaların işçilər tərəfindən nə məqsədlə aparıldığı onlara məlum deyil və müəssisə rəhbərliyi tərəfindən yazışmalarda göstərilən məsələlərlə bağlı heç bir göstəriş verilməmişdir.

5. Həmçinin, cavabdeh Cavabdeh MMC iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim X4).

7. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, işəgötürən ilə işçi arasında əmək münasibətləri əmək müqaviləsi əsasında yaranır. İddiaçı cavabdeh Cavabdeh MMC-dən iş vaxtından artıq işlədiyi vaxta görə əmək haqqı hesablanmaqla ona ödənilməsini, həmçinin məzuniyyət haqqının və dəbbə pulunun ona ödənilməsini tələb edir. İddiaçının təqdim etdiyi yazışma mətnlərindən, eyni zamanda məhkəmənin qərarı ilə əldə edilmiş “xxxx” MMC-dən daxil olmuş anten məlumatları ilə onun iş vaxtından artıq müddət ərzində iş yerində olduğu təsdiqini tapmışdır. Lakin iddiaçı iş vaxtından artıq iş yerində olsa da, həmin müddətdə məhz əmək funksiyalarının icrasına cəlb edildiyini sübut edə bilməmişdir. Həmçinin, iddiaçı 2020-2024-cü illər ərzində məzuniyyət pulunun ona ödənilmədiyini bildirir. Bununla bağlı, məhkəmə qeyd edir ki, qanunvericilikdə pul və digər əmlak tələbləri ilə əlaqədar 1 illik iddia müddəti nəzərdə tutulmuşdur. Cavabdeh Cavabdeh MMC iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər.

9. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.

10. Beləliklə, iddiaçı məzuniyyət pulunun hesablanması və ona ödənilməsi ilə qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci, 83.2-ci, 87.1-ci, 99.1-ci, 110.1-ci, 143-cü, 144.2-ci, 165-ci, 294-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 220.5-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli qərarına və Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına istinadən əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4cü hissəsində qanunverici əmək münasibətlərində pul və digər əmlak tələbləri ilə bağlı mübahisələr üçün konkret olaraq 1 illik iddia müddəti müəyyən edib. Həmin maddədə nəzərdə tutulan “pul” tələbi ifadəsi əslində geniş anlayış olmaqla, əmək haqqını, ona əlavələrin ödənilməsini, məzuniyyət pulunu və sair ehtiva edir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. O, öz pozulmuş hüququnu işdən azad olunduğu gün onun istifadə edilməmiş məzuniyyətə görə pulun və iş vaxtından artıq işlədiyi dövr üçün əmək haqqının ödənilmədiyini bildikdən sonra 1 il keçmədən məhkəmədə iddia qaldırmışdır. Hazırki, mübahisə üzrə cavabdehin davranışları vicdanlı olmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən halları məhkəməyə təhrif olunmuş formada təqdim etmişdir. Onun iş yerində olduğu halda əmək funksiylarının yerinə yetirəməsinin sübut edilməsi ilə bağlı gətirilmiş dəlili işin halları ilə təkzib olunur. Belə ki, iş yeri onun yaşadığı ünvandan kifayət qədər uzaqda olmaqla həmin ərazidə hər hansı yaşayış sahəsi mövcud deyil. Burada sübut etmə yükü məhz cavabdehin üzərinə qoyulmalı və cavabdeh onun əmək funksiyasının icrası ilə bağlı deyil, məhz başqa hansı məqsədlə orada olmasını sübut etməli idi. Bu hal həmçinin, cavabdehin nümayəndəsinin də təsdiq etdiyi kimi həmin MMC-də əmək münasibətlərində olan şəxslərdən ibarət olan Whatsapp qrupu yazışma mətnlərindən də aydın olunur ki, məhz şirkətin rəhbər şəxsləri onu və digər şəxsləri işə dəvət edir. Qeyd edir ki, onun iş yerində olduğu halda əmək funksiylarının yerinə yetirəməsinin sübut edilməsi ilə bağlı gətirilmiş dəlili işin halları ilə təkzib olunur. Belə ki, iş yeri onun yaşadığı ünvandan kifayət qədər uzaqda olmaqla həmin ərazidə hər hansı yaşayış sahəsi mövcud deyil.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehdən əlavə iş vaxtına görə ödəniş tələb etsə belə, müraciətinə baxılmırdı. Hazırda da işçilər həmin iş yerində eyni qaydada işləyir. O, 800 manat maaş alırdı. İşsiz qalmamaq üçün bu şərtlərlə işləməyə razılaşmışdır. Həftədə 2 gün, yəni 6-cı və bazar günləri istirahət günü olmuş, il ərzində heç vaxt icazə almamış, məzuniyyətə çıxmamışdır. Həftənin birinci günü səhər saat 9:00-da işə gəlirdi, ondan sonrakı günlər iş saatları bəlli olmurdu. Nə vaxt çağırsalar işə gedirdi. Elə vaxt olurdu 3 saat evdə olurdu. 5ci gün axşam saat 21:00-dək belə rejim olurdu. Bəzən günorta 15:00-da gəlib səhərə qədər işləyirdilər. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. İştirak etdiyi məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 Mövsum oğlu apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

17. Iştirak etdiyi məhkəmə iclasında cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə etirazın və iddia müddətinin tətbiqinə dair ərizənin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 95-ci maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir; 97-ci maddəsinin 1-ci hissəsinə əsasən saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır; 99-cu maddəsinin 1-ci bəndinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır; 110-cu maddəsinin 1-ci bəndinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər; 135-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş əsas məzuniyyətlərin (21 və ya 30 təqvim günü) bir iş ilindən başqa iş ilinə keçirilməsi, habelə əmək məzuniyyətlərinin dalbadal iki il ərzində verilməməsi qadağandır; 143-cü maddəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin “a” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilir; 144-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir; 154-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 157-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir; 165-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir; 166-cı maddəsinin 1-ci hissəsinə əsasən gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir; 166-cı maddəsinin 2-ci hissəsinə əsasən gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir; 172-ci maddəsinin 5-ci bəninə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir; əvvəlki redaksiyada 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir; 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli, ## ##### 2001-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı, o cümlədən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən 3 həftə sınaq müddəti ilə cavabdeh cəmiyyətə Anbar bölməsinə fəhlə vəzifəsinə işə qəbul edilmiş, işçinin aylıq əmək haqqı 450 manat, iş vaxtı gündəlik 8 saatdan, həftəlik isə 40 saatdan artıq olmaqla müəyyən edilmişdir. Sonradan, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə bir neçə dəfə dəyişiklik edilərək, onun əmək haqqı artırılmışdır (565 manat, 690 manat, 790 manat və 850 manat). İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz xahişi ilə) əsasən cavabdehin ##.##.2025-ciil tarixli əmri ilə həmin tarixdən xitam verilmişdir.

28. Hazırda iddiaçı əmək müqaviləsi üzrə gündəlik 8, həftəlik 40 saat iş vaxtının müəyyən edilməsinə baxmayaraq, əmək müqaviləsi bağlandığı tarixdən xitam verildiyi tarixədək cavabdeh tərəfindən iş vaxtından artıq vaxt ərzində, o cümlədən gecə saatları və bayram günlərində işə cəlb edildiyini (həftədə təxminən 65-70 saat), habelə işlədiyi dövr ərzində məzuniyyət hüququndan yalnız bir dəfə istifadə etdiyini iddia edir və əmək müqavilə bağlandığı tarixdən (##.##.2020-ci il) əmək müqaviləsinə xitam verildiyi tarixədək müddət ərzində işlədiyi iş vaxtından artıq vaxta görə əmək haqqının, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın və bu məbləğlərin gecikdirilməsinə görə ödəncin cavabdehdən tutulmasını tələb edir.

29. Cavabdeh iddianı qəbul etmir, iddiaçının iş saatından əlavə və ya gecə vaxtı işə cəlb edilmədiyini, məzuniyyətə görə müəyyən edilmiş məbləğin ödənildiyini, habelə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini ötürüldüyünü bildirir və iddianın rədd edilməsini xahiş edir.

30. Məhkəmə kollegiyası iş materiallarında cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin olduğunu nəzərə alaraq ilk növbədə hazırki iddiaya iddia müddətinin tətbiq edilib-edilməməsi aspektindən qiymət verilməli olduğunu zəruri hesab edir.

31. Bu konteksdə məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

32. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə ##.##.2009-cu il tarixli qərarı).

33. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə ##.##.2000-ci il tarixli qərar).

34. Bu baxımdan iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur.

35. Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsini mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı.

36. Xüsusilə qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən məzmun etibarı ilə azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi və bunun əsası barədə məlumatsız olması mənasını daşıya bilməz.

37. Bu baxımdan məhkəmə kollegiyası qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət vermək üçün iddiaçının hazırda qaldırdığı tələb üzrə hüququnun pozulduğu barədə məlumatlı olduğu tarixin başlanğıcının müəyyən edilməsini labüd sayır.

38. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, iddiaçının öz tələbində istinad etdiyi hallardan, habelə tələbin mahiyyətindən də aydın olduğu kimi iddiaçı iddia etdiyi əlavə əmək haqqının verilməməsindən məhz hər ay əmək haqqı alarkən artıq məlumatlı olmuşdur. İddiaçı hətta işsiz qalmaması üçün bu şərtlərlə razılaşdığını bildirir ki, bu da həqiqətdə mövcud olduğu təqdirdə belə, onun bu məsələdən məhz ilk aya görə əmək haqqı aldığı vaxtdan məlumatlı olmasını təsdiq edir.

39. Bununla belə, iddiaçı iddia edilən əmək hüququnun pozulduğunu əvvəlcədən bildiyi halda mübahisə ilə bağlı yalnız ##.##.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, ##.##.2025-ci il tarixdə ona mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş və iddiaçı ##.##.2025-ci il tarixdə hazırki tələblərlə məhkəməyə müraciət etmişdir. Onunla bağlanmış əmək müqaviləsinə isə ##.##.2025-ci il tarixli əmrlə həmin tarixdən xitam verilmişdir. Bu halda, əmək haqqı tələbinə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddəti tətbiq edilməlidir. Belə olan halda, iddiaçı hüquqi nəticə etibarı ilə mediasiya təşkilatına müraciət etdiyi tarixdən bir il əvvəlki, yəni ##.##.2024-cü il tarixdən başlayaraq əmək müqaviləsinə xitam verildiyi ##.##.2025-ci il tarixədək iş vaxtından artıq işə görə ödənilməmiş əmək haqqı tələbinə münasibətdə iddia müddətini ötürməmişdir. Ona görə də, ##.##.2024-cü il tarixdən əvvəlki dövrə aid hissədə bu tələb iddia müddəti tətbiq edilməklə rədd edilməli, bu tələbə ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr əsas götürülməklə hüquqi qiymət verilməlidir.

40. Məhkəmə kollegiyası qeyd edilən dövr üzrə bu tələbə münasibətdə qeyd edir ki, iddiaçı bu tələbini təsdiq edən halları sübuta yetirə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi hallara, yəni hansı tarixlərdə və hansı müddətə iş vaxtından artıq vaxt ərzində işlərə cəlb olunmasına dair nəinki konkret sübut, ümumiyyətlə hər hansı konkret məlumat təqdim edə bilməmişdir. Ümumiyyətlə iddiaçı öz mövqeyini ümumi sözlərlə əsaslandırır, hətta həftə ərzində 70 saat işlədiyini ehtimal edir (iddia ərizəsində “Belə olan halda, ümumi olaraq iddiaçının 70 saat işləməsini deyə bilərik” cümləsi qeyd edilmişdir). İddiaçının verdiyi izahatdan isə belə qənaətə gəlmək olur ki, iddiaçı heç də həmişə səhər saat 90:00da iş yerində olmamış, ümumiyyətlə əmək müqaviləsində göstərilən iş saatlarında (09:00 – 18:00) deyil, tam fərqli saatlarda əmək funksiyalarını yerinə yetirmişdir.

41. İddiaçı tərəfindən təqdim edilən “whatsapp” proqram təminatı üzərindən aparılmış yazışmadan çıxarış da iddianın əsaslı olmasına dəlalət etmir və bu tələbin tam və ya qismən təmin edilməsi üçün hər hansı əsas yaratmır. Ümumiyyətlə həmin yazışmada qrup şəklində iştirak edən şəxslərin kimliyi ilə yanaşı, iddiaçının özünün həqiqətən də bu yazışmada iştirak etməsi, onun hansı telefon nömrəsi üzərindən yazışma aparması məlum deyil. Həmin yazımada “Vusal.xxxx” adı altında iştirak edən şəxsin məhz iddiaçı olması öz təsdiqini tapmır. Bir sıra şəxslərin adlarının yanında Cavabdeh sözü qeyd edilsə də, bəzilərinin yalnız adı qeyd edilmişdir. Halbuki, işə aid olan qrup olaraq bütün iştirakçılar məhz cavabdeh cəmiyyətin əməkdaşları olmalı idi. lakin bu şəxslərin də cavabdehə aid olması qeyd edilməmişdir. Yazışmaya əsasən iş vaxtının başlanması iki şəxs, yəni “Yelena Xanım” və “Vugar xxxx” adı altında qeyd edilən şəxslər tərəfindən müəyyən edilir. Halbuki, kimliyi ilə yanaşı, bu şəxslərin belə bir səlahiyyətə malik olmaları da müəyyən edilmir. Digər tərəfdən yazışmada “Cehyhun.xozein” adı altında qeyd edilən şəxsin iştirak etməsi, onun rəhbər olması anlamına gəlir və belə olan halda, hansı səbəbdən iş vaxtının başlaması müddətinin onun tərəfindən deyil, qeyd edilən iki şəxs tərəfindən müəyyən edilməsi də aydın deyil.

42. Bundan əlavə iddiaçının həqiqətəndə bu yazışmada qeyd edilən saatlarda iş yerinə gəlməsi əsas götürüldüyü təqdirdə belə çıxır ki, iddiaçı 2024-cü ilin aprel – 2025-ci ilin yanvar ayları üzrə hər ayın təxminən yarısından da artıq müddət ərzində iş yerində olmamışdır. Belə ki, həmin yazışma məsələn may ayının cəmi (01, 07, 08, 12, 14, 15, 16, 20, 21, 22, 23, 25, 27, 28, 31) 15 gününü, iyun ayının cəmi (02, 03, 06, 10, 11, 13, 14, 15, 16, 17, 18, 20, 21, 25, 27) 15 gününü, iyul ayının cəmi (02, 03, 05, 10, 16, 19, 30, ) 7 gününü, sentyabr ayının cəmi (03, 10, 11, 12, 17, 19, 24) 7 gününü əhatə edir. Həmin aylar üzrə başqa günlərdə iş yerinə gəlmə vaxtının müəyyən edilməsi ilə bağlı hər hansı ismarıc mövcud deyil. Bundan əlavə ismarıclarda işin başlanğıc vaxtları qeyd edimiş, lakin bu şəxslərin hansı müddət ərzində iş yerində olacaqları barədə hər hansı fikir söylənilməmiş və müzakirə aparılmamışdır. Qeyd edilənlər öz növbəsində həmin yazışmanın bu tələbin əsaslı olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilməsini istisna edir.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarına əsasən “xxxx” MMC-dən əldə edilmiş anten məlumatlarına istinadən vurğulayır ki, iddiaçının bir sıra hallarda iş vaxtına aid olmayan vaxtlarda iş yerinin olduğu ərazidə olması, hələ onun işəgötürənin tapşırığı əsasında həmin vaxt əmək funksiyalarını icra etməsi anlamına gəlmir. Onun həmin müddət ərzində işəgötürən tərəfindən məhz əmək funksiyalarının icrasına cəlb edildiyini təsdiq edən hər hansı sübut, habelə işəgötürənin bu barədə əmri mövcud deyil. Həmçinin, bu məlumatlardan da iddiaçının heç də həmişə əmək müqaviləsi üzrə müəyyən edilmiş günlərdə və saatlarda iş yerinin yerləşdiyi ərazidə olduğu müəyyən edilmir. Həmin məlumatlardan iddiaçının iş vaxtı ərzində ümumiyyətlə fərqli ünvanlarda olduğu da öz təsdiqini tapır, lakin bütün bu ünvanlarda onun məhz əmək funksiyalarını yerinə yetirdiyi aşkar deyil. Hər bir halda, iddiaçının iş yerinin konkret olaraq bir ünvanı var və normalda bütün anten məlumatları da müxtəlif deyil, məhz həmin ünvanı göstərməlidir.

44. İş materiallarına əlavə edilmiş və yol-nəqliyyat hadisəsini əks etdirən fotoşəkillərin isə hüquqi nəticə etibarı ilə iddiaçının iş saatlarından artıq saatlarda işləməsi ilə hər hansı əlaqəsi yoxdur. İfadəsi alınmış hər iki şahid isə artıq cavabdeh cəmiyyətdə işləmədiklərini bildirmişdilər. Onlar da iş saatları ilə bağlı iddiaçının mövqeyindən çıxış etsələr də bununla bağlı cavabdehə qarşı məhkəmə qaydasında hər hansı tələb irəli sürdükləri müəyyən edilmir. Qeyd edilənlər öz növbəsində bu tələb üzrə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir.

45. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, əmək qanunvericiliyində əmək haqqına əlavəyə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənc kimi tərif verilmişdir. İddiaçıya da vəzifə maaşı ilə yanaşı, həmçinin, hər ay əmək haqqına əlavə də ödənilmiş və işlədiyi dövrdə bu əlavə bir neçə dəfə artırılmışdır.

46. Məhkəmə kollegiyası “istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbi ilə bağlı da eyni mövqedən çıxış edir, həmçinin, iş materiallarına istinadən qeyd edir ki, iddiaçı cavabdeh cəmiyyətdə işlədiyi dövr ərzində bu huqundan istifadə etmiş (##.##.2022-ci il, ##.##.2023-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il tarixli məzuniyyət əmrləri) və məzuniyyət pullarını almışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli əmrə əsasən iddiaçıya həmçinin, ##.##.2024-cü il – ##.##.2025-ci il iş dövrü üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə 19 gün üçün pul əvəzi də ödənilmişdir. Bu dövrdən əvvəlki dövrdə məzuniyyət pulunun tələb olunan məbləğdən aşağı məbləğdə ödənilməsi halı mövcud olmuşdursa da, yaranmış fərq həmin dövrə iddia müddətinin tətbiq edilməsi səbəbindən tutula bilməz. Bu səbəbdən məhkəmə kollegiyası bu hissədə də apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

47. Məhkəmə kollegiyası iddia üzrə irəli sürülmüş “gecikdirilmiş müddət üçün ödəncin verilməsi” tələbinin digər tələblərə münasibətdə törəmə tələb olduğunu, bu tələbin təmin edilib-edilməməsinin bilavasitə həmin tələblərin təmin edilib-edilməməsindən asılı olduğunu və həmin tələblərin təmin edilməməsi qənaətinə gəlindiyini nəzərə alıb, hesab edir ki, bu tələb də təmin edilə bilməz. Bu mövqedən çıxış edərək, məhkəmə kollegiyası hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xərcin əvəzinin tutulması tələbini də əsassı hesab edir.

48. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə və ya ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar