Məhkəmə qərarları › İş №2(103)-6956/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6956/2022

30.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6956/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: aliment tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 Qəhraman qızının və Cavabdeh2 Qəhraman qızının iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-610/2022 saylı 04 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materilları ilə müəyyən edilir ki, İddiaçı və Əliyeva Mədinə Bəhmən qızı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2004 ilin dekabr ayının 21 günündə 171 № ilə qeyd edilmişdir. İddiaçı «Əfqanistan» veteranlar İttifaqının üzvüdür, 2-ci qrup əlildir. İddiaçı həqiqətən Ə.Cavad küçəsi 22, mənzil 113-də qeydiyyatdadır. Səbail Rayon Məhkəməsinin 30 avqust 2005-ci il tarixli qətnaməsi ilə İddiaçı Əliyeva Mədinə Bəhmən qızının xeyrinə xx.xx.1992-ci il təvəllüdlü qızı Cavabdeh3 saxlanılması üçün hər ay 01 iyul 2005-ci ildən başlayaraq yetkinlik yaşına çatana qədər 500.000 manat tutulması qət edilmişdir. Cavabdeh1 xx.xx.1984-cü ildə, Cavabdeh2 xx.xx.1985-ci ildə və Cavabdeh3 xx.xx.1992-ci ildə anadan olmuşdur. Cavabdeh2 işsizdir və xroniki böyrək xəstəliyi İİİ mərhələ, xroniki obustriktiv pielonefrit, ürəyin hipertenziv xəstəliyi İİ dərəcə diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlildir. Cavabdeh1 (FİN 10AOF48) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin «Əmək müqaviləsi bildirişi» altsisteminə əsasən əmək müqaviləsi aşkar edilməmişdir. Cavabdeh1 Qafarov Qafar Mirislam oğlu ilə birgə nikahından 3 övladı vardır: xx.xx.2007-ci il təvəllüdlü Qafarov Mirislam Qafuroviç, xx.xx.2011-ci il təvəllüdlü Qafarov Məhəmməd Əli Qafuroviç və xx.xx.2016-cı il təvəllüdlü Qəfərov Camal Qafuroviç. xx.xx.2005-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı Əliyeva Mədinə Bəhmən qızının xeyrinə xx.xx.1992-ci il təvəllüdlü qızı Cavabdeh3 saxlanılması üçün hər ay 01 iyul 2005-ci ildən başlayaraq yetkinlik yaşına çatanadək 500000 manat ödənilməlidir. İcra vərəqəsinin icrası ilə bağlı borclu İddiaçı bugünə olan aliment borcu 5885 manat 30 qəpik təşkil etməkdədir. Aliment borcu hər ay borclunun pensiyasından tutulmaqdadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli, 6k-1746 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 qızdan, Cavabdeh2 və Cavabdeh3 bərabər hissələrə bölünməklə onun xeyrinə 1000 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1983-cü il tarixində Əliyeva Mədinə Bəhmən qızı ilə nikah bağlamışdır. Birgə nikahdan xx.xx.1984-cü il təvəllüdlü qızları Əliyeva Səfurə Qəhrəman qızı, xx.xx.1985-ci il təvəllüdlü qızları Cavabdeh2 və xx.xx.1992-ci il təvəllüdlü qızları Cavabdeh3 var. xx.xx.2004-cü il tarixində onların nikahları pozulmuşdur və xx.xx.2005-ci il tarixli Səbail rayon Məhkəməsinin qətnaməsi ilə ona məxsus olan Bakı şəhəri, Ə.Cavad küçəsi 22 saylı evin 113 saylı mənzilin 2/3 hissəsinə Əliyeva Mədinə Bəhman qızının, 1/3 hissəsinə İddiaçı payları müəyyən olunub. Əliyeva Mədinə Bəhmən qızı onu 2000-ci ildə ünvan 1 ünvanlarda qohumların və tanışların mənzillərində yaşayır. Hazırda Bakı şəhəri, N.Nərimano küçəsi, ev 9, mənzil 57-də yaşayır. Cavabdehlər yetkinlik yaşına çatmış və əmək qabliyyəti olan şəxslərdir. 1985-ci ildən, yəni nikah pozulana qədər ona 2-ci qrup əlillik və 260 manat miqdarında təqaüd təyin edilib. Onun yaşayışı üçün aylıq icarə haqqı ödənişi ilə mənzil sahəsinin icarə edilməsinə, ona xidmət göstərilməsinə görə kənar şəxsə zəhmət haqqı ödənilməsinə və səhhətinin bərpası üçün dərman alınmasına ehtiyac vardır. Ona görə də, cavabdehlərdən bərabər hissələrə bölünməklə onun xeyrinə 1000 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-610/2022 saylı 04 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddianın təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1, 82.2, 82.3 və 82.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və Cavabdeh3 barəsində tələblər istisna edilməklə, Cavabdeh1 və Cavabdeh2 bərabər hissələrə bölünməklə onun xeyrinə 600 manat alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, qətnamə çıxararkən məhkəmə onun aylıq gəlirinin (pensiyamın) cavabdehlərə münasibətdə çox cüzi olduğunu, onun səhhətinə görə daimi kənar xidmətə ehtiyaclı olmağını nəzərə almamışdır. Qızı 11 ildən artıqdır ki, yetkinlik yaşına çatıb. O zamandan aliment öhdəlikləri ilə bağlı heç vaxt heç bir şikayət olmayıb, yalnız ötən il keçmiş həyat yoldaşı, qızı Aygünün 28 yaşı olanda bir ərizə yazıb. Səbail Rayon İcra və Probasiya Şöbəsi Əliyeva Mədinə Bəhman qızının ərizəsi əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 avqust 2005-ci il tarixli qətnaməsinin icrasını Cavabdeh3 həddibüluğa çatmasından xeyli müddət keçməsinə baxmayaraq 2021-ci ildə bərpa etmişdir. O, bütün illər boyu pensiyadan müntəzəm olaraq aliment ödəmişdir. Lakin, pensiyanın məbləği alimentin tam həcmdə ödənməsinə kifayət etməmişdir və bu da cavabdehlərə yaxşı məlumdur. Məhkəmə mühüm əhəmiyyəti olan bütün faktiki halları və dəlilləri aydınlaşdırmayıb və qiymətləndirməyib. Məhkəmənin qətnaməsində göstərilib ki, onun aliment borcu 5885 manat 30 qəpik təşkil etmişdir. Aliment borcu hər ay pensiyasından tutulmaqdadır. Lakin, məhkəmə nəzərə almamışdır ki, pensiyanı uşağın saxlanmasına alımentin tutulmasından sonra almışdır. Yəni, o, aliment ödənişindən yayınmamışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, ona ömürlük əlillik təyin edilmişdir, onun aylıq gəliri 70 manatdır, uşaqların saxlanmasına alimenti düzgün ödəmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkiln apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 Qəhraman qızı və Cavabdeh2 Qəhraman qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

12. Maddə 82.1 əmək qabliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərinin saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

13. Maddə 82.2 aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.

14. Maddə 82.3 övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

15. Maddə 82.5 valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin yalnız Cavabdeh1 və Cavabdeh2 bərabər hissələrə bölünməklə onun xeyrinə 600 manat alimentin tutulmasını xahiş etdiyindən apellyasiya baxışının hədlərini qətnamənin məhz həmin hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin Cavabdeh3 aid təmin edilməyən hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-610/2022 saylı 04 aprel 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, valideylərin övladlarını, övladların isə valideynlərini saxlamaq vəzifəsi qarşılıqlı xarakter daşıyır. Bu isə o, deməkdir ki, valideynlərin valideynlik vəzifələrini yerinə yetirməməsini məhkəmə müəyyən edərsə, uşaqlar valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Bu zaman valideynlərin uşaqlarını saxlamamalarının səbəbləri aydınlaşdırılmalıdır, valideynlərin təqsirləri müəyyən edildikdə, onların övladlarından aliment tələbi rədd edilə bilər. Başqa sözlə, övladlar o, hallarda valideynləri qarşısında aliment öhdəliyindən azad edilə bilərlər ki, məsələn, valideynlər onlara aliment ödəməkdən qəsdən boyun qaçırmış olsunlar. Bu zaman valideynin aliment ödəməkdən qəsdən boyun qaçırdığına görə mühakimə olunması zəruri deyil (Ailə Məcəlləsinin 82.5-ci maddəsi).

26. Kollegiya qeyd edir ki, əvvəla ailə qanunverciliyində yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan valideynlərini saxlamaq vəzifəsi öncə onların əxlaq və mənəvi borcudur. Əksər övladlar bu vəzifəni könüllü, bundan zövq almaqla yerinə yetirirlər. Lakin bəzən belə olmur. Ona görə də bu məqsədlə ailə qanunverciliyində hüquqi üsul və qaydalar müəyyən edilib. Valideynlərini saxlamaq yetkinlik yaşına çatmış əmək qabiliyyəti olan övladların vəzifəsidir və bu, Ailə Məcəlləsinin 82.1-ci maddəsinin tələblərindən irəli gəlir.

27. Həmin Maddənin mənasına görə, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: valideynin əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması tələb olunur. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə övladlar üçün vəzifə yaradır. Başqa sözlə, valideynin təkcə əmək qabiliyyətinin olmaması, övladdan aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, valideyn əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması övladlarından aliment tələb etməsinə əsas vermir.

28. İşin müəyyən edilmiş hallarına görə, cavabdehlər iddiaçının doğma övladlarıdır. Belə ki, xx.xx.1983-cü il tarixində İddiaçı və Əliyeva Mədinə Bəhmən qızı nikah bağlamışlar və birgə nikahlarından 3 övladları var: xx.xx.1984-cü il təvəllüdlü Əliyeva Səfurə Qəhrəman qızı, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh3. İddiaçı 2000-ci ildən uşaqları tərk edərək Bakı şəhəri, Ə.Cavad küçəsi, ev 22, mənzil 113-dən çıxarmışdır. İddiaçı ilə Əliyeva Mədinə Bəhmən qızı arasında olan nikah xx.xx.2004-cü il tarixində məhkəmə qaydasında pozulmuşdur. İddiaçı qızı xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh3 saxlanılmasına heç bir maddi yardım göstərmədiyi üçün Əliyeva Mədinə Bəhmən qızının iddiası əsasında Səbail rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı Əliyeva Mədinə Bəhmən qızının xeyrinə xx.xx.1992-ci il təvəllüdlü qızı Cavabdeh3 saxlanılması üçün hər ay 01 iyul 2005-ci ildən başlayaraq yetkinlik yaşına çatana qədər 500.000 manat aliment tutulması qət edilmişdir. Həmin alimenti ödəmədiyi üçün Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, 418/2005-16-15 nömrəli arayışına əsasən Səbail rayon Məhkəməsinin 2-1271/05 saylı, xx.xx.2005-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı borclu İddiaçı bugünə olan aliment borcu 5885 manat 30 qəpik təşkil etməkdədir. Aliment borcu hər ay borclunun pensiyasından tutulmaqdadır.

29. Kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi, Cavabdeh2 maddi, ailə vəziyyətini, səhhətini və sair halları nəzərə alarq ona münasibətdə iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 xroniki böyrək xəstəliyi İİİ mərhələ, xroniki obustriktiv pielonefrit, ürəyin hipertenziv xəstəliyi İİ dərəcə diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlildir və əlilliyə görə 316,48 manat pensiya alır və himayəsində iki azyaşlı uşağı var.

30. Qeyd edilən halları əsasən məhkəmə kollegiyası hesab edir ki, bu gün Cavabdeh2 maddi, ailə vəziyyəti, səhhəti və digər diqqətəlayiq mənafeləri atası İddiaçı hər ay 300 manat sabit pul məbləğində aliment ödəməyə imkan vermir. Həmçinin iddiaçı qanunun yuxarıda qeyd olunan normasının tələbinə zidd olaraq, hazırki tələblə əmək qabiliyyəti olmayan qızı Cavabdeh2 qarşı iddia qaldırdığı üçün iddia tələbi Cavabdeh2 münasibətdə təmin oluna bilməz.

31. Kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi, digər Cavabdeh1 maddi, ailə vəziyyətini və sair halları nəzərə alaraq ona münasibətdə də iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Belə ki, sübutlarla müəyyən olunur ki, Cavabdeh1 işləmir və onun xx.xx.2007-ci il, xx.xx.2011-ci il və xx.xx.2016-cı il təvəllüdlü 3 övladı vardır. Bununla yanaşı, İddiaçı Cavabdeh1 300 manat məbləğində aliment ödəməyə imkanı olduğunu təsdiq edən sübutları təqdim etməmişdir, onun tərəfindən cavabdehin hər hansı digər gəlirləri barədə, fərdi sahibkarlıq fəaliyyəti barədə məlumatlar da, təqdim olunmamışdır.

32. Digər tərəfdən, iş materiallarında olan sənədlərdən və “Elektron Məhkəmə İnformasıya sistemindən” çıxarışdan müəyyən olunmuşdur ki, İddiaçı «Əfqanistan» veteranlar İttifaqının üzvüdür, 2-ci qrup əlil olmaqla 268.61 manat pensiya alır və vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olmaqla fərdi sahibkarlı fəaliyyəti həyata keçirir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cavabdeh1 aliment tutulması barədə tələbi də əsassızdır və təmin edilə bilməz.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-610/2022 saylı 04 aprel 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar