Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6881/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Açar sözlər: apellasiya şikayətinin mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2(004)- 4510/2024 nömrəli qətnaməsindən İddiaçı şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2024-cü il, 2(004)2878/2024 saylı qətnaməsi ilə ona sabit pul məbləği ilə təyin olunmuş 235 manat alimentin miqdarının azaldılaraq hər ay üçün 170- 180 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2(004)- 4510/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. 25 noyabr 2024-cü il tarixdə İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
5. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti nümayəndəsi Nümayəndəi Əbdülhəsən qızı tərəfindən imzalanmış və səlahiyyəti təsdiq edən sənəd olaraq etibarnamə əlavə olunmuşdur.
6. İddiaçı Nümayəndəi Əbdülhəsən qızına həmin etibarnamənin 6 (məhkəmədə təmsil olunma), 7 (vəkil təyini) və 10-cu (digər müddəalar) bəndlərinə əsasən onu məhkəmə, qeydiyyat orqanlarında, idarə orqalarında, poçt şöbələrində təmsil etməyi, vəkillik işləri ilə bağlı nümayəndəsi olmağı etibar etsə də, bu etibarnamədə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti nəzərdə tutulmamışdır.
7. Halbuki, MPM-nin 74.2-ci maddəsinə əsasən məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməli, 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanmalıdır.
8. Belə olduğu təqdirdə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
9. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2(004)- 4510/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev