Məhkəmə qərarları › İş №2(103)-6803/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6803/2023

28.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6803/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 sentyabr 2023-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin nikahından doğulmuş uşağın – xx.xx.2008-ci il təvəllüdlü Eminin yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 500 manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan onların 1 övladları var. Nikahdan uşağın olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və onlar ərarvad münasibətlərini kəsərək, ayrılmışlar. Uşaq iddiaçının yanında qalmışdır. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya maddi köməklik etmir, iddiaçı isə uşağın xərclərini təkbaşına qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. b) iddia tələbinə qarşı etiraz barədə məlumat

3. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddianı qismən qəbul etdiyini, 220 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, xx.xx.2023-cü il tarixdən başlayaraq, cavabdehdən 1 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin, mediasiya təşkilatına ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya, dövlət rusumu olaraq 50 manat məbləğində pulun tutularaq dövlət nəfinə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2023-ci ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. İş üzrə tərəflərin maddi və ailə vəziyyəti, uşağın mənafeyi nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin bundan yuxarı məbləğdə müəyyən edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilmədi. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, 220 manat aylıq aliment uşağın maddi tələbatlarının ödənilməsi, sağlamlığının qayğısına qalınması və normal inkişafı üçün kifayət deyil. Lakin Rayon Məhkəməsi tərəfindən cavabdehin aylıq qazancı, uşağın yaşı və əvvəlki maddi durumu nəzərə alınmamış, dəqiq araşdırma aparılmadan işə baxılaraq əsassız qətnamə qəbul edilmişdir. e) apellyasiya baxışının hədləri

8. Hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismən təmin etsə də, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmiş, qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə qətnaməni iddianın təmin edilməməsi hissəsində mübahisələndirmişdir.

9. Odur ki, göstərilənləri və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını yalnız iddianın bir qisminin təmin edilməməsi hissəsində yoxlamışdır. f) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

10. İddiaçı apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

11. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, tərəflər arasında xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan onların 1 övladları var. Nikahdan uşağın olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və onlar ər-arvad münasibətlərini kəsərək, ayrılmışlar. Uşaq iddiaçının yanında qalmışdır. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya maddi köməklik etmir, iddiaçı isə uşağın xərclərini təkbaşına qarşılamaqda çətinlik çəkir.

13. İddiaçı uşağın saxlanması üçün aylıq 500 manat aliment tutulmasını xahiş etmiş, cavabdeh isə 220 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Rayon Məhkəməsi tərəflərin maddi vəziyyətini, uşağın mənafeyini və “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunun tələblərini nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə aylıq 220 manat sabit pul məbləğində alimentin tutulmasını qət etmişdir.

14. İddiaçı uşağın saxlanılması üçün tutulan 220 manat alimentin uşağın saxlanması üçün kifayət etmədiyini bildirərək, iddiasının tam təmin edilməsini, tutulmalı olan alimentin miqdarının 500 manat müəyyən edilməsini tələb edir və bunu həm uşağın yaşı nəzərə alınarsa qayğılarının çox olması, səhhətində problemlər olması ilə, həm də cavabdehin həmin aliment məbləğini ödəmək üçün maddi imkanının olması ilə əsaslandırır.

15. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2023-ci ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.).

17. Cavabdehin iş yerinə dair elektron arayışdan görünür ki, o, rəsmi olaraq "xxxx" QSC-də motorçu vəzifəsində çalışır və aylıq əmək haqqı 871 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehin başqa gəlirləri barədə hər hansı sübut təqdim edilməmişdir.

18. Cavabdehin aylıq gəlirinin stabil olmasına baxmayaraq iddiaçı alimentin sabit məbləğdə tutulmasını xahiş etmişdir. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin tələbi baxımından əgər alimentin miqdarı cavabdehin aylıq gəlirinin müəyyən hissəsi kimi tutulmalı olsaydı, o halda bir uşağa görə cavabdehin aylıq qazancının 1/4 hissəsi tutulmalar çıxıldıqdan sonra 220 manatdan daha az etmiş olardı.

19. Bu baxımdan Məhkəmə hesab edir ki, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat təşkil etməsini, cavabdehin də həmin məbləğdə alimenti ödəməyə razılığını nəzərə almış Rayon Məhkəməsi tutulmalı olan aylıq alimentin miqdarını 220 manat müəyyən etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. h) apellyasiya baxışının nəticəsi

20. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

21. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Bu baxımdan MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 112.1.3-cü maddəsinin mənasına görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-nin 402-ci maddəsinin mənasına görə isə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. Qətnamənin hazırki apellyasiya baxışının predmeti olan hissəsində iddianın qiyməti isə ((500-220=) 280 manat x 12 ay = 3.360 manat) 5.000 manatdan azdır.

24. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 sentyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar