Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-692/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 2380/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən onun xeyrinə 20600 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “xxxx” ASC arasında əmək müqaviləsi bağlanılmış, müqavilə bağlanan dövrdən sonra işəgötürən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməmiş, əmək qanunvericiliyinə dair normativ hüquqi aktların tələblərini yerinə yetirməmiş, işçinin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmamış, əmək, maddi, sosialməişət şəraitinin, rifah halının yaxşılaşdırılması üçün qanunvericiliyə müvafiq olaraq zəruri tədbirlər görməmişdir. İşəgötürən əmək münasibətləri prosesində işçi ilə qarşılıqlı razılıq olmadan, sənədləri saxtalaşdırmaqla natamam iş vaxtı təyin etmişdir. Bundan sonra işəgötürən hədə-qorxu ilə onu tam iş vaxtı ilə, yəni 4 saat əvəzinə 8 saat ərzində əmək funksiyalarına aid olmayan işin yerinə yetirilməsinə məcbur etmiş, 2017-ci ildən 2019-cu ilə kimi hər ay 1400 manat əmək haqqı əvəzinə 700 manat əmək haqqı ödəmişdir. İşçinin apardığı hesablamalara görə cavabdeh ümumilikdə 20600 manat məbləğində əmək haqqını ona ödəməmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilərək iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-2380/2020 saylı qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni qətnamə çıxarılaraq iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 2019-cu il tarixdə işdən azad edildiyinə görə hüquqlarının pozulmasını həmin vaxt bilmiş, iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi Vəkil hər biri ayrıayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdeh təşkilatın nümayəndəsi X2 isə apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Yasamal Rayon Əmək Müfəttişliyi Xidməti və X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə iclasının üçüncü şəxslərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan xxxx” ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Sığorta Hadisələri Departamentinin Bakı şəhərində sığorta hadisələri üzrə koordinatoru vəzifəsinə qəbul edilmişdir. Müqavilə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək müddətə bağlanmışdır. Müqaviləyə əsasən işçiyə 1400 manat əmək haqqı verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xxxx” ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə edilmiş xx.xx.2017-ci il tarixli əlavədən görünür ki, xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin 1.2-ci bəndinə dəyişiklik edilərək işçi 0.5 ştat vahisi ilə Sığorta Hadisələri Departamentinin Bakı şəhərində sığorta hadisələri üzrə koordinatoru vəzifəsinə təyin edilmişdir. Müqaviləyə əlavədə işçiyə 700 manat əmək haqqı ödənilməsi, iş vaxtının gündə 4 saatdan, həftə ərzində isə 20 saatdan çox olmaması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 1822/17/K saylı əmrdən görünür ki, “xxxx” ASC-nin sığorta hadisələri üzrə koordinatoru İddiaçı xx.xx.2017-ci il tarixindən 700 manat əmək haqqı ödənilməklə 0,5 ştata keçirilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdən əmək haqqına dəyişiklik edilmədən tam ştat vahidi ilə departamentdə mütəxəssis vəzifəsinə keçirilməsini xahiş etmişdir. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli 1963/17K saylı əmrdən görünür ki, İddiaçı “xxxx” ASC-nin Sığorta Hadisələri Departamentində Hadisələrin tənzimlənməsi və icra şöbəsinə mütəxəssis vəzifəsinə keçirilmişdir. İş materiallarında olan “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə edilmiş xx.xx.2017-ci il tarixli əlavədən görünür ki, xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin 1.2-ci bəndinə dəyişiklik edilərək işçi Sığorta Hadisələri Xidmətində hadisələrin tənzimlənməsi üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xxxx” ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə edilmiş xx.xx.2018-ci il tarixli əlavədən görünür ki, xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin 1.2-ci bəndinə dəyişiklik edilərək işçi Müştəri Xidmətlərində daxili monitorinq üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ilə xx.xx.2016-cı il tarixdə bağlanmış 760/16 saylı əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitir. xx.xx.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyi üçün “xxxx” ASC ilə onun arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xx.xx.2019-cu il tarixindən xitam verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 2700/19/K saylı əmrdən görünür ki, “xxxx” ASC-nin Hüquq və Sığorta Hadisələrinin tənzimlənməsi xidmətində Elektron məlumatlar üzrə mütəxəssis vəzifəsində çalışan İddiaçı xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2020-ci i tarixli əmr əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) tutduğu vəzifədən azad edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı əmək müqaviləsi əsasında xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək xxxx” ASC-də sığorta hadisələri üzrə koordinator və mütəxəssis vəzifələrində işləmiş, xx.xx.2020-ci il tarixli əmr əsasında əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə tutduğu vəzifədən azad edilmişdir. Birinci instansiya məhkəməsi həm iddianın əsassız olmasına, həm də iddia müddəti keçdiyinə görə iddianı rədd etmişdir. İddiaçı xx xxxx 2017-ci il tarixdə işəgötürən tərəfindən tam ştat vahidi üzrə Sığorta Hadisələri Departamentində Hadisələrin tənzimlənməsi və İcra şöbəsinə mütəxəssis vəzifəsinə keçirilməsinə heç bir razılıq vermədiyini bildirmiş və tam ştat vahidi üzrə məvacib almadığını qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 1822/17/K saylı əmrə əsasən “xxxx” ASC-nin sığorta hadisələri üzrə koordinatoru İddiaçı xx.xx.2017-ci il tarixindən 700 manat əmək haqqı ödənilməklə 0,5 ştata keçirilmişdir. Beləliklə, İddiaçı xx xxxx 2017-ci il tarixdə işəgötürən tərəfindən tam ştat vahidi üzrə mütəxəssis vəzifəsinə keçirilməsinə heç bir razılıq vermədiyi və tam ştat vahidi üzrə məvacib almadığı halda, tam ştat üzrə işləməkdən imtina edə və ya tam ştatla işlədiyi halda 0,5 ştata görə əmək haqqı alması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Yəni İddiaçı əmək hüquqlarının pozulmasını 2017-ci ilin iyul ayında bildiyi halda, ödənilməmiş əmək haqqı tələbinə görə qanunla nəzərdə tutulmuş 1 illik iddia müddətini buraxaraq xx xxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında imzalanmış xx xxxxxxx 2016-cı il tarixli əmək müqaviləsinə xx xxxxxx 2017-ci il və xx xxxxxxxx 2018-ci il tarixli əlavələrdə müqavilənin digər şərtlərinin dəyişilməz olaraq qalması xüsusi qeyd edilmişdir. Beləliklə, iddia müddətini buraxılmaqla yanaşı, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni əmək müqaviləsində nəzərdə tutulmuş müddətdən artıq işləməsini və buna görə ona haqqın ödənilməli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-2380/2020 saylı qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və mahiyyəti üzrə düzgün olduğundan, apellyasiya şikayətində göstərilənlər isə formal mülahizələrdən ibarət olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 2380/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-692/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-692/2021
09.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver