Məhkəmə qərarları › İş №2(103)-6845/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6845/2025

16.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6845/2025 16.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-5791/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflərin 3 uşağı var: 1) xx.xx.2009-cu il təvəllüdlü X1; 2) xx.xx.2010-cu il təvəllüdlü X2; 3) xx.xx.2014-cü il təvəllüdlü X3. 2.Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-3190/2025 nömrəli qətnaməsi ilə tərəflərin nikahının pozulması, uşaqların ananın yanında qalması və uşaqların hər biri üçün atadan hər ay minimum əmək haqqının 0,50 misli həddində (2025-ci il üçün 400 manat) aliment tutularaq anaya verilməsi qət olunub. Birinci instansiya məhkəməsində icraat 3.Həmin qətnamənin qəbul edilməsindən 2 ay 10 gün sonra - xx.xx.2025-ci il tarixdə hazırkı iddia verilib. İddia ərizəsində tələb olunub ki, alimentin miqdarı azaldılaraq iddiaçının aylıq əmək haqqının yarısı miqdarında müəyyən edilsin. 4.Tələb onunla əsaslandırılıb ki, qətnamə elan edildikdən sonra – xx.xx.2025-ci il tarixdə iddiaçı "xxxx" MMC-yə mühafizəçi vəzifəsinə işə düzəlib, hazırda əmək haqqı 442 manat təşkil edir. Ona görə də hər ay əmək haqqının yarısı miqdarında, yəni 221 manat aliment tutulması barədə qətnamə qəbul edilməlidir. 5.Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, alimentin miqdarı azaldılaraq üç uşağın hər biri üçün hər ay minimum əmək haqqının 0,425 misli həddində (2025-ci il üçün 170 manat) müəyyən edilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 8.Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Apellyasiya şikayəti təmin edilə bilməz. 10.Belə ki, iddiaçı aliment tutulması barədə qətnamənin qəbul edilməsindən 1 gün sonra əmək müqaviləsi bağlayıb, 2 ay 10 gün sonra isə həmin müqaviləyə əsaslanaraq alimentin miqdarının azaldılması barədə iddia verib. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edib, alimentin miqdarını azaldaraq minimum əmək haqqının 0,425 misli həddində müəyyən edib. Cavabdeh apellyasiya şikayəti verməyib, iddiaçı apellyasiya şikayəti versə də, alimentin miqdarının daha da azaldılması üçün əsas yoxdur. İddiaçı əmək qabiliyyətlidir, münasib qazanc əldə etmək və hər ay üç uşağın hər biri üçün minimum əmək haqqının 0,425 misli həddində aliment ödəmək iqtidarındadır. 11.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-5791/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar