Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6879/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1907/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 23.01.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 1.000 (bir min) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Rusiya Federasiyasında qeydiyyatda olan Cavabdeh arasında bağlanmış nikah Çelyabinsk vilayəti, Uiskiy bələdiyyə rayonu inzibati idarəsində Qeydiyyat şöbəsində 15.07.2008-ci ildə İ-İB №787522 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından 23.01.2009-cu ildə X6 adlı övladları anadan olmuşdur. 2012-ci ildən 2013-cü ilə qədər cavabdehlə, ünvan 1 ünvanında yaşadıqdan sonra birlikdə Rusiya Federasiyası, Çelyabinsk vilayəti, Uiskiy rayonu, Petropavloski kəndinə getmişlər. Ailə münasibətləri əvvəllər normal olmuş, lakin, sonradan pozulmuşdur. 2016-cı ildə cavabdeh onu və uşağını aldadaraq müvəqqəti qalmaq üçün Azərbaycan Respublikasına göndərmişdir. O, geri qayıtmaq istəsə də, hər dəfə bir bəhanə ilə onu aldatmışdır. Övladı Nihat onun yanında qalır və onun saxlanılması ilə bağlı bütün xərcləri o, tək ödəyir. Cavabdeh uşağın saxlanılması üçün çəkilən xərclərdə iştirak etmir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1907/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 02.03.2021-ci il tarixdən hesablanmaqla 23.01.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması, məhkəmə xərcləri - 10 (on) manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, uşaqların minimum yaşayış səviyyəsi üçün gündəlik tələbatlar günbə-gün artır, bahalaşma halları mövcuddur, uşaqlarının da tələbatları artır. Cavabdeh birgə nikahdan olan uşaqlarının saxlanılması üçün çəkilən xərclərdə iştirak etmir. Cavabdeh Rusiya Federasiyasının vətəndaşıdı və Rusiya Federasiyasında fərdi əməklə məşğul olur, onun qazançı qeyri-müntəzəm olaraq dəyişir, ticarət fəaliyyəti ilə məşğul olur, kafe işlədir, öz şəxsi dükanı var birgə yaşadıqları zamandan ona məlumdur ki, onun aylıq qazancı təxminən 4.000 manat (200.000 rubl) təşkil edir. Ona görə də ondan uşaqları Nihat Ələkbərovun yetkinlik yaşna çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 1000 manat məbləğində aliment tutulmalıdır. Apelyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1907/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və Cavabdeh birgə nikahdan olan uşaqları X5 yetkinlik yaşna çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 1.000 manat məbləğində aliment müəyyən olunmasına dair yeni qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı və Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin dəyişdirilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli və Cavabdeh 02.03.2021-ci il tarixdən hesablanmaqla 23.01.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat olmaqla aliment tutularaq İddiaçı verilməlidir və məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 100.2-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apelyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1907/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnаməsinin dəyişdirilməsi, uşaqları X5 yetkinlik yaşna çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 1.000 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Rusiya Federasiyası Çelyabinsk vilayəti, Uiski bələdiyyə rayonunun inzibati idarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının Qeydiyyat şöbəsi tərəfindən 15 iyul 2008-ci il tarixdə verilmiş İ-ИВ № 787522 saylı Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında nikah bağlanmış və bu barədə Rusiya Federasiyası Çelyabinsk vilayəti, Uiski bələdiyyə rayonunun inzibati idarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2008-ci ilin iyul ayının 15 günündə 42 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ələkbərov, arvada Ələkbərova soyadı verilmişdir. İş materiallarında olan, Rusiya Federasiyası Çelyabinsk vilayəti, Uiski bələdiyyə rayonunun inzibati idarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının Qeydiyyat şöbəsi tərəfindən 24 fevral 2009-cu il tarixdə verilmiş İİ-ИВ № 711370 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 23 yanvar 2009-cu il tarixdə Rusiya Federasiyası Çelyabinsk vilayəti, Uiski rayonu, Petropavlovsk kəndində anadan olmuşdur və bu barədə Rusiya Federasiyası Çelyabinsk vilayəti, Uiski bələdiyyə rayonunun inzibati idarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 2009-cu ilin fevral ayının 24 günündə 25 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X1r. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Həmin ehtiyacların artması, xüsusi ilə də birgə nikahdan 23 yanvar 2009-cu il tarixdə doğulmuş X5 tələbatının artması mübahisə predmeti təşkil edə bilməz. Hazırda atanın uşağın qayğısına qalması, uşağın zəruri ehtiyaclarının və layiqli həyat şəraitinin təmin edilməsinə cəhd etməsi hazırkı iş üzrə mübahisə edilə bilinməz faktdır. Digər tərəfdən məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizə hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəmələri tərəfindən yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşağı saxlamağa borcludurlar və uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi valideynlərin vəzifəsidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin faktiki hallarını və uşaqın mənafeyini, tərəflərin maddi vəziyyətini, uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşağın saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (12.11.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat, 2021-ci il üçün yaşayış minimumu haqqında Qanununa görə isə 2021-ci il üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən: 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2. bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunun normalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh 1.000 manat sabit pul məbləğində aliment pulunun tutulması valideyn kimi cavabdehin maddi imkan xaricində olmaqla gələcəkdə məhkəmə qətnaməsinin icrasından yayınma kimi dəyərləndirilərək cavabdehin və uşağın hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına (alimentin tam həcmdə icra olunmaması uşaqların mənafeyinə ziyan vuracaq, qətnamənin icra olunmaması həm də cavabdeh barəsində məsuliyyət yaradacaq) səbəb olacaqdır. Bu isə onu ehtiva edir ki, birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın mənafeyinin pozulmamasından ötrü tərəflərin maddi vəziyyəti, işin faktiki halları düzgün dəyərləndirilmiş, maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməklə mübahisələndirilən hissədə düzgün nəticəyə gəlinmişdir. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, İddiaçı apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətində cavabdehin Rusiya Federasiyasında fərdi əməklə məşğul olduğunu, onun qazançının qeyri-müntəzəm olaraq dəyişdiyini, ticarət fəaliyyəti ilə məşğul olduğunu, kafe işlətdiyini, öz şəxsi dükanı olduğunu, onun aylıq qazancının təxminən 4.000 manat (200.000 rubl) təşkil etdiyini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin hallar qətnamənin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırda yoxlanılan hissədə faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1907/2021 saylı, 28 aprel 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1907/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6879/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6879/2021
24.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver