Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6947/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-217/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə, “ödənilməmiş əmək haqqının tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 34.000 (otuz dörd min) manat məbləğində ödənilməmiş əmək haqqının "xxxx" ASC-dən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.11.2005-ci il tarixindən 26.08.2019-cu il tarixədək cavabdeh "xxxx" ASC-nin Gədəbəy filialında müxtəlif vəzifələrdə işləmiş və işlədiyi dövrdə əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.08.2002-ci il tarixli 137 saylı Qərarına (bundan sonra-Qərar) uyğun olaraq Gədəbəy şəhərində (1500 metrədən 2000 metrədək) işləməsi ilə əlaqədar əmək haqqına minimum 20% əlavə edilməli olduğuna baxmayaraq həmin əlavə ona verilməmişdir. Bununla əlaqədar 28.10.2019-cu il tarixli 106/2019 saylı məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyi Xidmətinə və "xxxx" ASC-yə müraciət edilərək ona qarşı əmək qanunverciliyinin və müvafiq Qərarının tələblərinin kobud pozulması barədə məlumat verərək məsələnin həll edilməsində köməklik göstərilməsi xahiş edilmiş, lakin həmin müraciətlər 31.10.2019-cu il tarixdə rəsmi qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyi Xidməti, 04.11.2019cu il tarixdə rəsmi qaydada Azərbaycan Beynəlxalq Bankı tərəfindən qəbul edilməyinə baxmayaraq, bir aydan artıq müddət keçmiş və ona hər hansı bir rəsmi cavab verilməmişdir. Həmin Qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilmişdir. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 35.106,4 (otuz beş min yüz altı manat qırx qəpik) manat məbləğində ödənilməmiş əmək haqqının "xxxx" ASC-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-217/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 2.353 (iki min üç yüz əlli üç) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 30 manatın alınaraq İddiaçı ödənilməsi, Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili X3 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tam əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı tərəflərindən vəsatət verilərək iddiaçının cavabdeh təşkilatda işlədiyi müddətdə aldığı əmək haqqılarının ümumi məbləğinin müəyyən edilməsi xahiş edilmişdir. Vəsatət təmin edilmiş və cavabdehin təqdim etdiyi 21 fevral 2020-ci il tarixli 18/94 saylı arayışdan müəyyən edilmişdir ki, iddiaçıya yalnız cavabdeh təşkilatda işlədiyi son iki ayda, yəni 01 iyul 2019-cu il tarixdən 26 avqust 2019-cu il tarixi əhatə edən dövr üçün əmək haqqına əlavə olaraq hər aya görə 362 manat (mövcud olan 1.810 manat əmək haqqının 20% məbləğində) ödənilmişdir. Əmək haqqının ümumi məbləği 175.532 manat təşkil etmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verməmişdən əvvvəl iddiaçı tərəfə barışıq sazişi bağlamağı təklif edərək, son 6 (altı) ay üçün ödəmədikləri əlavəni ödəməyə hazır olduqlarını bildirmişdir. Nümayəndə 6 ayı ödəməyə razı olduqlarını onunla izah etmişdir ki, qanunverciliyin tələbinə ğörə iddiaçı son bir ilin ödənilməyən əlavəsini tələb edə bilər, bundan da, 2 ay iddiaçıya ödənilib, 4 ay isə cavabdeh hüququnun pozulduğunu bildikdən sonra məhkəmyə müraciət edib, ona görə də, yerdə qalan 6 (altı) ay ödənilməmiş əlavəni ödəməyə hazırdılar. Cavabdehin bu təklifi həm onları qane etmədiyindən, həmdə cavabdeh tərəfin qanun normalarını düzgün qəbul etməyərək səhv şərh verdiyi üçün barışıq təklifi tərəfindən qəbul edilməmişdir. Bundan sonra 14 avqust 2020-ci il tarixdə olan məhkəmə baxış iclasında cabadeh tərəf 14.08.2020-ci il tarixli İR-362 saylı arayışı Məhkəməyə təqdim edərək qeyd etmişdir ki, iddiaçıya hər ay 20% əlavələr ödənilmiş və onları iddiaçıya hər hansı ödənilməmiş əmək haqqı borcu qalmamışdır. Bunu onunla izah etmişdir ki, cavadeh təşkilatın Tovuz rayon şöbəsinin müdirinin əmək haqqı 1.600 manat təşkil etdiyi halda iddiaçının əmək haqqı 1.810 manat təşkil etmişdir. Məhkəmə tərəfindən ekspetiza təyin edilmişdir. 9/172 saylı 26 fevral 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Gəncə filialına təhkim edilmiş şöbə müdirlərinin əmək haqları (əməkhaqqı ortaq məbləğ götürməklə) 2005-2011-ci illərdə Gədəbəy şöbə müdirinin əmək haqqısından artıq olmuş, yalnız 2012-ci ildən sonra Gədəbəy şöbə müdirinin əməkhaqqısında digər şöbə müdirləri ilə müqaisədə artım müşahidə olunur (təxmini 4-6 faiz.) və yalnız 2015-ci ildə bu məbləğ 20% yaxın olmuşdur. Ekspert rəyinin nəticəvi hissəsində müəyyən edilmişdir ki, iddiaçının "xxxx" ASC-nin Gədəbəy rayon şöbəsində işlədiyi müddətdə əmək haqqına hər ay 20% əlavə ödənilməli olarsa, 01.07.2005-ci il tarixindən 30.06.2019-cu il tarixinədək hər iş ilinə görə ödənilməli olan 20% əlavənin məbləği ümumilikdə 40.551,20 manat məbləğində müəyyən edilir. Göründüyü kimi ekspert rəyi ilə də, iddiaçının 20% əlavələrin almaması tam sübuta yetmişdir. Məhkəmə müddət məsələsini əsas gətirərək hesab etmişdir ki, müvafiq tələb üzrə Əmək Məcəlləsinin 296.4-cü maddəsinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə məhkəmə iddia müddəti ilə bağlı ərizəni qismən qəbul edərək, iddiaçının tələbi əmək qanunverciliyində göstərildiyi kimi onun hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etdiyi vaxta kimi, yəni 16.12.2018-ci il tarixindən 16.12.2019-cu il tarixə olan dövrün nəzərə alınmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə maddi və prosessual normaları bu halda pozmuşdur, ona görə ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsi iddia ilə müraciət etmək müddətini müəyyən edir, lakin hansı dövr üçün tələbin həcmini müəyyən etmir və edədə bilməz, ona görə ki, hazırki halda iddiaçının almalı olduğu vəsait ona verilməmiş və cavabdeh əsassız varlanmışdır. İddiaçının ümumi hüququ pozulmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-217/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili X3 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, həmçinin apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-217/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 İddiaçı nümayəndəsi və vəkili Vüqar Hüseynzadə tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-217/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı nümayəndəsi və vəkili Vüqar Hüseynzadə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı Əbülfət Əliyev vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 17 sentyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir, iddia müddəti keçdiyindən, iddia rədd edilməlidir və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 375.2-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili Vüqar Hüseynzadə qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vüqar Hüseynzadə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, İddiaçı məxsus Əmək kitabçasının kserosurətindən görünür ki, İddiaçı: 01 noyabr 2005-ci il tarixdən 05 oktyabr 2007-ci il tarixədək Azərbaycan Beynəlxalq Bankının Şəmkir filialının Gədəbəy şöbəsinə 3 aylıq sınaq müddəti ilə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş; 05 oktyabr 2007-ci il tarixdən həmin bankın Şəmkir filialının Gədəbəy şöbəsinin müdiri vəzifəsinin icrası iddiaçıya həvalə edilmiş, 07 mart 2008-ci il tarixə isə müddətli müqavilənin müddətinin bitməsi ilə əlaqədar müqaviləyə xitam verilmiş; 14 may 2008-ci il tarixdən 12 dekabr 2008-ci il tarixədək ABB Ağstafa şöbəsində aparıcı mütəxəssis (xəzinədar əməliyyatçı) vəzifəsində işləmiş; 12 dekabr 2008-ci il tarixdən 26 avqust 2019-cu il tarixədək həmin bankın Gədəbəy şöbəsinin müdiri vəzifəsində işləmişdir. İşəgötürən "xxxx" ASC ilə işçi İddiaçı arasında bağlanmış 10.12.2008-ci il tarixli müddətli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 12.12.2008-ci il tarixdən 31.12.2009-cu il tarixədək ASC-nin Gədəbəy şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilə ilə əmək haqqının məbləği hər ay 365 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan, "xxxx" ASC ilə işçi İddiaçı arasında bağlanmış 01.07.2019-cu il tarixli “10 dekabr 2008-ci il tarixli əmək müqaviləsinə əlavə”nin surətindən görünür ki, işəgötürən iddiaçıya əmək funksiyasını dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə olan iş yerində icra etdiyi üçün (xüsusi şəraitdə) əmək haqqına 20% məbləğində əlavənin ödənilməsi öhdəliyini öz üzərinə götürür və bu əlavə 01 iyul 2019-cu il tarixdən qüvvəyə minir. İş materiallarında olan, "xxxx" ASC-nin 18/894 saylı, 21.02.2020-ci il tarixli məktubundan görünür ki, bankın “Gədəbəy” şöbəsinin müdiri vəzifəsində çalışmış İddiaçı 2005-ci il tarixindən 2019-cu ilin avqust ayınadək olan dövr ərzində aldığı əmək haqqı məbləğinə dair məlumatları aşağıdakı kimir: 01.07.2005-31.12.2006 – 120 manat; 01.01.2007-31.12.2009 – 365 manat; 01.01.2010-31.12.2010 – 438 manat; 01.01.2011- 31.12.2011 – 440 manat; 01.01.2012-31.12.2012 – 1415 manat; 01.01.2013-31.12.2013 – 1655 manat; 01.01.2014-31.12.2014 – 1585 manat; 01.01.2015-30.06.2019 – 1810 manat; 01.07.2019-26.08.2019 – 1810 + 362 manat (20% əlavə ödəniş). (İ.v. 40). İş materiallarında olan, "xxxx" ASC-nin 14.08.2020-ci il tarixli İR-362 saylı məktubundan görünür ki, "xxxx" ASC-nin Şəmkir filialının Gədəbəy, Tovuz və Ağstafa şöbələrinin müdirlərinin 2016-2018-ci illər üzrə əmək haqqı məbləğinə dair məlumatları aşağıdakı kimidir: İddiaçı (şöbə müdiri: Şəmkir-Gədəbəy) 1810 manat, X5 (şöbə müdiri: Şəmkir-Tovuz) – 1630 manat, X2 (şöbə müdiri: Şəmkir-Ağstafa) 1690 manatdır.(İ.v. 76). İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X4 ərizəsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi 1 aylıq müddəti ötürülməklə verildiyinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarət 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İş materiallarından göründüyü kimi, İddiaçı tərəfindən qanunla müəyyən olunmuş 1 illik iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür (buraxılmışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi İddiaçı ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli barədə iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə vermişdir. Belə ki, İddiaçı nümayəndəsi və vəkili Vüqar Hüseynzadə apelyasiya şikayətində iddia müddətinin ötürülmədiyini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin iddia müddətini tətbiq edilməsi barədə ərizəsini nəzərə almaqla tələb üzrə iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.10.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı 16.12.2019-cü il tarixdə, yəni, ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddətini keçirməklə (buraxmaqla) məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçının tələbi əmək qanunverciliyində göstərildiyi kimi onun hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etdiyi vaxta kimi, yəni 16.12.2018-ci il tarixindən 16.12.2019-cu il tarixə olan dövrün nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı nümayəndəsi və vəkili Vüqar Hüseynzadənin apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-217/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vüqar Hüseynzadənin apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22(006)-217/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6947/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6947/2021
24.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver