Məhkəmə qərarları › İş №2(103)-6823/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6823/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6823/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və X2rşı mülki iş (Açar sözlər: «mənəvi ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh X15 Mərkəzinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1979/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh X15 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-151/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(015)-24/2020 saylı hökmünə əsasən, ........ təqsirləndirilən şəxs X7 təkrarən, 02 iyul 2018-ci il tarixdə, saat 14 radələrində ünvan 1 ünvanında yerləşən X15 Mərkəzində Ağstafa rayonu, Poylu kənd sakini 1947-ci il təvəllüdlü X3 üzərində icra edilmiş “Sağ bud nahiyəsinin yerdəyişməli osteoplastikası” cərrahi əməliyyatında həkim anestezioloq-reanimatoloq qismində iştirak edərkən, cinayətkarcasına etinasızlıq göstərib cərrahiyyə əməliyyatı zamanı anesteziya məqsədilə istifadə edilən dərman preparatlarının dozalarını xəstənin çəkisinə uyğun olmayan dozada verərək, həmçinin həmin gün saat 16:10-da əməliyyatdan sonra narkozdan ayılma mərhələsində narkoz komponentlərinin təsiri bədəndən keçməmiş Rüstəm Mustafayevi erkən ekstubasiya etməklə yaranmış beyin hipoksiyası nəticəsində spinal anesteziya və intubasion narkoz zamanı inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığından ölümünə səbəb olmaqla, Rüstəm Mustafayevi ehtiyatsızlıqdan öldürmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən Niyazi Qaraquliyev CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(015)-24/2020 saylı hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 124.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 56.2-ci maddəsinə əsasən 2 il müddətinə anestezioloq-reanimatoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmaqla, yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonlarının ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonlarının ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Sonda Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-151/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(015)-24/2020 saylı hökmündən zərərçəkmiş şəxslərin hüquqi varisləri Y.İ.Dəmirov, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətləri və dövlət ittihamçısı V.Ə.Səlimov tərəfindən verilmiş apelyasiya protesti əsasında apelyasiya protesti təmin edilmiş, zərərçəkmiş şəxslərin hüquqi varisləri X9 və İddiaçı apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(015)-24/2020 saylı hökmü dəyişdirilmiş, X7 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə anestezioloq-reanimatoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X4 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(104)- 151/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atasının vəfat etməsinə görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat kompensasiyanın və ödənilmiş dövlət rüsumuna görə 240 manat olmaqla, ümumilikdə 50.240 manatın cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və X15 Mərkəzindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, atası X8 özünə məxsus “Mercedes” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 29 iyun 2018-ci il tarixdə Bakı şəhərindən Qazax rayonuna gələrkən xatırlamadığı dostlarından biri zəng edərək atasının Ağstafa şəhəri ərazisində baş verən avtoqəza nəticəsində xəsarət aldığını və Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparıldığını bildirmişdir. Səhhəti ilə maraqlandıqda dostu narahat olmamağı, atasının sadəcə ayağının qırıldığını, vəziyyətinin də yaxşı olduğunu bildirmişdir. Ağstafa şəhərinə çatandan sonra dərhal xəstəxanaya getdi, orada atasının sağ bud sümüyünün sındığını gördü. Sonra atasını Ağstafa RMX-dan X15 Mərkəzinə apardılar. Həmin gün həftənin 5-ci günü idi. X11 atasını müayinə edərək, Bakı şəhərinə getdiyini, bizə resept verərək növbəti həftənin bazar ertəsi gününə alıb, qədər icra etməyi və bazar ertəsi günü atasını əməliyyat edəcəyini bildirmişdir. Onlar da Fəxrəddin həkimlə razılaşdılar. Atası 3 gün xəstəxanada qaldı, həftənin 1-ci günü, yəni 02 iyul 2018-ci il tarixdə Fəxrəddin həkim atasını əməliyyata aldı, saat 14.00-da başlayaraq, 15.40-da başa çatdı. Əməliyyatdan çıxanda Fəxrəddin həkim əməliyyatın uğurla başa çatdığını, bir müddətdən sonra atasının narkozdan oyanacağını bildirdiyi üçün gözlədilər. Həmin vaxt orada qohum-əqrabalar, dost-tanışlar da var idi. Əməliyyatda Fəxrəddin həkimdən başqa anestezioloq Niyazi Qaraquliyev iştirak etmişdir. Bundan təxminən 2-3 gün qabaq atasının doğma xalası oğlu Yaqub Dəmirovun arvadı Nataliya Dəmirova əməliyyatdan sonra xəstəxanada ölmüşdü. Həmin əməliyyat zamanı da narkoz həkimi Niyazi Qaraquliyev olmuşdur. Atası yenicə əməliyyatdan çıxan zaman Niyazi həkim onu otağına çağıraraq narkoza görə 50 manat pul tələb etmişdi, o, da Niyaziyə atasının hələ narkozdan ayılmadığını, oyandıqdan sonra verəcəyini bildirdi. Niyazi ondan israrla pulu tələb etsə də, yalnız atası narkozdan oyandıqdan sonra verəcəyini bildirdi. Buna görə də Niyazi “Cəhənnəm ol” deyərək onu otaqdan qovub, arxasınca da “Köpəkoğlu” demişdir. Onu təhqir etdiyinə görə Niyazini vurmaq istəsə də, tibb bacıları onu uzaqlaşdırdılar. Bir müddət sonra tibb bacılarından kimsə ona yaxınlaşaraq resept verib Niyazinin həmin dərmanları almağı dediyini bildirmişdi. Qazax şəhərində yerləşən apteklərdən birindən dərmanları alıb geri qayıdarkən Niyazinin avtomobilinə əyləşib oradan uzaqlaşdığını gördü. Həmin vaxt saat 17 radələri idi və atası hələ narkozdan ayılmamışdı. Aldığı dərmanları reanimasiya şöbəsindəki tibb bacılarına təqdim etdi. Saat 18 radələrində atasının vəziyyəti pisləşdiyi üçün tibb bacıları zəng edərək, həm Fəxrəddin həkimi, həm də Niyazini xəstəxanaya çağırdılar. Həkimlər gələndə artıq atasının vəziyyəti kifayət qədər pis oldu, həkimlər yardım göstərsələr də atası gözünün önündə vəfat etdi. Atasının ölümü ilə əlaqədar Qazax rayon prokurorluğunda araşdırma aparıldı, atasının Niyazi Qaraquliyevin səhlənkarlığı nəticəsində ölməsi sübut olundu. Belə ki, atasına ilk öncə belindən iynə vasitəsilə yerli narkoz vermək istəsə də, bacarmamış, bundan sonra etməli olmadığı halda ümumi narkoz vermiş və doza artıq olduğu üçün atası dünyasını dəyişmişdir. Cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Hökmə əsasən X7 təkrarən, 02 iyul 2018-ci il tarixdə, saat 14 radələrində ünvan 1 ünvanında yerləşən X15 Mərkəzində Ağstafa rayonu, Poylu kənd sakini 1947-ci il təvəllüdlü X8 üzərində icra edilmiş “sağ bud nahiyyəsinin yerdəyişməli osteoplastikası” cərrahi əməliyyatında həkim anestezioloq-reanimatoloq qismində iştirak edərkən, cinayətkarcasına etinasızlıq göstərib cərrahi əməliyyatı zamanı anesteziya məqsədilə istifadə edilən dərman preparatlarının dozalarını xəstənin çəkisinə uyğun olmayan dozada verərək, həmçinin həmin gün saat 16:10-da əməliyyatdan sonra narkozdan ayılma mərhələsində narkoz komponentlərinin təsiri bədəndən keçməmiş Rüstəm Mustafayevi erkən ekstubasiya etməklə yaranmış beyin hipoksiyası nəticəsində spinal anesteziya və intubasion narkoz zamanı inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığından ölümünə səbəb olmaqla, Rüstəm Mustafayevi ehtiyatsızlıqdan öldürmüşdür. Ağstafa Rayon Məhkəməsinin 1(015)-24/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə anestezioloq reanimatoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən apellyasiya protesti və şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(104)-151/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti tam, apellyasiya şikayətləri qismən təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin 1(015)-24/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilərək X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə anestezioloq-reanimatoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Göründüyü kimi hadisə Səhiyyə Nazirliyinin əməkdaşının – X15 Mərkəzinin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdehin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Hal-hazıra kimi atasının vəfat etməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə, hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən bizə heç bir müraciət belə edilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində atasının faciəvi surətdə ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və iztirablarla bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Bu baxımdan mərhum atasının faciəvi ölümü keçirdikləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı, iztirablar və s. kimi halları nəzərə alaraq ona, dəymiş mənəvi zərər cavabdehlərdən alınaraq ona ödənilməlidir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1979/2023 saylı, 18 may 2023cü il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia tələbinin qismən təmin edilərək vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul və 240 manat dövlət rüsumunun cavabdeh X15 Mərkəzindən tutularaq İddiaçı ödənilməsi; iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə, iddiaçının törədilmiş cinayət əməli nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ağlabatan həddə, yəni 30.000 (otuz min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 30.000 manat müəyyən edərkən bütün diqqətəlayiq məqamları nəzərə alır. Eyni zamanda məhkəmə qeyd ki, Səhiyyə Nazirliyinə münasibətdə iddianın təmin edilməsi ilə bağlı təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla əlaqədar Səhiyyə Nazirliyinə aid hissədə iddia təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh X15 Mərkəzi (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və tələbin X15 Mərkəzinə münasibətdə rədd edilməsi xahiş edilmiş və şikayətdə göstərilib ki, iddiaçı hazırki tələbini X5 münasibətdə irəli sürməli idi. Çünki, zərərçəkmişin iztirablarının əsası yanlış diaqnoz, müalicə və ya aparılan cərrahi müdaxilə ilə bağlı deyildir. Rüstəm Mustafayevin üzərində X15 Mərkəzində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı anesteziya məqsədilə istifadə olunan dərman preparatlarının dozaları xəstənin çəkisinə (75 kq) tam uyğun olmamışdır. Həmçinin, narkozdan ayılma mərhələsində narkoz komponentlərinin təsiri bədəndən tam keçməmiş erkən ekstubasiya olunmuşdur ki, bunun nəticəsində da yaranan beyin hipoksiyası xəstənin ölümünə səbəb olan kəskin ürəkağciyər çatışmazlığına gətirib çıxarmışdır. Rüstəm Mustafayevin üzərində X15 Mərkəzində icra edilmiş cərrahiyyə əməliyyatı ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır.” X3 ölümü ilə X15 Mərkəzinin hərəkətləri arasında səbəb-nəticə əlaqəsi olmadığından və bu hal işin materiallarında öz əksini tapdığından zərərçəkmişin tələbi X15 Mərkəzinə deyil, X5 yönəlməlidir. Belə ki, sonuncunun əməlinə Cinayət Məcəlləsinin 314.2.-ci maddəsi ilə deyil də, Cinayət Məcəlləsinin 124.1- ci maddəsi ilə hüquqi qiymət verilmişdir. CM-nin 314.2-ci maddəsi 33-cü fəslində olan qulluq mənafeyi əleyhinə olan digər cinayətlər bölümündə, 124.1-ci maddə isə CM-nin 18-ci fəsil olan Həyat və sağlamlıq əleyhinə olan cinayətlər fəslinə aiddir. Adətən həkim səhvi ilə bağlı xəstə ölümünə Cinayət Məcəlləsinin 314.2.-ci maddəsi ilə hüquqi qiymət verilir. Hesab edirik ki, bu fakt-yəni X3 əməlinin CMnin 124.1-ci maddə isə qiymətləndirlməsi artıq özlüyündə onu sübut edir ki, X8 iddiaçının atasının ölümündə fərdi məsuliyyət daşıyır. Belə olan halda Məhkəmənin Mülki Məcəllənin 1099.1-ci maddəsinə istinad edərək X15 Mərkəzindən dəymiş mənəvi zərərin tutulması başa düşülən və qəbul olunan deyildir. Yəni, iş üzrə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinə bilavasitə anestezioloq-reanimatoloq X1 səbəb olmuşdur. X15 Mərkəzi isə əməliyyat üçün lazim olan tibbi avandanlıqlarla təmin olunmuş və həkimin fəaliyyət göstərməsi üçün əlverişli şəraiti yaratmışdır. X16 ölümü X1 nəticəsində baş verdiyindən, hazırki işdə cavabdeh mövqeyində çıxış edən X15 Mərkəzilə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi arasında birbaşa səbəbli əlaqə yoxdur. Çünki, iddiaçının sarsıntı keçirməsinə səbəb X15 Mərkəzinin deyil, anestezioloq-reanimatoloq X4 hərəkət və hərəkətsizliyi olmuşdur. X4 əməlinə CM-nin 314.2.-ci maddəsi ilə deyil də, Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə hüquqi qiymət verilməsi məsələsi də ona dəlalət edir ki, məhz X7 iddiaçının atasının ölümə görə iddiaçıya vurulmuş mənəvi zərəri ödəməlidir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə təqdim etdiyi apellyasiya şikayətinə yazılı etirazda işə apellyasiya qaydasında baxılmasının qeyrimümkün hesab edilməsi və mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və mövqeyini bununla əsaslandırmışdır ki, verilmiş şikayət qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməlidir. Belə ki, mübahisələndirilən qətnamə yuxarıda qeyd etdiyi kimi xx.xx.2023-cü ildə elektron kabinetə yerləşdirilmişdir. Vəkil Nümayəndə məhkəmə qətnaməsinin xx.xx.2023-cü il tarixində bilavasitə qəbzə imza atmaqla əldə edildiyini, cavabdehin məhkəmə prosesi barədə məlumatı olmadığını bildirsə də, əslində bu, belə deyil. Qətnamənin 3-cü səhifəsinin 5-ci abzasından görünür ki, cavabdeh X15 Mərkəzi tərəfindən iddiaya etiraz təqdim edilmişdir. Həmin etiraz cavabdeh X15 Mərkəzinin direktoru X10 tərəfindən xx.xx.2023-cü il tarixdə Elektron məhkəmə portalındakı şəxsi kabinet vasitəsilə təqdim edilmişdir. Göründüyü kimi, vəkilin dediyinin əksinə olaraq, cavabdeh X15 Mərkəzi həm proses barədə məlumatlı olmuş, həm də xx.xx.2023-cü il tarixdə şəxsi kabinetinə yerləşdirilən qətnaməni almışdır. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan halların mövcudluğuna baxmayaraq, 3 aydan sonra şikayət vermə üzrə prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, məlumatları dəqiqləşdirməmiş, həqiqətən cavabdehin qətnamə barədə hansı tarixdən məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, hətta zərurət yarandığı halda icra işini tələb edərək baxış keçirməmiş, qeyd edilən xüsusatlara diqqət yetirməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında cavabdeh X15 Mərkəzinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın cavabdeh X15 Mərkəzinə münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə verdiyi yazılı etirazla eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 10.İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdeh Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

12. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

13. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X12 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X12 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.

14. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

23. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik şikayət verən cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia təmin edildiyi hissədə haqlı sayılırdı. 24.Əvvəla, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdeh Mərkəzin işçisinin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır. Çünki, cavabdeh qurumun işçisinin cinayət törətməsi nəticəsində iddiaçının atası ölmüşdür.

25. İddiaçı iki cavabdehdən vurulmuş mənəvi zərərə görə 50 000 (əlli min) manat tələb edib birinci instansiya məhkəməsi isə həm cavabdehlərə, həm də tələb edilən məbləğə münasibətdə iddianın qismən təmin edib. Təmin edilməyən hissələrdə qətnaməni iddiaçı mübahisələndirməyib. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddia ərizəsində özü də təsdiq edir.

26. Cavabdeh X15 Mərkəzi apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirir. Bununla belə, şikayətin məzmununda iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini qətiyyən inkar etmir, eləcə də qət edilmiş mənəvi zərərin əvəzinin miqdarını da mübahisələndirmir. Mübahisələndirdiyi hal yalnız iddianın Mərkəzə münasibətdə təmin edilməsi ilə bağlıdır. Daha dəqiq deyilsə, düşünür ki, iddiaçı hazırki tələbini X5 münasibətdə irəli sürməli idi. Çünki, zərərçəkmişin iztirablarının əsası yanlış diaqnoz, müalicə və ya aparılan cərrahi müdaxilə ilə bağlı deyildir. Rüstəm Mustafayevin üzərində X15 Mərkəzində icra edilmiş cərrahiyyə əməliyyatı ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Əlbətdə ki, bu dəlillər açıq-aşkar əsassız kimi görünməyə bilər. Lakin cavabdeh tibb müəssisəsində, onun həkim işçiləri biri iddiaçının atasının üzərində nəticə etibarı ilə uğursuz olan cərrahi əməliyyatı icra etsə də, digəri anesteziya məqsədilə istifadə olunan dərman preparatlarının dozalarını xəstənin çəkisinə tam uyğun icra etməmiş, eləcə də narkozdan ayılma mərhələsində narkoz komponentlərinin təsiri bədəndən tam keçməmiş erkən ekstubasiya olunmuş, nəticədə xəstə ölmüşdür. Demək, cavabdeh tibb müəssisəsinin həkimi düzgün və tam olmayan tibbi müdaxiləsi nəticəsində atası öldüyündən iddiaçı mənəvi zərərə məruz qalmışdır. Burada mütləq deyil ki, tibb müəssisəsi həkim işçisinin yalnız cərrahiyyə əməliyyat yaxud yanlış diaqnozu nəticəsində dəymiş zərərə görə məsuliyyət daşımalı və zərərin əvəzini ödəməlidir. Əslində, Mülki Məcəllənin 1112.1-ci maddəsindədə qeyd olunub ki, müalicə zamanı ...“və.s.” nəticəsindədə, başqa sözlə anestezioloq-reanimatoloq həkimin səhvi yaxud cinayəti nəticəsindədə vurulmuş zərərə görə tibb müəssisəsi məsuliyyət daşıyır. Tibb müəssisəsi yalnız zərərin onun(həkim işçilərinin) təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə məsuliyyətdən azad edilir. Təqsir isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq olunub.

27. Göstərilənlərlə yanaşı, Mülki Məcəllənin 1099.1, 1112 və 1114.1-ci maddəsinin tələblərinə əsasən də, tələb olunan və məhkəmə tərəfindən müəyyən edilən mənəvi zərərin yalnız tibb müəssisəsindən tutulub iddiaçıya ödənilməsi əsassız və qanunsuz olmamışdır. Çünki, qeyd olunan maddələrin tələbinə əsasən həmin cavabdeh müəssisə öz işçisi olan həkim(lər)in törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalı və əmək(qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bununla yanaşı, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən cavabdeh zərərin əvəzini ödədikdən sonra, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres) hüququ vardır.

28. X3 ölümünə görə X15 Mərkəzinin həkimi olmuş X4 əməlinə Cinayət Məcəlləsinin 314.2.-ci maddəsi ilə deyil də, Cinayət Məcəlləsinin 124.1- ci maddəsi ilə hüquqi qiymət verilməsi də şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki, bu hal cavabdeh Mərkəzə münasibətdə iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Hər iki cinayət ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aiddir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə X4 əməlinin Cinayət Məcəlləsinin 124.1- ci maddəsi ilə tövsif edilməsi bu cinayətin törədilməsi ilə əlaqədar vurulmuş mənəvi zərərə görə də onun yalnız fərdi mülki məsuliyyət daşımalı olduğunu ehtiva etmir. Ən azından qanunvericilikdə belə bir imperativ qayda müəyyən edilməmişdir. Ona görə də X4 əməlinə CM-nin 314.2-ci maddəsi ilə deyil, 124.1-ci maddəsi ilə hüquqi qiymət verilməsi hazırki iddiaya görə tibb müəssisəsini məsuliyyətdən və vurulmuş mənəvi zərəri ödəməkdən azad etmir.

29. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1979/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh X15 Mərkəzinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1979/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar