Məhkəmə qərarları › İş №2(103)-6847/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6847/2021

16.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6847/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, "xxxx" MMC-yə, Cavabdeh3nə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-605/2021 saylı, 08.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, "xxxx" MMC-yə, Cavabdeh3nə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə onun arasında bağlanmış ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi (bundan sonra mübahisəli fərdi yaşayış evi) üzrə ipotekaya xitam verilməsi; onun mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin hərrac vasitəsi ilə satılması və ya satışının təşkilinin cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh3nə və "xxxx" MMC-yə qadağan edilməsi; onun mülkiyyətində olan mübahisəli fərdi yaşayış evi girovdan azad olunması vəzifəsinin Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması; iddia qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC ilə X4 arasında bağlanmış 02 fevral 2015-ci il tarixli 02022015/217617 saylı və 10 fevral 2015-ci il tarixli 10022015/2017617 saylı kredit müqavilələrinə əsasən sonuncuya, həmin kredit müqavilələrində qeyd olunan müddətdə və faiz dərəcəsi ilə müəyyən məbləğdə kredit verilmiş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi İddiaçı ilə 10 fevral 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, İddiaçı məxsus olan mübahisəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli 2(103)-5058/2018 saylı qətnaməsi ilə Cavabdeh1 ASC ilə X4 arasında bağlanmış 02 fevral 2015-ci il tarixli 02022015/217617 saylı və 10 fevral 2015-ci il tarixli 10022015/2017617 saylı əsas kredit müqaviləsinin tərkib hissəsi sayılan 10 fevral 2015-ci il tarixli 10022015/2017617 saylı əlavə kredit müqaviləsi ləğv edilməsi, 02 fevral 2015-ci il tarixli 02022015/217617 saylı kredit müqaviləsi üzrə cəmi 31.158 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 ASC-nin xeyrinə tutulmalıdır. 10 fevral 2015- ci il tarixli 10022015/2017617 saylı kredit müqaviləsi üzrə X1 və İddiaçı müştərək qaydada cəmi 46.014 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı məxsus mübahisəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, satışından əldə olunan pul vəsaiti kredit borcu olan 46.014 ABŞ dollarının ödənilməsinə yönəldilməsi, evin ilkin satış qiymətinin 75.000 manat müəyyən edilməsi və ev satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. Cavabdeh3 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli 2(103)-5058/2018 saylı icra sənədinin icrası ilə əlaqədar İddiaçı məxsus mübahisəli fərdi yaşayış evinin satışının təşkili ilə bağlı hərracın keçirilməsi məqsədi ilə zəruri sənədlər "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən qanunvericiliyə uyğun olaraq qeyd olunan evin satışının təşkili məqsədi ilə müvafiq hərraclar keçirilmiş və həmin hərraclarda qeyd olunan fərdi yaşayış evi satılmadığından (alıcı olmadığından) ipoteka saxlayan Cavabdeh1 ASC-yə qanunla müəyyən edilmiş müddət ərzində ipoteka predmetinin əldə edilməsi barədə təklif göndərilmişdir. Lakin qeyd olunan son müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, Cavabdeh1 ASC ipoteka predmetini əldə etmədiyindən 31 yanvar 2020-ci il tarixli 117 nömrəli məktubla qanunvericiliyə uyğun qərar qəbul etmək üçün aidiyyəti sənədlər Cavabdeh3nə geri qaytarılmışdır. Belə ki, "xxxx" MMC-yə edilmiş 21.07.2020-ci il tarixli sorğuya 10.08.2020-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli 2(103)- 5058/2018 saylı icra sənədinin icrası ilə əlaqədar cavabdeh İddiaçı məxsus mübahisəli fərdi yaşayış evinin satışının təşkili ilə bağlı açıq hərracın keçirilməsi, müvafiq elan və tərəflərə məlumat verilməklə (əmlakın ilkin satış qiyməti 75.000 manat) 19 dekabr 2018-ci il tarixə saat 11.00-a təyin edilmişdir. Həmin tarixdə keçirilən hərracda alıcı olmadığından təkrar hərrac (əmlakın təkrar hərracdakı qiyməti 63.750 manat) 23 yanvar 2019-cu il tarixə saat 11.00-a təyin edilmişdir. Lakin təkrar hərracda da, alıcı olmadığından hərrac baş tutmamış və qanunla müəyyən olunmuş qaydada (30 gün müddətində) ipoteka saxlayan Cavabdeh1 ASC qeyd olunan əmlaka sahib çıxmadığından (həmin əmlakı almadığından) qanunvericiliyə uyğun olaraq müvafiq sənədlər 31 yanvar 2020-ci il tarixli 117 saylı məktubla Cavabdeh3nə geri qaytarılmışdır. Yuxarıda qeyd olunan faktlar 10.08.2020-ci il tarixli məktuba əlavə edilmiş ilkin hərracın keçirilməsi barədə 16 və 30 noyabr 2018ci il tarixli bildirişlərlə, təkrar hərracın keçirilməsi barədə 21 dekabr 2018-ci il tarixli və 04 yanvar 2019-cu il tarixli bildirişlərlə, eyni zamanda 31 yanvar 2020-ci il tarixli 117 saylı məktubla bir daha təsdiq olunur. Bundan sonra, Bakı şəhəri Cavabdeh3nə edilmiş 21.07.2020-ci il tarixli sorğuya cavab olaraq həmin şöbədən 26.08.2020-ci il tarixli 9802 saylı məktubla bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli 2(103)-5058/2018 saylı icra sənədinin icrası ilə əlaqədar cavabdeh İddiaçı məxsus mübahisəli fərdi yaşayış evinin satışının təşkili ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədlər 31.10.2018-ci il tarixdə "xxxx" MMC-yə göndərilmişdir. Qeyd olunan hərrac təşkilatı vasitəsi ilə hərrac keçirilmiş, lakin hərracda alıcı olmadığından hərrac baş tutmamış, bundan sonra müvafiq sənədlər 31 yanvar 2020-ci il tarixli 117 saylı məktubla Cavabdeh3nə geri qaytarılmışdır. 26.08.2020-ci il tarixli 9802 saylı məktubda o da bildirilmişdir ki, İddiaçı məxsus mübahisəli fərdi yaşayış evi hərrac vasitəsi ilə satılması üçün 25.02.2020-ci il tarixdə yenidən "xxxx" MMC-yə göndərilmiş və həmin hərrac təşkilatının 25.06.2020ci il tarixli bildirişinə əsasən qeyd olunan əmlakla bağlı hərrac 06.07.2020-ci il tarixə saat 11.00-a təyin edilmişdir. Mübahisəli fərdi yaşayış evinin hərracda satılması barədə protokol şöbəyə daxil olmamışdır. Daha sonra 27.07.2020-ci il tarixli ərizə ilə Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi müraciət edilərək, yuxarıda göstərilənlərə əsasən və qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi üzrə ipotekaya xitam verildiyindən qeyd olunan fərdi yaşayış evinin girovdan azad olunması barədə müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. Lakin Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu bu müraciətə hazırkı vaxtadək cavab verməmiş, o cümlədən qeyd olunan fərdi yaşayış evinin girovdan azad olunması ilə bağlı müvafiq tədbirlər görülməsindən yayınır. Tətbiq edilməli olan qanunvericiliyə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, göründüyü kimi, hərrac təşkilatı tərəfindən qanunvericiliyə uyğun olaraq qeyd olunan fərdi yaşayış evinin satışının təşkili məqsədi ilə müvafiq hərraclar keçirilmiş və həmin hərraclarda göstərilən fərdi yaşayış evi alıcı olmadığından satılmamış, hərrac təşkilatı tərəfindən ipoteka predmetinin əldə edilməsi barədə Cavabdeh1 ASC-yə rəsmi məlumat verilmiş, ipoteka saxlayan tərəfindən isə qanunla müəyyən edilmiş müddətdə ipoteka predmeti əldə edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına zidd olaraq cavabdehlər İddiaçı məxsus, birinci dəfə keçirilən hərracda satılmamış fərdi yaşayış evini yenidən ikinci dəfə hərrac vasitəsi ilə satışını təşkil etmək istəyirlər. Bunları təsdiq edən kifayət qədər sübutları vardır və həmin sübutlar iddia ərizəsinə əlavə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-605/2021 saylı, 08.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 ASC arasında ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasının Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Ceyhun Tağıyev). Qətnamədən cavabdeh Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-605/2021 saylı, 08.04.2021-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini, iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, hər hansı mötəbər sübutlara əsaslanmayan, maddi hüquq normasının pozulması ilə qəbul edilmiş qətnamədir. Bu səbəblərdən də həmin qətnamə tamamilə ləğv edilməlidir. Belə ki, iddiaçının qənaətinə görə iddia etdiyi faktları, yəni hərracın keçirilməsi, alıcı olmadığından evin ipoteka saxlayana təklif edilməsi və sənədlərin icra şöbəsinə geri qaytarılması kimi faktları, iş materiallarına qoşma edilmiş Bildirişlərlə, 31.01.2020-ci il tarixli məktubla və göndərilmiş sorğularla təsdiq edildiyi bildirilmişdir. Lakin qoşma olunan sənədlər arasında bildirişlərin, təklifin və s. iddiaçının qənaətinə görə faktları təsdiqləyən sənədlərin ipoteka saxlayan Banka çatmasına dair mötəbər sübut aşkar edilməmişdir. Qoşma olunan və iddiaçının dili ilə desək faktları təsdiqləyən sənədlər sorğu verilərək ‘’Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi'’ MMC-dən əldə olunan sənədlərdir. Belə qənaətə gəlmək olar ki, heç ipoteka qoyanın da hərracın keçirilməsindən xəbəri olmamışdır. Xəbəri olsaydı rəsmi poçtla göndərilmiş sənədləri qoşma edərdi, sorğu ünvanlayıb almazdı. Bu fakt bir daha onu deməyə əsas verir ki, hərracın keçirilməsindən ipoteka saxlayanın, ipoteka qoyanın xəbəri olmamışdır. Xəzər İcra və Probasiya şöbəsinə iddiaçı tərəfindən ünvanlanmış 21.07.2020-ci il tarixli sorğuya cavab məktubun məzmunundan və qoşma edilən sənədlərdən bu hal aşkar olunur ki, icra şöbəsinin də hərracın keçirilməsindən xəbəri olmamış, olsaydı hərracın keçirilməsinə dair bildirişlərin surətlərini qoşma edərdi. Göründüyü kimi iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinə mötəbər sayılmayan sənədləri qoşma edərək, hərracın keçirilməsini, hərracda alıcı olmadığından satılmamasını, alıcı olmadığından ipoteka saxlayan Banka təklif edildiyini və Bankın evi əldə etməkdən imtina etdiyini sübuta yetirməyə çalışır, lakin bütün bunlar əsassız iddia tələbidir, hər hansı mötəbər subuta əsaslanmamışdır, yəni nə bildirişlərin, nə təklifin Banka çatmasına, onun tərəfindən alımasma dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Hətta bu qənaətə gəlmək olur ki. nə ipoteka saxlayanın, nə ipoteka qoyanın, hətta sifarişçinin belə xəbəri olmamışdır. Bu hal iddia ərizəsinə qoşma edilən sənədlərdən açıq-aşkar görsənir. Birinci instansiya məhkəməsi isə bütün bunlara rəğmən ipoteka müqaviləsinə xilam verilməsini, kreditin müqaviləsinin təminatı kimi ipoteka qoyulmuş mənzilin ipoteka yüklülüyündən azad edilməsini və buna dair rəsmi reyestrdə müqafıq qeydlərin aparılmasını qət edərkən səhv nəticəyə gəlmiş, maddi hüquq normasım düzgün tətbiq etməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi nümayəndəsi R.Quliyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasınbı xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehlərə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlər və üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Cavabdeh3 31 oktyabr 2018-ci il tarixli 87 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli 2(103)- 5058/2018 saylı icra sənədinə əsasən X1 02.02.2015-ci il tarixli kredit müqaviləsinə cəmi 31.158 ABŞ dolları, X4 və İddiaçı müştərək qaydada 10.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən isə 46.014 ABŞ dolları məbləğində borc tutularaq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Tutma borclu İddiaçı mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə yönəldilməli, həmin ev açıq hərracdan satılmalıdır, kredit borcu olan 46.014 ABŞ dolları pul vəsaiti ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməlidir. Borclu İddiaçı məxsus mübahisəli fərdi yaşayış evi icra sənədinə əsasən 75.000 manat qiymətləndirilmişdir. İcra sənədi üzrə hərracın keçirilməsi üçün müvafiq sənədlər "xxxx" MMC-yə göndirilmişdir. "xxxx" MMC-nin 16 noyabr 2018-ci il tarixli bildirişindən görünür ki, Hərrac Mərkəzi sifarişçiyə (Xəzər rayon İcra Şöbəsinə), tələbkara (Cavabdeh1 ASC-yə) və borcluya (X2, İddiaçı, X6, X5) bildiriş ünvanlayaraq, ünvan 4asən mübahisəli fərdi yaşayış evinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir.Hərrac 19 dekabr 2018-ci il tarixə saat 11:00-a təyin olunmuşdur. "xxxx" MMC-nin 30 noyabr 2018-ci il tarixli bildirişindən görünür ki, Hərrac Mərkəzi sifarişçiyə (Xəzər rayon İcra Şöbəsinə), tələbkara (Cavabdeh1 ASC-yə) və borcluya (X2, İddiaçı, X6, X5) bildiriş ünvanlayaraq, ünvan 5sən mübahisəli fərdi yaşayış evinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. "xxxx" MMC-nin 21 dekabr 2018-ci il tarixli bildirişindən görünür ki, Hərrac Mərkəzi sifarişçiyə (Xəzər rayon İcra Şöbəsinə), tələbkara (Cavabdeh1 ASC-yə) və borcluya (X2, İddiaçı, X6, X5) bildiriş ünvanlayaraq, təkrar hərracın 23 yanvar 2019-cu il tarixə saat 11:00-a təyin edildiyini, əmlakın ilkin satış qiymətinin 63.750 manat təşkil etdiyini bildirmişdir. "xxxx" MMC-nin 04 yanvar 2019-cu il tarixli bildirişindən görünür ki, Hərrac Mərkəzi sifarişçiyə (Xəzər rayon İcra Şöbəsinə), tələbkara (Cavabdeh1 ASC-yə) və borcluya (X2, İddiaçı, X6, X5) bildiriş ünvanlayaraq, təkrar hərracın 23 yanvar 2019-cu il tarixə saat 11:00-a təyin edildiyini, əmlakın ilkin satış qiymətinin 63.750 manat təşkil etdiyini bildirmişdir. "xxxx" MMC-nin 31 yanvar 2020-ci il tarixli 117 saylı məktubundan görünür ki, həmin Mərkəz tərəfindən keçirilən hərrac zamanı alıcı olmadığı üçün əmlak satılmadığından iş Cavabdeh3nə geri qaytarılmışdır. Bakı şəhəri Cavabdeh3 25 fevral 2020-ci il tarixli, "xxxx" MMC-yə ünvanlanmış məktubundan görünür ki, yuxarıda qeyd olunan icra sənədi üzrə hərracın keçirilməsi üçün sənədlər "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin Cavabdeh3nə, banka və borclulara ünvanladığı 28.02.2020-ci il tarixli məktubundan görünür ki, mübahisəli fərdi yaşayış evinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir.Hərrac 30 mart 2020-ci il tarixə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) təyin olunmuşdur. "xxxx" MMC-nin Cavabdeh3nə, banka və borclulara ünvanladığı 19.05.2020-ci il tarixli məktubundan (01 saylı bildiriş) görünür ki, mübahisəli fərdi yaşayış evinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. Hərrac 19 iyun 2020-ci il tarixə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) təyin olunmuşdur. "xxxx" MMC-nin Cavabdeh3nə, banka və borclulara ünvanladığı 25.06.2020-ci il tarixli məktubundan (02 saylı bildiriş) görünür ki, mübahisəli fərdi yaşayış evinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. Hərrac 06 iyul 2020-ci il tarixə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) təyin olunmuşdur. "xxxx" MMC-nin Cavabdeh3nə, banka və borclulara ünvanladığı 19.08.2020-ci il tarixli məktubundan (01 saylı bildiriş) görünür ki, mübahisəli fərdi yaşayış evinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. Hərrac 18 sentyabr 2020-ci il tarixə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) təyin olunmuşdur. "xxxx" MMC-nin Cavabdeh3nə, banka və borclulara ünvanladığı 21.09.2020-ci il tarixli məktubundan (02 saylı bildiriş) görünür ki, mübahisəli fərdi yaşayış evinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. Hərrac 05 oktyabr 2020-ci il tarixə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) təyin olunmuşdur. Hərracların keçirilməsi ilə bağlı KİV-də elanlar verilmişdir. "xxxx" MMC-nin 10 avqust 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Vəkil 21.07.2020-ci il tarixdə həmin Cəmiyyətə sorğu məktubu ünvanlamışdır. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 04.06.2018-ci il tarixli 2(103)-5058/2018 saylı icra sənədinin icrası ilə əlaqədar cavabdeh İddiaçı məxsus mübahisəli fərdi yaşayış evinin satışının təşkili ilə bağlı açıq hərrac keçirilməsi müvafiq elan və tərəflərə rəsmi məlumat verməklə 19 dekabr 2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Həmin tarixdə keçirilən hərracda alıcı olmadığından təkrar hərrac 23 yanvar 2019-cu il tarixə 11:00-a təyin edilmişdir. Lakin təkrar hərracda da alıcı olmadığından hərrac baş tutmamış və qanunla müəyyən olunmuş qaydada (30 gün müddətində) ipoteka saxlayan Cavabdeh1 ASC qeyd olunan əmlaka sahib çıxmadığından (həmin əmlakı almadığından) qanunvericiliyə uyğun olaraq müvafiq sənədlər 31 yanvar 2020-ci il tarixli 117 saylı məktubla Cavabdeh3nə geri qaytarılmışdır. Bakı şəhəri Cavabdeh3 26 sentyabr 2020-ci il tarixli 9802-12Q saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 04.06.2018-ci il tarixli 2(103)-5058/2018 saylı icra vərəqəsi 27.09.2018-ci il tarixdə Cavabdeh3nə daxil olmuşdur. Həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar və bildiriş borcluya məlumat üçün göndərilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə icra sənədində qeyd olunan mübahisəli fərdi yaşayış evi hərracda satılması üçün 31.10.2018-ci il tarixdə "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 31.01.2020-ci il tarixli məktubuna əsasən geri qaytarılmışdır. 25.02.2020-ci il tarixdə ünvan 9 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi hərracda satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 25.06.2020-ci il tarixli bildirişinə əsasən 06.07.2020-ci il tarixə 11:00-a təyin edilmişdir. mübahisəli fərdi yaşayış evinin hərracda satılması barədə protokol şöbəyə daxil olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.04.2020-ci il tarixli 2- 2(103)- 130/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondunun Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Qərar dərhal icraya yönəldilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28.10.2014-cü il tarixli Qərarında «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olubolmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, «İpoteka haqqında» Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır; - ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Qərara almışdır ki «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmçinin, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məhkəmə kollegiyası iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə və tərəflərin izahatlarına əsasən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin 2(103)-5058/2018 saylı qətnaməsi qanuni qüvvəyə minmiş, qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Cavabdeh3nə göndərilmiş, icra vərəqəsi icraata qəbul edilərək, müvafiq prosedur qaydalara uyğun hərəkətlər yerinə yetirilmiş, maraqlı tərəflərə məktub ünvanlanmaqla, hərracın vaxtı və yeri barədə məlumat vermiş, əmlakın ilkin satış qiyməti qeyd olunmaqla, maraqlı tərəflərə keçiriləcək hərracda iştirak etmək hüquqlarının olduğunu izah etmişdir. Birinci hərrac baş tutmadığından, ikinci hərracın yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, əmlakın ikinci (təkrar) hərracda satış qiyməti bildirilmiş, maraqlı tərəflərə keçiriləcək hərracda iştirak etmək hüquqlarının olduğu izah edilmişdir. Təkrar hərrac təyin olunmuş, lakin təkrar hərrac da baş tutmamışdır. Həmin hərracın baş tutmaması ilə bağlı kütləvi informasiya vasitəsi olan “Birja Yenilikləri” qəzetində elan dərc olunmuşdur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini 30 təqvim günü müddətində əldə etmədiyi üçün sənədlər toplusu Cavabdeh3nə geri qaytarılmışdır. Yusarıda sadalanan hüquq normalarına əsasən, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. («İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.5-cimaddəsi). Məhkəmə kollegiyası hesab edir ki, işin qeyd olunan faktiki hallarına istinad edən iddiaçı ipoteka saxlayanın qanunla müəyyən olunmuş müddət ərzində ipoteka predmetini əldə etməməsinə əsaslanaraq mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməli olmasını iddia etməkdə haqlı olmuşdur. Kollegiya cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi ipoteka saxlayan Cavabdeh1 ASC-nin ipoteka predmetini əldə etməkdən imtina etməməsi, imtina barədə rəsmi mövqe bildirməməsi, hərracın keçirilməsindən və hərracda satılmamış ipoteka predmetinin ipoteka saxlayana təklif edilməsindən xəbəri olmamasına dair apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdehin özünün iddia tələblərinə əsasən başlanılmış məhkəmə icraatı, yəni iş üzrə sonuncu instansiya kimi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli 2(103)-5058/2018 saylı qətnaməsinə əsasən X1 və İddiaçı müştərək qaydada tutulmalı olan pul məbləği ilə bağlı tutmanın sonuncuya məxsus ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, satışından əldə olunan pul vəsaitinin kredit borcu olan 46.014 ABŞ dollarının ödənilməsinə yönəldilməsi ilə bağlı icra icraatına başlanması barədə tam məlumatlı olduğu halda 19 dekabr 2018-ci il, 23 yanvar 2019-cu il, 30.03.2020-ci il, 19.06.2020-ci il,06.07.2020-ci il, 18.09.2020-ci il, 05.10.2020-ci il tarixlərdə keçirilən hərraclardan heç bir formada məlumatı olmaması inandırıcı deyildir. Bundan əlavə, kollegiya qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halların həqiqət olması ilə bağlı ən azından hazırki icraat dövrundə "xxxx" MMC-nin və Bakı şəhəri Cavabdeh3 sözügedən mübahisəli fərdi yaşayış evinin satılması ilə bağlı hərəkətlərini mübahisələndirmək hüququndan belə istifadə etməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4- cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHMnin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sadalanan xüsusatlara kollegiya hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh öz hüquqi mövqeyini sübut edə bilməmiş və iddianın tam əsassız olmasına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Kollegiya iddia tələbinin ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin hərrac vasitəsi ilə satılması və ya satışının təşkilinin cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh3nə və "xxxx" MMC-yə qadağan edilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, mübahisəli fərdi yaşayış evinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməklə onun yüklülüyündən azad edilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi özlüyündə artıq sözügedən evin yüklü olmaması deməkdir ki, bu da həmin evin hərrac vasitəsi ilə satılması və ya satışının təşkilini tam istisna edir. Buna görə də iddianın qeyd edilən hissədə rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-605/2021 saylı, 08.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar