Məhkəmə qərarları › İş №2(103)-6886/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6886/2025

24.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6886/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: iddia ərizəsinin baxılmamış saxlanılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-5068/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 5068/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

3. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müvafiq mediasiya təşkilatına müraciət etməmişdir. xx.xx.2019-cu il tarixdə qəbul edilmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir və həmin tarixdən vətəndaşlar ailə və əmək (əvvəllər kommersiya) münasibətlərindən irəli gələn mülki mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Bundan əlavə, gələcəkdə iddia ərizəsi ilə təkrar müraciət edilərsə, nəzərə alınması məqsədilə məhkəmə iddiaçıya izah və tövsiyə edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müvafiq mediasiya təşkilatına müraciət etməsi barədə sənədi iddia ərizəsinə əlavə etməklə yanaşı, həm də dövlət rüsumunu ödəməlidir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsi üzrə dövlət rüsumu ödəməmişdir.

4. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

5. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini və müddətin bərpasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, alimentlə bağlı işdə (iddiada, ərizədə və ondan irəli gələn apelyasiya şikayətində) rüsum nəzərdə tutulmadığı üçün rüsum ödəmədi. Qərardad elektron məhkəmə sisteminə xx.xx.2025-ci il tarixdə yüklənib. Səbəb kimi onun mediasiyaya müraciət etməməyini göstərib, halbuki artıq aliment çoxdan kəsilib və hətta boşanma da olub çoxdan, onun xəbəri olmadan, mediasiyalıq bir iş yoxdur, hətta alimentin artırılması da olub. Üstəlik aliment artırılması olanda qarşı tərəf mediasiyasız ərizə vermişdi məhkəməyə, həmin məhkəmə də iddiasını həm qəbul etmişdi, həm də təmin etmişdi. Qanun varsa, onda hamı üçün eynidir.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Cavabdeh şikayətə qarşı yazılı etiraz verərək belə əsaslandırmışdır ki, iddiaçının şikayəti əsassızdır, o, sadəcə alimenti ödəməmək üçün bu kimi fəndlərə əl atır, iddiaçı Moldaviya Respublikasında yaşayır, yaxşı qazanc əldə edir, lakin pulu uşaqlarına deyil, anasına göndərir. Qərardad tam qanuni və əsaslıdır, iddiaçının şikayəti əsassızdır, şikayətdə qeyd edilənlər həqiqəti əks etdirmir, həmçinin “alimentin azaldılması barədə” iddia ərizəsinə görə dövlət rüsumu ödənilməmişdir, iddiaçı tərəfindən mediasiyaya müraciət edilməmişdir, son altı aydır ki, ümumiyyətlə alimenti ödəməkdən yayınır.

Tətbiq edilən hüquq

10. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.2. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Maddə 3.2. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 21.9. Aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: Maddə 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə;

11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1.2. Aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.6. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Maddə 259.0.13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-5068/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, hazırki mübahisə ailə münasibətlərindən irəli gələn mübahisə olduğu üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsindən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

15. İş materiallarından aydın olur ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunduğu halda bu qaydaya riayət edilməmişdir.

16. Kollegiya onu da qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iş üzrə tələb isə alimentin azaldılması barədədir.

17. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

18. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının 8(006)-366/2025 nömrəli iş üzrə müraciəti artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulan sabit pul məbləğində alimentin indeksasiyası ilə bağlı olmuşdur, aliment miqdarının dəyişdirilməsi ilə bağlı deyil.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 5068/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar