Məhkəmə qərarları › İş №2(103)-6832/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6832/2020

23.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6832/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, vəkili X3, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı “ABB Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı Cavabdeh qarşı “işçiyə ixtisasa yiyələnmə ilə bağlı işəgötürən tərəfindən çəkilən xərcin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, Cavabdeh “ABB Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi verərək cavabdehdən 5663,35 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli (hakim E.Mehdiyev, iş № 2(004)-2648/19) qətnaməsi ilə ilk iddia tələbi təmin olunaraq, Cavabdeh maddi ziyana görə 19752,75 manat və 30 manat dövlət rüsumunun əvəzinin tutulub iddiaçı “ABB Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsi qət edilmiş, Cavabdeh “ABB Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov - sədrlik edən və məruzəçi, Z.Əliyev və F.Talışinski, iş № 2(103)-9408/19) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia tələbi təmin olunaraq «ABB Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialından Cavabdeh xeyrinə 5663,35 manat pul vəsaitinin tutulması qət edilmiş, ilk iddia tələbi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov-sədrlik edən və məruzəçi, A.Hüseynov və İ.Xəlilov, iş № 2(102)-2108/20) iddiaçı «ABB Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir. İşin halları: İlk iddia onunla əsaslandırılmışdır ki, «ABB Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialı hazırda «BP» şirkətinin subpodratçısı olmaqla uzun illərdir ki, Azərbaycan Respublikasında neft və qazçıxarma sahəsində fəaliyyət göstərən və hasilatın pay bölgüsü haqqında Sazişdən irəli gələn öhdəlikləri yerinə yetirən transmilli şirkətdir. Nümayəndəliyin fəaliyyəti neft və qazçıxarma ilə əlaqədar enerji və avtomatlaşdırma sahəsində xidmət göstərməkdir. Tərəflər arasında xx.xx.2013-cü il tarixdə imzalanmış əmək müqaviləsinə əsasən cavabdeh nəzarət sistemləri üzrə baş mühəndis vəzifəsinə qəbul olunmuşdur. «ABB Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialında xx.xx.2016-cı il tarixdə lokal akt qaydasında «ABB Limited Azərbaycan İR təlimat kitabçası» hazırlanmışdır. Bu təlimat kitabçasında digər qayda və tələblərlə yanaşı «Təlim və inkişaf siyasəti» bölməsi də yer almışdır. Bölmənin 5-ci bölməsinin 4-cü hissəsində müəyyən edilmişdir ki, şirkət gələcək təhsillə bağlı kurslar üçün dəstək göstərir. Şəxsi peşəkar inkişaf müvafiq iş üçün nəzərdə tutulduğu halda şirkət öz əməkdaşlarını işlə bağlı gələcək tədris kurslarını, birinci dərəcə və magistr dərəcəsi ilə təhsili öz öhdələrinə götürmək üçün cəsarətləndirir. Şirkət «bələdçi»də qeyd olunan kurslarda iştirak üçün dəstək və maliyyə ayrılmasını həyata keçirir. Bu dəstəyi əldə etmək üçün işçi kursun başlanmasından öncə şirkətin razılığını əldə etməlidir. “Bələdçi”nin sonuncu abzasında nəzərdə tutulmuşdur ki, kurs müddətində və kursun tamamlandığı 12 ay ərzində əmək müqaviləsinə xitam verildiyi halda təhsil haqqı olaraq ödənilmiş məbləğin 100 faizi, 12 aydan 18 ayadək işlədikdən sonra işdən çıxdıqda bu məbləğin 50 faizi və 18 aydan 24 ayadək işlədikdən sonra işdən çıxdıqda isə təhsil haqqı olaraq ödənilmiş məbləğin 25 faizi filiala qaytarılmalıdır. «Təlim və inkişaf siyasəti» bölməsində yer almış tələb və qaydalar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 4-cü və 5-ci hissələrinə uyğundur. Bu hissələrdə deyilir ki, bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. İşçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. Tərəflər arasında təlimat kitabçası kimi tərtib olunmuş (müvafiq müqavilə) sənəd əsasında razılıq əldə edilmişdir ki, o, xx.xx.2017-ci il tarixdə «X5» təhsil müəssisəsində filialın hesabına təhsil almağa göndərilir. Cavabdeh «X5» təhsil müəssisəsini bitirdiyi ərəfədə iddiaçıya ərizə ilə müraciət edərək xx.xx.2018-ci il tarixdə öz xahişi ilə işdən azad edilməsini xahiş etmiş, xx.xx.2018-ci il tarixdə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərmiş və tərəfindən imzalanmış təlimat kitabçasına uyğun olaraq onun üzləşə biləcəyi maddi öhdəliklər barədə cavabdehə xəbərdarlıq edilmiş, əks halda qanuna uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Bundan sonra iddiaçının xx.xx.2018-ci il tarixli, 01/AO- 2018 nömrəli əmri ilə cavabdeh tərəfindən vurulan 25416,10 manat ziyanın bir orta aylıq əmək haqqı məbləği - 5663,35 manat son haqq hesab məbləğindən tutulmuş və bu nəzərə alınmaqla iddiaçının xx.xx.2018-ci il tarixli 02/AO-2018 nömrəli əmri ilə cavabdehin əmək müqaviləsinə həmin tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilmişdir. İddiaçı qeyd edilənlərə əsasən məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “ABB Limited” şirkəti iddianın hüquqi əsası kimi müəssisədaxili qaydaları tənzimləyən “ABB Limited” şirkətinin Azərbaycan İR təlimat kitabçasına əsaslanmışdır. Həmin təlimatın təlim və inkişaf bölməsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, şirkət işçilərinin gələcək təhsili ilə bağlı kurslar üçün dəstək göstərir. Müvafiq iş üçün nəzərdə tutulduğu halda şəxsi peşəkar magistr ali təhsil səviyyələrinin təhsil haqqını ödəməyi öz öhdəsinə götürür. Şirkət “Bələdçi”də qeyd olunan kurslarda iştirak üçün dəstək və maliyyə ayrılmasını həyata keçirir. Bu dəstəyi əldə etmək üçün işçi kursun başlanmasından öncə şirkətin razılığını əldə etməlidir. Bələdçinin sonuncu abzasında nəzərdə tutulmuşdur ki, kurs müddətində və kursun tamamlandığı 12 ay ərzində əmək müqaviləsinə xitam verildiyi halda təhsil haqqı olaraq ödənilmiş məbləğin 100 faizi, 12 aydan 18 ayadək işlədikdən sonra işdən çıxdıqda məbləğin 50 faizi və 18 aydan 24 ayadək işlədikdən sonra işdən çıxdıqda isə təhsil haqqı olaraq ödənilmiş məbləğin 25 faizi işçi tərəfindən filiala qaytarılmalıdır. Göründüyü kimi, şirkət bu öhdəliyi bir tərəfli qaydada öhdəsinə götürmüşdür. Onunla bağlanmış əmək müqaviləsində təhsil haqqına ödənilmiş məbləğin geri qaytarılması nəzərdə tutulmamışdır. Başqa bir məqam ondan ibarətdir ki, təhsil haqqı ona deyil, təhsil müəsissəsinə ödənilmişdir. Təhsil müəsissəsinin də pulun geri qaytarması öhdəliyi yoxdur. İddia ərizəsinin məzmunundan görünür ki, o, işdən çıxarkən onun əmək haqqından təhsil haqqına ödənilmiş 5663.35 manat tutulmuşdur. Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən əmək haqqından tutulmalara yalnız işçinin razılığı ilə yol yerilir. Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkət və hərəkətsizliyi qanuna zidd olduqda və təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda işəgötürənin və işçinin qarşiliqlı maddi məsuliyyəti yaranır. Digər tərəfdən, işçinin tam maddi məsuliyyəti tərəflər arasında tam maddi məsuliyyət haqında müqavilə olduqda yaranır. Tərəflər arasında belə bir müqavilə bağlanmamışdır. Onun işdən çıxması təqsirlı hərəkət kimi qiymətləndirilə bilməz. Şərh olunanlardan görünür ki, onun əmək haqqından tutulma qanunsuz olmaqla yanaşı, ondan pulun tələb edilməsi də qanunsuzdur. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini qarşılıqlı iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını və s. göstərmiş, apelyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv olunması, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili H.Həsənov məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi R.Kərimov və vəkili E.Hacıyev apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 0030 saylı əmək müqaviləsinə əsasən “ABB Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına nəzarət sistemləri üzrə təlimatlandırıcı mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə “X5” təhsil müəssisəsində filialın hesabına təhsil almağa göndərilmiş, həmin kollecdə təhsil alması üçün şirkət tərəfindən 11280 İngiltərə funt sterlinqinə ekvivalent olan 25416,10 manat pul vəsaiti sərf edilmişdir. Cavabdeh həmin məbləğin geri qayatarılmasına dair müddəaları da nəzərdə tutan lokal akt qaydasında hazırlanmış xx.xx.2016-cı il tarixli “ABB Limited Azərbaycan İR təlimat kitabçası”nın şərtləri ilə tanış olaraq imzalamasına baxmayaraq “X5” təhsil müəssisəsini bitirdiyi ərəfədə iddiaçıya ərizə ilə müraciət edərək xx.xx.2018-ci il tarixdə öz xahişi ilə işdən azad olunmasını xahiş etmiş, xx.xx.2018-ci il tarixdə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş və tərəfindən imzalanmış “ABB Limited Azərbaycan İR təlimat kitabçası”na uyğun olaraq üzləşə biləcəyi maddi öhdəliklər barədə xəbərdarlıq edilmişdir. “ABB Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı üzrə xx.xx.2018-ci il tarixli, 02/AO-2018 saylı əmri ilə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, təhsil haqqını qaytarmamaqla vurduğu zərərə gorə 1 aylıq əmək haqqının 5663,35 manatı tutulmuşdur. Nəticədə, “ABB Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 19752,75 manat məbləğində ziyan ödənilməmiş qalmışdır. “ABB Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı bunu nəzərə alaraq xx.xx.2018-ci il tarixdə məhkəmədə 19752,75 manat məbləğində ziyanın Cavabdeh tutulması barədə hazırkı iddianı qaldırmışdır. Cavabdeh iddianı qəbul etməmiş və göstərmişdir ki, işçinin tam maddi məsuliyyəti tərəflər arasında tam maddi məsuliyyət haqında müqavilə olduqda yaranır. Tərəflər arasında belə bir müqavilə bağlanmamışdır. Onun işdən çıxması təqsirlı hərəkət kimi qiymətləndirilə bilməz. Onun əmək haqqından tutulma qanunsuz olmaqla yanaşı, ondan pulun tələb edilməsi də qanunsuzdur. Cavabdeh qeyd olunanları nəzərə alaraq “ABB Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı 5663,35 manat pulun alınıb ona ödənilməsi barədə qarşılıqlı iddia vermişdir. Birinci instansiya məhkəməsi ilk iddianı əsaslı sayaraq təmin etmiş, qarşlıqlı iddianı isə rədd etmişdir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5, 10, 42, 175, 182-ci və s., eləcə də Mülki Məcəllənin 21, 425.1, 390.1-ci və s. maddələri ilə əsaslandırmışdır. Əvvəlki apelyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib ilk iddia rədd, qarşılıqlı iddia təmin olunsa da, kassasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq həmin qətnaməni ləğv etmiş və işi müvafiq göstərişlərlə yeni apelyasiya baxışına qaytarmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə xx.xx.2020-ci il tarixli qərarında şərh olunan göstərişlərə görə hazırkı mübahisəyə Mülki Məcəllənin 2.3, 324.4, 324.5, 489, 390, 399, 405, 406-cı maddələri, eləcə də tərəfər arasında bağlanmış əmək müqaviləsinin və tərəflərin imzalayaraq təsdiq etdiləri Təlimat Kitbçasının şərtləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər araasında bağlanmış Əmək Müqaviləsinin 3.1-ci bölməsi işçinin vəzifə və öhdəliklərini müəyyən etmişdir. Həmin bölmənin 3.1.3-cü bəndində qeyd edilmişdir ki, işçi işəgötürənin bütün yazılı və şifahi təlimatlarına əməl etməlidir. Göründüyü kimi, işçinin işəgötürənin yazılı və şifahi təlimatlarına əməl etməsi əmək müqaviləsində işçinin vəzifəsi (öhdəliyi) kimi təsbit edilmişdir. Həmin təlimat kitabçasının cavabdeh tərəfindən imzanması, təlimatın şərtlərin ilə tanış olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh bu hala dair hər hansı etiraz irəli sürməmişdir. Cavabdehin iddia tələbinə etiraz edərkən təlimatın şərtlərinin onun üçün heç bir öhdəlik yaratmadığına istinad etmişdir. Göründüyü kimi, “İR Təlimat Kitabçası”nda əks olunmuş şərtlər cavabdehə aydın olmuş, cavabdeh tərəfindən başa düşülmüş və onun tərəfindən qəbul edilmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 4-cü bəndinə əsasən bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. Həmin Məcəllənin 7-ci maddəsinin 5-ci bəndinə əsasən işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. Göründüyü kimi, işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti iki qaydada: müvafiq müqavilə ilə və əmək müqaviləsi ilə tənzimlənməsi qeyd edilmişdir. Əmək müqaviləsinin 3.1.3-cü bəndinə əsasən işəgötürənin bütün yazılı və şifahi təlimtlarına əməl etmək işçinin vəzifələrindən biri kimi qetd olunmuşdur. Həmin müqavilənin 10.1-ci bəndinə görə müqavilənin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal və kommersiya maraqlarına ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi, habelə mənəvi məsuliyyət daşıyır. Həmin müqavilənin “Tətbiq olunan qanun” adlanan 13-cü bəndinə görə isə işçi Azərbaycan Respublikasında işəgötürənə və işçiyə tətbiq oluna bilən bütün qanunlara, qaydalara, qərarlara, təlimatlara və digər qanunvericiliyə əməl etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Mülki qanunvericiliyin ümumi normalarına görə isə müqavilə - mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara ( imperativ normalara) uyğun gəlməlidir. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə … bağlana bilər (Mülki Məcəllənin 389, 390, 399, 405, 406-cı maddələri). Mülki Məcəllənin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri ilə bağlı ailə, əmək və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 324.4-cü-maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, müvafiq Təlimatın iddiaçı tərəfindən hazırlanmasına, təlimatın standart şərtləri iddiaçı tərəfindən müəyyən edilməsinə baxmayarq Cavabdeh həmin təlimatla tanış olmuş, oradakı şərtlər cavabdehə aydın olmuş və cavabdeh tərəfindən qəbul edilmiş, bu sonuncunun imzası ilə təsdiq edilmiş, onun iradə ifadəsinə uyğun olmuşdur. Ona görə də, hazırkı mübahisəyə Mülki Məcəllənin yuxarıda sadalan normaları, tərəflər arasında bağlanmış əmək müqaviləsinin və tərəflərin imzalayaraq təsdiq etdiləri Təlimat Kitbçasının şərtləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən də bu tələbə əməl olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar