Məhkəmə qərarları › İş №2(103)-6880/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6880/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6880/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Cavabdeh tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2637/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 7300 ABŞ dollarının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2637/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vemişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı şikayət ərizəsi qətnamədən verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığından və lazımi qaydada dövlət rüsumu ödənilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, İddiaçı şikayətinin nəticə hissəsi bu şəkildə ifadə edilmişdir: “Məhkəmə işində olan sənədlər araşdırılsın. Qərarda adları çəkilən (Abşeron Rayon Polis X1) vətəndaşlar məhkəməyə dəvət olunub dinlənil-sinlər. Və ən nəhayət keçmiş bələdiyyə sədri, rüşvətxor, korrupsioner Bəğağa Abbasovdan, məni aldadaraq aldığı 7300 (yeddi min üç yüz) ABŞ dollarının alınaraq mənə qaytarılması barədə Qərar qəbul edəsiniz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM)361.1.4-cü maddəsinə görə, apellyasiya şikayətində işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, MPM-ə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə dövlət rüsumu ödənilir (108.1.4). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir (112.1.1). “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə müvafiq olaraq iddianın qiyməti 500 manatdan çox olduqda iddia ərizələrindən 30 manat dövlət rüsumu ödənilməlidir. Qanunun 8.4.1-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı 7300 ABŞ dolları məbləğində pulun Cavabdeh tutulmasını tələb edir. Bunu nəticəsidir ki, iddiaçı-hazırki apelyator tərəfindən birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir (i.v.-6). İddiaçı tərəfindən verilmiş apellyasiya şikaytinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, 10 manat dövlət rüsumu ödənilmişdir (i.v. – 74). Lakin hazırkı apellyasiya şikayəti üzrə 15 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunan səbəblərdən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə əlavə olunmuş qəbz dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(008)-1720/2019 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar