Məhkəmə qərarları › İş №2(103)-676/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-676/2024

23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-676/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşı iş üzrə (Açar sözlər: barışıq sazişi üzrə borcun tutulması; barışıq sazişinin bəzi müddəalarının ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X6 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “barışıq sazişi üzrə borcun tutulması tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “barışıq sazişinin bəzi müddəalarının ləğvi tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-308/2023 nömrəli 01 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 23 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş Barışıq sazişinə görə İddiaçı ilə Cavabdeh arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə uyğun olaraq barışıq sazişi bağlanmışdır. Bu Müqaviləni bağlamaqla öz aralarında hüquqlar və iddialar barəsində mübahisələri qarşılıqlı güzəştlər yolu ilə müqavilənin bəndlərində göstərilən qaydada həll etməyi öhdələrinə götürmüşlər.

2. Həmin sazişin 2.1-ci bəndinə əsasən ikinci tərəf Tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə doğulmuş X9 və X8 (bundan sonra “uşaqlar” adlandırılacaq) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-2534/2017 nömrəli qətnaməsinə əsasən saxlanılması üçün Birinci tərəfə ödəməli olduğu alimentə görə xx.xx.2017-ci il tarixə olan 3.000 (üç min) manat borcunu bu Müqavilənin qüvvəyə mindiyi tarixdən sonrakı aydan başlayaraq həmin qətnamə ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat alimentə hər ay 200 (iki yüz) manat əlavə ödəməklə 15 (on beş) ay müddətində tam ödəməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-2534/2017 nömrəli gətnaməsinə əsasən İkinci tərəf hər ay 800 (səkkiz yüz) manat alimenti Birinci tərəfə ödəməyi öhdəsinə götürür.

3. Həmin sazişin 2.2-ci bəndinə əsasən ikinci tərəf uşaqların saxlanılması üçün qətnamə ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat alimentdən əlavə gələcəkdə uşaqların sağlamlığı ilə bağlı tibbi xərclərin yarısını ödəyəcək. Bununla bağlı, müvafiq tibbi xidmətlər va dərman preparatları üçün ehtiyac yarandıqda, Birinci tərəf İkinci tərəfə öncədən məlumat verəcək və tərəflər uşaqların tibbi ehtiyaclarını birlikdə razılaşdıracaqdır.

4. Həmin sazişin 2.3-cü bəndinə əsasən ikinci tərəf uşaqların gələcəkdə anaları ilə birlikdə ölkə daxilində və xaricində istirahəti üçün illik 500 (beş yüz) manat məbləğində vəsaiti bu müqavilə imzalandıqdan sonra hər ildə bir dəfə olmaqla Birinci tərəfə ödəməlidir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(005)- 3161/2021 saylı qətnaməsinə görə tərəflər arasında 50 saylı notariat kortorunda bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 (bir min beş yüz) manat məbləğində pulun yarısı, yəni 750 (yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, tərəflər arasında 50 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X8 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 (beş yüz) manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1.500 (bir min beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8414/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tahxli 2(005)- 3161/2021 saylı qətnaməsi, tutulan alimentin məbləği hissəsində qismən ləğv edilmiş, iddiaçı Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X4 üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8414/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(005)- 3161/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və xərc tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata “iddiaçı və cavabdeh arasında 50 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 manat məbləğində pulun yarısının, yəni 750 (yeddi yüz əlli) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 50 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən Cavabdeh xx.xx.2009cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X8 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 (beş yüz) manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1500 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi” hissəsində xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş Barışıq sazişinin 2.1-ci, 2.2-ci və 2 3-cü bəndləri üzrə öhdəliklərin tam və vaxtında icra edilməsinin cavabdehin üzərinə qoyulması, bu məqsədlə tərəflərin birgə nikahdan olan övladlarının saxlanmaları üçün razılaşdırılmış aliment üzrə yaranmış və ödənilməmiş 2.900 manat borcun, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X8 müayinə və müalicələrinə çəkilmiş 1500 manat xərcin yarısının, yəni 750 manat borcun, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X8 ölkə daxilində və (və ya) xaricində istirahətləri üçün illik 500 manat olmaqla, hər il ödənilməli olan, lakin cavabdehin ödəmədiyi cəmi 2500 manat borc olmaqla ümumilikdə 6150 manat borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə qəbul olunduğu dövrdə maddi vəziyyəti yaxşı olduğundan və övladlarına olan bağlılığından alimentdən əlavə ödənişlər ödəməyi könüllü olaraq öz öhdəsinə götürmüş, lakin artıq onun maddi vəziyyəti və həyat xərcləri Sazişin imzalandığı dövrə münasibətdə kəskin surətdə dəyişdiyi üçün Sazişin sözügedən müddəalarının tələblərini yerinə yetirə bilmir və buna görə də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı Sazişin 2.2 və 2.3-cü maddəalarının ləğvi zərurəti yarandığından onunla İddiaçı arasında xx.xx.2017-ci il tarixində bağlanmış Barışıq sazişinin 2.2 və 2.3-cü bəndlərinin ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər birgə nikah dövründə əldə olunmuş əmlak, birgə övladlarının saxlanılması üçün aliment və digər xərclərlə bağlı aralarında barışıq sazişi bağlamaq qərarına gəlmişlər. Bu məqsədlə onlar 24.11 2017-ci il tarixdə Barışıq sazişi bağlamış və həmin Saziş Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmişdir. İş üzrə tərəflər arasında barışıq sazişi könüllü olaraq bağlanmış, Sazişdə tərəflərin iradə ifadəsi əks olunmuş və barışıq sazişində götürülən öhdəliklər, barışıq sazişinin şərtləri və bəndləri bir-birindən aslı olaraq müəyyən edilməklə bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli Saziş hal-hazırda da qüvvədədir. O Saziş üzrə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etməsinə baxmayaraq cavabdeh Barışıq Sazişindəki öhdəliklərini əvvəllər icra etsə də son vaxtlar lazımınca yerinə yetirməmişdir. Belə ki, həmin Sazişin 2-ci bəndinə əsasən Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)- 2534/2017 nömrəli qətnaməsi ilə uşaqların saxlanılması üçün ödəməli olduğu alimentə görə xx.xx.2017-ci il tarixə olan 3.000 manat borcunu Sazişin qüvvəyə mindiyi tarixdən sonrakı aydan başlayaraq həmin qətnamə ilə müəyyən edilmiş 800 manat alimentə har ay 200 manat əlavə ödəməklə 15 ay müddətində tam ödəməli, məhkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün hər ay müəyyən edilmiş 800 manat məbləğində alimentdən əlavə gələcəkdə uşaqların sağlamlığı ilə bağlı tibbi xərclərin yarısını ödəməyi, habelə uşaqların gələcəkdə anaları ilə birlikdə ölkə daxilində və xaricində istirahətləri üçün hər il 500 manat birdəfəlik pul vəsaitini ödəməli idi. Lakin Cavabdeh həmin öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun uşaqların saxlanılması üçün razılaşdırılmış tibb xərcləri üzrə 750 manat, istirahət xərcləri üzrə isə 2.000 manat borcu yaranmışdır. Belə ki, Cavabdeh Saziş üzrə ödəməli olduğu 2022-ci ilin aprel, may, iyun, iyul, avqust ayları üzrə, ümumilikdə qalıq 2900 manat aliment borcunu ödəməmişdir. Bundan başqa, tərəflərin birgə övladları 2021-ci ildə “COVİD-19" xəstəliyinə yoluxmuşlar. Hamı üçün bəlli olan faktdır ki, qeyd edilən xəstəliyin müalicəsi üçün tələb olunan dərman preparatlarının qiymətləri baha və az tapılandır. Lakin o uşaqlarının həyat və sağlamlığını hər şeydən üstün tutaraq, borca girmiş və uşaqlarının sağalmasına nail olmuşdur. Bütün bunlara o, cəmi 1500 manat xərc çəkmişdir. Lakin Cavabdeh uşaqların müalicəsində iştirak etməmiş, 1500 manat vəsaitin 1/2 hissəsini, yəni 750 manat vəsaiti də ona ödəməmişdir. X5 övladlarının istirahəti üçün hər il üçün ödəməli olan 500 manat vəsaiti ödəməmişdir ki, bu da 2018-2022-ci illər üzrə ümumilikdə 2500 manat təşkil edir. Saziş üzrə ödənilməli olan 2500 manat uşaqların istirahəti üçün pul vəsaiti də cavabdehdən tutulub ödənməlidir. Göründüyü kimi, Cavabdeh bağlanmış müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə onun cəmi 6150 manat ödənilməmiş borcu yaranmışdır. Cavabdeh nəinki aralarında bağlanmış müqavilə öhdəliklərini lazımınca icra etməmiş, hətta “aliment məbləğinin azadılması" barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, o isə öz növbəsində “aliment məbləğinin artırılması və xərclərin tutulması" tələbi ilə qarşılıqlı iddia irəli sürmüşdür. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3161/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ona qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair ilk iddia ərizəsi təmin edilməmiş, onun iddiası qismən təmin edilmiş, tərəflər arasında 50 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2017-cı il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 manat məbləğində pulun yarısı, yəni 750 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi, tərəflər arasında 50 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişinin 2.3cü bəndinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X8 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1500 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən tərəflər apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8414/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, onun apellyasiya şikayəti rədd edilmiş, Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tahxli 2(005)- 3161/2021 saylı qətnaməsi, tutulan alimentin məbləği hissəsində qismən ləğv edilmiş, iddiaçı Cavabdeh onun xeyrinə, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X4 üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin eyni tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(005)-3161/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, “aliment məbləğinin artırılması və xərc tutulması" tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata “iddiaçı və cavabdeh arasında 50 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 manat məbləğində pulun yarısının, yəni 750 (yeddi yüz əlli) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 50 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X8 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 (beş yüz) manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1500 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi" hissəsində xitam verilməsi qərara alınmışdır.

11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, uşaqların saxlanması üçün hər ay ondan hər bir uşaq üçün 400 AZN olmaqla ümumilikdə 800 AZN aliment tutulması qət olunmuşdur. Daha sonra tərəflər birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi, eləcə də, birgə övladlarının saxlanması ilə bağlı aliment və digər xərclərin ödənilməsi ilə bağlı məsələləri tənzimləmək məqsədi ilə xx.xx.2017-ci il tarixində 50 saylı Notariat kontorunda barışıq sazişi imzalamışlar. Həmin dövrdə maddi vəziyyəti yaxşı olduğundan və övladlarına olan bağlılığından alimentdən əlavə ödənişlər ödəməyi könüllü olaraq öz öhdəsinə götürmüşdür. Belə ki, Sazişin 2.2-ci maddəsinə əsasən uşaqların sağlamlığının təmin edilməsi ilə bağlı birgə razılaşdırılmış tibbi xərclərin yarısını ödəməyi, 2.3-cü maddəsinə əsasən isə uşaqların anaları ilə birgə istirahətini təmin etmək üçün hər il 500 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Daha sonra maddi vəziyyətində yaranan sıxıntılarla əlaqədar alimentin azaldılması tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsi iddianı rədd etsə də, Bakı Apellyasiya Məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək tərəfindən ödəniləcək alimentin məbləği 800 manatdan 400 manata endirilmişdir. Lakin artıq maddi vəziyyəti və həyat xərcləri Sazişin imzalandığı dövrə münasibətdə kəskin surətdə dəyişdiyi üçün Sazişin sözügedən müddəalarının tələblərini yerinə yetirə bilmir və buna görə də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı Sazişin 2.2 və 2.3-cü maddəalarının ləğvi zərurəti yaranmışdır. Belə ki, ilk olaraq onu qeyd etmək lazımdır ki, 22 dekabr 2018-ci il tarixində yenidən nikaha daxil olmuşdur və həmin nikahdan xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixlərində iki övladı dünyaya gəlmişdir. Bir insanın tək yaşaması ilə iki azyaşlı uşağın da olduğu 4 ailəyə baxması arasındakı fərqi izah etməyə, hesab edirik ki, ehtiyac yoxdur. Yəni Saziş bağlanan tarixdə yalnız öz xərclərini ödəməli idisə hal-hazırda özünə, həyat yoldaşına və yeni nikahdan doğulan iki azyaşlı uşağına baxmalı, eləcə də İddiaçı ilə birgə nikahdan doğulmuş övladlarına aliment ödəməlidir. Lakin keçən zaman ərzində dəyişən təkcə xərcləri deyil, həm də gəlirləri olmuşdur. Belə ki, xx.xx.2020ci il tarixində işdən çıxmışdır və hazırki vaxta qədər də işsizdir və heç bir gəlirə də malik deyildir. Həmçinin, əvvəllər öz evində yaşayırdısa da 04 sentyabr 2021-ci il tarixində ona məxsus olan evi yaranmış borclarını ödəmək məqsədilə X2. Halhazırda ailəsi ilə birlikdə qardaşına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi 36 ünvanındakı evdə yaşayır. Odur ki, belə vəziyyətdə yaranan münasibətlər yalnız Mülki Məcəllə ilə tənzimlənməlidir. Eləcə də, Sazişin 10-cu maddəsinə əsaəsn, Tərəflər arasında bu Sazişlə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 may 2023-cü il tarixli 2(005)-308/2023 nömrəli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) ilkin iddia tələbi qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X8 müayinə və müalicələrinə çəkilmiş xərclər üzrə 292.77 (iki yüz doxsan iki manat yetmiş yeddi qəpik) manat pulun tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddia üzrə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X8 ölkə daxilində və (və ya) xaricində istirahətləri üçün 2021-ci və 2022-ci illər üzrə ödənilməmiş illik 500 (beş yüz) manat olmaqla cəmi 2500 (iki min beş yüz) manat pulun tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddia tələbi üzrə ərizənin qalan hissələrdə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 oktyabr 2023-cü il tarixli 2(005)-308/2023 nömrəli qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsinə dair qərardadı ilə (hakim Səbinə Nuriyeva) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-308/2023 nömrəli qətnaməsinin “əsaslandırma” hissəsində “2018-ci və 2022-ci illər” ifadəsi, “2018-2022-ci illər” kimi, nəticə hissəsinin 3-cü abzası “İlkin iddia üzrə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X8 ölkə daxilində və (və ya) xaricində istirahətləri üçün 2021-ci və 2022-ci illər üzrə ödənilməmiş illik 500 (beş yüz) manat olmaqla cəmi 2500 (iki min beş yüz) manat pul tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin.” dəyişdirilərək “İlkin iddia üzrə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X8 ölkə daxilində və (və ya) xaricində istirahətləri üçün 2018-2022-ci illər üzrə ödənilməmiş illik 500 (beş yüz) manat olmaqla cəmi 2500 (iki min beş yüz) manat pul tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin.” kimi oxunması qərara alınmışdır.

14. Məhkəmə göstərmişdir ki, ilkin iddia tələbinin 2-ci və 4-cü hissəsləri üzrə tərəflər arasında daha əvvəl məhkəmə mübahisələrinin olması və həmin mübahisələr üzrə qəbul edilmiş məhkəmə aktlarının hazırki ilkin iddia tələbinin hissələri üzrə preyudisial əlaqəsi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı xx.xx.2009cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X1 və istirahət xərclərinə dair tərəflər arasında bağlanmış barışıq sazişinin müvafiq bəndləri üzrə daha əvvəl məhkəmə mübahisəsinin olması müəyyən edilmişdir. Belə olan halda ilkin iddia tələbinin 2-ci hissəsi üzrə ödənilməsi tələb olunan 2900 manat yığılmış aliment borcuna dair iddiaçının əsaslandığı hallarla razılaşmayan məhkəmə tələbin qeyd olunan hissəsi üzrə artıq qüvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 8414/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halların mübahisələndirməsi və ya yenidən tələb edilməsi halını qanunvericiliyə zidd hesab edir. Belə ki, həmin qətnamə ilə xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X3 üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Qeyd olunan məhkəmə aktı üzrə müəyyən edilmiş alimentin yığılaraq ödənilməmiş hissələrinə dair məsələlər həmin qətnamənin icrasını icra edən müvafiq orqanların vəzifələri daxilindədir. Odur ki, ilkin iddia tələbinin 2-ci hissəsi əsassız olaraq qaldırılmış tələbdir.

15. Eyni zamandan məhkəmə ilkin iddia tələbinin 4-cü (xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X8 ölkə daxilində və (və ya) xaricində istirahətləri üçün illik 500 manat olmaqla, hər il ödənilməli olan, lakin cavabdehin ödəmədiyi cəmi 2500 manat borcun ödənilməsi) hissəsinə münasibətdə qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən tələbin qeyd olunan hissəsinə dair apardığı hesablamaya dair əsaslandırma əsaslıdır. Belə ki, ilkin iddia üzrə iddiaçı tələbin xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X8 ölkə daxilində və (və ya) xaricində istirahətləri üçün illik 500 manat olmaqla, hər il ödənilməli olan müddətinin axımını tərəflər arasında bağlanmış barışıq sazişinin bağlandığı tarixdən götürərək ödənilməmiş öhdəliyi 5-il nəzərə almaqla 2500 manat miqdarında müəyyən etmişdir. Məhkəmə araşdırması zamanı ilkin iddia üzrə cavabdeh tərəfindən barışıq sazişinin qeyd olunan bəndi üzrə götürdüyü öhdəliyə dair iddiaçıya ödəniş etməsinə barədə hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia tələbində qeyd olunan öhdəlikləri əhatə edən barışıq sazişinin müvafiq bəndlərinin ləğvinə dair tələbinin əsaslandırmasında da bu halı təsdiq etmişdir. Belə olan halda hazırda ilkin iddia tələbinin 4-cü hissəsi üzrə məhkəmə tələbi əsaslı hesab edir.

16. Məhkəmə ilkin iddia tələbinin 3-cü (xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X8 müayinə və müalicələrinə çəkilmiş 1500 manat xərcin yarısının, yəni 750 manat borcun tutulması” ) hissəsinə münasibətdə qeyd etmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan uşaqların müayinə və müalicələrinə çəkilmiş xərclər cəmi 585.54 manat müəyyən edilmişdir. Qeyd olunan xərclərə ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən aid edilmiş ödənişlər barədə sənədlər qanunvericliklə müəyyən edilmiş qaydada mötəbərlik xüsusiyyətləri daşımayan sənədlər olması səbəbindən ilkin iddia tələbinin 3-cü hissəsinə münasibətdə nəzərə alınmamışdır. Belə ki, həmin sənədlərdə göstərilən xidmətlərin kimə göstərilməsi, habelə ödəniş sənədləri üzrə ödənişlərin edilibedilməməsi müəyyən etmək mümkünsüzdür. Eyni zamanda ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən bu halları təkzib edəcək hər-hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş 585.54 manat pulun yarısı yəni 292.77 manat hissəsi ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə cavabdehin xeyrinə tutulmalıdır.

17. Məhkəmə ilkin iddia tələbinin 1-ci (Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş Barışıq sazişinin 2.1-ci, 2.2-ci və 2 3-cü bəndləri üzrə öhdəliklərin tam və vaxtında icra edilməsinin Cavabdeh üzərinə qoyulması) hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə qeyri-müəyyəndir. Belə ki, mübahisənin müəyyən edilmiş hallarından göründüyü kimi hər iki tərəf arasında barışıq sazişi könüllü olaraq bağlanmış, Sazişdə tərəflərin iradə ifadəsi əks olunmuş və barışıq sazişində götürülən öhdəliklər, barışıq sazişinin şərtləri və bəndləri bir-birindən aslı olaraq müəyyən edilməklə bağlanmışdır. Belə olan halda qeyd olunan saziş üzrə davam edən öhdəliklərin mütəmadi icrası tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyən edilmiş formada əməl olunması qüvvədə olan qanunvericiliyin təsiri altındadır. Tərəflər bağlanmış saziş üzrə götürdükləri öhdəlikləri icra etmədiyi halda hüquqları pozulmuş tərəf bağlanmış saziş üzrə müəyyən edilmiş halda, bu hallar tərəflər arasında bağlanmış Sazişin müddəalarında nəzərdə tutulmadığı halda qanunla müəyyən edilmiş qaydada pozulmuş hüquqlarının bərpasına nail ola bilərlər. Odur ki, məhkəmə ilkin iddia tələbinin 1-ci hissəsi tələbin qeyri-müəyyən olması səbəbindən əsassız hesab edir.

18. İlkin iddia üzrə iddiaçı məhkəməyə qarşılıqlı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizədə qeyd olunan hallara hüquqi qiymət verərək, bildirmişdir ki, hazırda qarşılıqlı iddia tələbinə iddia müddəti tətbiq edilməsi əsassızdır. Qeyd olunan sazişə dair iddia müddətinin tətbiqi həmin saziş üzrə tərəflər arasında müəyyən edilmiş öhdəliklərin tam icra edilməsi halında mümkündür. Hazırda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin həmin saziş üzrə hələdə davam edən öhdəlikləri mövcuddur.

19. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə göstərmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişi onların birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılmalarına dair ümumilikdə müəyyən edilmiş öhdəlik və vəzifələrinə təsir edir. Qeyd olunan saziş üzrə razılaşdırılmış öhdəliklərin ləvğ edilməsi qaydası müəyyən edilməmişdir. Belə olan halda hazırda tərəflər arasında bağlanmış əqd üzrə münasibətləri tənzimləyən maddi normaların tətbiq edilməsi zəruridir.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 881.1, 881.2, 881.2.2, 881.3, 375.2, 377.2, 377.3, 421.1, 421.2, 421.3, 422.1, 422.2, 422.2.1, 422.2.2, 422.2.3, 422.4, Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 82.3, 217.4, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir .

22. İddiaçı əsasları ilkin iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində qətnamənin qismən, ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Cavabdeh isə apellyasiya şikayətində qarşılıqlı iddia ərizəsində göstərilənləri sadalamaqla, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

25. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

26. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

27. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

28. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

29. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

30. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1-ci maddəsinə əsasən müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2-ci maddəsinə əsasən şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3-ci maddəsinə əsasən müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.4-cü maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-676/2024 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin -bu məqsədlə tərəflərin birgə nikahdan olan övladlarının saxlanmaları üçün razılaşdırılmış aliment üzrə yaranmış və ödənilməmiş 2.900 manat borcun, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X8 müayinə və müalicələrinə çəkilmiş 1500 manat xərcin yarısının, yəni 750 manat borcun, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X8 ölkə daxilində və (və ya) xaricində istirahətləri üçün illik 500 manat olmaqla, hər il ödənilməli olan, lakin cavabdehin ödəmədiyi cəmi 2500 manat tutulması hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir.

38. Hazırda qətnamə qalan – ilkin iddia tələbinin tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş Barışıq sazişinin 2.1-ci, 2.2-ci və 2 3-cü bəndləri üzrə öhdəliklərin tam və vaxtında icra edilməsinin cavabdehin üzərinə qoyulması hissəsində və qarşılıqlı iddia tələbinə aid hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə hazırda yoxlanılan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

40. İlkin iddia tələbinin yoxlanılan hissəsi iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş Barışıq sazişinin 2.1-ci, 2.2-ci və 2 3-cü bəndləri üzrə öhdəliklərin tam və vaxtında icra edilməsinin cavabdehin üzərinə qoyulmasıdır.

41. Kollegiya hesab edir ki, məhkəmə bu hissədə iddianın rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir.

42. Göründüyü kimi tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun şəkildə barışıq sazişi bağlanmışdır. Sazişdə tərəflərin iradə ifadəsi əks olunmuş və barışıq sazişində götürülən öhdəliklər, barışıq sazişinin şərtləri və bəndləri birbirindən aslı olaraq müəyyən edilməklə bağlanmışdır. Belə olan halda qeyd olunan saziş üzrə davam edən öhdəliklərin mütəmadi icrası tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyən edilmiş formada əməl olunması qüvvədə olan qanunvericiliyin təsiri altındadır.

43. Bağlanmış barışıq sazişi ilə artıq cavabdeh sazişdə nəzərdə tutulmuş öhdəlikləri icra etməyi üzərinə götürmüşdür. Yəni barışıq sazişi ilə qeyd edilən öhdəliklərin icra edilməsi cavabdehin üzərinə qoyulmuşdur.

44. Barışıq sazişi imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşımışdır və hazırda da barışıq sazişi qüvvədədir.

45. Belə olan halda hazırda iddiaçının qüvvədə olan barışıq sazişi ilə artıq cavabdehin üzərinə qoyulmuş öhdəliklərin icra edilməsinin cavabdehin üzərinə qoyulması barədə tələbi əsassız olmuşdur. Məhkəmə haqlı olaraq göstərmişdir ki, bu hissədə iddia tələbi qeyri-müəyyəndir.

46. Qarşılıqlı iddia tələbinə aid hissədə də Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Cavabdeh apellyasiya şikayətində hər hansı konkret dəlilə istinad etməmiş, qarşılıqlı iddia ərizəsində göstərilənləri sadalamışdır.

47. Cavabdeh hazırda şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini əsas gətirərək barışıq sazişinin 2.2 və 2.3-cü müddəalarının ləğvini tələb etmişdir.

48. Kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır.

49. Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə o nəzərdə tutulur ki, tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar.

50. Cavabdehin istinad etdiyi hallar qanunvericiliyin tələbinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarını ehtiva etmir.

51. Məhkəmə haqlı olaraq göstərmişdir ki, maddi durumunun aşağı düşməsi və onun yeni öhdəliklərinin yaranması halı qeyd olunan şəraitin dəyişməsi olaraq barışıq sazişi bağlandığı zaman məlum ehtimal olunması mümkün bir haldır. Qeyd olunan yanaşma eynilikdə qarşılıqlı iddia üzrə iddiaçının yeni ailə qurması və yeni nikahından himayəsində yetkinlik yaşına çatmayan uşaqların olması halına da şamil olunur.

52. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-308/2023 nömrəli iş üzrə 01may 2023-cü il tarixli qətnaməsi yoxlanılan – ilkin iddia tələbinin xx.xx.2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş Barışıq sazişinin 2.1-ci, 2.2-ci və 2 3-cü bəndləri üzrə öhdəliklərin tam və vaxtında icra edilməsinin cavabdehin üzərinə qoyulmasının rədd edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar