Məhkəmə qərarları › İş №2(103)-6857/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6857/2021

06.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6857/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2144/2021 saylı mülki iş üzrə qəbul etdiyi 20 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan Cavabdeh xeyirinə övladı X1 üçün tutulan alimentin miqdarının azaldılaraq 63 (altmış üç) manat, müalicəsi üçün isə 25 (iyirmi beş) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 30.10.2015-ci ildə Cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuş və birgə nikah dövründə 29.07.2016-cı il tarixdə oğlu Mehdi anadan olmuşdur. Cavabdehin iddiasına əsasən Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 16.11.2017-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, ondan cavabdehin xeyirinə övladı Mehdinin saxlanılması üçün 136 manat aliment tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.02.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin alimentin artırılması barədə iddiasına onun iştirakı olmadan baxılmış, iddia təmin edilmiş, ondan tutulan alimentin miqdarı 154 manat müəyyən edilmişdir. 09.08.2018-ci il tarixdə yenə Cavabdeh ona qarşı aliment tələbi barədə iddiası təmin edilmiş ondan bir uşağın müalicəsi üçün 50 manat iddiaçının xeyrinə aliment tutulması qət edilmiş, məhkəmə onun iştirakı olmadan keçirilmiş, qətnamənin surəti ona təqdim edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli 2(006)-3058/2020 saylı qətnaməsi ilə cavabdehin “alimentin artırılması” tələbinə dair iddiası təmin edilmiş, ondan oğlu Mehdinin saxlanılması üçün cavabdehin xeyirinə tutulan alimentin miqdarı 170 manat müəyyən edilmiş, işə onun iştirakı olmadan, bildirişlər ona çatdırılmadan baxılmışdır. Məhkəmə alimentin miqdarının artırılması barədə cavabdehin iddialarına baxılarkən onun iştirakını təmin etmədiyindən o, maddi vəziyyəti, anadan gəlmə xəstə olması barədə sənədləri məhkəməyə təqdim etmək imkanından məhrum olunmuşdur. O, xəstəliyi ilə əlaqədar heç bir yerdə daimi işə götürülmür, məhkəmə tərəfindən təyin edilmiş alimenti həmişə ödəyə bilmir, anası ilə birlikdə kirayədə yaşayır, nikah pozulana qədər cavabdeh də onunla kirayədə yaşamışdır, anası müxtəlif insanlara xidmət göstərməklə (uşaq saxlamaq və s.) aldığı pulla alimentin ödənilməsində ona kömək edir, pandemiya dövründə isə nə o, nə də anası işləyə bilməmişdir. Cavabdehin iddialarına baxan əvvəlki məhkəmələr Cavabdeh maddi vəziyyəti, eləcə də səhhəti ilə maraqlanmamışlar. Halbuki cavabdehin maddi vəziyyəti onun vəziyyətindən qat-qat yaxşıdır: pensiya alır, iki aptekdə növbə ilə işləyir, aldığı əmək haqqı və pensiyası 500 manatdan da çoxdur, müvafiq sorğular göndərməklə onun pensiyasının və əmək haqqının məbləğini müəyyən etmək olar. Mütəmadi olaraq əsəb xəstəliyi ilə əlaqədar ambulator və stasionar qaydada müalicə almasını, bu səbəbdən daimi işinin olmamasını, heç bir yerdə işləməməsini, həmçinin cavabdehin maddi vəziyyətinin xeyli yaxşı olmasını (500 manatdan artıq əmək haqqı və pensiya alır. Uşağın saxlanmasına görə hər iki valideyn məsuliyyət daşıyır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(010)- 2144/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, 1-ci instansiya məhkəməsi onun mütəmadi olaraq əsəb xəstəliyi ilə bağlı ambulator və stasionar qaydada müalicələr almağını, bu səbəbdən də heç bir yerdə işləmədiyini nəzərə almamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(010)- 2144/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından mübahisəsiz qaydada müəyyən olunur ki, tərəflər 30 oktyabr 2015-ci ildə rəsmi qaydada nikah bağlamış və həmin nikahdan 29.07.2016-cı il təvəllüdlü Mehdi adlı oğulları anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.11.2017-ci il tarixli qətnaməsi ilə tərəflərin aralarındakı nikah pozulmuş, İddiaçı Cavabdeh xeyrinə uşağın saxlanması 136 manat pul məbləğində aliment tutulması qət edilmişdir. Sonradan Cavabdeh alimentin artırılması barədə iddia qaldırmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq, 154 manat müəyyən edilmişdir. Cavabdeh alimentin artırılması barədə iddia qaldırmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş övladı X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Aliment miqdarının dəyişdirilməsi barədə iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsinin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə, aliment ödəyən şəxslərin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Hazırkı işdə isə Ailə Məcəlləsinin qeyd olunan maddəsinin dispozitiv şərtlərinə uyğun hallar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı dəlilləri əsasızdır. Belə ki, onun tərəfindən təqdim edilmiş Bakı şəhəri Baş Səhiyyə İdarəsi 5 nömrəli poliklinikanın 10 saylı 08.01.2021-ci il tarixli arayışından görünür ki, “1987-ci il təvəllüdlü İddiaçı həmin poliklinikada 2011-ci ildən qeydiyyatdadır. Uşaqlıqdan xəstədir. Dəfələrlə ambulator və stasionar müalicədə olub. Bakı şəhəri X4 1987-ci il, 2002-ci il “Epilepsiya rezidual-orqanik fonunda (təkrarlanan paraksizmlər ilə)” diaqnozu ilə 2006-cı ildən Bakı şəhər X8 Dispanserində stasionar müalicədə olub. 2 saylı X2 28.02.2017-17.03.2017-ci il, 14.06.2016-14.07.2016-cı il, 23.07.2019- 02.08.2019-cu il, 09.09.2019-11.09.2019-cu il tarixlərdə “Baş beynin üzvi xəstəliyi nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişiklikləri diaqnozu ilə dəfələrlə stasionar müalicə alıb”. 2 nömrəli Klinik Psixiatriya xəstəxanasının 318 saylı 04.09.2021-ci il tarixli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü İddiaçı “baş beyin üzvü xəstəliyi nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri kobud psixopata bənzər davranış pozuntusu, özünə xəsarət yetirməsi ilə” qərarı verilmişdir. Göründüyü kimi İddiaçı təqdim edilmiş sənədlər onun maddi vəziyyəti ilə bağlı deyil, xəstəliyi ilə əlaqədar məlumatları əhatə edir. Məhkəmə kollegiyasi qeyd edir ki, şəxsin xəstə olması alimentinin məbləğinin azadılması üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28-ci maddəsinə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Lakin İddiaçı xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi yaxud əlilliyi təsdiq edilmir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2144/2021 saylı qətnaməsi qəbul edildikdən sonra iddiaçının maddi vəziyyətində hər hansı dəyişikliyin baş verməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyildir. Eyni zamanda alimentin azaldılmasına səbəb ola biləcək ailə vəziyyətində də dəyişiklik baş verməmişdir. Belə olan halda isə iddia təmin edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2144/2021 saylı mülki iş üzrə qəbul etdiyi 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar