Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6883/2020 18.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi, İddiaçı Cavabdeh İbrahim qızına qarşı “alimentin bir hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1, cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı cavabdehlə birgə nikahından doğulmuş övladı – xx.xx.2017-ci il təvəllüdlü X1 (bundan sonra – uşaq) saxlanılması üçün ondan cavabdehin xeyrinə hər ay tutulan alimentin 50 % məbləğinin uşağın adına açılmış bank hesabına uşaq yetkinlik yaşına çatanadək köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, nikahdan uşağın olmasına baxmayaraq iş üzrə tərəflərin münasibətləri pozulmuş və son nəticədə nikaha məhkəmə qətnaməsinə əsasən xitam verilmişdir. Uşaq anasının (cavabdehin) yanında saxlanılmışdır. Məhkəmə qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan, onun qazancının 1/4 hissəsi miqdarda aliment cavabdehin xeyrinə tutulur. Bu məbləğ 1.350 manatdan çox məbləğ təşkil edir ki, bu da uşaqlar üçün nəzərdə tutulmuş (170 manat) yaşayış minimumdan 8 dəfə artıqdır. Bunları nəzərə alan iddiaçı hesab edir ki, onun tərəfindən hər ay ödənilən 1.350 manat məbləğində alimentin yarısı, yəni 675 manat uşağın digər tələbatlarını ödəmək üçün yetərli olduğundan, alimentin qalan 50 faizi uşaq yetkinlik yaşına çatanadək onun adına açılmış bank hesabına köçürülməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddianı rədd edən Rayon Məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş və mötəbərliyi şübhə doğuran, internet vasitəsi ilə “Mover.az” şirkətindən 3-4 yaşlı qız uşağı üçün bir neçə geyim əşyalarının sifariş edilməsinə dair qəbzləri və uşağın guya özəl uşaq bağçasına getməsinə görə aylıq 450 manat məbləğində pulun ödənilməsi barədə arayışı əsas götürmüşdür. Halbuki, həmin qəbzlərdə sifarişin kim üçün və hansı geyim əşyası alınması üçün barədə məlumatlar yoxdur, arayış isə kserosurətdir. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi. O əlavə olaraq bildirdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də Təchizat zəncirinin idarə olunması üzrə menecer vəzifəsində işləyən iddiaçının maaşı 7.300 manatdan, aldığı əmək haqqısı isə 5.500 manatdan çoxdur. Buna görə də, artıq təxminən 9 aydır ki, iddiaçıdan 1.375,11 manat məbləğində aliment tutulur. Bu məbləğin ay ərzində azyaşlı uşağa tamamilə xərclənməsi inandırıcı deyil. Aliment tutulan müddət ərzində həmin pul vəsaitinə uşaq üçün hər hansı dəyərli əşya alınmamışdır ki, bu hal iddiaçıda ödənilən pul vəsaitinin başqa məqsədlərə, cavabdehin öz xərclərinə yönəlməsi ehtimalını yaradır. İddiaçı hesab edir ki, onun tərəfindən hər ay ödənilən 1.375 manat məbləğində alimentin yarısı, yəni 687 manat uşağın tələbatlarını ödəmək üçün yetərli olduğundan, alimentin 50 faizi uşaq yetkinlik yaşına çatanadək onun adına açılmış bank hesabına köçürülməlidir. Bu həm də uşağı, iddiaçının qazancı ilə bağlı gələcəkdə yarana biləcək risklərdən sığortalanması məqsədi daşıyır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh də işləyir və uşağın “Happy-Babies” Uşaq Bağçasına getməsi üçün iddiaçı razılıq verməmişdir. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına və məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, cavabdeh bir valideyn kimi övladının keyfiyyətli təlim-tərbiyəsini təşkil etmək üçün uşağı “Happy-Babies” Uşaq Bağçasına düzəltmişdir və hər ay həmin bağçaya 450 manat məbləğində pul ödəyir. Bundan başqa cavabdeh övladını yaxşı və keyfiyyətli qida və geyimlə təmin etməlidir. Hamıya bəllidir ki, hazırki zamanda bunun üçün nə qədər xərc tələb olunur. Ən vacibi isə nəzərə alınmalıdır ki, iddiaçı, alimentin cavabdeh tərəfindən uşağın xərclərinə deyil, başqa xərclərə yönəldilməsini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilmir. Çünki, cavabdeh tərəfindən belə bir hallara yol verilmir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin, Rayon Məhkəməsinin qətnaməsi isə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır. Belə ki, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan və işdə olan sənədlərdən müəyyən edilir ki, nikahdan uşağın olmasına baxmayaraq iş üzrə tərəflərin münasibətləri pozulmuş və son nəticədə nikaha məhkəmə qətnaməsinə əsasən xitam verilmişdir. Uşaq anasının (cavabdehin) yanında saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(103)- 8423/2019) ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki iş üzrə iddiaçıdan, onun qazancının 1/4 hissəsi miqdarda aliment hazırki iş üzrə cavabdehin xeyrinə tutulması qət edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 064 nömrəli arayışından görünür ki, iddiaçının aylıq vəzifə maaşı MMC-nin “Ştat cədvəlinə” uyğun olaraq 7.308,30 manat təşkil edir. Vergilər çıxıldıqdan sonra iddiaçının xalis əmək haqqı 5.500,43 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8423/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi 2020-ci ilin yanvar ayında MMC-yə daxil olmuşdur ki, həmin qətnaməyə əsasən iddiaçının xalis əmək haqqısının 1/4 hissəsi miqdarında, yəni 1.375,11 manat məbləğində aliment tutulmalıdır. Eyni zamanda gecikmiş aliment borcunun mövcudluğu nəzərə alınaraq, iddiaçıdan hər ay onun xalis əmək haqqının 1/2 hissəsi, yəni 2.750,22 manat tutulur. İddiaçının cari aya olan aliment borcu cəmi 9.287,36 manat təşkil edir. Cavabdeh tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “Happy-Babies” Uşaq Bağçasının RS-17 saylı arayışından görünür ki, iş üzrə tərəflərin övladı həmin bağçada təlim-tərbiyə alır. Aylıq ödəniş 450 manat təşkil edir. Cavabdeh tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “Gmail” elektron poçtundan çıxarılmış sənədin çap surətindən görünür ki, cavabdeh tərəfindən “Mover.az” şirkətinin vasitəsilə 3-4 yaşlı qız uşağı üçün müxtəlif vaxtlarda, müxtəlif geyim əşyaları sifariş edilmişdir. Apellyasiya baxışı zamanı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə əldə olunmuş məlumatdan görünür ki, hazırki iş üzrə cavabdeh əmək müqaviləsinə əsasən “xxxxxxxxxxx” MMC-də Təşkilati Hissə müdiri vəzifəsində işləyir və onun əmək haqqısı 431,28 manat təşkil edir. Göstərilənləri nəzərə alan Rayon Məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55 və 75-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3, 18 və 27-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə istinad etmişdir. Ailə Məcəlləsinin 55.2-ci maddəsinin mənasına görə, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məcəllənin 75-ci maddəsinin mənasına görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1.). Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər (maddə 75.2.). Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər (maddə 75.3.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.4.). Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (maddə 75.5.). “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə görə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə, isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Rayon Məhkəməsi qeyd edilən maddi normalar istinad edərək hesab etmişdir ki, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Buna görə də, iddia təmin edilə bilməz. Məhkəmə bu barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 55.3-cü maddəsinə görə, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizindən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərara çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsiri, uşağın saxlanılması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və sair bu kimi halları nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-cı il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. İş üzrə tərəflərin övladı “Happy-Babies” Uşaq Bağçasında təlim-tərbiyə alır. Aylıq ödəniş 450 manat təşkil edir. Cavabdeh bildirir ki, həmin uşaq bağçasına hər ay həmin məbləği ödəyir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “Sübutların mümkünlüyü” adlı 81-ci maddəsinin göstərişinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu sübutetmə vasitələri Azərbaycan Respublikası Vergi Məcəlləsində və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda təsvir olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16-cı maddəsinin mənasına görə qəzet və jurnalların satışı, sərnişin və yük daşıma, kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı, mebellərin təmiri və hazırlanması ilə bağlı və sair fəaliyyət növləri istisna olmaqla, digər fəaliyyət növləri üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir (maddə 16.1.8.). Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blankları verilir (maddə 16.1.9.). Bu qayda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 7-ci bəndində də nəzərdə tutulmuşdur. Buna görə də, Məhkəmə hesab edir ki, təmir üçün lazım olan materialların alınması, həmin materialların dəyərinin ödənilməsi faktı ödəniş qəbzləri ilə, ustalara çəkilmiş xərc isə həmin xərcin ödənilməsi barədə qəbzlər ilə təsdiq olunmalıdır. Qüvvədə olan mülki prosessual hüquq normasının tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli (MPM; maddə 77.1.), məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM; maddə 14.2.). Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi nağd pul hesablaşmalarını təsdiq edə biləcək çekin, qəbzin və sair ciddi hesabat blankların mövcud olmamasına baxmayaraq cavabdeh tərəfindən qeyd edilən Uşaq Bağçasına hər ay ödəniş etməsini əsas götürməkdə səhv etmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən Uşaq Bağçasına ödənişlərin edilməsi əsas götürülmüş olsa belə bu hal iddianın rədd edilməsi üçün zəmin yarada bilməz: Birincisi əsas- iddiaçı övladının dövlət və ödənişsiz olan uşaq bağçasına deyil, məhz özəl və ödənişli uşaq bağçasına getməsinə razılıq verməsi cavabdeh tərəfindən sübuta yetirilmir. Halbuki, Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər (maddə 56.1.). Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər (maddə 58.5.). Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər (maddə 60.3.). İkinci əsas- ödənilən 1.375 manat məbləğində alimentin 1/2 hissəsi uşağın adına olan bank hesabına mədaxil edildiyi halda yerdə qalan 687 manat uşağın normal təminatı üçün kifayət qədərdir və (687-450=) 237 manat təşkil edəcək ki, bu da 2020-cı il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumundan yuxarı məbləğdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. İddia əsaslıdır. Şərh olunanlara və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin, Rayon Məhkəməsinin qətnaməsi isə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh İbrahim qızına qarşı “alimentin bir hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi tələbi barədə” iddiası təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinə (İş № 2(103)-8423/2019) əsasən uşağın – xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı, onun qazancının 1/4 hissəsi miqdarda Cavabdeh İbrahim qızının xeyrinə tutulan alimentin 1/2 hissəsi X1 adına açılacaq bank hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6883/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6883/2020
18.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver