Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6800/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2(103)-6800/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1785/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh QSC-nin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və İmişli şəhəri, S.Ağamalıoğlu küçəsi, 2 “B” ünvanında yerləşən 0,1259 ha ölçülü torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 3 mərtəbəli qeyri-yaşayış sahəsinə dair onunla cavabdeh Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 21M000000216 saylı “İpoteka müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən mülki iş başlanmışdır. Bundan sonra iddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək həmin torpaq sahəsinin və qeyri-yaşayış binasının üzərinə həbs qoyulması, əmlakın özgəninkiləşdirilməsi və ya ona dair hər hansı hərəkətlərin edilməsinin cavabdeh tərəfə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəni təmin etməmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ciil tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayəti qismən təmin etmiş, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardadı ləğv edərək “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə yenidən baxılması üçün işi Rayon Məhkəməsinə göndərmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə yenidən baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəni təmin edərək, torpaq sahəsinin və qeyriyaşayış sahəsinin üzərinə həbs qoyulmasını qərara almışdır. Cavabdeh Bank həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “iddianın təmin tədbiri barədə ərizənin” rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-66/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin iş üzrə İmişli Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsinin (İş № 2(036)-96/2018) qismən, yəni ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsi, ipoteka predmeti olan yuxarıda qeyd edilən torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 500.000 manat müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hazırda həmin torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması artıq qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına mane olacaqdır. Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardaddan cavabdeh Bankın verdiyi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157.1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. MPM 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158-ci maddəsinin mənasına görə, işə baxan məhkəmə işdə iştirak edən şəxsin ərizəsi əsasında iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi cavabdehə və ya başqa şəxslərə qadağan edə bilər (maddələr: 158.1.2., 158.1.3.). İş materiallarından görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi (İş № 2(036)-96/2018) ilə iddiaçı Cavabdeh QSC-nin cavabdehlər “X3” MMC, İddiaçı və X1 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə (yuxarıda qeyd edilən torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə) yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlərdən tutulan kredit borcu ipoteka predmetinə yönəldilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Şirvan Apellyasiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə (İş № 2(106)-66/2020) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin qismən, yəni ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsini, ipoteka predmetinin ilkin satış qiymətinin 500.000 manat məbləğində müəyyən edilməsini qət etmişdir. Hazırki iş üzrə İddiaçı tələbi onunla cavabdeh Bank qarasında bağlanmış “İpoteka müqaviləsinin” etibarsız hesab edilməsi barədədir və bu səbəbdən də o, həmin mübahisəyə baxılanadək mübahisəli əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş edir. Cavabdeh Bank isə hesab edir ki, mübahisəli əmlakların üzərinə həbs qoyulması ilə tələbin ipotekaya yönəldilməsi barədə məhkəmə aktı icrasız qalır. Məhkəmə qeyd edir ki, cavabdeh Bankın bu dəlili əsaslı deyil. Belə ki, iddia ilə iddia təmini tədbiri arasında qarşılıqlı əlaqə var və mübahisəyə gələcəkdə başqa şəxslərin cəlb edilməsinin qarşısını almaq üçün əmlakların üzərinə həbs qoyulması zəruridir. Çünki, hazırki işin başlanmasına əsas olmuş iddia tələbinin rədd edilməsi istisna edilmədiyi kimi, təmin edilməsi də istisna edilmir. Mübahisəli əmlak satıldığı və iddia təmin edildiyi halda qətnamənin icrasında çətinliklər yaranacaqdır. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəni təmin etməklə və bu barədə qəbul etdiyi qərardaddan cavabdeh Bankın verdiyi şikayəti təmin etməməklə iş üzrə əsaslı və qanuni nəticəyə gəlmişdir. Qərardadı ləğv etmək üçün əsas yoxdur, ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh QSC-nin şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1785/2020 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-6800/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6800/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver