Məhkəmə qərarları › İş №2(103)-6825/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6825/2022

19.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6825/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: uşağın himayədə saxlanılması və aliment) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanılması və aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1528/2022 saylı 20 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 4 saylı Bakı ASAN xidməti mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, AZ-İ 422495 nömrəli «Atalığın müəyyən edilməsi haqqında» şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı doğulmuş X2 atasıdır. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 405 nömrə ilə qeyd edilmişdir.

2. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş «Doğum haqqında» şəhadətnamədən görünür ki, xx.xx.2021-ci ildə X4 Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə xx.xx.2021-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 4109 nömrə ilə qeydiyyat aparılmışdır.

3. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovanın məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1/605 nömrəli məktubundan görünür ki, “X1 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiyada iddiaçının cavabdehə qarşı “alimentin təyin edilməsi və uşağın himayədə saxlanması” tələbinə dair məsələyə baxılmışdır. Sözügedən məsələ ilə əlaqədar tərəflər dəvət olunaraq dinlənilmiş, “X1 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiya Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci, 58.2-ci, 60.1-ci və 60.2-ci maddələrini, hər iki tərəf haqqında apardığı araşdırmaları nəzərə alaraq xx.xx.2021-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalmasını yetkinlik yaşına çatmayanın hüquq və mənafeyinə uyğun hesab etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması və yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay əmək haqqının 25%-i məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinə əlavə barədə ərizə ilə təqdim edərək, uşağın 3 yaşına çatanadək hər ay 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh iİə 15 iyun 2019-cu ildə ailə qurmuş, birgə yaşadıqları dövrdə 02 avqust 2021-cu ildə X4 doğulmuşdur. Lakin cavabdeh ilə arasında əlaqə 6 dekabr 2021-ci ildən kəsilmiş, bir yerdə yaşamayaraq ayrı təsərrüfat idarə edirlər. Azərbaycan Respublikasında 2022-cİ il uşaqlar ücün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanuna əsasən hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Ancaq uşağın hazırki dövrdə dəfələrlə xəstələnməsi hər dəfə 500 manata başa gəlir. Uşağın atası cavabdeh işlədiyi idarədə ***-**** manat aylıq əmək haqqı alır. Ona görədə cavabdehin iş yerindən sorğu əsasında alınmış aylıq əmək haqqı məbləği barədə arayışa əsasən bir uşağa 25 % məbləğdə aliment təyin olunmalıdır.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 iyul 2022-ci il tarixli 2(005)-1528/2022 saylı qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia təmin edilmiş, cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay əmək haqqının 25%-i məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2021-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il təvəllüdlü iddiaçının himayəsində saxlanılması, cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşınadək baxılması üçün hər ay 50 manat iddiaçıya ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin birgə yaşadıqları müddətdə onların xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşağı doğulmuşdur. Uşaq hazırda iddiaçı ilə birlikdə yaşayır. “Elektron məhkəmə” informasiya sistemində cavabdehin daimi iş yeri "xxxx" Birgə Müəssisəsi olması və onun əmək haqqının 810 manat təşkil etməsi müəyyən edilmişdir. Buna görə də, alimentin sabit pul məbləğində deyil cavabdehin aylıq gəlirinin 25 faizi miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir.

9. Məhkəmə “X1 İşləri və Hüquqlarının Müdafiəsi” üzrə Komissiya tərəfindən verilmiş rəyə uyğun olaraq xx.xx.2021-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması nəticəsinə gəlmişdir.

10. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsini rəhbər tutaraq iddiaçının tələb hüququnun olduğunu nəzərə alaraq xx.xx.2021-ci il təvəllüdlü X4 qızının üç yaşınadək baxılması üçün hər ay 50 manat miqdarında təmin edilməsini məqsədəmüvafiq hesab etmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 76.2, 100.2, 84.1, 84.2.2, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 103.1, 107, 112.1.3, 124.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi və uşağın saxlanılması üçün sabit pul məbləğində alimentin tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apelyasiya şikayətində göstərilmişdir ki, iddia tələbini qismən, sabit pul məbləğində alimentin tutulması hissəsində qəbul edir. Faktiki olaraq adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Faktiki olaraq işləmədiyi nəzərə alınsa ondan əmək haqqının 25 faizi miqdarında alimentin tutulması başa düşülən deyil. İşsiz olduğu halda belə sabit pul məbləğində alimenti övladının xeyri naminə daima ödəyəcəyini bildirir, ancaq uşağın saxlanılmasında tək ata deyil, ana da bərabər vəzifələr daşıyır, alimentdən əlavə 50 manat ödənilməsi ona ciddi maddi zərər vuracaqdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı apelyasiya şikayətinə etiraz verərək, göstərmişdir ki, cavabdeh AZFEN şirkətində “konstruktor” işləyir. Əmək haqqı yüksək olduğu üçün alimentin çox tutulmasını istəmir. Həmin şirkətdə dayısı da yüksək vəzifədə işləyir. Bu şəxs alimenti ödəməmək üçün bəhanə gətirərək müvəqqəti işdən çıxır, apelyasiya şikayəti verərək, iddiasının təmin olunacağını ümid edir. Özü uşağa görə işləyə bilmir və alimentin ödənilməsi vacibdir.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ərizə təqdim edərək, uşağın saxlanılması üçün 200 manat sabit pul məbləğində aliment tutulması barədə razılaşdıqlarını bildirdi. Alimentin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanacağına etiraz etmədiyini qeyd etdi.

16. İddiaçı da ərizə təqdim edərək, uşağın saxlanılması üçün 200 manat sabit pul məbləğində aliment tutulması barədə razılaşdıqlarını qeyd etdi. Həmçinin özünə görə tələb etdiyi 50 manat aliment məbləğindən imtina etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

17. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

18. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.

19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apelyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Apelyasiya baxışı zamanı iddiaçı ərizə təqdim edərək, özünə görə tələb etdiyi 50 manat aliment məbləğindən imtina etdiyini bildirmişdir.

26. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşınadək baxılması üçün hər ay 50 manat aliment ödənilməsinə aid hissədə iddiaçının iddiadan imtinası qəbul edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(005)-1528/2022 saylı qətnaməsi Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşınadək baxılması üçün hər ay 50 manat İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

27. Cavabdeh uşağın iddiaçının himayəsində saxlanılması hissəsində qətnaməni mübahisələndirmədiyindən, hazırki apelyasiya baxışının predmetini qətnamənin alimentə aid qalan hissədə yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

29. Cavabdeh ərizə təqdim edərək, uşağın saxlanılması üçün 200 manat miqdarında aliment məbləğinin tutulması barədə razılıq əldə etdiklərini, hərəkətlərinin nəticəsinin ona aydın olduğunu, alimentin əvvəlinin xx.xx.2022-ci il tarixdən tutulacağını göstərmişdir.

30. Eyni zamanda iddiaçı ərizə təqdim edərək, uşağın saxlanılması üçün 200 manat miqdarında aliment məbləğinin tutulması barədə razılıq əldə etdiklərini bildirmişdir.

31. Göründüyü kimi, apellyasiya baxışı zamanı iş üzrə tərəflər razılığa gəlmişlər ki, uşağın yetkinlik yaşına çatana kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan aliment məbləği 200 manat müəyyən edilməlidir.

32. Hazırki iş üzrə tərəflər uşağa görə tutulmalı olan aliment barədə razılığa gəldikləri üçün, Kollegiya hesab edir ki, bu hal əsas verir ki, aliment 200 manat sabit pul məbləğində müəyyən edilsin.

33. Həmçinin alimentin tutulma vaxtına aid hissədə mübahidə olmadığından, bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən Kollegiya qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1528/2022 saylı iş üzrə 20 iyul 2022-ci il tarixli qətnaməsi Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay əmək haqqının 25%-i məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin və cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün tutulmalı olan alimentin məbləği hər ay 200 manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar