Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6812/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmaılova Günel Rza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkil X3 oğlunun, Cavabdeh1, onun nümayəndəsi-vəkil Kiçikbəyov Emin Atabəy oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qərardadından İddiaçı və onun nümayəndəsi Bağban Şirinov tərəfindən verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddia tələbi ilə bağlı verdiyi etirazda evdə qaldığını etiraf etdiyi və ona qaytarmağa hazır olduğu ona məxsus əmlaklardan başqa, cavabdehlərdə qalmış 11.159 manat dəyərində olan cehiz əmlaklarının, 1.290 manat dəyərində şəxsi əşyalarının, 5.500 manat dəyərində qızıl-zinət əşyalarının, cəmi 17.949 manat dəyərində əmlakların, həmin əmlaklar olmadıqda isə onların dəyərinin cavabdehlərdən alınaraq ona qaytarılması, birgə nikah dövründə əldə edilmiş “Opel Astra” markalı, ** OG *** dövlət qeydiyyat nişanlı avtomobil isə onun məlumatı və razılığı olmadan Cavabdeh1 tərəfindən 2020-ci ilin oktyabr ayında satıldığından və həmin avtomobil artıq başqa şəxsin mülkiyyətində olduğundan həmin avtomobilin satış məbləğinin (uşaqların mənafeyi nəzərə alınmaqla) 3/2 hissəsi Cavabdeh1 alınaraq ona qaytarılması, hazırda Cavabdeh1 sahibliyində və istifadəsində olan birgə nikah dövründə birgə vəsait hesabına aldıqları “VAZ 21074” markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində (uşaqların mənafeyi nəzərə alınmaqla) 3/2 hissədə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra cavabdehlərin vəkili X1 19 may 2021-ci il tarixdə məhkəməyə “işin aidiyyəti üzrə göndərilməsi” barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verilmişdir Belə ki, həm iddia ərizəsindən həm də cavabdehlərin şəxsiyyət vəsiqələrindən görünür ki, cavabdehlərin hər ikisi Xaçmaz rayonu, Niyazabad kəndində pasport qeydiyyatındadırlar. Cavabdehlərdən Cavabdeh2 ümumiyyətlə Xaçmaz rayonunda yaşayır, digər Cavabdeh1 isə vaxtının çox hissəsini Xaçmaz rayonunda olur. Göstərilənlərə əsasən, hazırki mülki işin aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(001)- 1092/2021 saylı qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlak” tələbinə dair mülki iş üzrə cavabdehlərin vəkili X1 tərəfindən verilmiş vəsatət təmin edilərək, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Binəqədi Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qərardadından İddiaçı şikayət verərək, Binəqədi rayon məhkəməsinin Binəqədi Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(001)- 1092/2021 saylı qərardadının ləğv edilməsi və işin aidiyyatı üzrə göndərilməsi barədə verilmiş ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun iddia tələbi əmlakla bağlı olmuş, tələb etdiyi əmlaklarının bir hissəsi Xaçmaz rayonu Niyazabad kəndində Cavabdeh2 məxsus evdədir, əmlaklarının əksər hissəsi isə Cavabdeh1 ilə birlikdə yaşadıqları və sahibliyində olan, məhkəmə qətnaməsi ilə köçürüldüyü Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 9 –da olan fərdi yaşayış evindədir, işləyir və himayəsində iki azyaşlı övladı vardır. Cavabdehlər isə Xaçmaz rayonu, Niyazabad kəndində qeydiyyatda olsa da, Cavabdeh1 2012-ci ildən Bakı şəhərində yaşayır, 2019-cu ildən isə sahibliklərində olan Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Kopus – 9-da olan fərdi yaşayış evində yaşamışlar. Cavabdeh1 2015-ci ildən bu günə kimi Bakı şəhəri Şüvəlan qəsəbəsində vergi agenti vəzifəsində işləyir. Cavabdehin vəkili iş üzrə tərəf deyil, iş üzrə tərəf olan şəxsin vəkilidir, onun işə yeni qoşulması, 8 aydır məhkəmənin icraatında olan və artıq yekunlaşmaq ərəfəsində olan işin aidiyyat məsələsi barədə verdiyi vəsatətin təmin edilməsi üçün əsas ola bilməz. Qanunun tələbinə görə işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmadıqda bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1092/2021 saylı 07 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iş materiallarını araşdıraraq, şikayətin təmin olunmasını xahiş edən iddiaçını, onun səlahiyyətli nümayəndəsini, şikayətin rədd olunmasını xahiş edən Cavabdeh1 və onun səlahiyyətli nümayəndəsini dinləyib, hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qərardadı ləğv olunmalı, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbinə dair mülki iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması nəticəsinə gələrək, qeyd etmişdir ki, AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən və Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin arayışlarından müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri Xaçmaz rayonu, Niyazabad kəndidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mülki işin aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərməklə haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraatına qəbul edərək, müəyyən prosessual hərəkətlər etmiş, məhkəmənin 2(001)-1092/2021 saylı, 15.02.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2021-ci il tarixli, 9/1312 nömrəli ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması davam etmişdir. İş üzrə müvafiq dövlət orqanına məhkəmə tərəfindən sorğu verilib, həmin sorğuya cavab məhkəməyə daxil olub. Bundan başqa məhkəməyə təqdim olunmuş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5932/2020 saylı və 2(001)-1091/2021 saylı qətnamələrin surətlərindən görünür ki, hazırkı iş üzrə tərəflərin məhkəmə mübahisələri olub və hər iki iş üzrə, “nikahın pozulması” və “mənzilə köçürülmə” tələblərinə dair mülki işlər icraata qəbul edilmiş və Binəqədi rayon Məhkəməsində tərəflərin iştirakı ilə baxılmışdır. Göründüyü kimi, cavabdehlərin rəsmi qeydiyyatı Xaçmaz rayon olsa da, hazırkı mübahisə üzrə iddiaçının tələb etdiyi əmlaklarının bir hissəsi Xaçmaz rayonu Niyazabad kəndində Cavabdeh2 məxsus evdədir, əmlaklarının əksər hissəsi isə Cavabdeh1 ilə birlikdə yaşadıqları və sahibliyində olan, məhkəmə qətnaməsi ilə köçürüldüyü Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 9 –da olan fərdi yaşayış evindədir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin tez və səmərəli keçirilməsi üçün Binəqədi rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.2.-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1092/2021 saylı 26 may 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6812/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6812/2021
01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver