Məhkəmə qərarları › İş №2(103)-6954/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6954/2021

04.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6954/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı Səlimov İddiaçı, Cavabdeh iştirakı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(008)-979/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Səlimov İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli, 2(010)- 7471/2015 №-li qətnaməsi ilə 24.03.2006-cı il təvəllüdlü Səlimov Yusif İddiaçı oğlunun, 28.03.2007-ci il təvəllüdlü Səlimov Tural İddiaçı oğlunun və 08.08.2013-cü il təvəllüdlü Səlimov Murad İddiaçı oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan, 18.08.2015-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının yarısı miqdarında tutulun aliment məbləğindən həmin tarixdən 2019-cu ilin sentyabr ayınadək olan dövr ərzində hər ay tutulmalı olan 450 manat olmaqla, cəmi 48 ay üçün 21600 manat məbləğində aliment borcunun Cavabdeh həmin puldan imtinası səbəbi ilə silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılılır ki, iddiaçı Cavabdeh ilə 21 oktyabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 24.03.2006-cı ildə Səlimov Yusif İddiaçı oğlu, 28.03.2007-ci ildə Səlimov Tural İddiaçı oğlu və 08.08.2013-cü ildə Səlimov Murad İddiaçı oğlu adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra əvvəlcə ailə münasibətləri yaxşı olmuş, lakin sonralar xasiyyətlərində uyğunsuzluq yaranmışdır. Odur ki, Bakı şəhəri Suaraxanı rayon 30 dekabr 2015-ci il tarixli, 2(010)- 7471/2015 №-li qətnaməsi ilə nikahları pozulmuş, üç uşaqlarının anaları Cavabdeh yanında qalması və 18.08.2015-ci il tarixdən başlayaraq hər ay üç uşağa görə aylıq qazancının yarısı miqdarında alimentin ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Amma faktiki olaraq icra məmuru ondan hər ay 450 manat məbləğində pulun aliment kimi ödənilməsini müəyyən etmiş və ondan həmin pul tutulurdu. Lakin nikahlarının göstərilən tarixdə pozulmasına baxmayaraq, onlar ailəlikcə, yəni arvadı Cavabdeh və üç övladı ilə birgə həmin vaxtdan başlayaraq, 2019-cu ilin sentyabr ayınadək ailə olaraq birgə yaşamış, birgə təsərrüfatı idarə etmiş və ailəuşağının bütün maddi və mənəvi tələbatını o ödəmişdir, onların bütün xərclərini o çəkmişdir. Təsadüfi deyildir ki, Cavabdeh həmin vaxt Suraxanı rayon İcra Şöbəsinə 08.02.2016-cı ildə ərizə ilə müraciət edərək Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-7471/2015 saylı, 30.12.2015-ci il tarixli icra sənədinin icra olunmadan məhkəməyə qaytarılmasını xahiş etmişdir, yəni alimentdən imtina etmişdir. Çünki həmin dövrdə onlar ailə olaraq faktiki bir yerdə ər-arvad kimi yaşamışlar. Belə ki, rəsmi boşandıqdan sonra əvvəlki evlərində, sonra isə, 2016-cı ilin mart ayından 2017-ci ilin may ayınadək olan dövrdə Bakı şəhərinin Maştağa qəsəbəsi, M.Mirzəliyev küçəsi, ev 103-dəki iki otaqlı evdə kirayədə, 2017-ci ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək olan dövrdə isə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 77, mənzil 45-dəki 2 otaqlı mənzildə kirayədə bir yerdə yaşamışlar. Övladlarının kiçik toy mərasimini keçirmişdir. Yalnız 2019-cu ilin sentyabr ayından başlayaraq isə faktiki olaraq onlardan ayrılmışdır və başqa ünvanda yaşayır. Onu sözügedən məhkəmə qətnaməsindəki alimentin ödənilməsi ilə əlaqədar Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əzizxan Eminov bir neçə gün bundan əvvəl dəvət edərək ona bildirmişdir ki, Cavabdeh 19.11.2019-cu ildə məhkəməyə müraciət edərək icra işinin təzələnməsini və ona hər ay ödəməli olduğum 450 manat pulu tələb edir. Həmin vaxt icra məmuru şifahi olaraq 18.08.2015-ci ildən 2020-ci ilin martına qədər olan dövr ərzində onun aliment borcunun 24000 manat məbləği həddində olduğunu bildirdi və onu ödəməyini tələb etdi. O isə bunun qanunsuz olduğunu, Cavabdeh 18.08.2015-ci ildən başlayaraq 2019-cu ilin sentyabr ayına qədər olan dövr ərzindəki 4 illik aliment pulundan, yəni ondan tutulmalı olan 21.600 manat puldan imtina etdiyini, bununla əlaqədar Nuranənin rəsmi ərizə verdiyini bildirdi və həmin 4 illik aliment borcunun -21600 manat pulun silinməli olmasını qeyd etdi. Qeyd etdiklərini Suraxanı rayon İcra Şöbəsinin 09.02.2016-cı il tarixli qərarı və digər ərizə, məktub və müvafiq qərar, məktublar, sənədlər, X1, X3 fotoşəkillər və s. təsdiq edir. Digər tərəfdən isə 29.07.2020-ci il tarixdən işlədiyi müəssisədən işdən azad olunmuşdur və maddi vəziyyətində ciddi çətinliklər (dəyişiklik) baş vermişdir. Ona görə də hesab edir ki, onun sözügedən məhkəmə qətnaməsi əsasında Cavabdeh Əbdülhəsən qızına ödəməli olacağı -18.08.2015-ci ildən başlayaraq 2019-cu ilin sentyabr ayınadək olan dövrdəki hər ay 450 manat olmaqla, ümumilikdə 48 ay x 450 manat= 21600 manat pul aliment borcu silinməli və bununla əlaqədar müvafiq məhkəmə qətnaməsinin qəbul edilməsini daha ədalətli, əsaslı və qanuni olardı. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(008)-979/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Səlimov İddiaçı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli, 2(010)-7471/2015 №-li qətnaməsinə əsasən ondan tələb olunan 09 fevral 2016-cı il tarixdən 01 sentyabr 2019-cu il tarixədək olan dövrü əhatə edən aliment borcunu ödəməkdən azad edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(008)-979/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə iddia tərəfinin təşəbbüüsü ilə şahid qismində dindirdiyi X2 bildirmişdir ki, Səlimov İddiaçı ailəsi-yoldaşı və uşaqları ilə birlikdə xalası oğluna məxsus, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 77 saylı evin, 45 saylı mənzilində kirayə yaşayırdılar. Xalası oğlu Rusiya Federasiyasında olduğundan 2017-ci ilin noyabr ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr ərzində kirayə pullarını- hər ay üçün 250 manat məbləğində pulu şəxsən İddiaçı binanın həyətində ona verirdi. Bununla bağlı cavabdeh bildirir ki, X2 adlı şəxsi ümumiyyətlə görməmişdir və tanımır. Əgər belə olsa idi, ən azından 2 il ərzində bu şəxsi görərdi və keçmiş həyat yoldaşı ən azından bu barədə bir kəlimə də olsa söz deyərdi. Hər ay 250 manat kirayə pulunun ona verilməsini təsdiq edən sübut da yoxdur. Şahidin qeyd etdiyi söz yığınından başqa bir şey deyil. Xüsusi olaraq bildirmək lazımdır ki, iddiaçı hər ay kirayə pulunu ödəsə belə bu onu uşaqları saxlamaq və aliment ödəmək məsuliyyətindən azad etmir. Aliment uşaqların saxlanması üçün qanunla müəyyən edilmiş pul məbləğidir və bəllidir ki, bu məbləğ şəxsin maaşından, qazancındam və başqa gəlirlərindən tutulur. Alimentin xammal formasında, qida məhsulu və s. formada ödənilməsi nəzərdə tutulmayıb. O cümlədən də uşaqların yaşadıqları mənzilin kirayə haqqının ödənilməsi şəklində. Nəzərə alınmalıdır ki, heç kəs iddiaçını kirayə mənzil tutmağa məcbur etməyib və o bunu uşaqları üçün edib. Nəzərə alınmalıdır ki, uşaqlar qeyd edilən mənzildə yaşamaqla eyni zamanda qidalanmalı, istirahət etməli və təhsil almalıdırlar. Bunun üçün də iddiaçı alimnet ödəməli idi. Lakin o bu öhdəliklərdən yayınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, ona verilən sualların cavabında qeyd etdi ki, icra sənədinin geri qaytarılması barədə ərizəni özü yazmış, icra məmuru bunu ona vadar etmişdir. Lakin icra məmurundan şikayət etməsi ilə bağlı sübut təqdim edə bilmir. O, öz təşəbbüsü ilə iddiaçıdan boşansa da, 4 il ərzində iddiaçı ilə kirayədə uşaqlarına görə yaşamışdır. Kirayə haqlarını iddiaçı ödəmişdir. İddiaçının ailəyə baxmaması barədə həmin müddət ərzində şikayətləri olmamışdır. Hazırda isə ayrı yaşayırlar. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilsin. Məhkəmə kollegiyasının iclasında iddiaçı Səlimov İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, cavabdeh ondan boşanandan sonra onunla bir yerdə nəyə görə yaşayırdı. Deməli 4 il müddətində onlar birgə yaşayıb, təsərrüfat idarə etmiş, o, uşaqlarına baxmış, hər cür tələbatlarını ödəmişdir. 2019-cu ilin sentyabr ayında isə artıq yaşamaqlarının mümkün olmadığını görüb, özü cavabdehdən ayrılmışdır. Bundan sonra cavabdeh yenidən alimenti tələb etmişdir. Əgər o, uşaqlarına baxmamışdırsa, cavabdeh nəyə görə 4 il ərzində aliment tələb etməmiş, yalnız o, ayrılandan sonra alimenti dərhal tələb etmişdir. Bütün bunlar onu göstərir ki, o, uşaqlarına baxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, məhkəmə iclasında iddia tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Səlimov İddiaçı ailəsi –yoldaşı və uşaqları ilə birlikdə xalası oğluna məxsus, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 77 saylı evin 45 saylı mənzilində kirayə yaşayırdılar. Xalası oğlu Rusiya Federasiyasında olduğundan 2017-ci ilin yayından 2019-cu ilin sentyabr ayınadək olan dövr ərzində kirayə pullarını – hər üçün 250 manat məbləğində pulu şəxsən İddiaçı binanın həyətində ona verirdi. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli, 2(010)-7471/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, Səlimov İddiaçı ilə Cavabdeh arasında 21 oktyabr 2005-ci il tarixdə bağlanılmış 975 saylı akt qeydli nikahın pozulması, tərəfərin birgə nikahlarından doğulmuş 24.03.2003-cü il təvəllüdlü Səlimov Yusif İddiaçı oğlu, 28.03.2007-ci il təvəllüdlü Səlimov Tural İddiaçı oğlu və 08.08.2013-cü il təvəllüdlü Səlimov Murad İddiaçı oğlunun analarının yanında saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Səlimov İddiaçı hər ay 18 avqust 2015-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının yarısı miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin 09 fevral 2016-cı il tarixli qərarı ilə Suraxanı rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli, 2(010)-7471/2015 saylı icra sənədi tələbkar Cavabdeh ərizəsi əsasında məhkəməyə geri qaytarılmışdır. Lakin 26.11.2019-cu il tarixdə tələbkarın müraciəti əsasında təkrarən icra vərəqəsi verilmiş və icra məmurunun 26.01.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Mülki işdə olan, “X9” MMC-nin 30.09.2020-ci il tarixli, 150/L saylı arayışından aydın olur ki, Səlimov Murad İddiaçı oğlu həqiqətən 20.06.2011-ci il tarixdən 29.07.2020-ci il tarixədək həmin cəmiyyətdə çalışmış, 29.07.2020-ci il tarixdə onun əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Suraxanı rayon İcra Şöbəsinin 16.03.2020-ci il tarixli məktubundan görünür ki, borclu 18.08.2015-ci il tarixdən cəmi 450 manat məbləğində aliment ödəmişdir və ondan hər ay əmək haqqının 70% həcmində, borc bitdikdən sonra isə qazancının yarısı miqdarında alimentin tələbkarın bank hesabına köçürülməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Məhz göstərilən aspektdən çıxış edərək qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarının müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Belə ki, AM-nin 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 107.2 maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi, ailə qanunvericiliyi məhkəmə tərəfindən, üzərinə aliment öhdəliyi qoyulmuş şəxsin borcu ilə yaranma əsası arasında səbəbli əlaqənin olduğu təqdirdə həmin şəxsin borclarını ödəməkdən tamamilə və ya qismən azad edilmə imkanını nəzərdə tutmuşdur. Hazırkı iş üzrə isə məhkəmə, tədqiq edilmiş mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək sözügedən səbəbli-əlaqəni müəyyən etmişdir. Belə ki, Suraxanı rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli, 2(010)-7471/2015 nömrəli qətnaməsi ilə tərəflərin nikahının pozulması və uşaqlara görə cavabdehdən alimentin tutulması qət edilsə də, onlar bir evdə yaşamağa və birgə təsərrüfat aparmağa davam etmişlər. Ona görə də, tələbkar Cavabdeh ərizəsi əsasında Suraxanı rayon İcra Şöbəsinin 09 fevral 2016-cı il tarixli qərarı ilə sözügedən icra sənədi məhkəməyə geri qaytarılmış və yalnız 26 noyabr 2019-cu il tarixdə tələbkar yenidən Suraxanı rayon Məhkəməsinə müraciət edərək, həmin icra sənədinin təkrarən icraya yönəldilməsini xahiş etmiş, məhkəmə tərəfindən isə həmin tarixdə tələbkarın ərizəsi əsasında 2(010)-7471/2015 saylı qətnamə üzrə təkrar icra vərəqəsi verilmişdir. Yəni, göstərilən müddət ərzində Cavabdeh İddiaçı Səlimovdan aliment tələb etməməsi, əksinə özünün icra sənədinin icrasız məhkəməyə geri qaytarılması barədə xahişi, habelə məhkəmə iclasında tərəflərin izahatı və dindirilmiş şahidin verdiyi ifadə ona dəlalət edir ki, tərəflər uşaqları birlikdə bir evdə yaşadıqları müddətdə iddiaçı valideynlik borcunun yerinə yetirilməsi üçün (aylıq kirayə pulu, ailənin dolanışıq xərci və s.) mümkün zəruri tədbirləri görmüşdür. Belə olan halda kollegiya qeyd edir ki, məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddiaçının aliment borcunun silinməsi barədə iddiası qismən haqlıdır, yəni iddiaçıdan Suraxanı rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli, 2(010)-7471/2015 nömrəli icra sənədi üzrə tərəflərin birgə nikahından doğulmuş 24.03.2003-cü il təvəllüdlü Səlimov Yusif İddiaçı oğlu, 28.03.2007- ci il təvəllüdlü Səlimov Tural İddiaçı oğlu və 08.08.2013-cü il təvəllüdlü Səlimov Murad İddiaçı oğlu üçün 09 fevral 2016-cı il tarixdən 01 sentyabr 2019-cu il tarixədək olan dövr ərzində yığılmış aliment borcunun ödənilməsi tələb edilə bilməz və göstərilən dövrü əhatə edən borc məbləği silinməlidir. Kollegiya apellyatorun iddiaçının məhkəmə qətnaməsindən sonra birgə kirayədə yaşasalar da, uşaqlarına baxmaması ilə bağlı dəlilini işdə olan tədqiq edilmiş sübutlar əsasında əsassız hesab edərək, qeyd edir ki, nikah cavabdehin müraciəti əsasında pozulmuş, bundan sonra cavabdeh özü birgə yaşadıqları, iddiaçının uşaqlarına baxmasına görə icra sənədinin geri qaytarılmasını xahiş etmiş, buna görə ona hər hansı təzyiq göstərilməsi ilə bağlı heç bir sübut müəyyən olunmamışdır. Kirayə haqlarının iddiaçı tərəfindən ödənilməsi sübut olunur. 2019-cu ilin sentyabr ayından sonra iddiaçı cavabdehdən ayrılandan sonra, cavabdeh dərhal alimentin tutulmasını yenidən tələb etmişdir. Göründüyü kimi, tərəflərin birgə yaşadıqları və iddiaçının uşaqlarına baxdığı dövrdə cavabdeh alimentin tutulmasını tələb etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə dövlət rüsumu ilə bağlı məsələni prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(008)- 979/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar