Məhkəmə qərarları › İş №2(103)-6855/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6855/2022

19.10.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6855/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, 2 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəisinə qarşı iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında aparılan qeydin və verilmiş çıxarışın ləğvi, vərəsəlik hüququnun tanınması və əşyaların qaytarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 və digər vəkili İsmayılov Aslan Ziyəddin oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-320/2022 saylı 30 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 23 aprel 2021-ci il tarixli 95/3076-14 №-li məktubdan görünür ki, «Elektron notariat» informasiya sistemində saxlanılan məlumatlara əsasən Zənfira Fərzəliyevaya məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın Cavabdeh1 bağışlamasına dair müqavilə xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı «ASAN Xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisində rəsmiləşdirildiyi müəyyən edilmişdir.

2. 2 saylı Bakı «ASAN Xidmət» Mərkəzində notariat ofisi tərəfindən verilmiş notariat işinin təsdiq olunmuş surətindən görünür ki, Fərzəliyeva Zənvirə Əli Baba qızı ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 262,4 kv.m., yaşayış sahəsi 96,8 kv.m., yardımsı sahəsi 65,6 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinə dair 20 avqust 2020-ci il tarixdə 4Ə-1173 reyestri nömrəli bağışlama müqaviləsi bağlanılmışdır. Həmin notariat işinin surətində bağışlanılan əmlakın xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 06 №-li reyestr kitabında səhifə 763 qeydəalma 30/117 № xx.xx.1994 il tarixdə qeydiyyat aparılmış Fərzəliyeva Zənfirə Əlibaba qızının adına qeydiyyat vəsiqəsinin, Cavabdeh1 03 avqust 1977-ci il tarixdə doğulmuş, doğum haqqında akt qeydləri kitabında 1977 ilin İX ayının 5 günündə № 2924 qeydlərin aparılması ilə doğum haqqında şəhadətnaməsinin, Fərzəliyeva Zənfirə Əli Baba qızının şəxsiyyət vəsiqəsinin Bakı şəhəri, 7-ci Binəqədi küçəsi, ev 1A, mənzil 17-də qeydiyyatda olanması qeydlərin aparılması ilə surətləri əlavə olunmuşdur.

3. İş materiallarında olan Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Fərzəliyeva Zənfirə Əli Baba qızı 23 yanvar 2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 01 ayının 26 günündə 211 №-li qeyd edilmiş, ölümün səbəbi «böyüklərin respirator pozğunluq (distress)sind» qeyd aparılmışdır.

4. İş materiallarında olan Ali dərəcəli həkim psixiatr Mir-Qasımov V.V. tərəfindən verilmiş xəstə Zənfirə xanım Fərzəliyevaya təyin edilməsi və tövsiyyələri barədə arayışdan görünür ki, Fərzəliyeva Zənfirə Əlibaba qızında «involyusion paranoid» diaqnozu müəyyən edilmiş, yaşayış yeri üzrə psixiatrla əlaqə saxlamağı tövsiyə olunur.

5. İş materiallarında olan 16 iyun 2020-ci il tarixli 2812 №-li Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı Fuad İsmayılov tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Fərzəliyevə Zənfirə Əli Baba qızı xx.xx.2020-ci il tarixdə müayinə olunub, diaqnoz: «Hal-hazırda psixi pozuntular aşkar edilmir.»

6. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 38176 №-li Mərkəzi Klinika tərəfindən verilmiş məktubda qeyd olunmuşdur ki, «…Qanunvericiliyin tələblərinə uyğun olaraq Fərzəliyeva Zənfirə Əlibaba qızı barədə əldə etmək istədiyiniz müayinənin nəticələrini əks etdirən müvafiq sənədlərin təsdiq edilmiş surətini sizə təqdim etməyimiz hal-hazırda mümkün deyil. Lakin bildirmək istəyirik ki, mərhum Fərzəliyeva Zənfirə Əlibaba qızı klinikaya müraciət edərkən müəyyən edilmişdir ki, analiz qabliyyəti, mücərrəd mənanı anlamaq və mühakimə etmə qabiliyyəti pozulmamışdır. Aktiv psixopotologiya aşkar olunmamışdır. Digər məlumatları əldə etmək üçün xahiş edirik müvafiq qurumlardan sorğu təqdim edəsiniz.»

7. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2475 №-li arayışdan görünür ki, «vətəndaş Fərzəliyeva Zənfirə Əlibaba qızı həqiqətən xx.xx.2018-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında ambulator müəyinədə olmuşdur. Ona «İşemik insultdan sonra ataksik koqnitiv və insompik pozuntular» diaqnozu təyin olunmuş və Respublika Psixiatriya Xəstəxanasına müraciət etməsi məsləhət görülmüşdür.» İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş çıxarışdan məlum olur ki, xx.xx.1951-ci il təvəllüdlü Fərzəliyevə Zənfirə Əli Baba qızına xx.xx.2007-ci il tarixdə «ikinci dərəcəli əlillik» müddətsiz müəyyən edilmiş, diaqnoz «hipertoniya xəstəliyi İİ m. ÜİX gərginlik stenokardiyası İİİ f.s. Şəkərli diabet ağır forma. QDÇ İİ. Xolesistoektomiyadan uşaqlığın artımlarla birlikdə amputasiyasından sonrakı vəziyyət. Nefrolitiaz. Düyünlü zob.»

8. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 5236 №-li məktubdan görünür ki, «xx.xx.1951-ci il təvəllüdlü mərhum Fərzəliyeva Zənfirə Əlibaba qızı həqiqətən də xx.xx.2020-ci il tarixdə PSM-nə müayinə üçün müraciət etmiş, həkim-psixiatr tərəfindən müayinə olunmuşdur. Müayinə zamanı şəxsdə heç bir psixi patalogiya aşkar olunmamış və ona «Hal-hazırda psixi pozuntu aşkarlanmır» rəsmi rəy verilmişdir. Qeyd edək ki, müayinə zamanı psixi pozuntunun aşkar olunmaması keçmişdə və ya gələcəkdə psixi pozuntuların olması ehtimalını isitisna etmir. Həmçinin, mövcud diaqnostik meyarlara görə psixi pozuntu diaqnozu qoyulubsa, hazırki diaqnoz pasientlərin yalnız bu simptomları özündə biruzə verdiyi müddət ərzində qüvvədə olur. Simptomlar aradan qaxdıqdan sonra diaqnoz öz klinik əhəmiyyətini itirir və pasient bu zaman artıq sağalmış hesab edilir.».

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1, 2 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə mərhum anası Fərzəliyeva Zənfirə Əli Baba qızı arasında ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evinə dair 20 avqust 2020-ci il tarixdə 4Ə-1173 reyestr nömrəli 2 saylı Bakı «ASAN Xidmət» Mərkəzində notariat ofisində bağlanılmış bağışlama müqaviləsinin, onun əsasında həmin əmlaka dair Cavabdeh1 adına olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evinə dair vərəsəlik hüququnu tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Daha sonra İddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə mərhum anası Fərzəliyeva Zənfirə Əli Baba qızı arasında ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evinə dair 20 avqust 2020-ci il tarixdə 4Ə-1173 reyestr nömrəli 2 saylı Bakı «ASAN Xidmət» Mərkəzində notariat ofisində bağlanılmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında həmin əmlaka dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evinə dair vərəsəlik hüququnun tanınması, ünvan 2 ünvanında yerləşən 132a №li bağ evində saxlanılan bütün əşyaların (mebel, texnika avadanlığı, qab-qacaq, məişət əşyaları, sənədlər və s. əşyalar) qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum valideynləri Fərzəliyev Əsəd Abbas oğlu və Fərzəliyeva (Məmmədova) Zənfirə Əli Baba qızı 24 yanvar 1974-cü il tarixdə «Səadət Sarayı»nda rəsmi nikaha daxil olmuşlar. Valideynləri nikahda olduğu müddət ərzində babası Əli Baba Bala Əhməd oğlu Məmmədov mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evini anası Fərzəliyeva Zənfirə Əli Baba qızına 24 dekabr 1993-cü il tarixdə 17 saylı Dövlət Notariat Kontorunda bağışlama müqaviləsi əsasında bağışlamışdır. Həmin vaxtdan bağışlanan bağ evi daimi olaraq ailələrinin istifadəsində olmuşdur. Atası Fərzəliyev Əsəd Abbas oğlu uzun müddət xəstəlikdən əziyyət çəkdiyi üçün 13 noyabr 2007-ci il tarixdə İsraildə vəfat etmiş və Bakı şəhərində dəfn olunmuşdur. Atası Əsəd Fərzəliyevin bütün dəfn və yas xərclərini ailənin oğlu kimi onun tərəfindən ödənilmişdir. Eyni zamanda atasının vəfatından sonra anası Fərzəliyeva Zənfirə Əli Baba qızına o, daimi olaraq qulluq etmiş, onun bütün müalicə və digər təminatlarını ödəmişdir. Anası Zənfirə Fərzəliyeva 2018-ci ildən başlayaraq psixi pozuntuları ilə əlaqədar daimi olaraq həkim-psixiatr tərəfindən nəzarətdə olmuş, müalicə almış, həkim tərəfindən təyin edilmiş güclü-təsiredici dərmanlar qəbul etmiş, ona «involyusion paranoid» diaqnozu qoyulmuşdur. Anasının fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınması ilə bağlı bu hal anasına psixoloci cəhətdən çox pis təsir edə biləcəyi ilə əlaqədar olaraq iddia tələbi qaldırmamışdır. Eyni zamanda anası tanınmış ailənin qızı olduğundan və atası vəzifəli şəxs olduğundan anasının xəstəliyi barədə məlumat yayılmasını istəməmişdir. Lakin, bəzi qohumların və qonşuların artıq məlumatı olmuşdur ki, o, psixiki pozuntulardan əziyyət çəkir. Cavabdeh1 onun dayısı oğludur. Dayısı oğlunun da məlumatı olmuşdur ki, iddiaçının anası psixiki pozuntulardan əziyyət çəkir. Cavabdeh iddiaçının anasının xəstə olduğundan istifadə edərək, onun qılığına girərək adına olan ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evini bağışlama müqaviləsi əsasında öz adına keçirmişdir. İddiaçının anası Fərzəliyeva Zənfirə Əli Baba qızı 23 yanvar 2021-ci il tarixdə vəfat etmiş, anası xəstəxanada olduğu müddət ərzində onun bütün müalicə xərclərini, vəfat etdikdən sonra bütün yas mərasimi xərcləri iddiaçı tərəfindən ödənilmişdir. İddiaçının anası xəstəxanada olduğu müddət ərzində bildirmişdir ki, adında olan ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evini cavabdehin adına keçirmişdir, lakin həmin müqaviləni bağlayarkən özündə olmamışdır. Anası xəstə olduğu üçün onun dediklərini ciddi qəbul etməmiş, anası vəfat edəndən və onun yas mərasiminin qırx günü keçəndən sonra sorğu əsasında ona məlum olmuşdur ki, həqiqətən anası və dayısı oğlunun arasında anasının adına olan ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evinə dair bağışlama müqaviləsi bağlanılmışdır. Bundan başqa həmin bağ evində iddiaçının anası və atasına məxsus olan əşyalar vardır (mebel, texnika avadanlıqları, çoxlu sayda qab-qacaq, çılçıraqlar, məişət əşyaları, atasının bəzi sənədləri və s. əşyalar). Qeyd olunan bağışlama müqaviləsi qanun pozuntusu ilə bağlanılmışdır. Bağda mövcud olan əşyalar bağışlanılmayıb və həmin əşyalar valideynlərin vəfatından sonra sırf iddiaçıya məxsusdur və cavabdehdən alınıb ona təhvil verilməlidir. Beləliklə də, qeyd edilən bağışlama müqaviləsi etibarsız hesab olunmalı, onun əsasında cavbadehin adına verilmiş çıxarış ləğv oulnmalı, bağda olan bütün əşyaların qaytarılması təmin olunmalıdır.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mir Qasımov Valid Mirmustafa oğlu ifadə verərək bildirmişdir ki, «o, 2 №-li ruhi-əsəb xəstəxanasında həkimpsixiatr vəzifəsində çalışır. Mərhum Zənfirə Fərzəliyeva ilə həm şəxsi ailə münasibətləri olub, həm də ki həkim olaraq onu müayinə edib, müalicə etmişdir. Zənfirə Fərzəliyevanın rəhmətlik əri Əsəd müəllimi uzun müddət tanımışdır, onunla çox yaxşı münasibəti olmuş, onların oğlu Pərvizi də tanıyır. 2018-ci ildə Zənfirə Fərzəliyeva insult keçirmişdir. Zənfirə xanım insult keçirtikdən sonra, onun vəziyyəti pisləşmişdir. Nəticədə onda yaddaş zəyifliyi yaranmış, getdikcə vəziyyəti ağırlaşmış, psixi pozuntular əmələ gəlmiş və «involyusion paranoid» xəstəliyi aşkar edilmişdir. Zənfirə xanımda təqib maniyası, özünə qapanma, özü-özünə danışmaq, hətta qonşular ona qarşı qazın buraxması, oğlunun onu zəhərləmək hallyusinasiyalar olmuşdu. O, Zənfirə xanımı bir neçə dəfə müayinə etmiş, onu müalicə etmişdi. Həmin diaqnozla olan xəstələrə stasionar müalicə tövsiyyə olunur, lakin Zənfirə xanıma evdə çox yaxşı qulluq etdiklərinə görə o, ev şəraitində müalicə olunmuşdu. Ətrafda olan insanlar Zənfirə xanımın psixi pozuntulardan əziyyət çəkdiyini görə bilməzdilər. Ümumiyyətlə psixi pozuntulardan əziyyət çəkən şəxslər çox vaxtı özünün xəstə olduğunu etiraf etmirlər, bəzi hallarda həmin şəxslər özünün xəstə olduğunu etiraf edirlər. Zənfirə xanım özü, demirdi ki, o, xəstədir. Zənfirə xanımın əziyyət çəkdiyi xəstəlik yalnız yaşlı insanlarda olur. Zənfirə xanım, onda olan xəstəliyi ilə hər hansı əqdlərin mahiyyətini dərk etmək və onun hüquqi nəticələrini başa düşmək iqtidarında olmamışdır.»

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Katargina Yelena Vladimirovna ifadə verərkə göstərmişdir ki, «o, mərhum Zənfirə Fərzəliyevanın son iki il ərzində baxıcısı olmuş, şənbə və bazar günlərində səhər saat 10:00-dan 17:00-dək onun yanında işləmişdir. Zənfirə xanımın oğlu Pərviz ilə çox mehriban və gözəl münasibətləri olmuş, o, oğlunu çox sevmiş, onlar hər gün birlikdə nahar edirdilər. Zənfirə xanım tək heç yerə getmirdi, ona görə ki, onun ayaqları xəstə idi, o, çox gəzə bilmirdi, harasa gedəndə özləri ilə stul aparırdılar, ya da ki, o, Pərviz ilə gedirdi. Zənfirə xanımın bütün maddi təminatları yalnız oğlu Pərviz tərəfindən ödənilirdi. Onun əmək haqqısını Zənfirə xanım özü ona hər ay vaxtında verirdi. Zənfirə xanım ona və digər baxıcıya hədiyyələr edirdi. Bir dəfə də Pərviz xəstələnmişdi, Zənfirə xanım ona demişdir ki, Pərviz sağalsın, ona «şuba» bağışlayacaq. Pərviz sağalandan sonra Zənfirə xanım ona «şuba» bağışlamışdır. Zənfirə xanım dərmanları özü vaxtında qəbul edirdi. Gecə vaxtı o, tək qalırdı. O, Zənfirə xanımı psixi xəstə hesab etmirdi. Onun çox çətin xasiyyəti var idi. Zənfirə xanım heç bir səbəb olmadan onun üstünə qışqıra bilərdi, bir müddət vaxt keçəndən sonra o, sakitləşirdi. Zənfirə xanım pişikləri çox istəyirdi. Onda dörd pişik var idi. Zənfirə xanım pişiklərə görə hər bir adamı danlaya bilərdi. Bu halı o, normal hal kimi qəbul etmirdi. Zənfirə xanım vəfat etməmişdən 6-7 ay əvvəl oğlu ilə münasibəti pozulmuşdur. Səbəbini bilmirdi, çünki Zənfirə xanım onunla bölüşmürdü. Sadəcə olaraq Pərviz gəlmirdi. Zənfirə xanımın qardaşı oğlunu Əlibabanı cəmi iki dəfə görmüşdü. Əlibaba Pərviz anasının yanına gəlmədiyi zamanda peydə olunmuşdu. Əlibaba Zənfirə xanımın oğlu Pərviz ilə olan münasibətini əl altından pozurdu. Zənfirə xanım koronavirus xəstəliyinə yoluxmuş, vəziyyəti ağırlaşmışdı. O, başqa baxıcı ilə birlikdə Pərvizə zəng edib, xəbər verməyi barədə Zənfirə xanımı dilə tutmuşdurlar. Başqa baxıcı ilə birlikdə Pərvizə zəng etdilər və xəbər verdilər ki, anası xəstələnib. Pərviz, demək olar ki, həmin an anasının yanına gəlmiş və onu tez bir zamanda xəstəxanaya yerləşdirmişdir. Pərviz Zənfirə xanımın yanına gələndə, Zənfirə xanım Pərviz ilə elə danışırdı ki, elə bil ki, onların arasında münasibətləri pozulmamışdır.»

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cangirova Natalya Nikolayevna ifadə verərkən göstərmişdir ki, «o, mərhum Zənfira xanımın 10 il baxıcısı olmuşdur. Zənfirə xanımın oğlu Pərviz ilə çox mehriban münasibətləri olmuş, hər gün onunla birlikdə nahar edirdilər. 2018- ci ildə Zənfirə xanım insult keçirtmişdir. Zənfirə xanım tək heç yerə getmirdi, ona görə ki, onun ayaqları xəstə idi, harasa gedəndə özləri ilə stul aparırdılar, ya da ki, o, Pərviz ilə gedirdi. Zənfirə xanımın bütün maddi təminatları yalnız oğlu Pərviz tərəfindən ödənilirdi. Onun əmək haqqısını Zənfirə xanım özü ona hər ay vaxtında verirdi. Zənfirə xanımın çox ağır xasiyyəti var idi, çox hökmdar qadın idi, özündən tez çıxırdı, depresiyaya meyilli idi, bir müddət keçdikdən sonra sakitləşirdi. Evə həm nevropatoloq, həm də ki həkim-psixiatr Valid Mir Qasımov gəlirdilər. Zənfirə xanım dərmanları özü qəbul edirdi, hansı dərmanları qəbul etdiyini mən bilmirdim, çünki, Zənfirə xanım dərmanlarının qəbuluna özü nəzarət edirdi. Zənfira xanım pişikləri çox istəyirdi. Pişiklərə görə o, hər bir adamı danlaya bilərdi. Zənfirə xanım vəfat etməmişdən 6-7 ay əvvəl oğlu ilə münasibəti pozulmuşdu. Səbəbini bilmirdi, çünki Zənfirə xanım onunla bölüşmürdü. Sadəcə olaraq Pərviz gəlmirdi. Zənfirə xanım ona heç vaxt deməmişdir ki, Pərviz onu öldürmək istəyir. Zənfirə xanımın qardaşı oğlu Əlibaba Pərviz anasının yanına gəlmədiyi zamanda arabir gəlib-gedirdi. Əlibaba hərdən Zənfira xanımın yanına gəlirdi. Bir dəfə Zənfirə xanım Əlibaba ilə birlikdə bütün günü evdən çıxıb, getmiş, gedəndə də, evə qayıdanda da o, əsəbi vəziyyətdə olmuşdur. Onların hara getdiklərini bilmirdi. Zənfirə xanım koronavirus xəstəliyinə yoluxmuş və vəziyyəti ağırlaşmışdı. Onlar başqa baxıcı ilə birlikdə Pərvizə zəng edib, xəbər verməyə Zənfirə xanımı dilə tutmuşdurlar. Başqa baxıcı ilə birlikdə Pərvizə zəng etdilər və xəbər verdilər ki, anası xəstələnib. Pərviz bilən kimi anası xəstələnib, demək olar ki, həmin an anasının yanına gəlmiş və onu tez bir zamanda xəstəxanaya yerləşdirmişdir. Pərviz Zənfirə xanımın yanına gələndə, Zənfirə xanım Pərviz ilə elə danışırdı ki, elə bil ki, onların arasında münasibətləri pozulmamışdır.»

15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-320/2022 saylı 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əşir Səmədov) iddia tələbinin təmin edilməsi, Cavabdeh1 ilə mərhum Fərzəliyeva Zenfirə Əli Baba qızı arasında ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evinə dair 20 avqust 2020-ci il tarixdə 4Ə-1173 reyestr nömrəli 2 saylı Bakı «ASAN Xidmət» Mərkəzində notariat ofisində bağlanılmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında həmin əmlaka dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evinə dair vərəsəlik hüququnun tanınması, ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evində saxlanılan bütün əşyaların (mebel, texnika avadanlığı, qab-qacaq, məişət əşyaları, sənədlər və s. əşyalar) İddiaçı qaytarılması, həmin qətnamənin ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evinə dair İddiaçı adına çıxarışın verilməsi üçün əsas olması, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1, 667.2, 667.3, 1133.1, 1134.1, 1134.2, 1159.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rəd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(008)-320/2022 saylı qətnaməsi işin həqiqi mahiyyətini əks etdirmədiyindən və qanunsuz olduğundan ləğv edilməli, iddianın etirazda qeyd edildiyi əsaslar üzrə təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, Fərzəliyeva Zənfirə Əli Baba qızı ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evini cavabdehə (notarial qaydada) bağışlamışdır. Cavabdehin Bibisinin israrı ilə o həmin bağ evini qəbul etmişdir. Mərhum bibisi bağ evini ona bağışlayanda oğlu İddiaçı da bilmişdir. Hətta evi bağışlanması üçün sənədlərin toplanmasında (müvafiq doğum haqqında şəhadətnamənin alınmasına) kömək etmişdir. İddiaçı anası son nəfəsində evin ona bağışlaması kimi fikirləri əsassız hallardır. Koronavirusdan əziyyət çəkən şəxsin hətta son nəfəsində bağ düşünməsi ifadəsi də əsassız və uydurma ifadədir. Bisi Fərzəliyeva Zənfirə Əli Baba qızı tibb elmlər namizədi, həkim, bir neçə dil bilən, ən sevimli məşğuliyyəti kitab oxumaq olan insan idi. Təqdim edilən arayışlardan da görünür ki, mərhum psixi cəhətdən tam sağlam şəxs olmuşdur. Fərzəliyeva Zənfirə ƏliBaba qızı 23 yanvar 2021-ci il tarixdə koronavirusdan dünyasını dəyişmişdir. Fərzəliyeva Zənfirə ƏliBaba qızı dünyasını dəyişdikdən sonra İddiaçı mərhumun cavabdehə bağışladığı bağı geri istəmiş və verməyəcəyi halda anasının guya psixi pozuntusu bahanəsi ilə müxtəlif üsullarla geri almağa qadir olduğunu bildirmişdir. İddiaçı hikkə və əsassız iddia ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Müraciətinin əsası da guya anasının psixi xəstə olması idi. İddiaçı mərhumun psixi pozuntusunun olması ilə bağlı heç bir sübutu yoxdur və ola da bilməz (sübut kimi resept gətirir. Anlaşılması heç də çətin deyil ki, heç bir yerdə qeydiyyatı olmayan resept elə bu gün də yazılıb gətirilə bilər). İş üzrə İddiaçı gətirdiyi şahidlər də Fərzəliyeva Zənfirə Əli Baba qızının psixi xəstəliyinin olmasını təsdiq etməmişlər. Məhkəmə qətnaməsində MMnin 346.1 - ci maddəsinə istinad edir. Lakin, Fərzəliyeva Zənfirə Əlibaba qızının psixi vəziyyətini maddi hüquq normasının tərkibini yaratmır və o psixi baxımdan tam sağlan şəxs olmuşdur. İş materiallarında olan sənədlər də onun tam sağlam şəxs olmasını sübut edir. 16 iyun 2020-ci il tarixli Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Baş Psixiatrı Fuad İsmayılov tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Fərzəliyeva Zənfirə Əli Baba qızı xx.xx.2020-ci il tarixdə müayinə olunmuş, diaqnoz: «Halhazırda psixi pozuntular aşkar edilmir.» kimi qiymətləndirilmişdir. Həmçinin iş materiallarında digər bir tibb qurumu olan Mərkəzi Klinika tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 38176 №-li məktubdan görünür ki, Fərzəliyeva Zənfirə Əlibaba qızı klinikaya müraciət etmiş və müəyyən edilmişdir ki, analiz qabliyyəti, mücərrəd mənanı anlamaq və mühakimə etmə qabiliyyəti pozulmamışdır. Aktiv psixopotologiya aşkar olunmamışdır.» Fərzəliyeva Zənfirənin əqd bağlayan zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətinə dair bir dənə belə sübut yoxdur. İş materiallarında 2020-ci ilin bağışlama müqaviləsi bağlanılmasından az bir müddət əvvəl şəxsin sağlam olmasına dair yuxarıda qeyd edilən mötəbər sənədlər olduğu halda Azərbaycan Respublikasının adından çıxan qətnamə hansısa həkimin şəxs dünyasını dəyişdikdən sonra da yazıla biləcəyi reseptə və ya sonradan ortaya çıxmış və və reseptə zidd olan arayışa istinad edərək çıxarmışdır. Göründüyü kimi maddi hüquq normaya şərh verilərkən bildirilmişdir ki, əqd bağlanıldığı zaman şəxs anlaqsız vəziyyətdə olmalıdır. 20 avqust 2020-ci il tarixdə bağışlama müqaviləsi bağlandığı zaman Fərzəliyeva Zənfirə öz hərəkətlərinin mənasını başa düşməməsi və ya rəhbərlik edə bilməməsi nə ilə sübut olunur?. İş materiallarında buna dair bir dənə belə bir sübut yoxdur. Fərzəliyeva Zənfirə fəaliyyət qabiliyyətli şəxsdir. O, işçi kimi xidmətçilər saxlayan, onlara əmək haqqı verən, bağ evində bağban saxlayan, ona da xidmət haqqı hesablayan, bağ təsərüfatı ilə məşğul olan, öz işini və hərəkətlərini özü tənzimləyən şəxs olmuşdur. Bu hadisələr şahid ifadələri ilə də təsdiq olunur. Şahidlər hər gün yanlarında olduğu Zənfirə Fərzəliyevanın psixi pozuntulu olmasını təsdiqləmirlər. Əgər bu şəxs xəstə idisə niyə bir necə daşınmaz əmlakı ola-ola onun birini (Cavabdeh1 babasından qalmış bağ evini) bağışlaya. Elə xəstə olsaydı hamsını bağışlaya və ya əmlakını yad birinə bağışlayardı. Bağışlama müqaviləsinin bağlanma prosesi də bir müddət çəkmişdir. Bağışlanmış bağa dair sənədlər Cavabdeh1 babasına məxsus olduğundan ilk növbədə həmin bağa dair kök sənədləri Zənfirə Fərzəliyevanın özü şəxsən Cavabdeh1 vermiş və bildirmişdir ki, bağ babasına məxsus olduğundan onun tək (kişi) davamçısı kimi ona qalmasını istəmişdir. Bundan sonra Cavabdeh1 qohumluq münasibətlərini təsdiq edən müvafiq sənədləri (doğum haqqında şəhadətnamə, atasına dair müvafiq sənədlər) toplamağa başlamışdır və bu sənəədlərin toplanması bir müddət çəkmişdir. Hətta bu sənədlərin toplanmasına iddiaçının özü də kömək etmişdir (lakin anasına barışmasa evi geri alaçağını və.s demişdir). Bağ evinin bağışlanması ani bir qərar olmamışdır. Bu proses günlərlə, həftələrlə çəkmişdir. Bundan sonra Zənfirə Fərzəliyeva oğlunun əsassız təhdidlərindən sığorta etdirmək üçün iki dəfə psixi cəhətdən yoxlanışdan keçmişdir. Bütün bu tədbirlərdən sonra məlum bağışlama prosesi baş tutmuşdur. Bağışlamadan sonra aylarla vaxt keçir və Fərzəliyeva Zənfirə bir dəfədə olsun bu bağışlama müqaviləsi ilə bağlı narazılığını bildirməyib. O, hansısa bir qurumda psixi pozuntu ilə bağlı müalicə də almamışdır. Onun psixi pozuntusunun olması və bu pozuntu əsasında öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsinə dair hər hansı bir qurumun rəyi olmamışdır. Onun həyat tərzi və fəaliyyətinin tam normal olması da aşkardır. İddiaçının özünün gətirdiyi şahid və digər faktlardan da aydın şəkildə görünür ki, şəxs psixi sağlam olmuşdur. Bəzi dərman adları yazılmış “resept” və ambulator və məsləhət xarakterli arayış (hansı ki, iddiaçı işlədiyi xəstəxanada tərtib edilmişdir) sağlam şəxsin xəstə çıxarılmasına əsas verməməlidir. Həmin, “resept”in həqiqətdə Fərzəliyeva Zənfirəyə aidiyyatı da sübut olunmur. Yəni, Fərzəliyeva Zənfirə Əlibaba qızının öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi ilə bağlı əsaslı, şübhədən kənar, mötəbər və həqiqi, danılmaz sübutlar mövcud deyildir. İşə obyektiv və hərtərəfli baxılmadan qərar çıxarılmışdır. İddia üzrə iş lazımı qaydada əsaslandırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə iclsında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 və digər vəkili İsmayılov Aslan Ziyəddin oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

21. Məhkəmə iclsında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

22. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər 2 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinəvə ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

24. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) olabilər.

25. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

26. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

27. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsəqarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

28. Maddə 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.

29. Maddə 1133.1 ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya iki əsasla keçir.

30. Maddə 1134.1 və 1134.2-ci qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

31. Maddə 1159.1.1 birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-320/2022 saylı 30 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

41. İddia tələbindən göründündüyü kimi, iddiaçının iddia tələbi bir neçə hissədən ibarətdir. Kollegiya qeyd edir ki, iddianın digər hissələri bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsindən aslı olduğunda ilk öncə məhz həmin hissə üzrə iddia tələbinə qiymət verilməlidir.

42. Hazırıki halda iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə mərhum anası Fərzəliyeva Zənfirə Əli Baba qızı arasında ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evinə dair 20 avqust 2020-ci il tarixdə 4Ə-1173 reyestr nömrəli 2 saylı Bakı «ASAN Xidmət» Mərkəzində notariat ofisində bağlanılmış bağışlama müqaviləsi qanun pozuntusu ilə bağlanılmışdır. Belə ki, anası Zənfirə Fərzəliyeva 2018-ci ildən başlayaraq psixi pozuntuları ilə əlaqədar daimi olaraq həkim-psixiatr tərəfindən nəzarətdə olmuş, müalicə almış, həkim tərəfindən təyin edilmiş güclü-təsiredici dərmanlar qəbul etmiş, ona «involyusion paranoid» diaqnozu qoyulmuşdur. Anasının fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınması ilə bağlı bu hal anasına psixoloci cəhətdən çox pis təsir edə biləcəyi ilə əlaqədar olaraq iddia tələbi qaldırmamışdır. Eyni zamanda anası tanınmış ailənin qızı olduğundan və atası vəzifəli şəxs olduğundan anasının xəstəliyi barədə məlumat yayılmasını istəməmişdir. Lakin, bəzi qohumların və qonşuların artıq məlumatı olmuşdur ki, o, psixiki pozuntulardan əziyyət çəkir. Cavabdeh1 onun dayısı oğludur. Dayısı oğlunun da məlumatı olmuşdur ki, iddiaçının anası psixiki pozuntulardan əziyyət çəkir. Cavabdeh iddiaçının anasının xəstə olduğundan istifadə edərək, onun qılığına girərək adına olan ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evini bağışlama müqaviləsi əsasında öz adına keçirmişdir.

43. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qənaətini onunla əsaslandırmışdır ki, mərhum Fərzəliyeva Zənfirə Əli Baba qızında psixi pozuntular olmuşdur və bu hal danılmazdır. Məhkəmədə dindirilmiş şahid ifadələri, təqdim olunmuş tibbi arayışlarla, ərizə ilə öz təsdiqini tapır. Ona görə də məhkəmə hesab edir ki, mübahisələndirilən bağışlama müqaviləsi mülki qanunverciliyinin tələblərinin pozuntusu ilə aparılmışdır.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

45. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, mübahisə üzrə nəticəyə gələrkən əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını nəzər alınmalıdır. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq etibarsız əqdlərin dörd növü fərqləndirilir. Subyekt tərkibi qüsurlu olan, iradəsi qüsurlu olan, forması qüsurlu olan, məzmunu qüsurlu olan əqdlər.

46. İş materialları ilə müəyyən edilir ki, Fərzəliyeva Zənvirə Əli Baba qızı öz iradəsi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 262,4 kv.m., yaşayış sahəsi 96,8 kv.m., yardımsı sahəsi 65,6 kv.m. olan 3 otaqlı fərdi yaşayış evini 20 avqust 2020-ci il tarixdə 4Ə-1173 reyestri nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağlamışdır. Yasamal Rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ölüm haqqında şəhadətnamənin surətindən isə görünür ki, Fərzəliyeva Zənfirə Əli Baba qızı 23 yanvar 2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 01 ayının 26 günündə 211 №-li qeyd edilmiş, ölümün səbəbi «böyüklərin respirator pozğunluq (distress)sind» qeyd aparılmışdır.

47. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hər hansı əsas aşkarlanmamışdır. Belə ki, sözügedən müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmış, müqavilə bağlanarkən hər hansı qanun pozuntusuna yol verilməmiş, tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanmışdır.

48. Belə ki, iddiaçı anasının psixi pozuntusu olduğunu və əqd bağlayan zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi qeyd etsə də, işdə Fərzəliyeva Zənvirə Əli Baba qızının psixi pozuntulu olması barədə heç bir sübut yoxdur. Şəxsin hər hansı dərmanlar qəbul etməsi və ya ambulator müəyinədə olması şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi demək deyil.

49. Belə ki, bağışlanma müqaviləsi bağlanılmasında az bir müddət əvvəl şəxsin sağlam olması işə əlavə edilmiş sübutlarla tam təsdiq olunur. İşdə olan 16 iyun 2020-ci il tarixli 2812 №-li Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı Fuad İsmayılov tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Fərzəliyevə Zənfirə Əli Baba qızı xx.xx.2020-ci il tarixdə müayinə olunub, diaqnoz: «Hal-hazırda psixi pozuntular aşkar edilmir.» Həmçinin xx.xx.2021-ci il tarixli 38176 №-li Mərkəzi Klinika tərəfindən verilmiş məktubda qeyd olunmuşdur ki, mərhum Fərzəliyeva Zənfirə Əlibaba qızı klinikaya müraciət edərkən müəyyən edilmişdir ki, analiz qabliyyəti, mücərrəd mənanı anlamaq və mühakimə etmə qabiliyyəti pozulmamışdır. Aktiv psixopotologiya aşkar olunmamışdır. Digər məlumatları əldə etmək üçün xahiş edirik müvafiq qurumlardan sorğu təqdim edəsiniz.»

50. Kollegegiya həmçinin qeyd edir ki, iş üzrə dinidirilmiş şahid ifadələrindən və apellyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş izahatdan müəyyən edilmişdir ki, mərhum Fərzəliyeva Zənfirə Əlibaba qızı yaşadığı mənzilin saxlanılması üçün xidmətçilər saxlamış, onların əmək haqqını şəxsən özü vermiş və bağ təsərrüfatı ilə məşğul olmuşdur.

51. Göründüyü kimi, hazırkı iş üzrə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hər hansı əsas olmamışdır. Ona görə də, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olmaqla rədd edilməlidir.

52. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına aparılmış qeydin və çıxarışın ləğv edilməsi ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, hazırkı iş üzrə iddia ərizəsi bağışlama müqaviləsinin etibarsızlığı hissəsində rədd olunduğu üçün qeydin və çıxarışın ləğv edilməsi üçün də heç bir əsas mövcud deyildir. Odur ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir.

53. Məhkəmə kollegiyası iddia tələbinin ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evinə dair vərəsəlik hüququnun tanınması hissəsinə qiymət verərək qeyd edir ki, qeyd edilən bağ sahəsi Fərzəliyeva Zənfirə Əlibaba qızı tərəfindən Cavabdeh1 bağışlandığından və hazırkı iş üzrə iddia ərizəsi bağışlama müqaviləsinin etibarsızlığı hissəsində rədd olunduğundan həmin bağ sahəsi Fərzəliyeva Zənfirə Əlibaba qızının miras kütləsinə daxil deyil və vərəsəlik qaydasında qəbul edilməsi mümkün deyildir. Odur ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir.

54. Məhkəmə kollegiyası iddia tələbinin ünvan 2 ünvanında yerləşən 132a №-li bağ evində saxlanılan bütün əşyaların (mebel, texnika avadanlığı, qab-qacaq, məişət əşyaları, sənədlər və s. əşyalar) qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi qeyri müəyyən olduğundan (tələb olunan əmlakların çeşidi, sayı, ölçüsü və.s, müəyyən olmadığından) əlavə araşdırma aparılmasına lüzum yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, qeyd edilən bağ sahəsi Fərzəliyeva Zənfirə Əlibaba qızı tərəfindən Cavabdeh1 bağışlandığından həmin bağ sahəsində olan əmlaklar da bağ sahəsinin tərkib hissəsinə daxildir. Odur ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki hallar aydınlaşdırılmadığından, iş üçün əhəmiyyəti olan halların sübut edilmədiyindən və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

56. Kollegiya hesab edir ki, hazırki halda iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-320/2022 saylı 30 iyun 2022-ci il tarixli qətnaməsi qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, 2 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və verilmiş çıxarışın ləğvi, vərəsəlik hüququnun tanınması və əşyaların qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçünə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar