Məhkəmə qərarları › İş №2(103)-6773/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6773/2021

05.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6773/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(011)-2328/2021 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh2 və Cavabdeh2 Nizami rayon X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 300.000 manat mənəvi zərərə görə tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(011)-2328/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2ndən mənəvi zərərə görə 10.000 (on min) manat alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək, tək bacısının ölümü nəticəsində vurulmuş mənəvi zərərə görə Cavabdeh2ndən 300.000 (üç yüz min) manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını düzgün qiymətləndirməmiş, birtərəfli mövqe nümayiş etdirib, işə səthi yanaşaraq, təqdim etdikləri sübutları və vəkilinin misal çəkdiyi oxşar işlərdə qət edilmiş məbləğə dair məhkəmə təcrübəsini nəzərə almadan sonra səhv nəticəyə gəlməklə qanusuz qətnamə qəbul etmişdir.Məhkəmə iddianın qismən əsaslı olmasının nədə ifadə olunmasını əsaslandırılmamışdır. Cavabdehin maddi vəziyyətini nəzərə alınmamışdır. İddia tələbi cavabdehin əmlakının cüzi hissəsini yəni 0,00017 faizini təşkil edir, məhkəmənin qət etdiyi məbləğ isə 0,000006 faizini təşkil edir. Məhkəmə təcrübəsində oxşar işlər üzrə təmin edilən məbləğlər 30.000, 35.000, 50.000 manat olduğu halda hazırki iddia üzrə qət edilmiş 10.000 manat məhkəmə təcrübəsinə uyğun deyil. Onun 2,3,4 və daha artıq bacısı yoxdur. Anası olmayan bir qardaş üçün tək bacının həlak olmasının ağır dərəcədə və davamlı olan iztirabın yüngülləşdirilməsinə kömək edəcək ədalətli kompensasiya məhkəmənin qət etdiyi cüzi məbləğdə olmalıdırmı? Məhkəmə qeyd olunan mənəvi zərərin unudulmayan, ömür boyu davam edən olmasını nəzərə almamışdır. Təmin olunan 10.000 manat yeganə bacısının ölməsinə görə keçirdiyi sarsıntı və iztirabın ağırlıq dərəcəsinə və dərin olmasına mütənasib deyil. Bu məbləğ həmin sarsıntı və iztirabın yüngülləşməsinə deyil, ağırlaşmasına səbəb olur. Belə vəziyyətdə onun pozulan mənəvi tarazlığının bərpasından danışmaq olarmı? Mənəvi hüzur tapmağına yardım etmək əvəzinə bacısının insanın həyatına verilən dəyərin qeyd olunan cüzi məbləğdə ifadə olunması mənəvi sarsıntı və iztirabını daha da dərinləşdirir. Məhkəmə təcrübəsi ilə əlaqədar misal çəkdiyi işlər: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-l 1173/2016 nömrəli 28 noyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2ndən mənəvi ziyana görə 30.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı N.A.İmamquliyevə ödənilməsi; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-702/2019 nömrəli 24 yanvar 2019- cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2ndən vurulmuş mənəvi zərərə görə 50.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı M.Şahduistə ödənilməsi; (Ali Məhkəmənin Mülki Kollegiyasının 05 noyabr 2019- cu il tarixli 2( 102)-6613/19 nömrəli Qərarı ilə məbləğ təsdqilənib) Bakı şəhəri Xətai rayon məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh2ndən vurulmuş mənəvi zərərə görə 40.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Ş.A.Dadaşova ödənilməsi: (Ali Məhkəmənin Mülki Kollegiyasının 15 iyul 2019-cu il tarixli 2( 102)-5356/2019 nömrəli Qərarı ilə məbləğ artırılaraq 70.000 manat olub) Ailədə bir bacı və bir qardaş olmuşlar. Bacısı həlak olarkən 21 yaşında olmuşdur. Bacısı ondan 3 yaş balaca olduğundan böyük qardaş kimi ona qayğı və şəfqət göstərmişdir. Balaca olmasına baxmayaraq o, da eyni ilə ona şəfqət və qayğı göstərirdi. Aralarındakı mənəvi bağlılıq dərin olmuşdur. Bacısını daha görə bilməyəcəyi, onunla ünsiyyətdən məhrum olmağı onu ruhən sarsıdır, iztirablarını dərinləşdirir. Onun anası da vəfat edib. Bacı ailənin hər bir üzvünə anaya xas olan qayğı göstərir. Onun anası vəfat edib. Ona görə bacısının bu cür faciəvi şəkildə həlak olması ona daha ağrılı təsir edir. Cavabdeh2 də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında və iddia ərizəsindən görünür ki, iddiaçı keçirdiyi mənəvi sarsıntını əsaslandıra bilməmiş, psixoloji stressin nədən ibarət olduğu, hansı şəraitdə, necə və nə cür yaşadığını vurğulamamışdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Ali Məhkəmənin Plenum qərarında qeyd edilir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmçinin Azərbaycan Respublikası MMnin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Qeyd olunan hallara məhkəmə düzgün hüquqi qiymət verməmiş, düzgün maddi hüquq normalarını tətbiq etməmiş və bununlada hüququn tətbiq edilməsində səhv buraxmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, Konstitusiya Məhkəməsinin mənəvi zərərlə bağlı sonuncu qərarından sonra bir neçə bu cür əsassız iddialar qaldırılır. Mənənvi zərərin, istirabın nədə ifadə olunduğu iddia ərizəsində əsalandırılmalı idi. İddiaçının mənəvi zərəri nədən ibarət olduğu göstərilməyib. Burada məqsəd dövlət büdcəsindən pul əldə etməkdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.06.2013-cü il tarixli, 1(007)-208/2014 nömrəli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, hökmlə Sadiq Quliyev öz işinə vicdansız və laqeyid münasibət göstətərək öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyərək, xidmət etdiyi ərazidə yerləşən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 14 nömrəli fərdi yaşayış evində 30.11.2012-ci il tarixdə texniki baxış keçirərkən səhlənkarlıq edərək, həmin nöqsanları qeyd etməyib, bu barədə xidmət sahəsinin rəisinə məlumat verməmiş və axarlı su qızdırıcısına qazın verilməsinin dayandırılması üçün müvafiq tədbir görməmiş, nəticədə ehtiyatsızlıqdan 23.12.2012-ci il tarixdə 23.10 radələrində X3 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 14 nğmrəli fərdi yaşayış evində 7,5 m3 az olan 6,2 m3 həcmli, qapısı altında havanın dəyişməsi üçün dəlikləri olmayan asma tavandan aşağı ventilyasiya kanalı pəncərə quraşdırılmayan hamam otağında yuyunarkən tüstü borusu olmayan axarlı su qızdırıcısından əmələ gələn dəm qazından zəhərlənərək ölmüşdür. Hökmdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X4r. Cavabdeh2 əməkdaşının səhlənkarlığı, yəni işə laqeyd münasibəti, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının bacısı X3 dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin mənəvi zərərin həcmi 300.000 manat deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 10.000 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X2 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirdikləri hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Cavabdehin apellyasiya şikayətində isə qətnamənin ləğv edilməsi xahiş edilsə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının şikayəti üzrə iddianın təmin edilməyən hissəsində, cavabdehin şikayəti üzrə isə iddianın təmin edilən hissəsində yoxlanılmalıdır. Hazırki iş üzrə, təmin edilən hissədə iddia tələbinin faktiki əsası (faktiki hallar) mənəvi ziyanla bağlı qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır. Çünki, cavabdeh qurumun işçisinin cinayət törətməsi nəticəsində iddiaçının yeganə bacısı ölmüşdür. İkincisi, iddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 300 000 (üç yüz min) manat tələb edir. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu apellyasiya şikayətində də özü də təsdiq edir. Belə olan vəziyyətdə apellyasiya şikayətində göstərilən dəlillərin də iddia tələbini tam həcmdə təmin edilməsi üçün yetərli ola biləcək dəlillər kimi qiymətləndirilməsi mümkün olmalıdır. Üçüncüsü, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə ümumiyyətlə başadüşülən deyildir. Belə ki, cavabdeh qeyd edir ki, iddiaçı mənəvi sarsıntı keçirməsini əsaslandıra bilməmişdir. Başqa sözlə cavabdeh tərəf vaxtsız bacısını itirən qardaşın mənəvi sarsıntı keçirməsinə inanmır. Əlbətdə ki, mənəvi sarsıntının və iztirabın nə olduğunu yalnız o halı yaşayan şəxs anlaya bilər. Bu cür dəlillər isə əsassız olmaqla həm də əxlaq və mənəviyyat normaları ilə bir araya sığmır. Yalnız mülki məsuliyyətdən yayınmaq xatirinə bu cür dəlillərdən istifadə etmək isə yolverilməzdir. Çünki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə onun vaxtsız, cavan və günahsız doğma bacısını itirməsi faktı birbaşa əsasdır və əlavə sübuta lüzum yoxdur. Dördüncüsü, cavabdeh qətnaməni qanunsuz və əsassız hesab edərək mənəvi zərərin təmin edilməsini «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli Qərarının tələblərinə uyğun hesab etməyərək iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları sübut etməyə cəhd etsə də, bu dəlillər hər hansı bir formada öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin gətirdiyi bu dəlilləri sübut etmək yükü artıq onun üzərinə düşsə də, o, bu halları sübuta yetirə bilməmişdir. Əksinə, mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nədəki Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir. Ona görə də, cavabdeh qurumun bu dəlilləri əsassız olmaqla yanaşı, həm də ziddiyyətlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının və cavabdehin apellyasiya şikayətlərində göstərdikləri dəlillər qətnamənin mübahisələndirdiyi hissələrdə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissələrdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(011)- 2328/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar