Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6765/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: aliment tutulması, alimentin miqdarı, aliment öhdəliyi müəyyənləşdirilərkən digər nikahdan olan uşaqların nəzərə alınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X9, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Yusifova X8 Əlibaba Seyran oğlu ilə 2009-cu ildə nikaha daxil olmuş, nikahdan sonra arvada “Məmmədova” soyadı verilmiş, nikahlarından xx.xx.2010-cu il tarixdə Dəniz adını verdikləri uşaqları dünyaya gəlmiş, nikahları xx.xx.2014-cü il tarixdə pozulmuş, nikah ləğv edildikdən sonra qadına “Yusifova” soyadı verilmiş, uşaq anasının himayəsində saxlanılmışdır.
2. Məmmədov Cavabdeh Marina Arif qızı ilə ailə qurmuşdur və həmin evliliyindən onun xx.xx.2017-ci il təvəllüdlü Fərhad, xx.xx.2022-ci il təvəllüdlü Leyla adlı iki övladı vardır.
3. Cavabdeh "xxxx" MMC-də “inzibatçı” vəzifəsində işləyir və əmək haqqı məbləği 3150 manat təşkil edir. Eyni zamanda o, əlilliyə görə 268,61 (iki yüz altmış səkkiz manat altmış bir qəpik) manat pensiya alır.
4. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli D/59 nömrəli arayışında göstərilmişdir ki, X10 "xxxx" MMC-də daşınmalar üzrə inzibatçı vəzifəsində işləməklə aylıq əmək haqqı 1800 manat təşkil edir və əmək şəraitinə görə onun əmək haqqına dəniz əmsalı ilə 75% əlavə müəyyən edilir.
5. İddiaçı “Sosial Xidmətlər Agentliyi” X18 böyük mütəxəssis vəzifəsində işləyir və 1600 (min altı yüz) manat əmək haqqı alır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay onun qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında rəsmi dövlət qeydiyyatına alınaraq bağlanan nikah Yasamal Rayon Məhkəməsində pozulmuş və nikahın pozulması barədə xx.xx.2014-cü il tarixli 213 nömrəli Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş şəhadətnamə ilə təsdiq edilmişdir. Cavabdeh ilə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X11 adlı övladı doğulmuş, nikah pozulduqdan sonra cavabdehdən hər-hansı aliment tələbi olmamış və övladının bütün xərclərini özü qarşılamışdır. Lakin hazırda övladının xərclərini təkbaşına qarşılaması çətinlik yaradır. Bu səbəblə Dənizin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutulması zərurəti yaranmışdır.
8. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində göstərmişdir ki, onun “Mediasiya haqqında” Qanunun tələblərindən irəli gələn hüquqları pozulmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi Vəkil tərəfindən imzalanmış mediasiyanın təklif məktubunu almış, lakin həmin təklifi aldıqdan sonra 10 iş günü ərzində cavab verməli olduğu, yəni mediasiya təklifi ilə razılığının olub-olmamasını bildirməli olmasına baxmayaraq, qanunvericiliyin bu tələbi pozularaq 8 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə 15:00 radələrində poçtdan yeni bir məktub əldə etmişdir. Həmin məktubdan isə müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 11:00-a ilkin mediasiya sessiyası təyin edilmişdir. Göründüyü kimi, ilkin mediasiya sessiyasına dəvət məktubunu xx.xx.2022-ci il tarixdə əldə etməzdən əvvəl mediasiya prosesi artıq bitmişdi. Hansı ki, mediasiya haqqında qanunvericiliyin tələbinə görə dəvət məktubu elə vaxtda göndərilməlidir ki, azı 5 gün əvvəl tərəfə təqdim edilmiş olsun. Həmçinin bu proses, iddiaçı tərəfindən yox, onun nümayəndəsi tərəfindən edilmiş, təklif məktubunu da mediator kimi X13 göndərmişdir. Nə təsadüfdürsə, təklifdə də eyni mediatorun adı yazılmış, təşkilat işi eyni mediatora həvalə etmişdir. Odur ki, X7 mediasiya ilə bağlı hərəkətləri və bu hərəkətlər nəticəsində təqdim edilmiş mediasiyaya dair arayış formal və qanunsuz olmuşdur. Bununla bağlı müvafiq müraciətlər olmuş və intizam komissiyasında araşdırılmışdır. İntizam komissiyasının rəyi ilə də təsdiq edilmişdir ki, mediasiya prosesi pozuntularla həyata keçirilmişdir. Odur ki, iş materiallarında mediasiya ilə bağlı sənəd formal, yəni mediasiya haqqında qanunun tələblərinə əməl edilmədən əldə edilmiş və heç bir hüquqi əsas yaratmayan sənəddir. Bunu işə əlavə olunan mediasiyaya dair sənədlər də təsdiq edir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır.
9. Cavabdeh məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə da etirazda göstərilənləri müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəflərin nikahı pozulduqdan sonrakı dövrdə iddiaçıya hər ay fərqli miqdarda aliment qismində pul vəsaiti ödəmişdir və hazırda da övladının saxlanmasında iştirak etmək, ona digər qayğılar göstərmək niyyətindədir. X3 iş yerindən verilmiş arayışdan göründüyü kimi o, "xxxx" MMC-də daşınmalar üzrə inzibatçı vəzifəsində işləməklə aylıq əmək haqqı 1800 manat təşkil edir və əmək şəraitinə görə əmək haqqına dəniz əmsalı ilə 75% əlavə müəyyən edilir. O, alimentin ödənilməsinə dair iddia tələbini yalnız qismən qəbul edir və ikinci nikahından iki yetkinlik yaşına çatmayan övladlarının, yəni himayəsində 17 sentyabr 2017-ci il təvəllüdlü X4 və 24 aprel 2022-ci il təvəllüdlü X5 olması nəzərə alınaraq, iddiaçı ilə birinci nikahından olan övladı xx.xx.2010-cu il təvəllüdlü X2 üçün əmək haqqının 1/6 hissəsi miqdarında alimentin tutulmasına dair qətnamə qəbul olunmasını xahiş edir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulma müddətinin, məhkəmənin MTT(004)-137/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi qət olunmuşdur.
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırda cavabdehin himayəsində digər nikahdan olan iki yetkinlik yaşına çatmayan övladının olması, onun ilkin nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X1 üçün aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutulmasını qadağan edən norma qanunvericiliyə görə yoxdur. Ona görə də cavabdehin bu hissədə olan tələbi təmin edilməməlidir.
12. Məhkəmə cavabdehin etirazında göstərilənlərə münasibətdə qeyd etmişdir ki, X14 Heyətinin xx.xx.2022-ci il tarixli qərarı ilə mediator X7 hərəkətlərində “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsində nəzərdə tutulan vəzifələrin pozulması faktı aşkar edilməklə onun barəsində intizam tənbeh tədbiri tətbiq edilməsi, özü-özlüyündə xx.xx.2022-ci il tarixli 1641 nömrəli arayışın etibarsızlığına dəlalət etmir. Həmin arayışın etibarsızlığı ilə bağlı məhkəməyə hər hansı rəsmi sənəd təqdim edilməmişdir. Belə ki, mediator barəsində intizam tədbirinin tətbiq edilməsi onun tərəfindən verilmiş arayışın etibarsız hesab edilməsi üçün əsas deyil. Bundan başqa, mediasiya prosesinin mahiyyəti tərəflər arasında mübahisənin məhkəməyəqədər həll olunmasıdır. Hazırki işin faktiki hallarından isə açıq şəkildə görünür ki, aliment məbləği ilə bağlı tərəflər arasında hər hansı bir razılıq yoxdur. Dolayısı ilə mediasiya prosesində tərəflərin barışıq əldə edə biləcəyinə dair ehtimal yoxdur. Bunun əksinə olaraq isə cavabdeh iddia ərizəsinin geri qaytarılmasını tələb etməklə məhkəmə araşdırmasının və alimentin tutulması müddətinin lüzumsuz olaraq uzadılmasına cəhdlər etmişdir. Məhkəmə hesab edir ki, bu hal özlüyündə uzun müddət ərzində yetkinlik yaşına çatmayan uşağın hüquqlarına xələl gətirməklə onun qanunla müəyyən edilmiş aliment məbləği ilə təmin olunmasına maneə yaratmış olur.
13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü, Ailə Məcəlləsinin 22.2-ci, 75.1-ci, 75.4-cü, 76.1.1ci, 100.2-ci maddələrinə istinad etmişdir.
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və işin hallarına (iddiaya etirazın müddəalarına) uyğun yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinə etdiyi yazılı etirazın və nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatın məzmununa uyğun əsaslandırmaqla, məhəmənin onun daha iki uşağının olmasını, bir ata kimi həmin iki uşağa da aliment tutulan uşaq qədər təminat vermək öhdəliyi daşıdığını nəzərə almadığını, eyni statusda olan hər üç uşağın təminat səviyyəsini düşünməməyin onların aralarında ayrı-seçkilik kimi qiymətləndirilməli olduğunu irəli sürmüşdür.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
15. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı (nümayəndəsi) isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 34 (İİİ və İV hissələr). Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
17. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
19. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.
20. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
21. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
22. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
“Uşaq hüquqları haqqında” Qanun
23. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
“Uşaq hüquqları haqqında” Konvensiya
25. Maddə 18 (1-ci bənd). İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
“Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanun
26. Maddə 1. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 259.0.13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır.
35. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
36. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
38. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünkü cavabdeh apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin dəlilləri qətnamənin ləğvinə deyil, onun cavabdehin iddiaya etirazında əks etdirdiyi mövqeyinə uyğun dəyişdirilməsinə yönəlmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
41. Qanunvericiliyin sadalanan müddəaları (§20-21) alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
42. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.
43. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında (§ 19-20); sabit pul məbləğində (§ 21). Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər (§ 20), həmçinin sabit pul məbləğinin miqdarı isə məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir (§ 21).
44. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: “Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. ...Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır”.
45. Yuxarıda göstərildiyi kimi, Cavabdeh aylıq ümumi qazancı (gəliri) 3418 manat təşkil edir və onun ikinci nikahından (evliliyindən) xx.xx.2017-ci il və xx.xx.2022-ci il təvəllüdlü iki övladı vardır (§ 2-3).
46. İddiaçı da 1600 manat əmək haqqı aldığı işin müəyyən olunan halıdır.
47. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı hüquqi mövqeyi də əsas götürməklə kollegiya hesab edir ki, cavabdehdən tutulmalı alimentin məbləği müəyyənləşdirilərkən onun ikinci nikahından olan uşaqlarının mənafeyinin, həmçinin iddiaçının yüksək maaşla işləməsinin nəzərə alınmaması, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərinə zidd olacaqdır.
48. Göstərilənlərə əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, qətnamə dəyişdirilməli, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının 1/5 hissəsi miqdarında aliment tutulmalıdır.
49. Kollegiya həmçinin hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvəqqəti aliment tutulması ilə bağlı xx.xx.2022-ci il tarixli qərardadı həmin məhkəmənin qətnamə çıxardığı tarixədək qüvvədə olduğundan, hazırkı qətnamə ilə müəyyənləşdirilən aliment məbləğinin tutulması həmin qərardad əsasında tutulan aliment nəzərə alınmaqla iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən hesablanmalıdır.
50. “Mediasiya haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı cavabdehin irəli sürdüyü arqumentə münasibətdə isə kollegiya qeyd edir ki, mediasiya prosesinin mahiyyəti tərəflər arasında mübahisənin məhkəməyəqədər həll olunmasıdır - hazırki işin hallarından isə görünür ki, aliment məbləği ilə bağlı tərəflər arasında hər hansı bir razılıq, dolayısı ilə də mediasiya prosesində tərəflərin barışıq əldə edə biləcəyinə dair ehtimal yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, mediator barəsində intizam tədbirinin tətbiq edilməsi onun tərəfindən verilmiş arayışın etibarsız hesab edilməsi üçün əsas deyil.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2484/2022 saylı iş üzrə 05 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının 1/5 (beşdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)- 137/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla 08 aprel 2022-ci il tarixdən müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov