Məhkəmə qərarları › İş №2(103)-6902/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6902/2021

18.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6902/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadə katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1203/2021 saylı 28 aprel 2021-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı - Cavabdeh qarşı «əlavə xərclərin tutulması» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 03.01.2013-cü il təvəllüdlü X2 şikəst olmasına görə müalicəsinə və saxlanmasına çəkilən əlavə xərclərin ödənilməsinə cəlb olunması və cavabdehdən əlavə xərclərə görə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 23 aprel 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 03 yanvar 2013-cü il tarixdə Ülkər adlı uşaqları anadan olmuşdur. Səbail rayon Məhkəməsinin 1274/2015 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və uşağın saxlanılması üçün cavabdehdən cavabdehdən hər ay qazancının 1/4 hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Uşaq anadangəlmə sağlamlıq imkanları məhdud doğulmuşdur. Uşağın 18 yaşınadək bir və ya daha artıq ətrafın nəzərəçarpan dərin parezi, iflic, dayanıqlı yayılmış hiperkinezləri, nəzərəçarpan koordinasiya pozulmaları olan sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuşdur. İddiaçının artıq maddi imkanı uşağın müayinəsini davam etdirməsinə imkan vermir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1203/2021 saylı 28 aprel 2021-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 03.01.2013-cü il təvəllüdlü X2 müalicəsi üçün əlavə olaraq hər ay 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Əvvəla məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini kobud şəkildə pozaraq məhkəmə iclasları barədə onu məlumatlandırmamış, bildirişlərin ona çatıdırılmasını təmin etməmişdir. Belə ki, heç bir məhkəmə bildirişi ona çatdırılmamışdır. Yalnız, 18 aprel 2021-ci il tarixə təyin edilmiş məhkəmə hazılıq iclası barədə ona SMS bildiriş gəlmişdir. Lakin, bundan sonra təyin edilmiş məhkəmə prosesi barədə heç SMS bildiriş də gəlməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə prosesini təxirə salaraq ona bildiriş göndərmək əvəzinə iş üzrə qətnamə qəbul etmiş və bununla da onun hüquqlarını pozmuşdur. Bundan əlavə, iddiaçı ilə nikahları pozulduqdan sonra o, hər ay alimenti gecikdirmədən vaxtlı-vaxtında ödəmiş, iddiaçı bir neçə dəfə aliment tələbinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hər dəfə həmin iddia tələbləri ilə razılaşaraq qəbul etmişdir. Sonuncu dəfə alimenti artırılması tələbinə dair iş üzrə Səbail Rayon Məhkəməsində 05 may 2021-ci il tarixli 2(009)-1202/2021 saylı qətnamə qəbul edilmiş və aliment məbləği 175 manat müəyyən edilmişdir. Övladının xəstəliyi ilə bağlı bildirir ki, daim onun xərclərində iştirak etmişdir. Hazırda ona 150 manat əlavə olaraq müavinət, anasına isə ona qulluq eməsinə görə əlavə 50 manat təqaüd təyin edilmişdir. Belə ki, hazırda sağlamlıq imkanları məhdud uşaqlar hərtərəfli sosial təminat və müasir reabilitasiya sistemi ilə əhatə olunub. Bu kateqoriyadan olan uşaqlar üçün aylıq müavinət, həmçinin onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü ödənilməklə, eyni zamanda, həmin uşaqlar üçün reabilitasiya sisteminin inkişafına xüsusi diqqət yetirilir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Nərimanov rayonunda 1 saylı X5 müasir tələblərə uyğun qurulub. X8 Fondunun dəstəyi ilə uşaqlar üçün Bakının Suraxanı rayonunda 2 saylı X5, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb. Bütün bu xidmətlər mövcud olduğu, onun ödədiyi 175 manat alimentdən əlavə olaraq iddiaçıya hər ay 200 manat dövlət ödənişi olduğu halda hansı əlavə xərclərdən söhbət gedə bilər. Qeyd edilən məbləğ həddində və ya onu keçə biləcək məbləğdə əlavə xərclərin çəkilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yalnız uşağa qoyulmuş diaqnozu qətnaməsində qeyd etməklə iddianı qismən təmin etməklə ondan əlavə 100 manat tutulmalı olmasını qeyd etmişdir. Lakin, məhkəmə sağlamlıq imkanları məhdud uşaqlara olan dövlət qayğısını, müalicə və müayinəsinə heç bir xərcin tələb olunmamasını, əlavə olaraq həmin uşaqlara müavinətin verilməsini və bununla da onun valideynlərinin əlavə xərclərə cəlb edilməməsini nəzərə almamışdır. Hazırda maddi imkanı çox aşağıdı, ikinci evliliyindən də övladı var. Hər ay 175 manat alimenti çətinliklə də olsa gecikdirmədən ödəyir. Lakin, əlavə 100 manat ödəniş də olarsa ödənişləri edə bilməyəcək və ümumiyyətlə məhkəmə qərarlarının icrası mümkünsüz olacaq. Hesab edir ki, qeyd etdiyi hallar nəzərə alınaraq iddia tələbi rədd edilməli idi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə iclasına üzürlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız cavabdeh mübahisələndirmişdir. İddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1203/2021 saylı 28 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZ- İ № 219927 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah 17 sentyabr 2015-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan AZ-İİİ № 020046 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 03 yanvar 2013-cü il tarixdə X6 anadan olmuşdur. İş materiallarında olan AR Səhiyyə Nazirliyinin komissiyasının 02 iyun 2017-ci il tarixli iclasının 4 saylı protokolundan çıxarışda qeyd edilmişdir ki, 2013-cü il təvəllüdlü X4 aşağı ətrafların parafarezi diaqnozu qoyulmuşdur. İş materiallarında olan 10 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs barədə məlumat vərəqəsində qeyd olunmuşdur ki, X1 bifida, L1-L3 fəqərə səviyyəsində Spinal bifida həmin səviyyədə intradural intramedulyar həcmli törəmə, cərrahi əməliyyatdan sonra isə aşağı ətrafların parafarezi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarından görünür ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Qanunvericiliyin göstərilən müddəalarını nəzərə almaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən övladı 03.01.2013-cü il təvəllüdlü X2 müalicəsi ilə əlaqədar əlavə xərclərdə iştiraka cəlb etməkdə haqlı olmuşdur. İddiaçı övladının xəstəliyi ilə əlaqədar çəkilmiş xərclərdə könüllü iştirakdan yayınan valideynə qarşı hazırki predmetli iddianı qaldırmaqda haqlıdır. Həmçinin, nəzərə almaq lazımdır ki, iş materiallarında olan uşağa qoyulmuş diaqnozdan və məhkəmə kollegiyasına göndərilmiş analiz və həkim reseptlərindən göründüyü kimi, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ uşağın müalicəsi ilə əlaqədar çəkilməli olan xərclərdir. Uşağın düçar olduğu «Sol pəncənin ekvinus deformasiyası» xəstəliyinin tələb etdiyi mütəmadi xərclərin dairəsi və həcmi, eləcə də həmin xəstəliklə bağlı çəkilmiş və bundan sonra çəkilməli olan xərclər aşkar bəlli haldır. Cavabdehin apellyasiya şikayətinin dəlillinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili yuxarıda qeyd edilərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Lakin dövlət bütün əmək qabiliyyəti olmayan əhalisinin maddi təminatını tam ödəyə bilməz. Bu baxımdan, bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında sosial cavabdehlik prinsipi öz əksini tapmışdır. Bu prinsipə görə yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur (Konstitusiyanın 38-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. İnsanın şəxsiyyət kimi formalaşmasında, müəyyən bir həyat tərzinə və əxlaqi keyfiyyətlərə yiyələnməsində yaşadığı mühitin rolu böyükdür. Cəmiyyətin əsas özəyi olan ailənin və onun bütün üzvlərinin, xüsusilə də uşaqların inkişafının və rifahının müdafiə edilməsi və dəstəklənməsi sağlam, etibarlı ailə münasibətlərinin qorunması baxımından zəruridir. Ailənin sağlam və etibarlı olması ailə üzvləri arasında qarşılıqlı məhəbbət, hörmət, məsuliyyət və yardımlaşma səviyyəsindən birbaşa asılıdır. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. (Konstitusiyanın 34-cü maddəsinin İV hissəsi). Alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, 03.01.2013-cü il təvəllüdlü X4 dövlət tərəfindən müavinətin verilməsi cavabdehin sonuncunun mülicəsində iştirk etmək vəzifəsini istisa edə bilməz. Ona görə də apellyasiya şikayətində qeyd olunanlar əsassızdır və təmin edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 03.01.2013-cü il təvəllüdlü X2 xəstəliyinin ağırlığını və onun daim müalicəsi üçün cavabdehin əlavə xərclərə cəlb edilməsinin zərur olduğundan Cavabdeh hər ay əlavə olaraq X2 müalicə xərcləri üçün 100 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1203/2021 saylı 28 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1203/2021 saylı 28 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar