Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6951/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh “X5 Stansiyaları Silsiləsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-3066/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC və “X5 Stansiyaları Silsiləsi” MMC-yə qarşı mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" ASC və “X5 Stansiyaları Silsiləsi” MMC-dən onun xeyrinə 90.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X5 Stansiyaları Silsiləsi” MMCdən iddiaçının xeyrinə 90.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3066/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakim Natavan Tağıyeva) İddiaçı cavabdeh “X5 Stansiyaları Silsiləsi” MMC-yə qarşı mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə 2(006)-3066/2023 saylı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini, iddia ərizəsi əsasında mülki işə baxılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" ASC, "X5 Stansiyaları Silsiləsi" MMC-yə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad qəbul etmişdir. Tərəflərindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə dəqiqləşdirmə verilərək "xxxx" ASC cavabdeh qismində hazırki mülki işdən çıxarılmaqla digər cavabdeh “X5 Stansiyaları Silsiləsi” MMC-dən İddiaçı xeyrinə 90.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh “X5 Stansiyaları Silsiləsi” MMC-yə qarşı mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə 2(006)-3066/2023 saylı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Nəsimi Rayon məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2(006)-3066/2023 saylı qərardadı qanunsuz və əsassızdır. Maddi və prosesessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Bu səbəbdən də qərardad ləğv olunmalı, və iddia ərizəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Nəsimi Rayon Məhkəməsinin tarixli, e-2(006)- 3066/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş vergi ödəyicilərinin məlumatından görünür ki, cavabdeh “X5 Stansiyaları Silsiləsi” MMC-nin hüquqi ünvanı Şəmkir rayonu, Kür qəsəbəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında göstərilir: ”Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxınmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Beləliklə, hüquq və azadlıqları məhkəmə təminatı hüququ ilk növbədə qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasın nəzərdə tutur”. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Beləliklə kollegiya qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq işə cavabdeh hüquqi şəxsin qeydiyyatda olduğu Şəmkir Rayon Şəhər Məhkəməsində baxılmalı olmasını əsas gətirərək həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şikayətin dəlillərini əsassız hesab edərək məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qərardadın maddi və prosesessual hüquq normalarının pozulması ilə qəbul olunduğu qeyd olunsada, pozuntunun nədən ibarət olması qeyd olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin tarixli, e-2(006)-3066/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-6951/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6951/2023
14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver