Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-695/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(006)-3522/2021 saylı qətnaməsindən cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi İdarəsi, Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi olmaqla) qarşı “ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və həmin torpaq sahəsinin ipotekasına xitam verilsin, həmin mənzilin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Binəqədi rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli, 2(001)-8129/2015 saylı qətnaməsi ilə 74782,53 ABŞ dolları əsas borc, 2801,06 ABŞ dolları faiz borcu, 296,10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 77879,69 (yetmiş yeddi min səkkiz yüz yetmiş doqquz) ABŞ dolları məbləğində borcun X1 tutulması və tutmanın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Binəqədi rayon İcra şöbəsinin sifarişi ilə Binəqədi rayon Məhkəməsinin 2(001)-8129/2015 saylı, 18.08.2015-ciil tarixli icra sənədi üzrə birinci hərrac 07 avqust 2017-ci il tarixə saat 11-00-a təyin edilmişdir. Hərrac baş tutmadığından 2-ci hərrac 11 sentyabr 2017-ci il tarixə təyin edilmişdir. Həmin hərrac da baş tutmamışdır və nəticədə qanunvericiliyin tələbinə uyğun olaraq ipoteka predmeti banka təklif olunmuşdur. Artıq həmin zamandan 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq bank tərəfindən ipoteka predmeti əldə edilməmişdir. Belə olan halda İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən ipotekaya xitam verilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(006)-3522/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında 0.20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və həmin torpaq sahəsinin ipotekasına xitam verilməsi, həmin mənzillərin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin hazırkı qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Nəsimi rayon Məhkəməsinə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Biııəqədi rayon İcra şöbəsinin sifarişi ilə Binəqədi rayon Məhkəməsinin 2(001)-8129/2015 saylı, 18.08.2015-ci il tarixli icra sənədi iizrə birinci hərrac 07 avqust 2017-ci il tarixə saat 11-00-a təyin edilmişdir. Hərrac baş tutmadığından 2-ci hərrac 11 sentyabr 2017-ci il tarixə təyin edilmişdir. Sənədlərdən də göründüyü kimi ikinci hərrac qanunla nəzərdə tutulan 20 gün müddətindən 15 gün gec keçirilmişdir. Bununlada İpoteka haqqında qanunun tələbi pozulmuşdur. Nəsimi rayon mMhkəməsi işə qiymət verərkən onu hərtərəfli araşdırmamış, faktiki olaraq qanunvericiliyin tələblərinə zidd olaraq keçirilmiş hərracın nəticələrindən irəli gələn münasibətlərə qiymət vermişdir və bu barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirilmiş, cavabdeh hərracın keçirilməsindən məlumatsız olmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi, Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndələr məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, Binəqədi rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli, 2(001)-8129/2015 saylı qətnaməsi ilə 74782,53 ABŞ dolları əsas borc, 2801,06 ABŞ dolları faiz borcu, 296,10 ABŞ dollar cərimə borcu olmaqla cəmi 77879,69 (yetmiş yeddi min səkkiz yüz yetmiş doqquz) ABŞ dolları məbləğində borcun X1 tutulması və tutma mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Binəqədi rayon İcra şöbəsinin sifarişi ilə Binəqədi rayon Məhkəməsinin 2(001)-8129/2015 saylı, 18.08.2015-ci il tarixli icra sənədi üzrə birinci hərrac 07 avqust 2017-ci il tarixə saat 11-00-a təyin edilmişdir. Hərrac baş tutmadığından 2ci hərrac 11 sentyabr 2017-ci il tarixə təyin edilmişdir. Həmin hərrac da baş tutmamışdır və nəticədə ipoteka predmeti banka təklif olunmuşdur. Lakin Bank, 3 ildən yaxın vaxt keçməsinə Baxmayaraq ipoteka predmeti əldə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. , Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28.10.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “İpoteka haqqında” Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” Göründüyü kimi, hərrac təşkilatçısı olan "xxxx" MMC qanunun tələblərinə riayət etməmiş, ipoteka saxlayana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görməmişdir. Belə ki, iş materiallarında olan hərrac təşkilatçısı tərəfindən məhkəməyə göndərilmiş sənədlərin surətlərindən (i/v 21-32) görünür ki, hərracla bağlı bildirişlər ipoteka saxlayana göndərilməmiş, iş materiallarında bunu təsdiq edən sübutlar mövcud deyildir. Həmçinin, təkrar hərrac baş tutmamış elan edildiyi halda, ipoteka predmeti ipoteka saxlayana təklif olunmamış, bunu təsdiq edəcək heç bir sübut mövcud deyildir. Kollegiya qeyd edir ki, hərrac məhkəmə qətnaməsinin icrasının tərkib hissəsidir və Bank hərracın keçirilməsindən məlumatlı olmalıdır. Göründüyü kimi, məhkəmə iddianı təmin edərkən, düzgün olmayan nəticəyə gəlmişdir. Kollegiya apellyatorun ikinci hərrac qanunla nəzərdə tutulan 20 gün müddətindən 15 gün gec keçirilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, apellyator hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-cü maddəsinə deyil, 28.12.2018-ci ildən qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-cü maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(006)- 3522/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-695/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-695/2022
12.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver