Məhkəmə qərarları › İş №2(103)-6934/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6934/2020

09.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6934/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2650/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş uşaqları xx.xx.2009cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2006-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Onların birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü Nizami, xx.xx.2012ci il təvəllüdlü Aylin və xx.xx.2012-ci il təvəllüdlü Sevgi adl üç uşağı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1721/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü Nizami, xx.xx.2012-ci il təvəllüdlü Aylin və xx.xx.2012-ci il təvəllüdlü Sevginin anaları İddiaçı yanında qalması müəyyən edilmişdir. Nikah pozularkən aliment tələbi olmamışdır. Hazırda iddiaçının uşaqların saxlanmasında maddi çətinliyi yaranmışdır. Odur ki, cavabdehdən aliment tələb edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2650/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, tərəflərin birgə nikahından doğulmuş - xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh “Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2650/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən cavabdehi məhkəmə iclası barədə məlumatlandırmamış, onun iştirakını təmin etməmişdir. cavabdeh “impulsiv tip emosional sabit şəxsiyyət pozuntusu (özünü kəsmələr) F60.3” diaqnozu ilə müəyyən olunmuş xəstəlikdən əziyyət çəkir və əlillik dərəcəsinin müəyyən edilməsi üçün sənədləşmə işləri aparılır. Xəstəliyi ilə bağlı dərmanlarını ala bilmir. 510 manat alimentin müəyyən edilməsi onun maddi vəziyyətini ağırlaşdırır və bu qətnamənin icrasız qalması deməkdir. Cavabdeh hesab edir ki, real vəziyyəti, xəstəliyi və qazancının olmaması kimi hallar məhkəmə tərəfindən nəzərə alınmalıdır. Tərəflərin izahatları: İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və psixoloji dispanserdə olması ilə bağlı kollegiya iclasında iştirak edə bilməyəcəyinə dair teleqram göndərmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və ərizə təqdim edərək, hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Onların birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 adlı üç uşağı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1721/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması müəyyən edilmişdir. Nikah pozularkən aliment tələbi olmamışdır. İddiaçı və Cavabdeh ünvan 1 ünvanda rəsmi qeydiyyatdadırlar. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Kollegiya sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, iddiaçının kollegiya iclasında alimentin hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilməsinə dair ərizəsini, eyni zamanda, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Nizami, xx.xx.2012-ci il təvəllüdlü Aylin və xx.xx.2012-ci il təvəllüdlü Sevginin yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində aliment tutulmalıdır. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi iddiaçının təqdim etdiyi ərizəni və işin hallarını nəzərə alaraq müəyyən olunmuş alimentin məbləğinin azaldılmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2650/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş - xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar