Məhkəmə qərarları › İş №2(103)-6807/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6807/2022

18.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6807/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Rəşad Əliyevin iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, mənəvi zərərin əvəzi kimi 100.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, mənəvi zərərin əvəzi kimi 100.000 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 390 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Rəşad Əliyev apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, X5 məxsus olan, Bakı şəhəri, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, yeni yaşayış massivində yerləşən evə təbii qaz dolmuş və xx.xx.2010-cu il tarixdə, saat 7 radələrində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində 4 nəfər - X7, arvadı X1, azyaşlı övladı X8 və yeni doğulmuş oğlu (adı qoyulmamış) ölmüşlər. Anar Rzayev və övladları dəm qazından zəhərlənərək və yanaraq, arvadı isə aldığı termiki yanıq xəsarətləri səbəbindən baş vermiş intoksikasiya nəticəsində ölmüşdür. Hadisənin baş verməsinə səbəb həmin evin altından keçən və abonentlərə qaz nəql edən 40 mm diametrlik borulardan ibarət qaz xəttinin korroziyaya uğrayaraq tamlığının pozulması və evə qaz dolması olmuşdur. Habelə müəyyən olunur ki, həmin qaz xətti yerin üstü ilə çəkilməli olduğu halda yerin altı ilə çəkilmişdir. Fakta görə cinayət işi başlanmış və Cavabdeh İB X9 Sahəsinin Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətin 8-ci sahəsinin ustası vəzifəsində işləyən X2 (inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs) Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (səhlənkarlıq) ilə təqsili bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, X2 onun vəzifə fəaliyyətini tənzimləyən normativ tələbləri pozmuş, yəni təbii qazla əlaqədar xətaların baş verməməsi üçün qabaqcadan görməli olduğu tədbirləri yerinə yetirməmiş, xidməti ərazisi hesab edilən həmin ərazidə, aşağı təzyiqli olduğu üçün yerüstü çəkilməli olan qaz xəttinin yeraltı olaraq X5 məxsus evin altından keçməsini aşkar etmək üçün real imkanı olmasına baxmayaraq, bunu vaxtında etməmiş, nəticədə isə qeyd olunan hadisə baş vermişdir. Hadisə nəticəsində ölmüş X1 iddiaçının övladı, X7 iddiaçının kürəkəni, iki uşaq isə iddiaçının nəvələridir. Qızının, kürəkəninin və nəvələrinin ölümü iddiaçıda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirmişdir. Məhkəmə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin göstərişinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. O cümlədən Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. İddiaçıya vurulmuş mənəvi zərərin əvəzini cavabdeh ödəməlidir. Belə ki, hadisənin baş verməsində cavabdehin işçisinin təqsirkar olduğu qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilib. Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin hadisə ilə bağlı X3 (ölən şəxslərdən birinin) atası X4 mənəvi zərərə görə Cavabdeh İB tərəfindən 100.000 manat təzminat ödənilməsi barədə məhkəmə qətnaməsi var. Bu qətnamə Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə qəbul edilib. Həmin işə apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılıb, nəticə dəyişdirilmədən saxlanılıb. Ölən şəxslərdən birinin valideyninə təzminat verilməsi iddiaçını (ölən şəxslərdən digərinin valideynini) mənəvi zərərə görə təzminat tələb etmək hüququndan məhrum etmir. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək təzminatın məbləği də 100.000 manat müəyyən edilməlidir. Bu məbləğ mütənasiblik və ədalətlilik meyarlarına uyğundur, çünki mənəvi zərərə görə təzminat məsələsində ölmüş iki ayrı-ayrı şəxsin valideynləri bir-birinə bərabər tutulmalıdır. Cavabdeh İB-nin maliyyə imkanları iddiaçıya da eyni məbləğdə təzminat ödəməyə imkan verir. Beəliklə, qətnamənin ləğv edidlməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar