Məhkəmə qərarları › İş №2(103)-6907/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6907/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6907/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı QSC X5 Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1536/2020 saylı qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X5 Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC X5 Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, borcun ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il tarixli, 495 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 19.250 ABŞ dolları, faiz üzrə 29.106,59 ABŞ dolları olmaqla, cəmi 48.356,59 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSCnin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan “HYUNDAİ TUCSON” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı (BKMHJN81BP9U15950 ban, rəngi qara) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1850 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh arasında xx.xx.2009cu il tarixli,495 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 36 ay müddətinə 19950 (on doqquz min doqquz yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2009-cu il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “HYUNDAİ TUCSON” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı (BKMHJN81BP9U15950 ban, rəngi qara) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2009-cu il tarixli, AG seriyalı, 175987 №-li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcverən avtomobil alınması məqsədi ilə istifadə etmək üçün borc alana 19950 (on doqquz min doqquz yüz əlli) ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə tarixi “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü tarix hesab olunur. (5.4. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 (otuz altı) aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20%-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 19.250 ABŞ dolları, faiz üzrə 29.106,59 ABŞ dolları olmaqla, cəmi 48.356,59 ABŞ dolları məbləği borc təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1536/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 19250 (on doqquz min iki yüz əlli) ABŞ dolları, faiz borcu üzrə 6807,38 (altı min səkkiz yüz yeddi ABŞ dolları, otuz səkkiz sent) ABŞ dolları, cəmi 26.057,38 (iyirmi altı min əlli yeddi ABŞ dolları, otuz səkkiz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-yə verilməsi, Cavabdeh tutulmalı olan məbləğin ona məxsus olan “HYUNDAİ TUCSON” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı (BKMHJN81BP9U15950 ban, rəngi qara) avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq, cavabdehin banka olan borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda, əskik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı QSC X5 Təşkilatı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1536/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, məhkəmə işə baxarkən prosessual pozuntuya yol vermişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehdən iddia tələbində tələb olunduğu kimi faiz məbləği xx.xx.2017-ci il tarixə kimi deyil, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlində göstərdiyi kimi xx.xx.2012-ci il tarixədək, yəni müqavilə müddəti bitənədək hesablanmalı, faiz borcu 6807,38 ABŞ dolları məbləğində tutulmalıdır. Qətnamədən görünür ki, məhkəmə iş üzrə ekspert rəyi olmadan, yalnız öz mülahizəsinə əsaslanaraq faiz borcunu müəyyən etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin borcun tutulması ilə bağlı hissədə tam olaraq yoxlanılması təşkil edir. Belə ki, apellyator qətnaməni ancaq faiz borcu ilə bağlı hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1536/2020 saylı qətnaməsi faiz borcu və cəmi məbləğ, həmçinin dövlət rüsumu ilə bağlı hissələrdə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 495 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 20% olmaqla, 19950 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 495 №-li ipoteka müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq Cavabdeh ona məxsus olan “HYUNDAİ TUCSON” minik markalı, **- EZ-*** dövlət qeydiyyat nişanlı (BKMHJN81BP9U15950 ban, rəngi qara) avtomobilini ipoteka saxlayana ipoteka kimi təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş AB № 301071 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “HYUNDAİ TUCSON” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş AG № 175987 saylı, 25 fevral 2009-cu il tarixli “girov müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamə”dən görünür ki, Cavabdeh məxsus “HYUNDAİ TUCSON” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-nin “Nərimanov” filialına girov qoyulmuşdur. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh banka 19.250 ABŞ dolları məbləğində əsas borcu, 29.106,59 ABŞ dolları məbləğində faiz borcu, cəmi 48.356,59 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmiş, “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı QSC həyata keçirir. İş materiallarında olan xx xxxxxx 2009-cu il tarixli, 495 saylı kredit müqaviləsinə əlavəyə dair kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh banka 19950 ABŞ dolları əsas, 6807,38 ABŞ dolları faiz, cəmi 26.757,38 ABŞ dolları məbləğində pul vəsaiti ödəməli idi. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. MM-nin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Rayon Məhkəməsinin əsas, faiz və cəmi borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci fəslinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslinin və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəslinin müddəalarına, iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə isə MPM-nin 119.1-ci maddəsinin müddəasına uyğun olsa da, faiz borcunun və cəmi məbləğin və dövlət rüsumunun tutulmalı olan məbləğləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış kredit müqaviləsindən irəli gəlir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/4275 saylı ekspert rəyinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə xx xxxxxx 2012-ci il tarixə (müqavilə müddətinin sonuna əsas borcu 19250,0 ABŞ dolları, faiz borcu üzrə 11375,22 ABŞ dolları təşkil edir. xx.xx.2017-ci il tarixə (maliyyə arayışı verilən tarixə) əsas borcu 19250,0 ABŞ dolları, faiz borcu üzrə 11375,22 ABŞ dolları, faiz borcu (5%-lə hesablanmaqla) 4668,13 ABŞ dolları təşkil edir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatı aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, ekspert rəyi əsasında müqavilə müddətinin sonuna olan faiz məbləği əsas götürülməli, faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində qətnamə dəyişdirilməli, faiz borcu 11375,22 ABŞ dolları müəyyən olunmalıdır. Əsas borcun məbləğinin müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, bu hal ekspert rəyi ilə də, öz təsdiqini tapır. Kollegiya ekspert tərəfindən faiz borcunun müqavilə müddətindən sonra 5%-lə hesablanması hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçı ancaq müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə hesablanmaqla faiz tələb etdiyindən, müqavilə müddətindən sonra MM-nin 445.7ci maddəsinə əsasən 5%-lə faiz tutulmasını tələb etmədiyindən, qeyd olunan 5%-lə olan hissəyə münasibət bildirilməsinə zərurət yaranmır. Beləliklə, kollegiya hesab edir ki, faiz borcunun məbləğinin dəyişdirilməsi, cəmi məbləğə təsir göstərdiyindən, cəmi məbləğ dəyişdirilərək, 30625,22 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf işə baxılması ilə bağlı 30 manat dövlət rüsumu ödədiyindən, qətnamə dövlət rüsumunun məbləği ilə bağlı hissədə iddianın təmin edilmiş hissəsinə münasib olaraq dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 18,9 manat dövlət rüsumu tutulmalıdır. İş üzrə apellyasiya mərhələsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 50 manatın 31,5 manatı Cavabdeh, 18,5 manatı İddiaçı QSC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X5 Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 1536/2020 saylı qətnaməsi faiz borcu, cəmi məbləğ və dövlət rüsumunun məbləğləri ilə bağlı hissələrdə dəyişdirilsin, faiz borcu 11375,22 (on bir min üç yüz yetmiş beş ABŞ dolları iyirmi iki sent) ABŞ dolları, cəmi məbləğ 30625,22 (otuz min altı yüz iyirmi beş ABŞ dolları iyirmi iki sent) ABŞ dolları, dövlət rüsumu 18,9 (on səkkiz manat doxsan qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə- əsas borc və borcun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı olan hissələrində dəyişdirilmədən saxlanılsın. Məhkəmə mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 50 (əlli) manatın 31,5 (otuz bir manat əlli qəpik) manatı Cavabdeh, 18,5 (on səkkiz manat əlli qəpik) manatı İddiaçı QSC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar