Məhkəmə qərarları › İş №2(103)-6910/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6910/2020

23.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6910/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə iddiaçının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ona olan pul borclarının ödənilməsi məqsədi ilə 60.000 ABŞ dolları məbləğində pulun, cavabdehlərin onun qarşısında üzərilərinə götürdükləri borcun qaytarılması barədə öhdəliyin icra edilməməsi səbəbindən ona vurulmuş ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 2017-ci il üçün 9.000 ABŞ dolları, 2018-ci il üçün 6.000 ABŞ dolları, 2019-cu il üçün 5.103 ABŞ dolları, əldən çıxmış faydanın əvəzi olaraq 15.000 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılan zamanı iddiaçı ərizə ilə Məhkəməyə müraciət edərək iddianın “cavabdehlərin ona olan pul borclarının ödənilməsi məqsədi ilə 60.000 ABŞ dolları məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulması barədə” hissəsini müdafiə etdiyini, iddianın qalan hissəsindən isə imtina etdiyini bildirmişdir. Bunu nəzərə almış Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla “iddiadan qismən imtina barədə” ərizəni təmin etmiş, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnaməni qismən, yani hazırda iddiaçı tərəfindən imtina olunan tələblərin rədd edilməsi barədə hissəsini ləğv etmiş və həmin hissədə iş üzrə icraata xitam vermişdir. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə, apellyasiya baxışı iclasına gəlməmiş cavabdehlərin iştirakı olmadan qiyabi icraata qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəni, işin materiallarını, cavabdehlərin gəlməməsinin səbəbləri barədə məlumatın olmamasını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 238 və 376.3-cü maddələrinin tələblərini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Bununla da müəyyən olunur ki, qiyabi icraat qaydasında apellyasiya baxışının predmetini Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamənin “cavabdehlərin iddiaçıya olan pul borclarının ödənilməsi məqsədi ilə 60.000 ABŞ dolları məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə” tələbin rədd edilməsi hissəsi təşkil edir. Apellyasiya baxışında qalmış hissədə iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan Cavabdeh (əvvəlki adı X5) və sonuncunun övladı – iş üzrə digər cavabdeh Axundova Nərminə iddiaçının etibarından sui-istifadə edərək 2017-2018-ci illər ərzində iddiaçını aldatmış və 60.000 ABŞ dolları məbləğində pulunu alaraq geri qaytarmamışlar. Belə ki, 2017-ci ildə cavabdehlər iddiaçıya müraciət edərək 60.000 ABŞ dolları məbləğində borc istəmişlər və bunu onunla izah etmişlər ki, Türkiyə Respublikasına torpaq sahələri alaraq icarəyə verib gəlir əldə etmək istəyirlər. İddiaçı cavabdehlərə etibar etdiyi üçün həmin məbləğdə pulu cavabdehlərə borc vermişdir. Aralarında olan razılığa əsasən cavabdehlər 2018-ci ilin sentyabr ayına kimi borcu qaytarmalı idilər. Buna baxmayaraq cavabdehlər vədlərinə əməl etməmiş, qeyd edilən müddət ərzində və müddət bitdikdən sonra borcu qaytarmamışlar, baxmayaraq ki, iddiaçı borcun ödənilməsini cavabdehlərdən dəfələrlə tələb etmişdir. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya baxışının predmeti olan hissədə apellyasiya şikayətini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi. Qiyabi icraat qaydasında işə baxan Məhkəmə apellyasiya baxışında qalmış iddia tələbini, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddiaçı cavabdehlərə borc verdiyi 60 000 ABŞ dolları məbləğində pulun geri qaytarılmasını tələb edir. Məhkəmə tərəflər arasında mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdehlər kredit borcun ödənilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmiş, onlar məhkəmə baxışı iclaslarında iştirak etməmişlər. Mülki Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (maddə 740.1.). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (maddə 740.2.). Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşə baxmış Rayon Məhkəməsi iddia tələbini rədd edərkən, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edən müqavilənin əsli, yaxud onun notarial qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmişdir. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərin mövcudluğunu təsdiq edən yeganə etibarlı (mötəbər) sübut növü notarial qaydada təsdiq olunmuş borc müqaviləsidir. Məhkəmə işə baxmış Rayon Məhkəməsinin borc münasibətlərinin mövcudluğunu təsdiq edən yeganə etibarlı sübutun notarial qaydada təsdiq olunmuş borc müqaviləsinin olması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən də görünür ki, borc müqaviləsi yazılı və ya şifahi formada bağlana bilər. Qeyd olunan hüquq normalarının məzmunundan o da görünür ki, borcun məbləği üç min manatdan yüksək olduqda borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin Məhkəmə qeyd edir ki, hazırki iş üzrə borcun məbləğinin 60.000 ABŞ dolları olmasına baxmayaraq, işin faktiki hallarına hüquqi qiymət verilmədən iddianın rədd edilməsi şəxsin hüququnun pozulması ilə nəticələnir. Belə ki, mülki qanunvericiliyin borc məbləğinin üç min manatdan yüksək olduqda müqavilənin yazılı tərtib olunması tələbinin məqsədi ondan ibarətdir ki, tərəflərin aralarında müəyyən etdiyi halların təhrif olunmasının qarşısı alınsın. Yazılı borc müqaviləsi tərəflər arasında olan münasibətləri (borcun məbləğindən başqa, həmçinin öhdəliyin icra müddəti, faizin hesablanıb-hesablanmaması və s.) tənzimləyir. Lakin borcun verilməsi təkcə müqavilə ilə deyil, digər sübut etmə vasitələri ilə də təsdiq olunur. İddiaçı iddia tələbinin əsası kimi aralarında olan telefon yazışmalarını təqdim etmişdir. İş materiallarına əlavə edilmiş telefon yazışmalarından görünür ki, Cavabdeh 60.000 ABŞ dolları məbləğində pulu İddiaçı aldığını etiraf edir və bildirir ki, qısa bir vaxtda həmin məbləği geri qaytaracaq (iş v. 29-36). Məhkəmə araşdırılması zamanı İddiaçı telefonuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iş materiallarına əlavə edilmiş yazışmalar iddiaçıya məxsus telefon nömrəsi ilə ********* mobil telefon nömrəsi arasında aparılmışdır. “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, qeyd edilən ********* nömrə cavabdeh X4 məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, X3 adı, soyadı və ata adı xx.xx.2018-ci il tarixdə dəyişdirilmiş, Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən dəyişdirilərək, Az İV seriyalı, 103701 nömrəli yeni doğum haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamədə o, Cavabdeh kimi göstərilmişdir. Beləliklə, Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərə 60.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh həmin pulu qaytarmağı və həmçinin həmin pulla görəcəyi işlərdən əldə olunacaq gəlirdən hər ay gəlir kimi iddiaçıya pul verəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh aralarında olan razılığa baxmayaraq, üzərinə götürdüyü öhdəliyi icra etməmiş, müəyyən edilmiş müddətlərdə və qaydada ödənişlər etməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. Göstərilənlərə əsasən, iddiaçının tələb etdiyi məbləğdə, yəni 60 000 ABŞ dolları cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə də, Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərinə əsaslanaraq, MPM-nin 376, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti apellyasiya baxışının predmetini təşkil edən hissədə təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmetini təşkil edən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələb təmin edilsin. Cavabdehlər Cavabdeh və X1 60.000 (altmış min) ABŞ dolları, qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq İddiaçı verilsin. Cavabdehlər, qiyabi qətnamə onlara rəsmi qaydada verildikdən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Apellyasiya Məhkəməsinə ərizə verə bilərlər. Qətnamə ləğv edilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar