Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6801/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3760/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Eyni zamanda, iddiaçılar İddiaçı1 və İddiaçı2 Xaliq qızı iddianı təmin tədbirinə dair ərizə təqdim edərək, qətnamə qanuni qüvvəsini alana qədər Cavabdeh aylıq olaraq onun əmək haqqının ¼ hissəsinin İddiaçı1, ¼ hssəsinin isə İddiaçı2 xeyrinə müvəqqəti aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3760/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hal-hazırki mülki iş üzrə iddiaçılar valideyn olduğundan müvəqqəti alimentin tutulması barədə ərizələri təmin edilə bilməz. Həmin qərardaddan iddiaçılar şikayət verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətlərini belə əsaslandırmışlar ki, Ailə Məcəlləsinin 101-ci maddəsində alimentin müvəqqəti tutulması barədə təmin tədbiri yalnız uşaqlara şamil edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməklə iddianı təmin tədbirinin tətbiqinə dair ərizəyəyenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.1-ci maddəsinə görə, məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Kollegiya hesab edir ki, brinci instansiya məhkəməsi “iddiaçılar valideyn olduğundan müvəqqəti alimentin tutulması barədə ərizələrin təmin edilə bilməməsi” nəticəsinə gələrkən Ailə Məcəlləsinin 101.1-ci maddəsini yanlış təfsir etmişdir. Belə ki, həmin maddədə müvəqqəti alimentin tutulmasının iki qaydası fərqləndirilir: 1) qətnamə çıxarılanadək alimentin tutulması; 2) qətnamə qanuni qüvvəyə minənədək alimentin tutulması. Məhkəmənin qətnamə çıxarılanadək aliment tutması qaydası yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment öhdəliklərinə tətbiq edilir. Buna alimentin tutulması barədə ərizə məhkəməyə daxil olduqdan sonra işə mahiyyət üzrə baxılıb qətnamə qəbul edilənə kimi yol verilir. Qətnamə qanuni qüvvəyə minənə kimi alimentin tutulması isə yetkinlik yaşına çatmayan uşaqlardan savayı aliment almaq hüququ olan başqa şəxslərə də şamil edilir. Həmin şəxslərə yetkinlik yaşına çatmış əmək qəbiliyyəti olmayan uşaqlar, əmək qabiliyyəti olmayan valideynlər, ər-arvad, keçmiş ər-arvad, qardaş-bacılar, baba-nənənəvələr, ögəy ata və ögəy ana və faktiki tərbiyyəçilərə aiddir. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən, “əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə görə isə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, qərardad ləğv olunmalı və iddianı təmin etmə tədbirinə dair ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalı, ərizəyə yenidən baxarkən məhkəmə, bu qərardadda şərh olunanları nəzərə almaqla qanuni qərar qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3760/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun və iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı təmin etmə tədbirinə dair ərizəsinəyenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6801/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6801/2020
26.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver