Məhkəmə qərarları › İş №2(103)-6907/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6907/2025

01.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6907/2025 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin subroqasiya qaydasında tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutlması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta ödənişinin əvəzi olaraq 5.030 manat pul vəsaiti və 70 manat dövlət rüsumunun cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2015-ci il tarixdə Kürdəxanı-Zabrat şossesində Cavabdeh idarə etdiyi və İddiaçı ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Vaz 2106” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Rio” markalı 99-GF768 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsinin (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yolnəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. “xxxx” ASC tərəfindən “Kia Rio” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 6.000 manat müəyyən edilmişdir. Hadisə üzrə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *(**)-****/**** saylı qərarı üzrə İddiaçı ASC-dən icbari sığorta üzrə zərər çəkən nəqliyyat vasitəsinə dəymiş zərər üzə 5.030 manatın tutularaq “xxxx” ASC-yə ödənilməsi qət edilmiş və İddiaçı ASC tərəfindən 5.030 manat sonuncu sığorta şirkətinə sığorta ödənişi ödənilmişdir.

3. Cavabdeh Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda qeyd olunmuşdur ki, iddia tamamilə əsassızdır və aşağıda qeyd olunanlara əsasən rədd edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh Cavabdeh ## ###### 2015- ci il tarixdə, saat 22.30-da idarə etdiyi «Vaz-2106» markalı **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Zabrat-Kürdəxanı yolunda hərəkət edərkən nişanlama xəttinin tələbini pozub, sola geriyə dönərkən qarşıdan düzünə hərəkət edən «KİA-Rio» minik markalı **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuş, nəticədə sonuncu nəqliyyat vasitəsinin sürücüsü yüngül bədən xəsarətləri almışdır. Cavabdeh V.Ceyhunun əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi və toplanılmış materiallara inzibati qaydada baxılması barədə Sabunçu rayon Polis idarəsinin Təhqiqat şöbəsi tərəfindən ## ###### 2015-ci il tarixli qərar qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2015-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarında qeyd olunan hallar öz əksini tapmışdır. Həmin qərara əsasən cavabdeh qüvvədən düşmüş AR İXM-in 151.5ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmuşdur. Cavabdehin idarə etdiyi «Vaz-2106» markalı **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sözügedən yol-nəqliyyat hadisəsinin baş verdiyi dövrdə üçüncü şəxslər qarşısında məsuliyyəti İddiaçı ASC tərəfindən icbari sığorta olunmuşdur. Zərərçəkmiş «KİA-Rio» minik markalı **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə könüllü sığorta təminatı «xxxx» ASC tərəfindən verilmişdir. Azərbaycan Respublikası * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)- ****/**** saylı ## ###### 2016-cı il tarixli qətnaməsinə əsasən «KİA-Rio» minik markalı **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə nəticəsində tam məhv olmuş, «xxxx» ASC tərəfindən avtomobilin qalıq dəyəri çıxılaraq 6.000 manat məbləğində sığorta ödənişi faydalanan şəxsin hesabına ödənilmişdir. Sözügedən qətnamə ilə İddiaçı ASC tərəfindən 5.000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin «xxxx» ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Sabunçu rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-***/**** saylı qərara əsasən Cavabdeh AR İXMin 151.5-ci maddəsində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Lakin iddiaçı tərəfindən istinad edilən qərara və maddəyə nəzər saldıqda görünür ki, cavabdehin yol-nəqliyyat hadisəsi yerindən yayınmasını təsdiq edən heç bir müddəa yoxdur. Belə ki, qüvvədən düşmüş AR İXM-in 151.5-ci maddəsi aşağıdakı formada verilmişdir: Bu Məcəllənin 151.1-151.3-2-ci, 151- 1-ci və 151-3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - iki yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Maddənin məzmununda iddiaçının nəzərdə tutduğu kimi konkret olaraq sürücünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə məsuliyyət nəzərdə tutulmamışdır. Maddə göndərici maddədir. Həmin maddədə nəzərdə tutulan məsuliyyətin yaranması üçün istinad edilən maddələrdə nəzərdə tutulan inzibati xətalardan bir və ya bir neçəsi törədilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2015-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarında Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınması halı öz təsdiqini tapmamışdır. Qərarda cavabdehin «Zabrat-Kürdəxanı yolunda hərəkət edərkən nişanlama xəttinin tələbini pozub, sola geriyə dönərkən qarşıdan düzünə hərəkət edərkən» yol-nəqliyyat hadisəsini törətdiyi öz təsdiqini tapmışdır. Bu isə qüvvədən düşmüş AR İXM-in 151.3-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi deməkdir. Beləliklə, yol-nəqliyyat hadisəsi üzrə qəbul edilmiş yekun qərar olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2015-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarında sürücünün yol-nəqliyyat hadisəsi yerindən yayınması təsdiq edilmədiyi üçün iddiaçı tərəfindən həmin qərara istinad edilərək cavabdehdən subroqasiya qaydasında ödənilmiş sığorta ödənişini geri tələb etməsi qanuni və əsaslı deyil.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 5.030 manat məbləğində sığorta ödənişi və ödənilmiş 70 manat dövlət rüsumumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli *(**)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırda mübahisələndirilə və sübut edilə bilməz. Digər sözlə ifadə etdikdə, sığorta hadisəsinə dair sənədlər toplusuna aid olan sığorta aktı və s. sənədlərin yenidən müzakirə edilməsi, onların qeyd edilməsi, məhkəmə çəkişməsi predmetinə çevrilməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi, cavabdeh Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq iddiaçı İddiaçı ASC tərəfindən 5.030 manat ödəniş edilmiş və cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz cavabdeh Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur.

5. Həmin qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

9. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi, iddia verməklə cavabdehin və məhkəmənin vaxtını alınmasına görə 1.000 (bir min) manat pulun İddiaçı ASC-dən Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki məsuliyyətin icbari sığortası üzrə sığortaçının sığortalıya qarşı subroqasiya hüququnun yaranması əsasları “İcbari sığortalar haqqında” Qanunda müəyyən olunmuşdur (25 və 63.1 -ci maddələr). Həmin əsaslardan heç biri hazırkı işdə mövcud deyildir. İddianı təmin edən məhkəmə zərər vurulmasını və sığorta ödənişinin həyata keçirilməsini qeyd etsə də, nəyə əsasən iddiaçının subroqasiya hüququnun yaranması barədə qənaətini açıqlamamış və mövqeyini əsaslandırmamışdır. İddia tələbinin əsası kimi “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə istinad olunaraq sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınması göstərilmişdir. Lakin, məhkəmənin özü də iş materialları əsasında işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, cavabdeh yolnəqliyyat hadisəsinə görə məhkəmə tərəfindən İXM-in 151.5- ci maddəsi ilə təqsirli bilinərək xəbərdarlıq edilmişdir. Yəni ki, iddiaçı tərəfindən subroqasiya hüququnun yaranmasına əsas olan sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınması halı iş materialları ilə təsdiq olunmamışdır. Belə olan halda, iddia təmin edilə bilməz. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

10 Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qəbul etmədiyini, məhkəməyə təqdim etdiyi apellyasiya şikayətini və təqdim etdiyi sübutları nəzərə alaraq, şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdiyini, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

12. MB********** saylı ##.##.2013-cü il tarixli sığorta şəhadətnaməsindən görünür ki, X1 məxsus olan «KİA Rio» markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi «avtonəqliyyat vasitələrinin sığortası» növü üzrə «xxxx» ASC-də sığortalanmışdır. Təminat müddəti ##.##.2013-cü il tarixdən ##.##.2016-cı il tarixədək olan dövrü əhatə etmişdir.

13. PXA********** saylı sığorta şəhadətnaməsindən görünür ki, Cavabdeh («Vaz-2106» markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil) İddiaçı ASC tərəfindən «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli 3(008)- ***/**** saylı qərarından görünür ki, Cavabdeh ## ###### 2015-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi «VAZ-2106» markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobillə Zabrat-Kürdəxanı yolunda hərəkət edərkən nişanlanma xəttinin tələbini pozub, sola geriyə dönərkən qarşıdan düzünə hərəkət edən «KİA Rio» markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «KİA Rio» markalı avtomobilin sürücüsü yüngül bədən xəsarəti almışdır. Cavabdeh Azərbaycan Respublikası İXM-nın 151.5-ci maddəsi ilə təqsirli bilinib, barəsində həmin Məcəllənin 21-ci maddəsi tətbiq edilməklə, ona xəbərdarlıq edilmişdir.

14. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli 2(81)- ****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı «xxxx» ASC-nin cavabdeh İddiaçı ASC-yə qarşı «5.000 manat məbləğində pulun tutulması» tələbinə dair iddiası təmin edilmiş, subroqasiya qaydasında 5.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.030 manatın cavabdeh İddiaçı ASC-dən iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir (əsas: Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının ##.##.2017-ci il tarixli *-*(***)-***/**** saylı qərarı).

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edilir. Həmçinin Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya məhkəməsinin icraatında olan araşdırma Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarında qeyd olunmuş göstərişlər əsasında aparılır.

16. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını və işdə olan bütün sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd olunmalıdır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 897.4-cü maddəsinə əsasən icbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur 18 . “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. - 63.1-ci maddəsinə əsasən Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. - 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir.

19. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını və işdə olan sübutları araşdıraraq qeyd edir ki, iş materiallarına əsasən * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *(**)-****/**** nömrəli qətnaməsi ilə «xxxx» ASC-nin İddiaçı ASC-yə qarşı subroqasiya qaydasında 5.000 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun tutulmasına dair iddiası təmin edilmiş, həmin qətnamə sonradan qanuni qüvvəyə minmiş və icra edilmişdir. Hazırkı iş üzrə iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh ödədiyi sığorta ödənişinin subroqasiya qaydasında tutulmasını tələb edərək iddiasını “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.2 maddəsi ilə əsaslandırmışdır. İddiaçı hesab etmişdir ki, cavabdeh yol-nəqliyyat hadisəsi yerini tərk etdiyindən ona qarşı subroqasiya hüququ yaranmışdır. 20 . Kollegiya bu mövqeyi əsaslı hesab etmir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortaçının subroqasiya hüququ yalnız qanunda nəzərdə tutulmuş əsaslardan biri mövcud olduqda yaranır. Bu əsaslardan biri də nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini qanunsuz tərk etməsidir. Həmin halın mövcudluğu isə qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-***/**** nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Cavabdeh yolnəqliyyat hadisəsini törətməsi müəyyən edilsə də, onun yol-nəqliyyat hadisəsi yerini tərk etməsi və ya hadisə yerindən yayınması faktı həmin qərarla müəyyən edilməmişdir. Əksinə, həmin qərarda cavabdehin “Zabrat–Kürdəxanı yolunda hərəkət edərkən nişanlanma xəttinin tələbini pozaraq sola dönmə manevri etməsi nəticəsində yol-nəqliyyat hadisəsi törətməsi” müəyyən edilmiş, bu hərəkətlər qüvvədə olmuş İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə tövsif edilmişdir (151.5. Bu Məcəllənin 151.1-151.3-2-ci, 151- 1-ci və 151-3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə- iki yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılır-hazırda qüvvədən düşüb). Kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi inzibati məsuliyyət normasının məzmunu hadisə yerini tərk etmə faktını özlüyündə müəyyən etmir. Həmin norma göndərici xarakter daşıyır və yalnız istinad edilən hüquq normalarında nəzərdə tutulan inzibati xətaların törədilməsi sübuta yetirildiyi halda tətbiq oluna bilər. Bu baxımdan, cavabdehin hadisə yerini tərk etməsi barədə hüquqi faktın qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmədiyi şəraitdə, iddiaçının subroqasiya hüququnun yarandığı qənaətinə gəlmək mümkün deyildir.

21. Birinci instansiya məhkəməsi * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli qətnaməsində müəyyən edilmiş halları preyudisial hesab edərək iddianı təmin etmişdir. Lakin kollegiya hesab edir ki, həmin yanaşma MPM-in 82.3-cü maddəsinin düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Belə ki, əvvəlki məhkəmə aktı ilə müəyyən edilmiş hallar yalnız həmin iş üzrə araşdırılmış faktlara münasibətdə preyudisial əhəmiyyət daşıyır. Hazırkı iş üzrə isə hüquqi əhəmiyyət kəsb edən əsas hal cavabdehin yol-nəqliyyat hadisəsi yerini tərk edib-etməməsidir. Bu fakt isə nə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati xəta haqqında qərarı, nə də digər mötəbər sübutlarla təsdiq edilmişdir. 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. İddiaçı cavabdehin hadisə yerini tərk etməsini təsdiq edən mötəbər və kifayət qədər sübut təqdim etməmişdir. Sübutetmə yükünü daşımayan cavabdehin öz əleyhinə olan halları təkzib etmək vəzifəsi yoxdur. Məhkəmə yalnız qanunla müəyyən edilmiş qaydada əldə edilmiş və etibarlı sübutlar əsasında nəticəyə gələ bilər. Ehtimallara, fərziyyələrə və ya əvvəlki məhkəmə aktlarının yanlış şərhinə əsaslanaraq mülki məsuliyyət müəyyən edilə bilməz. 23.Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə kassasiya qərarında da göstərilmişdir ki, işə yenidən baxılarkən sübutlara MPM-in 88 və 217.4-cü maddələrinin tələblərinə uyğun hüquqi qiymət verilməli, “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinin düzgün tətbiqi təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları qiymətləndirərək belə nəticəyə gəlir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortaçı yalnız qanunda nəzərdə tutulmuş hallarda zərərçəkənə ödənilmiş sığorta ödənişinin subroqasiya (regres) qaydasında sığortalıdan və ya məsul şəxsdən tələb edilməsini həyata keçirə bilər. Həmin Qanunun 63.2-ci maddəsində isə imperativ qaydada müəyyən edilmişdir ki, subroqasiya hüququnun bu Qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tətbiq edilmir. Qanunverici bununla həmin sığorta növü üzrə subroqasiya hüququnun tətbiq dairəsini məhdudlaşdırmış, bu hüququn yalnız qanunda birbaşa göstərilmiş əsaslar mövcud olduqda yarana biləcəyini müəyyən etmişdir. Belə olan halda, subroqasiya hüququnun yaranmasına səbəb olan hallar geniş deyil, məhdud və dar təfsir edilməli, həmin halların mövcudluğu isə iddiaçı tərəfindən mötəbər və kifayət edən sübutlarla təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutetməyə dair müddəalarına əsasən, istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. Buna görə də, iddiaçı sığortaçı cavabdehin qanunda nəzərdə tutulmuş subroqasiya hüququnu yaradan hərəkəti törətdiyini və bunun nəticəsində onda regres hüququnun yarandığını sübut etməlidir. Hazırkı iş üzrə iddiaçı subroqasiya hüququnun cavabdehin yol-nəqliyyat hadisəsi yerini tərk etməsi nəticəsində yarandığını bildirsə də, iş materiallarında həmin halın qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edildiyini göstərən mötəbər sübutlar mövcud deyildir. Xüsusilə, cavabdehin yol-nəqliyyat hadisəsi yerini tərk etməsi faktının qanuni qüvvəyə minmiş məhkəmə qərarı, inzibati tənbeh haqqında qərar və ya həmin halı birmənalı təsdiq edən digər sübutlarla müəyyən edilməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən subroqasiya hüququnun yaranmasına əsas verən hüquqi faktlar lazımi qaydada sübuta yetirilmədiyindən, irəli sürülmüş iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

24. Kollegiya Ali Məhkəmənin həmin hüquqi mövqeyini nəzərə alaraq iş üzrə bütün sübutları yenidən qiymətləndirmiş və belə nəticəyə gəlmişdir ki, cavabdehin yol-nəqliyyat hadisəsi yerini tərk etməsi qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyindən iddiaçının subroqasiya hüququnun yarandığı qəbul edilə bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və düzgün qiymətləndirməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iddianı əsassız olaraq təmin etmişdir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında iş üzrə nəticəyə gələ bilər. Hər bir sübut digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməli, məhkəmənin gəldiyi nəticə isə yalnız iş üzrə müəyyən edilmiş hallardan irəli gəlməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslandırılmış olmalı, qətnamədə müəyyən edilmiş hallar, həmin halları təsdiq edən sübutlar, eləcə də bir sübutun qəbul, digərinin isə rədd edilməsinin səbəbləri göstərilməlidir.

26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

27. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar